• cümə, 29 Mart, 13:10
  • Baku Bakı 14°C

Gənclər Avropa Oyunlarının əhəmiyyəti haqqında - Polemika

12.06.15 11:46 2279
Gənclər Avropa Oyunlarının əhəmiyyəti haqqında - Polemika
Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq ilk Avropa Oyunlarına start verilir. Hər kəsin diqqətində olan bu yarışlar xüsusilə də gənclər arasında geniş müzakirələrə səbəb olub. Bəs görəsən, onlar ölkəmizin imicinin formalaşmasında mühüm rol oynayan və bütün dünya mediasının diqqətini Azərbaycana yönəldən ilk Avropa Oyunlarının dövlətimiz üçün əhəmiyyəti barədə nə düşünürlər?
“Avropa Oyunlarının başlanma tarixini Azərbaycan yazır”
Hüseyn İsmayılov, jurnalist
Hüseyn düşünür ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq və Avropa olimpiya hərəkatında, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Onun sözlərinə görə, Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradır: “Azərbaycan Avropa Oyunlarının keçirilməsi yoluna 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar verməsi ilə qədəm qoyub. Bu qərarla tarixdə ilk dəfə I Avropa Oyunlarına ev sahibliyini Azərbaycanın edəcəyi bəlli oldu. Bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq və Avropa olimpiya hərəkatında, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Bakı 2015 I Avropa Oyunlarının keçirilməsinə ilk öncə böyük investisiya qoyulub. Bu investisiya həm infrastruktur obyektlərinə, həm də insan kapitalına yatırılan investisiyadır. I Avropa Oyunlarına xidmət edəcək iaşə obyektlərinin, idman qurğularının, eləcə də istirahət və əyləncə obyektlərinin bəzilərinin yenidən qurulması şəhərimizin görkəmini tamamilə dəyişib. Lakin bu obyektlərin böyük əksəriyyətinin I Avropa Oyunlarının keçirilməsi haqqında qərarın qəbul edilməsindən əvvəl tikilməyə başlaması onu göstərir ki, ölkə rəhbərliyi yalnız Bakı-2015 I Avropa Oyunları ilə bağlı deyil, ümumiyyətlə, hər zaman ölkədə bütün sahələrin inkişafına diqqət və qayğı ilə yanaşır. Qurulan infrastruktur yalnız I Avropa Oyunlarına xidmət etməyəcək, eləcə də digər böyük yarışların və idman tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq. I Avropa Oyunlarının keçirilməsi haqqında qərarın qəbul edilməsindən 1 il öncə tikintisinə başlanılan və 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Avropa Oyunlarından sonra Azərbaycan milli futbol komandasının meydanı olacaq və Avro-2020 dutbol yarışlarının 3 oyununa ev sahibliyi edəcək. Bakı 2015 I Avropa Oyunları ilk dəfə keçirilən Avropa Oyunlarıdır və belə demək mümkünsə, Avropa Oyunlarının başlanma tarixini Azərbaycan yazır”.
Hüseyn düşünür ki, bu yarışların keçirilməsi gənc istedadların kəşf edilməsinə kömək edəcək: “I Avropa Oyunları ilk növbədə bir idman tədbiridir və bu idman tədbiri sözsüz ki, idmançılarımızın həyatında böyük bir hadisədir. Bu tədbir həm oyunlarda iştirak edən idmançılar üçün böyük və məsuliyyətli sınaq olacaq, həm də yeniyetmə idmançılarımız və idmansevərlərimiz üçün böyük bir stimula çevriləcək. Oyunlarda iştirak edən hər bir idmançı bizim üçün bir qəhrəmana çevrilmək şansı əldə edir. Belə yarışların keçirilməsi yeni-yeni gənclərimizin, gənc istedadlarımızın kəşf edilməsində də əvəzsiz olacaq. Onu da qeyd etmək lazımdır ki, tikilən və yenidən qurulan obyektlər idmançılarımızın məşq etməsi və gələcəkdə də idman yarışlarının keçirilməsi üçün böyük imkanlar açacaq. I Avropa Oyunları sayəsində ölkəmizə gələn idmançılarla yerli idmançılarımızın tanışlığı, onlarla yarışmaq, öz güclərini sınamaq şansı əldə etməsi özü idmana böyük töhfədir. İdmanla məşğul olan hər bir şəxs bilir ki, idmançı yarışlarda yetişir, püxtələşir. Ölkə ictimaiyyəti üçün isə bu idman yarışları böyük bir bayrama çevriləcək və inanıram ki, hər bir kəs bu bayrama qoşulmaq və onun bir hissəsi olmaq arzusunda olacaq. Bakı 2015 I Avropa Oyunlarının keçirilməsi bizə ölkəmizin inkşafını, gücünü görmək və daha dəqiq qiymətləndirmək üçün böyük şans yaradacaq. Belə möhtəşəm tədbirin keçirilməsi Azərbaycan xalqının qürur duya biləcəyi və fəxr hissi ilə hər bir yerdə söyləyə biləcəyi bir tədbir olacaq”.
“Manata tələbat artacaq”
Lalə Mehdiyeva, iqtisadçı
Lalə də digər müsahibimiz kimi ölkəmizin belə tədbirlərə ev sahibliyi etməsini təqdirəlayiq hal kimi qiymətləndirir. Onun sözlərinə görə, Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinin müsbət cəhətləri var: “Bu oyunları iqtisadi cəhətdən araşdırsaq, təəssüf ki, insanların ağlına xərclər gəlir. Amma bu, Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Oyunların ölkəmizdə təşkil edilməsinin makroiqtisadi göstəricilərə böyük təsiri var. Bundan əlavə, I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi maliyyə sabitliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirəcək və bu isə o deməkdir ki, dönərli valyuta bolluğu formalaşacaq”.
Həmsöhbətimiz deyir ki, belə bir tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu kifayət qədər rol oynayıb: “Azərbaycan, cəmi 24 ildir müstəqil dövlət olmasına baxmayaraq, dünya ölkələri sırasında özünün dinamik inkişafına görə bir çox dövlətlərin, o cümlədən beynəlxalq səviyyəli təşkilatların diqqətini özünə çəkməyi bacarıb. Hazırda Azərbaycanın dünya dövlətləri ilə siyasi və diplomatik münasibətlərinə nəzər salsaq, görərik ki, ölkəmiz etibarlı tərəfdaş və dost kimi tanınır”.
“Bakı 2015 həmrəylik və bərabərlik sınağı olacaq”
Tural İsmayılov, turizm eksperti
Tural oyunların turizm sahəsindəki əhəmiyyətindən danışdı. O deyir ki, Avropa Oyunları Azərbaycana turist axınına səbəb olacaq: “Bu oyunlara qədər Azərbaycanın günü-gündən inkişaf edən beynəlxalq mövqeyi buna səbəb olub. Məhz bütün bu faktorlara görə Azərbaycanda ötən illərdən biri turizm ili kimi qəbul olundu. “Eurovision” yarışmasından sonra da Azərbaycan turist axınının bölgədə əsas mənbəyi oldu. Avropa Oyunlarının ölkə əhalisinin maraqlarına xidmət etdiyi şəksizdir. Çünki bu oyunlar zamanı kütləvi turist axınından gələn gəlirlər dövlət büdcəsinə daxil olacaq və bu, ümumxalq mənafelərinə xidmət edir”.
Həmsöhbətimiz deyir ki, Bakı 2015 həmrəylik və bərabərlik sınağı olacaq: “Avropa Oyunlarının, mənə görə, 3 mühüm əhəmiyyəti var : birincisi, artıq Avropa dövlətləri öz amalını Avropaya inteqrasiya üzrə quran bir ölkənin həqiqətən Qərbə nə qədər yaxın olduğunu praktiki anlayacaq. İkincisi, Dağlıq Qarabağ probleminin dünyaya çatdırılmasında və həqiqətin yayılmasında bu oyunlar bir piar vasitəsi olacaq. Üçüncüsü, Qərb idman vasitəsilə Azərbaycanın canlı multikulturalizm və tolerantlıq ənənələrinə şahid olacaq. Bütün bunlara əmin olan bəzi ölkəmizi qaralayan adamlar və qurumlar hər vasitə ilə “qara piar” kampaniyası aparsa da, sonunda məğlub olacaqlar. Çünki 20 yaşını haqlamış istənilən sağlam düşüncəli gənc milli dövlətçilik maraqları ətrafında birləşməyi bacarır. Bakı 2015 həmrəylik və bərabərlik sınağı olacaq”.
Aygün ƏZİZ
Şəbnəm MEHDİYEVA
banner

Oxşar Xəbərlər