AZE | RUS | ENG |

Gənclər 2018-dən 2019-a nə aparırlar?

Gənclər 2018-dən 2019-a nə aparırlar?
Onlar bu ildə planlarının bir çoxuna nail olsalar da, yarımçıq qalan, gələn il reallaşdırmaq istədikləri məqsədləri də az deyil

Köhnə ili yola salıb, yeni ili qarşılayanda, adətən hər kəs ötən ildə etdiklərinə nəzər yetirir, növbəti illə bağlı planlar qurur. Artıq 2018-ci ilin son günlərini yaşayırıq. Maraqlıdır, gənclərimiz 2018-ci il üçün hansı planlar qurmuşdular, arzuları nə dərəcədə reallaşdı, 2018-dən 2019-a hansı ideyalarla keçirlər? Bu suallar ətrafında fərqli sektorlarda çalışan gənclərlə həmsöhbət olduq.

Şimali Kiprdə yaşayan azərbaycanlı, PR menecer Cəfər Mənsimi üçün ötən 2018-ci il məhsuldar keçib: "Elmi müdafiəni uğurla keçmək 2018-ci ildəki ən böyük məqsədim idi. Yeni və olduqca çətin mövzu seçmişdim. Hətta başlanğıcda "çətinlik çəkəcəksən, başqa mövzu seç” deyənlərlə birlikdə "sadəcə irəli” deyənlər də var idi. Mən də "irəli”ni seçdim. İnadkarlıq və böyük sevginin birləşməsindən "Azərbaycandakı dövlət məktəblərinin brendləşdirmə ehtiyacının dəyərləndirilməsi” başlıqlı dissertasiya işi ortaya çıxdı. Nəhayət, 15 iyun 2018-ci ildə Şimali Kiprin Doğu Akdeniz Universitetində uğurlu elmi müdafiə etdiyim üçün təhsilin idarə olunması ixtisası üzrə magisraturadan məzun oldum. Təhsilin idarə olunması ölkəmizdə yeni ixtisasdır. Bu ixtisas üzrə ilk məzunlardan olmaq və yeni bir elmi işlə ölkəmizin adını xaricdə təmsil etmək mənə nəsib olduğu üçün başqa bir sevincə sahibəm.
 


Ümumiyyətlə, şükürlər olsun ki, 2018-dən qalan bir xeyli iz var. 2018-də daha bir ilkə də qapı açdıq. Ölkəmizdə ilk dəfə olaraq I Beynəlxalq PR Yaradıcılığı Forumunu təşkil etdik. PR sektorunda çox önəmli təşkilat sayılan Beynəlxalq PR Assosiasiyası da bu forumumuzu dəstəkləyirdi. Bu planımızın reallaşması məni bir hədəfimə də yaxınlaşdırdı. Şükür ki, qarşıma qoyduğum bir sıra məqsədi keçdim. Diqqət etdinizsə, "məqsədimə çatdım” yox "məqsədimi keçdim” ifadəsini işlətdim. Niyə? Çünki məncə, məqsədə çatmaqla onu keçmək arasında incə bir fərq var. Məqsədi keçmək onu reallaşdırmaqdır, məqsədə çatmaq isə reallığa yaxınlaşmaq”.
Cəfərin 2019-cu il üçün də planları var: "Bu ilə də ictimai fikrə faydalı olacaq xeyli ideyalarla daxil olacağım üçün sevincliyəm. Bunun üçün məni yetişdirən valideynlərimə, müəllimlərimə, Allaha, eləcə də özümə çox təşəkkür edirəm. 2019 hər kəs üçün ilklərin ili olsun!”
 

 
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyir ki, 2018-ə böyük ümidlərlə, planlarla qədəm qoymuşdu: "Müxtəlif istiqamətli planlarım, məqsədlərim var idi. Hamısına çatdığımı deyə bilmərəm, amma ötən ili özüm üçün faydalı il kimi qiymətləndirə bilərəm. Əsas hədəflərimdən biri Türkiyədə aldığım magistr təhsilini bitirib diplomumu almaq idi. Artıq dissertasiya işi müdafiə mərhələsindədir. 2018-ci ildə ilin gənci mükafatına layiq görüldüm. Bu da mənim üçün bu ildə yaddaqalan hadisələrdən oldu. Ümumilikdə isə bütün illərdə ən böyük hədəfimiz sağlam yaşamağımız olmalıdır. Şükürlər olsun ki, bu cəhətdən də yaxşı keçdi”.
Fəridin 2019-cu il üçün də hədəfləri az deyil: "Təhsilimi doktorantura pilləsində davam etdirmək fikrim var. İctimai fəaliyyətimlə bağlı bir sıra hədəflərim var ki, onlar üçün çalışacam. Dil biliklərimi təkmilləşdirmək də hədəflərimdəndir. Dünyanı səyahət əsas planlarım arasındadır”.
 
 

Sosial media meneceri Mehdi Şən ötən ildə qurduğu planları həm də yazılı olaraq qeyd edibmiş: "2018-ci il üçün əslində, çox plan qurmuşdum, onları yazmışdım da. Marketinq cəmiyyətində tanınmaq kimi istəyim var idi, buna nail oldum. Marketinqlə bağlı tədbirlərə qatıldım. İş cəhətdən danışsaq, 2-3 iş yeri dəyişdim. Sağlamlığıma vaxt ayırmaq planım var idi, bunu da etdim. Qurduğum planların 40 faizi reallaşdı. Rayonlarımızı gəzmək istəyirdim, amma hədəfimə çox da nail ola bilmədim. Telefonsuz bir gün keçirməyi düşünmüşdüm, alınmadı. Amma sahəmlə bağlı hədəflərimə nail oldum”.

Mehdi bu il reallaşdıra bilmədiyi işləri yerinə yetirmək üçün gələn il daha səylə çalışacağını qeyd etdi: "Vaxtımı idarə etmək cəhətdən bəzi problemlər yaşayıram, bunu qaydasına salmağı planlaşdırıram. Sağlam qidalanmağa keçməyi, idmana başlamağı düşünürəm. Arıq insanların kökəlməsi ilə bağlı bir super layihəm var. Martın sonu, aprelin əvvəllərində ölkə gündəminə bir forumla gələcəm. Hazırda onun üzərində işləyirəm. Məktəblər, region gəncləri üçün bir layihəm olacaq”.
 


"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov bu il planlaşdırdığı bir çox işlərini reallaşdırıb, amma növbəti ilə qalan işləri də var: "2018-ci ildə bütün hədəflərimə nail olduğumu desəm, yalan olar. Düşünürəm ki, hədəfləri elə qoymaq lazımdır ki, ona çatmaq üçün daim can atasan. Hədəfə yaxınlaşdıqca, hədəfimi uzaqlaşdırmağa çalışıram. Tam olaraq planlaşdırdıqlarımı, düşündüyüm ideyalarımı reallaşdıra bilməsəm də, böyük layihələrimiz oldu. Uğurlu il kimi qiymətləndirmək olar, hər şey qaydasındadır. Yarımçıq qalanları isə gələn ilə saxladıq. Modelyer Fəxriyyə Xələfova ilə kəlağayının təbliğatı sahəsində bir layihəmiz olacaqdı. Son vaxtlar səfərlərimin çox olmağı bir az bunu ləngitdi, amma növbəti ilin aprel-may ayları üçün bunu etməyi planlaşdırırıq”.
 


Jurnalist Səidə Nürəmmədliplanla yaşamadığını bildirdi: "Plan qurmuşam deməzdim. Nə vaxtsa plan qurub nəsə etdiyimi xatırlamıram. İstəklərim olub, hansı ki, indi hamısı gerçəkləşib. 2018-də yaxşı şeylər çox oldu. Universiteti bitirdim, iş tapdım, bundan sonra həyatımı birgə keçirəcəyim insan qarşıma çıxdı. Məncə, həyatımızı plan qurmaqla keçirməməliyik. Bu boşuna vaxt itkisidir”.
 


"Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə deyir ki, 2018-ci ildə qarşısına böyük hədəflər qoyub və onlara doğru addım-addım yol alıb. Əsas hədəfləri isə işi ilə bağlı olub: "2017-ci ilin sonunda qarşımıza böyük hədəflər qoyduq. Belə ki, "Astara” qəzetini ölkə səviyyəsində tanıtmaq, inkişaf etdirmək, saytımız vasitəsi ilə insanlara, oxucularımıza dolğun, geniş məlumat çatdırmaq istəyirdik. Məhz 2018-ci ildə cənub bölgəsində ilk sayt olan "Astarainfo.az” fəaliyyət göstərdi. 2018-ci il üçün qarşımıza qoyduğumuz hədəflərimizə çatdıq, planlarım uğurla reallaşdı. Mən bunu tək bacarmadım, komandamızla həyata keçirdik”.

F.Ağazadə bildirdi ki, ötən il kitab yazmaq və özünü bu sahədə sınamaq istəyi olsa da, işlərinin çoxluğundan bu hədəfinə nail ola bilməyib: "Kitab yazmağa başlamışam, amma hələ tamamlaya bilməmişəm. Bu arzum 2019-cu ilə qaldı. Gələn ildən gözləntilərim çoxdur. Ən azı, daha çox çalışmağı və daha böyük məqsədlərimizə nail olmağı düşünürəm”.
 


"FAN travel”in direktoru Fariz Hacıyev üçün 2018-ci ilin ilk yarısı istədiyi kimi olmasa da, 2-ci hissəsi uğurla başlayıb və elə də yekunlaşmaq üzrədir: "Bir turizmçi olaraq hər zaman yenilikləri sevirəm. Məndə hər il bilmədiyim bir sahəni öyrənmək marağı var. 2018-ci il daxil olarkən qarşıma qoyduğum əsas hədəflərdən biri dizayn-qrafika sahəsini öyrənmək, yeni turizm istiqamətləri tapmaq, topluma daha faydalı olmaq və s idi. İlin sonunda isə qarşıma qoyduğum məqsədlərə çatdığımı deyə bilərəm. Gərgin iş qrafiki olmasına baxmayaraq, əksər elmi-kütləvi tədbirlərdən, turizm və iqtisadi forumlarda iştirak etməkdən də geri qalmadım.

Bir turizmçi olaraq bu il daha fərqli işlər görməyi qarşıma məqsəd qoymuşdum. Elə bir iş görmək istəyirdim ki, mənimlə bərabər yüzlərlə insan faydalansın. Az da olsa vətənimizə, millətimizə yararlı olaq. 2018-ci ilin payızında Astara-Lənkəran bölgəsinə - mandarin bağlarına ekskursiyalara başladıq, tez bir zamanda kütləvi hal aldı və mənimlə bərabər onlarla turizm firması Astara-Lənkəran bölgəsinə payız ayları boyunca Bakıdan hər həftəsonu yüzlərlə yerli turist apardı. Və nəticədə bölgə turizminə faydalı olduq, kəndlilərin satışı yüksəldi, həmin ərazilərdə 2 ay boyunca otel, restoran sahəsində aktivlik müşahidə edildi. Çoxlu insanlar sırf mənim layihəmdən faydalandığı üçün özümü xoşbəxt hiss edirəm. İl sonunda ölkədə ilk dəfə olaraq qrup halında qatarla "Qış nağılı” turu hazırladım, gözləmədiyim böyük maraq gördüm. İli uğurlu, müsbət enerji ilə bitirmək üzrəyəm. Yeni ildə hədəflərimdən biri Azərbaycanı daha az tanınan ölkələrdə populyarlaşdırmaq, ölkəyə turist axınını sürətləndirməkdir”.
 

 
ATV telekanalında yayımlanan "Təhminə və Zaur” serialının "Təhminə”si Natavan Gümet bildirdi ki, 2018-ci il üçün böyük planlar qurmayıbmış: "2018-ci ildə gözləmədiyim hadisələr oldu. 2018-ci ildə ana olmağa hazırlaşırdım və bu reallaşdı. Bu ildən xüsusi planım və istəklərim yox idi. Uğursuzluqlar olmadı, düşərli keçdi”.

Natavan deyir ki, sənəti ilə bağlı bəzi ideyaları var və bunların növbəti ildə reallaşması üçün çalışacaq: "2019-cu ildən gözləntilərim çoxdur. Yəqin ki, həyata keçər. Bizim sənət elədir ki, biz asılı insanlarıq. Sənətimiz heç də bizim planlaşdırdığımız kimi getmir. Görək bu 2019-cu ildə hansı təkliflər gələcək və ona uyğun da həyatımız davam edəcək?”
 


Tanınmış aktrisa Səbinə Məmmədovabildirdi ki, Moskvada yay məktəbində təhsil alması onun çoxdankı arzusu olub: "2018-ci ildə Rusiyada yay məktəbi planını qurdum, bu, həyata keçdi. "Çeburaşka” tamaşasında rolumun olmasını istəyirdim. Bu istəyim də həyata keçdi və mən "Çeburaşka” oldum. Bu il bədii filmə çəkilmək istəyirdim, alınmadı. Serialda rol aldım. Gözəl işlər düşünmüşdüm. İki dəfə Moskvada diploma layiq görüldüm. Magistratura istəyirdim, çatdıra bilmədim. 2019-cu ildən gözləntilərim böyükdür. Özümə yeni maraqlı obrazlar arzu edirəm. İstəyirəm ki, sevim, aşiq olum. Məncə, sevib-sevilməyin yeni ildə əsil zamandır. Yeni ildə qarşıma istedadlı, ağıllı bir insanın çıxmasını istəyirəm. Sənət gözəldir, gözləntilərim var. Amma heç zaman ailə haqqında düşünməmişəm. Artıq bu barədə fikirləşirəm”.

Aygün

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176