• çərşənbə axşamı, 23 aprel, 10:41
  • Baku Bakı 20°C

Gənclər 2013-dən razıdır

29.12.13 11:27 1917
Gənclər 2013-dən razıdır
2013 əksər insanların yaddaşında əhəmiyyətli il kimi qaldı. Ölkədə həm siyasi, həm də iqtisadi cəhətdən uğurlu islahatlar aparıldığını söyləyənlər cari ildə qarşıya qoyulmuş məqsədlərin, demək olar, 100 faiz həyata keçirildiyini qeyd edirlər. Əlaqə saxladığımız gənc fəallar da hər ilin əvvəlkindən daha uğurlu keçdiyini söylədilər. Bildirdilər ki, hər keçən il həm də xalqın rifahının və yaşayış tərzinin daha da yaxşılaşması ilə yadda qalır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədr müavini Aytac Əliyeva qəzetimizə açıqlamasında söylədi ki, 2013-cü il onun yaddaşında ilk olaraq möhtəşəm qələbə ilə qalıb. YAP-ın namizədi, prezident İlham Əliyevin 9 oktyabr seçkilərində növbəti dəfə xalqın etimadını qazanması sədr müavini üçün çox əhəmiyyətli məqamdır. Çünki ölkə başçısı bununla rəqibsiz prezident olduğunu nümayiş etdirib: “Azərbaycan xalqı builki seçkilərdə birlik nümayiş etdirərək cənab İlham Əliyevin ətrafında birləşdiyini dünyaya göstərdi. Vətəndaşlarımız 1993-cü ildən başlanan uzun və uğurlu yola bir daha inamını, etibarını ifadə etdi”.
Bu il Azərbaycan digər sahələrdə də vacib nailiyyətlər əldə edib: “İkinci dəfə BMT Təhlükəsizlik Şurasında sədrlik etməyimiz və bir sıra uğurlu qərarlar qəbul etməyimiz yadda qalan hadisədir. Həmçinin Azərbaycan haqq səsinin dünyaya çatdırılmasında da mühüm addımlar atdı. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün hər zaman müəyyən işlər görülüb. Bu il də erməni vandalizmi dünya xalqlarına bəyan olundu. Bundan əlavə, ölkədə həyata keçirilən uğurlu siyasət, məqsədyönlü islahatlar nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi xeyli aşağı düşdü. 2000-ci illərin əvvəllərində işsizliyin və yoxsulluğun səviyyəsində iki rəqəmli göstərici var idisə, cari ildə bu, bir rəqəmlə əvəz olunmağa başladı. İnsanların banklardakı ehtiyat yatırımlarının da həcmi artdı”.
Azərbaycan beynəlxalq konfranslara ev sahibliyi etməklə ölkəmizə təşrif buyuranların “Odlar yurdu” haqda daha dəqiq və ətraflı məlumat almasına müvəffəq olub. Azərbaycanla daha yaxından tanış olma şansı əldə edənlər heyranlıqlarını gizlətmirlər: “Ölkəmizin siması getdikcə dəyişməyə başlayıb. Yenidənqurma işləri çox sürətlə aparılır. Müxtəlif yolların açılışının həyata keçirilməsi, yol ötürücülərinin istifadəyə verilməsi əhalinin sevincinə və dövlətdən razı qalmasına səbəb olur. Təhsil ocaqları, səhiyyə müəssisələri, idman kompleksləri, sağlamlıq mərkəzləri də istifadəyə verilir. Bütün bunlar xalqın güzəranının yaxşılaşmasının, rifahının yüksəlməsinin göstəricisidir”. A.Əliyeva 2014-cü ilin daha uğurlu olacağına inanır. Çünki uğurun davamı daha uğurlu olur: “Fundament müvəffəqiyyətlə qoyulursa, yuxarı mərtəbələr də keyfiyyətlə inşa olunur. Düşünürəm ki, 2014-cü ildə uğurlarımızın davamı mütləq olacaq. Cənab prezident dəfələrlə xalqa müraciət edərkən bildirib ki, Azərbaycan artıq sosial dövlətdir. Sənayenin güclü inkişafı Azərbaycanı regionun lider dövlətinə çevirib. Bu mövqeyi qoruyub saxlamaq üçün dövlətimiz siyasətini daha əzmlə davam etdirməlidir”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov qeyd etdi ki, 2013-cü il müasir Azərbaycan tarixinə böyük hadisələrlə yazıldı. Çünki bu il ölkəmizdə bir sıra böyük tədbirlər, mühüm layihələr həyata keçirildi: “İlk olaraq 9 oktyabr prezident seçkilərini xatırlamaq istərdim. Azərbaycan xalqı inkişafa davam deyərək ölkə prezidentinin ətrafında birləşdi. Həmçinin dövlətimiz bir neçə vacib sənədin altından imza atdı. Hakimiyyətin həyata keçirdiyi hər bir islahat və dəyişiklik xalqın rifahının yüksəlməsinə hesablanıb. Bilirsiniz ki, Azərbaycan artıq kosmik dövlətlər qrupuna daxil olub. «Şahdəniz-2» layihəsinin imzalanması da ən uğurlu və yaddan qalan layihələrdən biri oldu. Çünki bu, «Əsrin müqaviləsi»nin davamı hesab olunur”.
İttifaq sədrinin fikrincə, Avropa Olimpiya Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin rəsmiləşdirilməsi böyük hadisələr sırasındadır: “2014-cü ilin də müvəffəqiyyətli olacağına əminəm. Biz xronoloji ardıcıllığı yaxşı mənada, davam etdirəcəyik. Ölkəmiz çox sürətlə inkişaf edir. 2020-ci il üçün qarşıya qoyulmuş konsepsiyanın hədəfləri 2014-cü ildə yüksək səviyyədə inkişaf etdiriləcək”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova 2013-cü ili seçki ili kimi xatırlayır. Çünki məhz bu il xalqımız növbəti beş il üçün öz müqəddəratını həll etdi: “Şəffaf və demokratik seçkilərin keçirildiyi hər kəsə məlumdur. Həmçinin, il ərzində müxtəlif səpkili beynəlxalq forumların, layihələrin həyata keçirilməsi də uğurlu məqamlardandır. Dekabr ayında möhtəşəm «Bakutel» layihəsi həyata keçirildi. Bununla ölkəmiz bir daha dünyanın diqqətini özünə çəkdi. 2014-2015-ci illərdə bələdiyyə və parlament seçkiləri keçiriləcək. Ona görə də gələcəklə bağlı ümidlərim böyükdür”.
G.Səfərova son 10 ilin, ələlxüsus, 2013-cü ilin çox müvəffəqiyyətli keçdiyini hesab edir: “Sosial, iqtisadi, mədəni layihələr keçirməklə regionun və dünyanın lider dövlətinə çevrildik. 2014-cü ildə ölkəmizin inkişaf tempinin düşməyəcəyini dəqiq bilirəm. 2014-cü ildə xalqımıza firavanlıq, xoşbəxtlik arzulayıram. Ümid edirəm ki, gələn il torpaqlarımızın qaytarılması xəbərini eşidəcəyik”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da bu ilin çox uğurlu və məhsuldar bitdiyini dedi: “2013-cü il istər təşkilatımız, istərsə də dövlətimiz üçün çox əhəmiyyətli oldu. Bu il ölkəmizin ictimai-siyasi həyatında olduqca müstəsna əhəmiyyət kəsb edən prezidet seçkiləri baş tutdu. Hesab edirəm ki, bu seçimin özü Azərbaycan xalqı üçün kifayət qədər uğur gətirir. Bu il ilk süni peykimizin kosmosa buraxılması bizi “kosmos ölkəsi” kimi tarixə saldı. Bildiyiniz kimi, bu il cənab prezident tərəfindən “İnformasiya və kommunikasiya ili” elan olunmuşdu. Bununla ölkəmizdə deyilən istiqamətin inkişafı daha da sürətləndi. Azərbaycanda həyata keçirilən ardıcıl, sistemli, məqsədyönlü və gələcəyə hesablanmış siyasətin ildən-ilə uğurlarının sayı artır. Buna görə də hesab edirəm ki, prezidentin həyata keçirdiyi siyasət 2014-cü ildə daha yeni nailiyyətlərə imza atacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər