• şənbə, 20 Aprel, 08:03
  • Baku Bakı 14°C

Gəncəyə leysan və Daşkəsənə dolu yağdı, xəsarət alanlar var

11.06.14 15:12 1400
Gəncəyə leysan və Daşkəsənə dolu yağdı, xəsarət alanlar var
Gəncə ilə yanaşı, ətraf rayonların sakinləri də qeyri-sabit hava şəraitinin ziyanını çəkib. Fərdi yaşayış evləri və sosial obyektlərlə yanaşı bir sıra təsərrüfatlara da ciddi ziyan dəyib.
Kəpəz TV xəbər verir ki, Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşahidə olunan leysan yağışları sosial obyektlərə, inzibati binalara, fərdi yaşayış evlərinə, dam örtüklərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, əkin sahələrinə ciddi ziyan vurub.
Firuddin Həsənov, sakin: “Kənd ərazisində 80 hektar torpaq sahəsi yararsız hala düşüb. Bundan başqa taxıl sahələrinə, tərəvəz bitkilərinə ciddi ziyan dəydi. Demək olar ki, kənd təsərrüfatı məhv oldu”.
Daşkəsən rayonu ərazisinə yağan güclü dolu evlərlə, sosial obyektlərlə yanaşı, avtomobillərə də ziyan vurub.
Dolu vətəndaşlara da xəsarət yetirib. Xeyli sayda rayon sakini müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət edib. Onların sırasında 5 nəfəri stasionar müalicəyə cəlb olunub.
Mirzəkərim Tağıyev, Daşkəsən MRX-nın baş həkimi: “20-dən artıq şəxs xəstəxanaya müraciət edib. Onlara lazımi tibbi yardım göstərilib. Onlardan xəsarəti ciddi olan 5 nəfər palataya yerləşdirilib. Digər 20 nəfər isə ambulator yardımdan sonra evə buraxılıb”.
İri həcmli dolu, rayon mərkəzi ilə yanaşı 20-ə yaxın yaşayış məntəqəsində də fəsadlar törədib. Elektrik və rabitə xətləri sıradan çıxıb, kənd yolları yararsız hala düşüb, fərdi yaşayış evlərinə və zirzəmilərə yağış suları dolub.
Cavanşir Qocayev, Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri: “Daha çox ziyan dəymiş məntəqələr Əmirvar, Gürbulaq, Quşçu, Zəylik, Kəmərqaya kəndləridir. Eyni zamanda Daşkəsən şəhərinə və ətraf qəsəbələrə - Mədənçilər, Alünitdağ qəsəbələrinə də xeyli ziyan dəyib”.
Güclü külək və dolu Göygöl rayonunda da ciddi fəsadlara səbəb olub. Rayonun dağlıq ərazisində yerləşən Çaykənd, Quşçu, Yenizod, Qarabulaq, Şəhriyar, Zurnabad və digər yaşayış məntəqələrində tufan evlərin dam örtüyünü sıradan çıxarıb, elektrik və rabitə dirəklərini aşırıb, kənd yollarını sel suları yararsız hala salıb. Elektrik enerjisi və rabitədə fasilələr yaranıb.
Telman Qocayev, sakin: “Axşam yağan dolu bütün evləri basıb. Dam örtükləri sıradan çıxıb. Moruq bağları yararsız hala düşüb. Kartof sahələri heç oldu”.
Hazırda mövcud vəziyyətlə bağlı Göygöl rayon İcra Hakimiyyətində yaradılan xüsusi komissiya, təbii fəlakətin vurduğu ziyanın nəticələrini araşdırır.
Şəmkir və Gədəbəydə də leysan yağışları sonradan dolu ilə əvəzlənib. Təbii fəlakət nəticəsində bəzi kəndlərə enerji verilişi məcburi qaydada dayandırılıb. Daxili imkanlar hesabına elektrik və rabitə xətlərində yaranan fasilələr aradan qaldırılıb, yol təsərrüfatı qaydaya salınıb. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması və dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
banner

Oxşar Xəbərlər