• cümə axşamı, 28 mart, 18:23
  • Baku Bakı 13°C

Gəncənin tramvay planı bakılıları da həvəsləndirib

23.11.13 09:03 2151
Gəncənin tramvay planı bakılıları da həvəsləndirib
Gəncədə tramvay xətlərinin bərpa olunacağı haqqındakı xəbərlər paytaxt sakinlərinin də sevincinə səbəb oldu. Çünki Gəncədən sonra növbə Bakıya çata bilər. Amma Bakının tramvaylı vaxtlarından fərqli olaraq indi yollar, küçələr kifayət qədər kiçilib, sıxlıq yaranıb. Bu halda tramvay xəttinin paytaxtda bərpası mümkündürmü?
Ya tramvay, ya avtobus

“Nəqliyyatçıların hüquqi problemlərinin həllinə yardım” İctimai Birliyinin sədri Məzahir Rüstəmov bizimlə söhbətində bildirdi ki, 2000-ci ilin əvvəllərində sökülməyə başlayan Bakı tramvaylarının yenidən bərpası hər baxımdan səmərəli olar: “İlk növbədə tramvayların istismarı zamanı benzindən deyil, enerjidən istifadə edildiyindən xərc az çıxır. Bu, həm də Bakı sakinləri üçün ucuz gedişhaqqı deməkdir. Bundan başqa, şəhərdaxili tramvaylardan istifadə ekoloji baxımdan da xeyirlidir. Çünki tramvay işləyərkən ətraf mühitə heç bir tullantı çıxmır”.
Tramvayın bərpasının müsbət tərəflərindən danışsa da, M.Rüstəmov dedi ki, Bakı şəhərində tramvayın yenidən qurulması böyük xərc tələb edir: “Ümumiyyətlə, tramvayların bərpası bir az mübahisəli məsələdir. Çünki tramvaylar xəttə buraxılarsa, gərək Bakının mərkəzi küçələrinə digər ictimai nəqliyyat növləri buraxılmasın, avtobusların giriş-çıxışı bağlansın, əvəzində tramvaylardan istifadə edilsin. Çünki paytaxtın dar küçələrində həm tramvaydan, həm də digər sərnişin marşrutlarından istifadə etmək mümkün deyil. Əks təqdirdə, tıxacların əlindən tərpənmək mümkün olmaz. Əgər tramvay şəhərin mərkəzində dairəvi hərəkət edərsə, əhali üçün çox uyğun olar”.
İşıq dirəklərini sökmək lazımdır

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli tramvay xətlərinin çəkilməsinin müsbət tərəflərindən danışdı. Bildirdi ki, ən ucuz nəqliyyat növü olan tramvayların bərpası həm ekoloji, həm də az məsrəf çıxması baxımından səmərəli olar: “Ən əsası isə insanlar vaxtlarını tıxaclarda xərcləməz, zamanında heç bir tıxaclarda ilişib qalmadan mənzil başına çatar, tıxaclarda xərclədiyi vaxta isə daha səmərəli işlə məşğul olarlar. Düşünürəm ki, nəinki Bakıda, Sumqayıtda da tramvay xətləri çəkmək olar”.
Bakıda əvvəllər tramvaylar olan küçələrin, prospektlərin yeni tikililər hesabına ölçülərinin dəyişmədiyini dedi. Bildirdi ki, sadəcə, prospektləri iki yerə ayıraraq ortasında qoyulmuş işıq dirəkləri, müxtəlif bardurların hesabına prospektlər ensizləşdirilib: “Həmin bardurların və işıq dirəklərinin yerində vaxtilə tramvay xətləri var idi. Baxmayaraq ki, işıq dirəkləri və bardurlar üçün kifayət qədər vəsait xərclənib onları Bakının digər işıqlandırılmayan ərazilərinə köçürmək və yolu genişləndirib tramvay xətlərini bərpa etmək olar”.
Pul tapmaq mümkündür

Müsahibimiz Azərbaycan büdcəsinin tramvay xətlərinin yenidən çəkilməsi üçün yetərli olduğunu düşünür: “Əgər Şıxovdan Əhmədliyə, yaxud digər ərazilərə dəniz üzərindən pullu yolun çəkilməsi üçün 3 milyard manata yaxın büdcə vəsaiti nəzərdə tutulursa, tramvayların bərpası üçün bundan qat-qat az pul lazımdır. Düşünürəm ki, bu pulu ayırmaq mümkündür. Ancaq bunu şirkətlərin hesabına da etmək olar. Korporotiv sosial maraq deyə bir şey var. Şirkətlər yalnız Azərbaycanda pul qazanmaq üçün fəaliyyət göstərmirlər, onların da ölkəmiz üçün töhfəsi olmalıdır. Bu məsuliyyəti bir neçə şirkətin üzərinə qoymaq olar ki, heç bir qazanc əldə etmədən tramvay yollarının çəkilişinə yardım etsinlər. Yaxud da sərnişindaşıma ilə məşğul olub külli miqdarda pul qazanan şirkətlərlə danışmaq olar. Gələcəkdə tramvaydan istifadə edən sərnişinlərin gediş haqqının bu şirkətlərin büdcəsinə köçürülməsi şərtilə də tramvayların bərpasını onların üzərinə qoymaq olar. Bir sözlə, yalnız dövlətin deyil, özəl şirkətlərin də hesabına tramvay xətləri çəkmək mümkündür”.
1 km tramvay xəttinin qiyməti 4-6 milyondur

İqtisadçı-ekspert Vüqar Bayramov sharq.az-a açıqlamasında bildirdib ki, paytaxta yenidən tramvay xətlərinin çəkilməsi kifayət qədər vəsait tələb edəcək: “Həmin xətləri çəkmək üçün yolların genişləndirilməsi vacibdir. Hətta Bakının hazırda genişləndirilmiş yolları belə tramvayın hərəkəti üçün yararlı deyil. Yolların genişləndirilməsi üçün isə mərkəzdə olan bir sıra idarə və obyektlərin köçürülməsi lazımdır. Bu da böyük xərc tələb edəcək. Eyni zamanda tramvay xətlərinin özünün salınması da böyük xərcdir. Bir kilometr tramvay xəttinin çəkilməsi xərci ölkələr üzrə dəyişir. Hazırda tramvay xətləri və tramvayın hərəkəti üçün geniş yolları olan ölkələrdə bu proses cəmi yarım milyona, Meksikada isə 4-6 milyon dollara başa gəlir”.
Ekspert bildirib ki, xərclərin çox olmasına və işin çətinliyinə baxmayaraq, şəhərin özəlliyini, gözəlliyini qorumaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq və nəhayət, tıxac problemini aradan qaldırmaq üçün tramvay xətlərinin bərpası məqsədəuyğundur.
Qeyd edək ki, “Ağ şəhər” layihəsi reallaşdıqdan sonra orada tramvay xəttinin çəkilməsi planlaşdırılır.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər