• şənbə, 20 Aprel, 04:17
  • Baku Bakı 15°C

Gəncənin sənət fədaisi

23.01.18 13:00 2107
Gəncənin sənət fədaisi
Hər dəfə böyük sənət məbədlərindən söz düşəndə, Azərbaycan mədəniyyəti tarixində öz sözü və dəsti-xətti olan Gəncə Dövlət Dram teatrından və burada ömürlərini sənətə bağlayan sənət korifeylərindən danışmamaq mümkün deyil. Bu teatr 13 noyabr 1921-ci ildə "Azad Tənqid-Təbliğ teatrı” adı ilə rəsmi olaraq fəaliyyətə başlayıb. Ancaq bu dövrə qədər, 1895-ci ildən Gəncədə artıq kiçik teatr truppası mövcud idi. Belə ki, dövrünün mütəfəkkiri və ictimai xadimləri olan Mirzə Fətəli Axundzadə və Nəcəf Bəy Vəzirovun pyesləri əsasında, Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakını özündə cəmləməklə, XIX əsrin sonlarında - 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb. 1906-cı ildə yaradılan "Gəncə müsəlman məclisi”nin bu sahədə xidmətləri xüsusi olaraq daha önəmlidir. Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda, "Ağa Məhəmməd şah Qacar”, "Dağılan tifaq” (Ə. B. Haqverdiyev), "Əl-Mənsur” (N. Heyne), "Nadanlıq” (N. Nərimanov), "Vətən” (N. Kamal) və başqa bu kimi əsərləri yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb. Bu illərdə Gəncədə yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq, dövrünün mükəmməl teatr nəzəriyyəçisi kimi tanınan Mirzə Məhəmməd Axundzadə bir necə yeni dram əsərləri yazmaqla yanaşı, əcnəbi müəlliflərin pyeslərini də tərcümə edərək, teatr sənətinin dövrü üçün nəzəri problemlərini özündə əks etdirən "Teatro nədir?” elmi əsərini çap etdirib. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb”i tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə "Qız məktəb”i tələbələrinin ilk dram truppasına rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada M. C. Əmirovun "Seyfülmüllük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Bu dərnək, istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib. Məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın digər teatrlarında uğurlu yaradıcılıq fəaliyyəti ilə tanınmağa başlayıblar.
1932-ci ilin dekabr ayından Gəncədə fəaliyyət göstərən teatrın tarixi, XX əsrin əvvəllərində Bakıda yaradılan, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə "Bakı Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan, 1925-ci ildən 1927-ci ilədək fəaliyyət göstərən "Bakı Türk İşçi və Kəndli Teatrı”nın tarixi ilə üzvü şəkildə bağlıdır. Sonradan bu teatr 1927-ci ildən 1932-ci ilədək "Bakı Türk İşçi Teatrı” kimi fəaliyyətini davam etdirib. Belə ki, məhz 1932-ci ilin dekabr ayında bu teatrın yaradıcı kollektivi bütünlükdə Gəncəyə köçürülür və "Tənqid-Təbliğ” teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir. Teatrın tarixinə nəzər saldıqda, bu sənət ocağının yetirməsi olan görkəmli pedaqoq və rejissor, SSRİ xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada düşür: "Teatrın yaradıcılıq yoluna nəzər salanda, iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşayıb, hər zaman müasir fikirlər irəli sürməyə can atıb”.
Gəncə Dövlət Dram Teatrının tarixindən danışarkən, ömrünü sənətə fəda edən respublikanın əməkdar incəsənət xadimi, rejissor Yusif Bağırovu xatırlamamaq mümkün deyil. Yusif Bağırov 1924-cü il yanvar ayının 20-də Bakıda anadan olub. O, 1941-ci ildə Bakı Teatr Texnikumuna daxil olsa da, vətəni müdafiə etmək üçün cəbhəyə yollanır. 1945-ci ildə ordu sıralarından qayıdan Yusif Bağırov Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov kimi görkəmli sənətkarlardan dərs alaraq, təhsilini davam etdirir. Burada Ağasadıq Gəraybəyli kimi sənət ustasının səhnə texnikasından, Kazım Ziya kimi sənət korifeyinin səhnə danışıqlarından bəhrələnir və digər sənətkarların apardıqları məşğələlər, canlı söhbətlər Yusif Bağırovun hafizəsində dərin izlər buraxır. 1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirən Yusif Bağırov, elə həmin ildə də yenicə acılan Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur və 1952-ci ildə oranı bitirir. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirdiyi Mir Cəlal Paşayevin "Dirilən adam” əsərini tamaşaya hazırlayaraq, ilk uğurlu debütünə imza atır. Təhsilini başa vurduqdan sonra isə ömrünü-gününü Gəncə Dövlət Dram teatrına bağlayan Yusif Bağırov 1952-1956-cı illərdə quruluşçu rejissor, 1966-1995-ci illərdə isə baş rejissor kimi fəaliyyət göstərib. O, 1956-cı ildən 1966-cı ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çalışıb. Burada "Koroğlu”, "Kölgələr sürünür”, "Əhməd haradadır?”, "Mən rəqs edəcəyəm” bədii filmlərinin ikinci rejissoru kimi çalışıb. Fəaliyyəti dövründə Yusif Bağırov 100-dən artıq bədii filmi Azərbaycan dilinə dublyaj edib. 1959-cu ildə respublikanın xalq artisti Şəmsi Bədəlbəyli ilə birlikdə Fikrət Əmirovun "Gözün aydın” əsərini Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində tamaşaya hazırlayıb. O, 1961-1963-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib.
Yusif Bağırov Gəncə Dövlət Dram teatrında 33 illik fəaliyyəti dövründə bir-birindən maraqlı, orijinal səhnə traktofkası ilə realist rejissor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi yaddaşlarda yaşayır. Onun quruluş verdiyi yüzlərlə əsər Gəncə Dövlət Dram Teatrının repertuarının əsasını təşkil edirdi. Təsadüfi deyil ki, Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə Dövlət Dram teatrının səhnəsində Qədim Yunan dramaturgiyasına müraciət edən rejissor da məhz Yusif Bağırov olub. O, Evripidin "Medeya” və Sofoklun "Antiqona” faciələrini ilk dəfə olaraq məhz bu teatrın səhnəsində uğurla tamaşaya hazırlayıb. Azərbaycan səhnəsində ilk dəfə olaraq Yunan dramaturgiyasına müraciət Evripidin "Medeya” faciəsi ilə Gəncə Dövlət Dram teatrında 12 dekabr 1969-cu ilə təsadüf edir. Rejissor Yusif Bağırov bir neçə il sonra, 1976-cı il dekabr ayının 11-də Sofoklun "Antiqona” faciəsinə müraciət edib. Bu quruluş da o illərdə teatr ictimaiyyəti tərəfindən böyük əks-səda ilə qarşılanıb. Tamaşa haqqında SSRİ xalq artisti Mehdi Məmmədov yazırdı: "Tamaşaçı insanı sarsıdan bir müsibətin, böyük bir faciənin şahidi olur. O, təəssüf edir, kədərlənir, bəlkə göz yaşı da axıdır, amma nəticə etibarı ilə ruh düşkünlüyünə qapılmır, əksinə, gördüyü və götürdüyü acı həyat dərsindən nəticə çıxardır, qüvvət alır. Onun iradəsi möhkəmlənir, idrakı dərinləşir, həyat məsələləri, insan münasibətləri, vətəndaşlıq borcu haqqında daha dərindən düşünür. Bu düşüncə, bu yaşantı prosesi əvvəldən axıra qədər bədii zövqlə, estetik həzlə müşayiət olunur. Buna görə, tamaşa bədii həzz verir, ürəkdə və şüurda dərin iz buraxır”.
Yusif Bağırovun quruluşunda Sofoklun "Antiqona” faciəsi Gəncə Dövlət Dram teatrının səhnəsinə bir möhtəşəmlik, monumentallıq gətirib. Tamaşa rejissor traktofkasında, sağlam düşüncənin, xeyrin şər üzərində qələbəsinin təntənəsi kimi səciyyəvi xarakterlərə malik idi. Tamaşanın ideya yönümü, bədii təcəssümü müvəffəqiyyətlə tamaşaçıya təqdim edilərək, bütün xarakterlər amal və mənəvi varlıqları ilə səhnədə rejissor tərəfindən maraqlı mizanlarla canlandırılıb.
Respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun quruluşunda dramaturq Altay Məmmədovun "Ulduzlar görüşəndə” pyesi də maraqlı səhnə traktofkası ilə yaddaşlarda yaşayır. Əsərin mövzusu Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib” pyesinin motivləri əsasında 1974-cü ildə qələmə alınıb. "Ulduzlar görüşəndə” qəhrəmanlıq komediyası da rejissor Yusif Bağırovun quruluşunda dövrünün maraqlı səhnə əsərlərindən biri hesab edilir. Sovet rejiminin tüğyan etdiyi, Brejnev hakimiyyətinin mənəm-mənəm vaxtlarında səhnədə deyilən "Məmləkətdə ən böyük soyğunçu, quldurbaşı elə qibleyi-aləmin özüdür” cümləsinin qeyri adi bir vəchlə, uğultu ilə qarşılanması tamaşaçıların hər bir anı böyük incəliklə anladıqlarının göstəricisi kimi dəyərləndirilir. Xalq artisti Məhəmməd Bürcəliyev "Ulduzlar görüşəndə” pyesi haqqında öz xatirələrində yazırdı: "Yaxşı yadımdadır, bir ədəbi gecədə Zaman xanın dili ilə deyilən "Xəzinədə çoxlu pul olması vacibatdandır. Bəlkə şahənşah müharibə eliyəsi oldu, bəlkə Əfqanıstana hücum elədik” sözləri burada iştirak edən o zamankı şəhər rəhbərliyini şok vəziyyətinə saldı, çünki sovet qoşunları artıq Əfqanıstanda vuruşurdu. Xoşbəxtlikdən bu sözlərin başına o zaman ip salan olmadı, sanki heç eşitməyiblər”.
"Ulduzlar görüşəndə” pyesində iki bir-birinə zidd qüvvə üz-üzə dayanıb. Şah Abbas rəzaləti, despotizmi, fəlakəti, Yusif Sərrac isə ədaləti, yüksək idealı təmsil edirdi. Rejissor Yusif Bağırov maraqlı mizanları ilə hadisələrin gedişində hər iki obrazın xarakterini acır, saray və onun törətdiyi fitnə-fəsadları mahiyyət etibarı ilə bütün çılpaqlıqları ilə tamaşa boyu göstərilməsinə nail ola bilib.
Görkəmli rejissor fəaliyyəti dövründə Gəncə Dövlət Dram teatrında gənc aktyor nəslinin yetişməsində, onların inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərib. Belə ki, xalq artistləri Pərvanə Qurbanovanın, Alim Məmmədovun, əməkdar artistlər Qurban Abbasovun, Faiq Qasımovun, Əli Allahverdiyevin, Əlican Əzizovun, Telman Əliyevin, aktrisalardan Elmira Əhmədovanın, Füzulət Rzayevanın yetişməsində Yusif Bağırovun bir bədii rəhbər, baş rejissor kimi xidmətləri danılmazdır. Məhz onun yaxından qayğısı nəticəsində bu aktyorlar səhnədə professional aktyor məktəbini keçərək tanınıblar.
Yusif Bağırov 1995-ci il avqust ayının 15-də Gəncədə vəfat edib. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun vəfatından 22 il ötməsinə baxmayaraq, onunla bağlı dövrü mətbuatda yazılar dərc edilmir və xatırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi istiqamətində də addım atılmayıb. Bu gün Gəncədə onun adına nə bir küçə var, nə də yaşadığı binada xatirə lövhəsi... Böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yaradan belə fədailərin unudulmasına yol verməməliyik!
Anar Bürcəliyev
Teatrşünas
banner

Oxşar Xəbərlər