• cümə axşamı, 25 aprel, 08:05
  • Baku Bakı 14°C

Gəncəlilərin namizədi İlham Əliyevdir Fotolar

04.10.13 08:57 1995
Gəncəlilərin namizədi İlham Əliyevdir Fotolar
Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin YAP Gəncə şəhər Təşkilatı tərəfindən təbliğat – təşviqat kampaniyası şəhərin müxtəlif yaşayış massivlərində, məhəllələrdə, əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə uğurla davam etdirilir. Növbəti belə görüşlər 4-cü mikrorayonda 24 saylı binanın qarşısındakı nümunəvi məhəllədə və Kəpəz rayonu Şahlar Hüseynov küçəsi, 16 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilib. Minlərlə insanın iştirak etdiyi bu tədbirlərdə seçicilər həyatımızın bütün sahələrində əldə olunan nailiyyətlərə, Gəncəyə və gəncəlilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edərək, prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının məhəbbət və rəğbətini doğma xalqına göstərdiyi misilsiz xidmətləri, səmimi münasibətilə qazanıb. Şəhər sakinləri İlham Əliyevi özlərinin alternativsiz lideri kimi qəbul etdiklərini dilə gətirərək, əminliklə vurğulayıblar ki, növbəti 5 illikdə yenə də o Prezident olacaq.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev sakinlər qarşısında çıxış edərək, hazırda müstəqil Azərbaycanın demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkə olduğunu bildirib. Deyib ki, iqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü il daha böyük layihələr və nailiyyətlər ili olacaq. Onun sözlərinə görə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi tərəqqi, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının güclənməsinə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi məqsədinə doğru inam və böyük uğurla aparır. N.Həmzəyev gəncəliləri bu zəfərlərə doğru birlikdə addımlamağa, Azərbaycanı cənab İlham Əliyevin müdrik siyasəti ilə qələbələrdən qələbələrə aparmağa çağırıb.
N.Həmzəyev Prezident İlham Əliyevin səsləndirdiyi, - “Biz Heydər Əliyev siyasəti ilə Azərbaycanı parlaq gələcəyə aparacağıq!” – fikrini dilə gətirərək, ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasını, iqtisadi inkişaf sürətinə görə dünyada ön sıraya yüksəlməsini ulu öndər Heydər Əliyev siyasətinə sadiqliklə əlaqələndirib. Bildirib ki, ümummilli lider böyük Vətən, xalq, millət sevgisi nümayiş etdirərək yenidən hakimiyyətə qayıdışı ilə, ölkədəki xaosun, vətəndaş qarşıdurmasının, dağıntı və parçalanma fəlakətinin qarşısını alıb, xalqın ondan gözlədiyi işləri reallaşdırıb, ictimai-siyasi sabitlik yaradıb, tənəzzülə uğrayan iqtisadiyyatı dirçəldib: “Ümummilli lider Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram və qürur bəxş etdi, vətəndaşına ən ali hüquq və azadlıqlar, sərbəstlik təkmil konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi. Bu gün müstəqil dövlətimizə rəhbərlik, bu siyasi məktəbin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə verilib. Ölkə başçısı cənab İlham Əliyev 10 il ərzində Azərbaycanı bütün dünyaya tanıdaraq, güclü və qüdrətli dövlətə çevirdi, beynəlxalq miqyasda nüfuzunu yüksəklərə qaldırdı. Cənab İlham Heydər oğlu Əliyev müasir Azərbaycanın tarixi zəfərlərinin memarıdır”.
YAP Gəncə şəhər Təşkilatının sədri N.Həmzəyev dünya azərbaycanlılarının həmrəyliyindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından, ölkəmizin uğurlarından, gələcək perspektivlərimizdən də söhbət açıb. O, ölkə vətəndaşlarına, həmçinin xaricdəki soydaşlarımıza göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə, ölkə başçısına minnətdarlıq bildirməklə 9 oktyabr Prezident seçkiləri günü hamını bir nəfər kimi seçki məntəqələrinə gəlməyə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə səsləyib.
Görüşlərdə YAP Gəncə şəhər Təşkilatının Şura üzvləri Kamil Fətəliyev, professor Həsənbala Sadıqov, ADAU-nun professoru, Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov, GDU-nun prorektoru Muğan Quliyev, GDU-nun dosentləri Vüsalə Veysəlova, Asif Cavadov, Bayram Apoyev, “Xəzər” Təhsil Mərkəzinin nümayəndəsi Raqif Hüseynov, ATU-nun professoru Əhəd Nəbiyev, dosenti Rövşən Əliyev, Kəpəz rayon DSMF-nin sektor müdiri Bəyalı Rzayev, GDU-nun tələbəsi Günay Məmmədova və başqaları da çıxış ediblər. Onlar ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətindən, Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanılmasından, gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən, o cümlədən Gəncə şəhərinin 4 minillik tarixinin üzə çıxarılmasından, gəncəli gənclərin son illərdəki nailiyyətlərindən söhbət açıblar. Bütün gəncəliləri 9 oktyabr Prezident seçkilərində fəal olmağa, müstəqil Azərbaycanın hər zaman dünyanın aparıcı dövlətlərinin sırasında olması, xalqımızın xoşbəxt yaşaması, nailiyyətlərimizin davam etməsi üçün Prezident İlham Əliyevi dəstəkləməyə çağırıblar.
Seçicilərdən Svetlana Quliyeva, Həmayə Rütəmova, Əfruz Vəliyeva, Nailə Muradova, Elşad Əliyev, Kamil Məmmədov və Gulay Məmmədova da çıxış edərək fikirlərini bölüşüblər.
YAP-ın şəhər təşkilatının keçirdiyi mitinqlərə qatılan minlərlə şəhər sakini prezident seçkilərində İlham Əliyevə səs verəcəklərinin bildiriblər.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər