• cümə, 26 Aprel, 22:48
  • Baku Bakı 22°C

Gəncədə “Xocalı soyqırımı” ilə bağlı silsilə tədbirlər keçirilir

24.02.14 15:52 1406
Gəncədə “Xocalı soyqırımı” ilə bağlı silsilə tədbirlər keçirilir
“Xocalı müqəddəs Vətənimizin şəhid şəhəridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı terror siyasətinin təzahürü olaraq, Ermənistan silahlı qüvvələri bütöv bir şəhəri yer üzündən sildilər. Həmin gün erməni quldur birləşmələri 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı vəhşicəsinə həyata keçirdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı amansızlıqla qətlə yetirdilər. 487 nəfər ağır xəsarətlərə məruz qaldı, 1275 nəfər girov götürüldü. Ermənilər vaxtilə dünyanın lərzəyə salmış faşizmi də geridə qoydular. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb”.
Bu barədə “Kaspi”yə açıqlamanı Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev verib. O, YAP Gəncə şəhər Təşkilatında Xocalı soyqırımı ilə bağlı geniş tədbirlər planı hazırlandığını, bu tədbirlər planına uyğun olaraq şəhərin elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman müəssisələrinin, digər idarə və təşkilatların ərazi ilk partiya təşkilatlarında seminarlar, dəyirmi masalar, diskussiyalar, aksiyalar, qaçqın və köçkünlərlə görüşlər, Heydər Əliyev Universitetində mühazirə saatları keçirildiyini bildirib. Qeyd edib ki, bütün bu tədbirlərdə ziyalılar, ağsaqqallar, veteranlar, gənclər iştirak edirlər: “Tədbirlərdə Ermənistanın bu gün də davam edən hərbi təcavüzü ilə üz-üzə qalmış Azərbaycan əraziləri, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən XX əsr dünya tarixinin ən qəddar soyqırımı olan Xocalı soyqırımı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilir. Ümummilli liderimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasi kursun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bu istiqamətdə həyata keçirdiyi mühüm tədbirlər diqqətə çatdırılır. Həmçinin, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili Mehriban Əliyevanın gördüyü mühüm işlərdən, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasının təqdirəlayiq fəaliyyətindən ətraflı söhbət açılır”.
YAP Gəncə şəhər Təşkilatının sədri N.Həmzəyev tədbirlər planı çərçivəsində Gəncənin Şəhidlər Xiyabanının ziyarət edilməsi, anma mərasimlərinin keçirilməsi, şəhərdə və eləcə, də Hacıkənddə məskunlaşan xocalılarla görüşlərin təşkilinin də nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq. Bununla yanaşı, o, bildirib ki, keçirilən tədbirlər, eləcə də Xocalıda qanlı qırğını əks etdirən məlumatlar partiyanın fəal gəncləri tərəfindən sosial şəbəkələrdə geniş yayılır və dünya ictimaiyyəti ermənilərin terrorçu, işğalçı əməllərini bir daha yenidən izləyirlər: “Xocalı dəhşətlərini filmlərdə izləyən gənclərimiz bu faciədən ibrət dərsi götürməli, doğma xalqını, Vətənini dərin məhəbbətlə sevməli, Azərbaycan həqiqətlərini xarici vətəndaşlara, ölkəmizə gələn əcnəbi qonaqlara çatdırmalı, sosial şəbəkələrdə təbliğ etməli, müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, inkişaf etdirilməsi yolunda bütün səylərini əsirgəməməlidirlər. Bizim hər birimiz layiqli töhfələrimizlə, qələbə və uğurlarımızla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın düşmən işğalından azad olunması naminə qətiyyətli addımlar atan ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə güclü dəstək və dayaq olmalıyıq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər