Gəncədə vətəndaşların səyyar qəbulu keçirilib - Fotolar
Gəncə
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Görüşdə Prezident
Administrasiyasının Ərazi Təşkilat Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da
iştirak edib. Qəbulda 80-ə yaxın sakinin
müraciəti dinlənilib. Heydər Əliyev prospekti, 103 ünvanında baş tutan görüşdə
Gəncənin müxtəlif ərazilərindən gələn sakinlərin şikayət və təkliflərinə
baxılıb. Ara küçələrin asfaltlanması, bəzi istiqamətlər üzrə işləyən
avtobusların marşrut xətlərinin uzadılması, küçələrin gecə işıqlanmasının
yaxşılaşdırılması, işlə təminat, fərdi yaşayış evlərinin təmiri, ticarət
obyekti və fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsi, bəzi ərazilərdə
əhalinin su təminatının yaxşılaşdırılması kimi məsələlər müraciətlərin əsasını
təşkil edib.
Sakinlərə cavab olaraq bildirilib ki, Gəncənin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin yekunlaşdığı küçələrdə
asvlat örtüyünün yenilənməsinə başlanılıb. Buna paralel olaraq həmin küçələrin
gecə işıqlanması da yenidən qurulacaq.
İşlə bağlı müraciət edən vətəndaşlar müvafiq olaraq Gəncə şəhər Kəpəz və
Nizami rayon Məşğulluq mərkəzlərinə yönləndiriliblər. Ticarət obyekti və fərdi
yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsini istəyən sakinlərə isə
izah olunub ki, onlar Kəpəz və Nizami rayon Bələdiyyələrinə müraciət etməlidirlər.
Niyazi Bayramov səsləndirilən
digər məsələlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq
tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil
olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq
qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin göstəriş və
tapşırıqlarına uyğun olaraq keçirilən qəbulların məqsədi vətəndaşların problemlərini
öyrənmək və onları həll etməkdir.