• cümə axşamı, 28 mart, 22:54
  • Baku Bakı 13°C

Gəncədə Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib

14.12.19 19:30 686
Gəncədə Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev əhalinin səmərəli məşğulluğunun təminatının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, ötən dövrdə ölkədə məşğulluq imkanlarının artırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini qeyd edən F.Musayev bu ilin 11 ayında Xidmətin 81439 nəfəri münasib işlə təmin etdiyini və 10 mindən çox işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib.
Bildirib ki, işsiz və işaxtaranlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarının təşkili aktiv məşğulluq tədbirlərindən biridir. 2019-cu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 2734 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Xidmətin Bakı və Göyçay şəhərlərindəki Regional Peşə Təhsili mərkəzləri mühüm maddi-texniki potensiala malik olmaqla, peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. 2019-cu ilin 11 ayında peşə hazırlığı kurslarına cəlb edilənlərin 72,5 faizi həmin mərkəzlərin payına düşür.
Xidmət rəisi qeyd edib ki, bu gün Gəncə şəhərində istifadəyə verilən Peşə Hazırlığı Mərkəzində Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığı həyata keçiriləcək. Müəssisədə ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə kurslar təşkil ediləcək və il ərzində 850-900 nəfər peşə hazırlığı kursu keçəcək. Burada əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili üçün lazımi şərait yaradılıb. Peşə Hazırlığı Mərkəzində sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və sair fəaliyyət göstərir.
Tədbirdə digər çıxış edənlər Gəncədə Peşə Hazırlığı Mərkəzinin açılmasının bölgədə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələrə və nəticədə səmərəli məşğulluq imkanlarına yiyələnməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.
banner

Oxşar Xəbərlər