Gəncədə Novruz bayramı böyük çoşqu ilə qeyd edilib - Fotolar
El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Nizami yurdunun girişindən - Qala Qapısından başlayıb.
Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olub və sonra Qala bürcündə düzülmüş nağaraçalanların müşayəti ilə xüsusi bəzədilmiş faytonda Dədə Qorqud, Bahar qız, Kosa və Keçəlin Gəncə çay park-bulvar kompleksin istiqamətinə hərəkəti başlayıb.
Gəncəçay park-bulvar kompleksində «Novruz-2018» adlı fləşmob, Gəncə filarmoniyasının, kukla
teatrının, Gəncə Dövlət Dram teatrının, digər kollektivlərin çıxışları olub, kitab,
xalça, rəsm əsərlərinin sərgisi, müxtəlif kulinariya növlərinin nümayişi, idmançıların
çıxışları, şərab sərgisi təşkil olunub. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan gəncəliləri "Novruz bayramı” münasibəti ilə təbrik edib.
Şənlik iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq
yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik
iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış
keçirilib. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb.
Şəhərin baş meydanında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev Novruz bayramı münasibətilə gəncəliləri təbrik edərək onlara
cansağlığı, ailə səadəti arzu edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və İlham Əliyevin inamla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin günbəgün inkişaf
etdiyini bildirən icra başçısı barışıq və dostluq bayramı olan Novruzun Azərbaycan xalqına
uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb. 2017-ci ildə Nizami yurdunda baş verən yeniliklərdən danışaraq
bunların cari ildə də davam edəcəyini xüsusi vurğulayıb.
El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən tonqal
alovlandırılıb və şəhərin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.
Sonda
respublikanın tanınmış Xalq və Əməkdar artistlərinin ifasında bayram
konserti izləyənlərə, rəqs edənlərə xoş təəssüratlar bəxş edib.