• cümə axşamı, 28 mart, 12:29
  • Baku Bakı 16°C

Gəncədə aqrar sənaye kompleksi yaradılacaq

21.10.16 15:02 1297
Gəncədə aqrar sənaye kompleksi yaradılacaq
Gəncədə ərzaq təminatının yaxşılaşdırılması və əhalini ekoloji cəhətdən sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün 5 min hektar sahədə aqrar sənaye kompleksi yaradılacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Gəncə şəhərində cari ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, layihə iki mərhələdən ibarət olacaq və qarşıdakı 2 ili əhatə edəcək. Gəncədə ərazi etibarilə minlərlə hektar əkin sahələrinin olmadığı nəzərə alınaraq, aqrar sənaye kompleksinin yaradılması üçün ətraf rayonlardan istifadəyəyararlı torpaq payı ayrılacaq.
Vurğulanıb ki, aqrar sənaye kompleksinin yaradılması üçün beynəlxalq təcrübə öyrənilib, Belarusun Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılıb. Layihənin uğurla icra olunması məqsədilə həm Aqrar Universitetin alimlərinin, həm də bu sahədə təcrübəli mütəxəssislərin və iş adamlarının təklifləri dinləniləcək. Eyni zamanda, beynəlxalq təcrübə ilə daha yaxından tanış olmaq məqsədilə yaradılan komissiyanın üzvləri bu sahədə müsbət ənənələri olan Belarusa səfər edəcəklər.
Yeni yaradılacaq kompleks əkinçilik, maldarlıq, quşçuluq və digər istiqamətlərə bölünəcək. Kompleksdə 5 min başlıq iribuynuzlu heyvandarlıq təsərrüfatı, yem zavodu, süd və süd məhsulları zavodu, ət kəsimi sahəsi, həmçinin digər tədarük məntəqələri, emal və istehsal müəssisələri fəaliyyət göstərəcək.
Aqrar sənaye kompleksinin fəaliyyətə başlaması Gəncə və ətraf rayonlarda yaşayan minlərlə insanın yeni iş yerləri ilə təmin olunmasına da öz töhfəsini verəcək.
banner

Oxşar Xəbərlər