AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Gəncə 2016: Gələcəyə Baxış” forumunun mətbuat konfransı keçirilib

“Gəncə 2016: Gələcəyə Baxış” forumunun mətbuat konfransı keçirilib

Təfsilat
08 Aprel 2015, 12:19 545
Bu gün Gənclər Evində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Gəncə 2016: Gələcəyə Baxış” Forumunun mətbuat konfransı keçirilib.
Konfrans ARGTMŞ-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərvin Piriyevin açılış nitqi ilə başlayıb. O, iştirakçıları Forumun məqsədləri və proqramı ilə tanış edib və bu tipli tədbirlərin ölkəmizə verdiyi faydaların ictimaiyyətlə bölüşməsinin və onlara izah olunmasının vacibliyini vurğulayıb.
Daha sonra ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov mətbuat nümayəndələrinin Forumla bağlı suallarını cavablandırıb və Forumun “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində keçirilməsinin xarici qonaqların bu barədə məlumatlılığının artırılmasına imkan yaratdığını qeyd edib: “Gəncə şəhərinin 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan Gənclər Siyasətinin uğurlu nəticələrindən biridir. Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi həm də tarixdə bir ilkdir. Çünki, ilk dəfədir ki, Avropa Birliyinin üzvü olmayan bir ölkənin şəhəri Avropa Gənclər Paytaxtı seçilir. Gəncə şəhərinin 2016-cı ilin Avropa Gənclər Paytaxtına namizədliyini verildiyi andan ARGTMŞ Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yaradılmış təşkilati komandanın işində yaxından iştirak etmiş, Avropa səviyyəsində bu prosesi dəstəkləmişdir. Bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirmişdir ki, bu Forum da onlardan biridir. Forumun əlamətdar cəhətlərindən biri də “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində baş verməsidir. Belə ki, Forumda 7 ölkənin gənclər təşkilatlarının nümayəndələri və fəalları, eyni zamanda Avropa Gənclər Forumunun nümayəndələri iştirak edir. Bu bizə imkan verir ki, “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında onları məlumatlandıraq və onların təşkilatlarında fəaliyyət göstərən minlərlə gəncin məlumat almasına imkan yaradaq.”
O, qeyd edib ki, “Bakı 2015” 1-ci Avropa Oyunları təşkilat komitəsində 43 ölkənin nümayəndəsi və 1000 azərbaycanlı gənc çalışır. Daha 1000 xarici, 18 000 azərbaycanlı gənc könüllü olaraq oyunların təşkilində iştirak edəcək. O həmçinin qonaqların bu tipli məlumatlarla, eləcə də ölkəmizdə görülən işlər və yeni infrastruktur vahidləri ilə yaxından tanış olmasının vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Forum 7-11 Aprel 2015-ci il tarixlərində Bakı və Gəncə şəhərlərində keçiriləcək. Forumda Avropa Gənclər Forumunun nümayəndələri, bugünə qədər şəhərləri Avropa Gənclər Paytaxtı olmuş Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, şəhəri (Varna) 2017-ci il üzrə Avropa Gənclər Paytaxtı seçilmiş Bolqarıstan və şəhəri 2018-ci il üzrə Avropa Gənclər Paytaxtına namizəd olan Gürcüstanın gənclər təşkilatlarının nümayəndələri və fəal gəncləri iştirak edir. Forumun məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərinin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir.