AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənc xanəndəmiz “Bu uçurumdan qayıt” deyəcək

Gənc xanəndəmiz “Bu uçurumdan qayıt” deyəcək

Mədəniyyət
07 Fevral 2013, 14:48 3168
Azərbaycanın gənc xanəndəsi Bəyimxanım Vəliyeva hazırda 2 yeni mahnı üzərində çalışır. Bunu SİA-ya açıqlamasında gənc xanəndə özü deyib. Onun sözlərinə görə, hər iki mahnının sözləri əməkdar jurnalist Sona Vəliyevaya aiddir.

O bildirib ki, ən böyük layihə “Bu uçurumdan qayıt” adlanacaq: “Bu mahnıya əsər desəm daha düzgün olar, çünki çox geniş layihə hazırlayırıq. Layihədə mən, Sona Vəliyeva və Novruz Aslan yer alacaq. Əsər vasitəsilə narkomaniyaya yox deyəcəyik. Bugünkü dövrdə ağ ölümlə çox rastlaşırıq, xüsusi ilə də gənclər arasında bu ölüm çox yayılıb. Çalışacağıq ki, bu layihə ilə bu yola sürüklənən insanları geri qaytara bilək. Düşünürük ki, əgər bizim layihəmiz bu istiqamətdə olan insanların fikrində hansısa dəyişikliyə səbəb ola bilsə, biz az da olsa, savab işə imza atmış olacağıq”.

Hazırda əsər üzərində tamamlanma işlərinin getdiyini deyən Bəyimxanım Vəliyevanın sözlərinə görə, layihə hazır olandan sonra gözəl klip çəkiləcək: “İfamı dünən bitirdim. Bu həftənin sonuna kimi də mahnının aranjemanı tamamlanmalıdır. Gələn həftədən etibarən televiziyada bir sıra verilişlərdə mahnını yayımlamaq niyyətindəyik. Təqdimatdan sonra isə klip çəkiləcək. Klipin rejissorunun kim olacağına gəlincə isə, mahnı tam hazır olandan sonra bu barədə dəqiq qərar qəbul ediləcək”.

Digər mahnısından da söz açan gənc xanəndə qeyd edib ki, ifanın bəstəsi Tahir Əkbərə məxsusdur: “Mahnı “İlahi eşq” adlanacaq. Bu mahnıya da gələcəkdə klip çəkdirmək niyyətindəyik”.

Bundan əvvəl də silsilə şəklində bu kimi layihələrə imza atdıqlarını deyən ifaçı: “Bir müddət əvvəl “Ağlama şəhid balası” deyib bir çox şəhid analarımızın gözünün yaşını azaltmaq istəmişik. Çünki həmin analar qürur hissi keçirməlidir ki, biz hazırda onların övladlarının sayəsində bu ölkədə yaşayırıq. Bununla yanaşı, həm də “Giley” dedik. Bu mahnının vasitəsilə dağılan ailələri birləşdirmək istədik. Çünki elə kişilərimiz var idi ki, xanımlarına pul təklif edib, özləri başqa həyat tərzi yaşayırdılar. Təbii ki, qadınlarımızın umduğu pul deyil. Onlar sadəcə qayğı və diqqət istəyirlər. Bu gün bir mahnı oxuyub gündəmdə qalmaqla kifayətlənmək olmaz. İfamızla, mahnımızla nəyisə təbliğ etməyə çalışmalıyıq”,- deyə fikirlərinə əlavə edib.