• çərşənbə axşamı, 16 aprel, 22:56
  • Baku Bakı 18°C

Gənc tamaşaçılar Teatrının bir “inci” si

03.10.14 12:22 4059
Gənc tamaşaçılar Teatrının bir “inci” si
Debüt
Teatr insanları düşündürərək cəmiyyətdə baş verən hadisələrə güzgü tutan bir məkandır. Bu məkanın sehrinə qapılan, gerçək həyatdan ayaqlarını kəsən tamaşaçı üçün səhnə arxasında baş verən hadisələr hər zaman maraqlı olub. Bu aləmə daxil olub orada tanınmaq isə hər bir gənc sənətçinin arzusudur.
İlk obraz, ilk həyəcan...
Sizə təqdim etdiyimiz “Debüt” rubrikasında isə məhz teatra yeni gələn, səhnədə bir dəfə də olsa maraqlı obraz canlandıran belə gənc aktyor və aktrisalarımıza yer ayırırıq. Bu gənclər rubrikamızda gələcək planları ilə yanaşı, sənətə yeni qədəm qoyan, onun “mətbəxini” öyrənən, sehrinə düşən gənclərin düşüncələrini sizlərə çatdıracaqlar. Beləliklə, xəbər verdiyimiz kimi, budəfəki qonağımız AZərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni qədəm qoyan və ötən mövsümün son premyeralarından olan “Hasarın o üzü”, “Qırmızı papaq” tamaşalarında yer alan Səbinə Məmmədzadədir.
Səbinə saf, mehriban və bir o qədər də iddialı gəncdir. O, özünü müxtəlif sahələrdə inkişaf etdirmək və gələcəkdə vətənini beynəlxalq aləmdə təmsil etmək niyyətindədir.
Səbinə Məmmədzadə 1991-ci ildə Bakı şəhərində doğulub. 1997-ci ildə isə Bakı Xoreoqrafiya Akademiyasına daxil olub. 2009-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Akademiyada əvvəl balet dərsləri alan Səbinənin bədən quruluşu baletə uyğun gəlmədiyi üçün xalq rəqsləri şöbəsinə keçir və orada daha çox uğur qazanır. Təhsilini başa vurandan sonra onu mahnı və rəqs ansamblına göndərsələr də, rejissorluğa olan böyük marağı nəticəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Dram rejissorluğu” fakültəsinə daxil olur. Bəhram Osmanovun kursunu bitirdiyi üçün özünü xoşbəxt hesab edən Səbinə tələbəlik illərini ömrünün ən gözəl illəri hesab edir.
Universitetdə sənətə olan sevgisinin artığını deyən Səbinə özünü bütün müəllimlərinə borclu sayır: “Üzərimdə əziyyəti olan bütün müəllimlərimə minnətdaram, ancaq Bəhram Osmanova çox borcluyam. O, mənə indiyədək çox dayaq olub. Bəhram müəllim öyrənmək istəyən tələbələrə öz bildiklərini heç zaman əsirgəməyib. Onlara özlərini inkişaf etdirmək üçün əlindən gələni edib”.
Səbinənin bu sözləri heç də əsassız deyil. Belə ki, O, universiteti bitirdikdə Bəhram Osmanov tələbəsini baş rejissor işlədiyi Gənc Tamaşaçılar Teatrına gətirir. Həmin teatrda ona daha çox aktrisa kimi işləməyi məsləhət görür. Teatra gələnə kimi Səbinə bir sıra teleseriallarda maraqlı obrazlar canlandırır. O, “Bir ovuc torpaq” serialında Nigar, “Həyat varsa”da Su, “Ultionnis” tammetrajlı filmində Nigar obrazlarına çəkilib. Gənc aktrisanın sözlərinə görə, ilk addımlarını atdığı sənətdə valideynlərinin dəstəyini hər zaman hiss edib: “Teatrın direktoru Mübariz Həmidov özümü təsdiqləməyim, bacarığımı göstərmək üçün mənə bir şans verdi. Əgər bu gün teatrdayamsa, öncə Mübariz Həmidova, daha sonra isə Bəhram Osmanova təşəkkür edirəm. Mən teatrda işləməyi çox arzulayırdım. Şükürlər olsun ki, bu yaşımda böyük arzularımdan birinə çatdım. Gənc Tamaşaçılar Teatrı kimi böyük səhnəyə də ilk dəfə də bu sənətdə sözünü demiş, tanınan sənətkarlarla çıxdım. Bunun özü mənim üçün xoşbəxtlikdir. Xoşbəxtlikdən əlavə, böyük bir təcrübə oldu. Buna görə özümü şanslı hesab edirəm. Əli Əmirlinin “Hasarın o üzü” tamaşasında Çiçək obrazı ilə ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış etdim. Yaratdığım obraz çox çətin idi. Ondan sonra uşaq tamaşası olan “Qırmızı papaq” nağılında elə Qırmızı papaq obrazını canlandırdım. İki fərqli ampluada obrazlar oynadım”.
Kənardan hər şey ona asan görünürdü
Səbinənin fikrincə, dramatik tamaşalar onda daha yaxşı alınır. O, hesab edir ki, yaratdığı istənilən obraz üçün xeyli işləməlidir. Universitetdə oxuduğu illərdə tamaşada iştirak etməyi daha asan hesab edən Səbinə peşəkar səhnədə hər şeyin elə də asan olmadığını bildirir: “Kənardan teatrda obraz yaratmaq çox asan gəlir. Səhnədə qısa rol belə oynamalı olsan, gərək öz üzərində daima işləyəsən. Teatra gələndə çox iddialı idim, elə hesab edirdim ki, məndən yoxdur. Düşünürdüm ki, 12 il rəqs praktikası, filmlərdə çəkilməyim və universitetdə aldığım bilgilərlə teatrda ən yaxşı aktrisalardan olacam. Düzdür, bunların mənə çox böyük köməyi oldu. Ancaq teatrda aktyorları görəndə yanıldığımı hiss etdim. Çünki burada səhnədə öz sözünü demiş, sözün əsl mənasında peşəkar sənətkarları gördüm. Mən də yaxşıların yaxşısı olmaq istəyirəm. Onlara baxıb çox həvəslənirəm”.
Səbinə repertuarda yer alan əksər tamaşaların qəhrəmanı olmağı arzulayır: “Teatrda özümü istədiyim kimi göstərmək üçün illər lazımdır. Teatrda iş prosesi maraqlı olduğu qədər də çox çətindir. İnanıram ki, hər şey yaxşı olacaq”.
Müsahibimiz aktrisalığa gəlməmişdən öncə Pərviz Məmmədrzayevin yaratdığı Simsar studiyasında bədən plastikasının sirlərini öyrənib. Pərviz Məmmdrazyevdən başqa Qurban Məsimovdan da səhnə estetikasının bir çox elementlərini mənimsəyib. Səbinə ilk dəfə səhnədə “Libertanqo” ilə çıxış etdiyini xatırlayır: “ İlk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə məhz “Libertanqo” ilə gəldim. O zamanlar ağlımın ucundan belə keçməzdi ki, nə zamansa mən məhz bu səhnənin daimi işçisinə çevriləcəm. Hər şey mənə yuxu kimi gəlir. Əslində az yaşımdan bilirdim ki, gələcəkdə teatrda çalışacam. Çünki teatrda çalışmağı qarşıma məqsəd qoymuşdum. Məktəb illərində biz buraxılış konsertləri verirdik. O zaman teatra gələndə mənə hər şey maraqlı görünürdü. Teatra sehirli bir aləm kimi baxırdım. Müəlliməmin gözündən yayınıb teatrın daşına-divarına baxırdım. Daha sonra tələbə olanda Bəhram müəllimdən icazə alıb onun məşqlərinə gəlirdim. Kənardan səssizcə onu, səhnədəki aktrisaları izləyirdim. Müəllimimin tamaşalarına baxmaq üçün Akademik Milli Dram Teatrına gedirdim. Orada pilləkanlardan düşəndə özümü kraliça kimi hiss edirdim”.
Səbinə təkcə teatrdakı fəaliyyəti və seriallarda yaratdığı obrazları ilə kifayətlənmir. O, Azad Azərbaycan Telekanalında qiraət yarışmasında iştirak etməyi də planlaşdırır. Qeyd edir ki, 12 il rəqs mühitində olduğu üçün demək olar ki, nitqi istədiyi səviyyədə inkişaf etməyib. Rejissorluğun sirlərini müəllimi Bəhram Osmanovdan öyrənən Səbinə qiraət müsabiqəsində qalib olmağı qarşısına hədəf qoyub.
Böyük teatrın kiçik aktrisası
Gənc aktrisaya “serial aləminin sehrinə qapılıb nə zamansa teatrı tərk etmə ehtimalın ola bilərmi” -deyə, sual etdik. Aldığımız cavab isə gözlənilməz oldu: “Serial hər zaman var. Düzünü desəm, seriala çəkmək üçün bir-iki təklif gəlsə də çəkilmək istəmirəm. Teatr mənim üçün istisinə qızındığım bir ocaqdır. Teatrda özünü inkişaf etdirmək üçün hər şey var. Orada böyük sənətkarlarla bir yerdə olursan, onlarla tez-tez təmas qurursan, onlardan nəsə görüb-götürürsən. Burada oxumayan adam belə olsan, verilən pyesi oxumalısan. Kinoda elədir ki, ssenari verilir və ancaq özünə aid olan yeri oxuyursan. Ümumilikdə, hər ikisinin öz yeri var. Böyük də danışmaq istəmirəm, çünki sabah nə olacağımı bilmirəm”.
20 ildən sonra Səbinəni hansı zirvələrdə görəcəyik? Sualımıza gənc aktrisa 20 il yaşayıb-yaşamayacağını öncədən dəqiq bilmədiyini dedi: “Yəqin ki, indi çevrəmdə olan insanlar o zaman olmayacaqlar. Gözləyirəm ki, 5-6 ay sonra hansı maraqlı tamaşa olacaq və görəsən, mən o tamaşada yer alacammı? Teatr məni çox dəyişib, əvvəllər çox çılğın və ərköyün qız idim. Tez coşurdum...”.
- Havanı nə tez aldılar? Səbinə: “Əksinə, gözəl kollektivimiz var. Adama olduğu kimi yanaşırlar. Burada maraqlı insanlar işləyir. Tələbəlik zamanı yaşıdlarınla bərabər olursan, onlarla bilik səviyyən də eyni olur. Ancaq bir də var ki, böyük sənətkarlarla eyni məkanda işləyirsən. Esmiralda, Kleoptra və Alisa kimi qəhrəman obrazları canlandırmaq istəyirəm. Bunlardan da əlavə Çexovun “Qağayı” pyesində Nina, Şingiz Aytmatovun “Al yazmalım” əsərində Asya, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesində Nargilə, Tuncer Cücenoğlu “Gözəlçələr”ndə İnci, Bayronun “Qabil” pyesindəki İblis obrazlarını yaratmağı çox istərdim. Mənim üçün rolun böyüyü, kiçiyi yoxdur. Elə bir obraz istəyirəm ki, orada rəqs bacarığımı göstərə bilim. Elə tamaşa olsun ki, dayanmadan hərəkət edim. Bir də çox istərdim ki, magiya ilə bağlı maraqlı bir obraz yaradım”.
Səbinə deyir ki,- “Hər kəs individualdı. Hamı bir –birindən fərqlənir. Heç kim başqa birinə bənzəmir. Təkcə sənətdə deyil, başqa sahələrdə çalışan insanlar belə eyni ola bilməz. Allah yaratdığı insanları fərqli yaradıb. Mənim də qismətimə teatrın ən balaca aktrisası olmaq düşüb”.
Teatra ilk gəlişini xatırlayan gənc aktrisanın sözlərinə görə kollektiv ona əlindən gələni edir: “Teatrın kollektivi mehriban və səmimi insanlardırlar. Onlar məni çox yaxşı qarşıladılar. “ Qırmızı papaq” nağılında daha çox qaynayıb qarışdım. Çünki həmin tamaşada kollektivdən çox adam iştirak edirdi. O zaman mən teatrın ştatına cədvəlinə qəbul olmamışdım. Tamaşanı hazırlayıb təhvil verəndən sonra ştata alındım. Sizin vasitənizlə bir daha mənə inandığı və güvəndiyi üçün Mübariz Həmidova minnətdarlığımı bildirirəm”.
Bu sənətə gəlməyimdə valideynlərinin böyük dəstəyi olduğunu söyləyən Səbinə Xoreoqrafiyanı bitirdikdən sonra oxumaq üçün başqa yerdə şansının olduğunu, ancaq öz fikrindən dönmədiyini bildirdi: “Anam mənə məsləhət gördü ki, xarici dillərə qəbul olum. Atam isə dedi ki, başqa yerə getsən uğur tapma bilmərəm. Atam qabiliyyət imtahanına da özü apardı məni. Belə valideynlərə sahib olduğum üçün tanrıma şükür edirəm. Onlar mənə deyirlər ki, “ağıllı ol” hər şey yaxşı olacaq”.
Biz də Səbinəyə uğurlar, işıqlı sənət yolu və tamaşaçıların sevgisini qazanmağı arzulayırıq.
Xəyalə Rəis
Teatrşünas

banner

Oxşar Xəbərlər