• cümə, 19 Aprel, 12:37
  • Baku Bakı 25°C

Gənc Tamaşaçılar Teatrında Yeni ilin ilk tamaşası necə keçdi

18.01.16 10:46 2195
Gənc Tamaşaçılar Teatrında Yeni ilin ilk tamaşası necə keçdi
Yeni ilin ilk günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olduq. Hər il bayram günlərində uşaqlar üçün maraqlı şənlik proqramı hazırlayan teatrın 2016-cı ilin ilk günlərində tamaşaçılarını hansı tamaşa ilə sevindirəcəyini öyrənmək istədik.
Teatrın yaradıcı heyəti Yeni ilə gənc yazar Pərvin Nurəliyevanın “Mauqli” pyesinin tamaşası ilə başladı. Əvvəlki illərdə olduğu kimi bu il də bayram günlərində teatrda kifayət qədər tamaşaçı var idi. O da sevindirici idi ki, tamaşaçıların sırasında tanınmış ifaçılar və sənət adamları da az deyildi. Teatra daxil olar-olmaz uşaqların səsləri aləmi bürümüşdü. Teatrın aparıcı aktyorlarından olan Elnur Kərimov uşaqları ətrafına cəm edib, onlarla söhbət edir, əyləncəli oyunlar keçirirdi.
Bu il Şaxta baba rolu teatrın istedadlı, öz dili ilə desək “dünyanın İlhamı”, aktyor İlham Əsədova tapşırılmışdı. Ötən illərdə Şaxta baba rolunda əməkdar artist Nicat Kazımovu görsək də bu dəfə o, rejissorluq etməklə kifayətlənmişdi.
Gənc Tamaşaçılar Teatrının Yeni il şənliyi dedikdə onu Qar qızsız, Qar qız dedikdə isə onu istedadlı aktrisa Günel Məmmədovasız təsəvvür etmək qeyri mümkündür. Günel uzun müddətdir ki, teatrın aparıcı qar qızlarındandır. Uşaq psixologiyasına yaxından bələd olan teatrın əzəli Qar qızı uşaqları əyləndirir, onlarla şəkillər çəkdirirdi. Aktrisa uşaqlarını qabağa itələyən, “Mənim övladım”, “Bunu qucaqlayın”, “Bu uşağı danışdırın”, “Uşağımı oyuna cəlb edin” deyən valideyinlərə təmkinlə cavab verir, şirin dili ilə valideynləri razı salmağa çalışırdı.
Aktyor, aktrisa sənəti çətin peşədir. Bayram günlərində isə bu xüsusi ilə çətindir. Belə ki, onlar belə günlərdə həm psixoloq olmalı, həm də öhdəliklərinə düşən işi layiqincə icra etməlidirlər. Teatra gələn hər valideynə ayrı-ayrılıqda cavab vermək, onlarla dil tapmaq, teatrdan razı halda getmələrini təmin etmək sizə heç də asan görünməsin. Adi evinizə 4-5 qonaq gələndə “onları necə razı salacağıq” deyə xeyli düşünürük. Üstəlik də bu qonaqların sayı 300 nəfəri keçərsə...
Hər il olduğu kimi, bu dəfə də tamaşadan öncə uşaqlar üçün yarışlar keçirildi və onlarla interaktiv oyunlar oynanıldı. Bu oyunlarda Qırmızı papaq və cizgi filmlərinin ən sevimli qəhrəmanlardan olan “Supermen” (Anar Seyfullayev) də var idi. Onlar da bəzən uşaqları unudub, valideynləri uşaqlar üçün nəzərdə tutulmuş ərazidən kənarlaşdırmaq məcburiyyətində qalırdılar. Sözün əsl mənasında həqiqətən də “Supermen”lik edirdilər. Oyuna başlamaq üçün Elnur Kərimov uşaqları boy cərgəsi ilə yığdı. Uşaqlarını zorla, agladaraq bu cərgəyə qatan valideynləri gördükdə isə oyunu çox da uzatmadı. Valideynlər aktyorlara işlərini görmək üçün imkan vermirdilər. Uşaqları əyləndirmək üçün müğənni Elnarə Xəlilova da bir ağız oxudu. Ondan sonra uşaqlar zala daxil oldular və tamaşa başladı.
Gənc yazarın qələmindən çıxan bu “Mauquli” tamam başqa nağıl idi. Belə ki, burada həm heyvanlar, həm də Şaxta baba ilə Qar qızı vardı. Meşəyə düşən azyaşlı uşaq heyvanlarla dostluq edir. Onun dostu olan Bagira, Ayı, İlan olsa da meşədə onunla yola getməyən heyvanlar da vardı. Meşədə şir və onun əlaltısı canavar Mauqlini tələyə salmaqla onu yeməyə çalışırdılar. 2016-cı ilin rəmzi heyvanları olan meymunlarla meşənin heyvanlarının köhnə ədavətləri olsa da onlar Mauqlini meymunlardan kənar gəzməyi məsləhət görürdülər. Meymunlarla oynamağa həvəsli olan insan övladı onları özünə daha çox bənzədirdi. Mauqlinin meşədəki hörmətini qısqanclıqla qarşılayan pələng canavara onu hiylə yolu ilə tələyə salmağı tapşırır. Canavar Yeni il keçirmək adı ilə Mauqlini tələyə salır. Mauqlinin dostları onu meymunların köməkliyi ilə tapıb xilas edirlər. Yeni il keçirmək arzusunda olan Mauqli də öz arzusuna çatır.
Tamaşa heyvanların şən oyunu ilə bitir. Mauqli obrazını canlandıran aktyor Zaur Əliyev görünür akrobatik hərəkətlərə əvvəlcən öyrəncəli imiş. Musiqili Teatrdan gələn aktyor sərbəst şəkildə kəndirlərlə oynayır, akrobatik hərəkətlərlə uşaqları əsl Mauqli olduğuna inandırmağa çalışırdı. Yeni il tamaşasında əsas obrazları canlandıran Mirzəağa Mirzəyevin, Zülfiyyə Alhüseynovanın, Səbinə Məmmədovanın, Aydın Dəmirovun, Eşqin Quliyevin, Elgün Yəhyayevin, Vahid Orucoğlunun, Elnur Əliyevin, Anar Seyfullayevin, Elşən Şıxəliyevin, Rəşad Səfərovun, Müşfiq Əliyevin, Anar Şəfiyevin, Bəhram Həsənovun ifalarını da uşaqlar böyük maraqla qarşılayırdılar.
Hər zaman uşaqların zövqünü nəzərə alaraq, maraqlı tamaşalar hazırlayan Nicat Kazımov bu dəfə tamam fərqli üsuldan istifadə etmişdi. Köhnə nağıla yeni baxış bucağından nəzər yetirən rejissor Mauqlinin ağacdan düzəltdiyi selfi çubuğu və dövrümüzün hit mahnıları ilə tamaşaya xüsusi yenilik qatmışdı.
Sözügedən tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov idi. Müasir hind musiqilərinin və hind rəqslərinin yer aldığı tamaşa uşaqların alqışları ilə sona çatdı.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər