• cümə, 29 Mart, 17:51
  • Baku Bakı 14°C

Gənc Tamaşaçılar Teatrı mövsümü necə yola saldı?

13.07.15 11:58 1677
Gənc Tamaşaçılar Teatrı mövsümü necə yola saldı?
Yeniliklər, maraqlı tamaşalar, qalmaqallı hadisələrlə dolu daha bir mövsümə əlvida dedik. Əksər teatrlar mövsümün başa çatması ilə əlaqədar istirahətə yollandı.
Geridə qoyduğumuz mövsümdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da maraqlı premyeraları, qastrol səfərləri, bol uğurları ilə yadda qaldı. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovla ötən mövsümün nəticələri və qarşıdakı planlar barədə söhbətləşdik. Ondan 87-ci teatr mövsümünün ən yaddaqalan məqamlarını xəbər aldıq.
87-ci teatr mövsümündə Gənc Tamaşaçılar Teatrının əldə etdiyi nailiyyətlər barədə danışan M.Həmidov bildirdi ki, hər mövsüm olduğu kimi, bu mövsüm də teatr üçün çox məhsuldar keçib. Belə ki, 2014-cü il sentyabrın 10-da Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci mövsümünün Şəki şəhərində baş tutmuş təntənəli açılış mərasiminin ardınca I Şəki Beynəlxalq Teatr Festivalı öz işinə start verib. Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların, eləcə də bir sıra xarici ölkələrin teatr kollektivlərinin iştirak etdiyi festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edərək diploma layiq görülüb.
2014-cü ilin 12-20 sentyabr tarixlərində isə Belarus Respublikasının Brest şəhərində keçirilmiş XIX “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edib. Sentyabr ayının 18-dən 23-dək Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası təşkil olunub. Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş rejissor laboratoriyasında iştirak edən Rusiya və Azərbaycanın tanınmış teatr rejissorları dəyirmi masalar keçirib, ölkəmizin aparıcı teatrlarının tamaşalarına baxaraq müzakirələr aparıblar. Onlar teatrımızın aktyorlarına həmçinin səhnə döyüşləri üzrə təlimlər keçiblər.
Direktor həmçinin qeyd etdi ki, ötən il Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrının dəvəti ilə sözügedən teatrda tamaşa hazırlayıb. İstedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nofəl Vəliyev, işıq üzrə rəssamı Gənc Tamaşaçılar Teatrının işıqçı rəssamı Vadim Kuskovdur: “İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən bu layihəni gələcəkdə Azərbaycan və Türkiyə teatr sənətçiləri arasında yeni layihələrin başlanğıc mərhələsi hesab etmək olar”.
Ötən mövsümdə Gənc Tamaşaçılar Teatrı növbəti uğurunu Rusiyanın Perm şəhərində əldə edib. Belə ki, Permdə keçirilən I Beynəlxalq Martin “MakDonax” Festivalında teatrın yaradıcı heyəti “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. 7 gün davam edən festivalda ölkəmizlə yanaşı, Almaniya, Polşa, Moskva, Çexiya, Avstriya, Böyük Britaniya, Bosniya və Hersoqovina, Perm, Sankt-Peterburq, İjevsk və digər ölkələrin teatr kollektivləri iştirak edib: “Festivalın iştirakçısı olan teatr kollektivləri dramaturq Martin Makdonaxın yaradıcılığına aid maraqlı səhnə əsərləri ilə çıxış etdilər. “Yalqız Qərb” tamaşası oktyabrın 12-də Permdə fəaliyyət göstərən “У моста” teatrının böyük səhnəsində nümayiş etdirildi. Tamaşadan sonra münsiflər heyətinin iştirakı ilə müzakirələr və permli jurnalistlərlə mətbuat konfransı keçirildi. Münsiflər heyəti tamaşa haqqında yüksək fikirlər səsləndirdilər. Onu da qeyd edim ki, tamaşamız festivalın fəxri diplomuna və xüsusi mükafatına layiq görüldü”.
Mübariz müəllim dedi ki, geridə qoyduqları mövsümdəki nailiyyətləri bununla yekunlaşmır: “İki ildən bir noyabr ayında ölkəmizdə keçirilən III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Gənc Tamaşaçılar Teatrında bir sıra xarici teatrların rəhbərləri ilə görüş keçirildi. Görüş Uşaq və Gənclər Teatrları Beynəlxalq Təşkilatının - ASSİTEJ-in prezidenti İvetta Hardi, Sankt Peterburq Gənc Tamaşaçılar Teatrının incəsənət proqramları üzrə sədri, Rusiya Federasiyasının xalq artisti Adolf Şapiro, Permdə fəaliyyət göstərən “У моста” teatrının direktoru və bədii rəhbəri, Martin Makdonax Festivalının prezidenti, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Fedotov, Sankt Peterburq “KukART” Beynəlxalq teatr festivalının prezidenti, “İnterstudiya”nın direktoru David Burman, Belarus Respublikasının Kamera Dram Teatrının bədii rəhbəri və direktoru Nataliya Başevanın iştirakı ilə baş tutdu. Toplantıda qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul etdik. 2014-cü ilin noyabr ayında teatrımızın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı arasında imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən Kalmık Milli Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşanı hazırladı”.
Teatrın yaradıcı heyətinin uğurlarına gəlincə M.Həmidov vurğuladı ki, 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı və gənc aktrisası Səbinə Məmmədova “2014-cü ildə uğurlu fəaliyyətinə görə” Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin “Gənclər mükafatı”na layiq görülüb. Azərbaycan Milli Peşəkar Teatrın 142-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov “Debüt” nominasiyası üzrə “Zirvə” mükafatına layiq görülüb. Teatrın digər istedadlı aktyoru Məhərrəm Musayev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı, teatrın daha bir qocaman aktyoru, əməkdar artist Rahib Əliyev isə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən “Sənətkar” medalı ilə təltif olunub: “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir Beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsi həyata keçirildi. Bağladığımız müqaviləyə əsasən Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş verdi”.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzi daha bir yeniliyə imza atıb. Teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və onların həvəsləndirilməsi, yaradıcılıqlarına diqqət və qayğının daha da artırılması məqsədilə ASSİTEJ-lə birgə yeni mükafat təsis edilib. 87-ci teatr mövsümü ərzində uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyəti “İlin ən yaxşı aktyoru”, “İlin ən yaxşı aktrisası”, “İlin debüt tamaşası” və digər nominasiyalar üzrə 2015-ci il, 88-ci teatr mövsümünün sonunda mükafatlandırılacaq.
Teatrın direktoru qeyd etdi ki, 87-ci teatr mövsümündə teatrda 4 uşaq, 5 böyük olmaqla ümumilikdə 9 tamaşa hazırlanıb (“Qoğalın nağılı”, “Dəcəl keçi”, “Madaqaskar”, “Məlikməmməd və sehrli almalar”, “Çirkin ördək balası”, “Ağ ölüm”, “III Riçard”, “Miras”, “Xortdanın cəhənnəm məktubları”).
Teatr gələn 88-ci teatr mövsümünü sentyabr ayının 18-də saat 19.00-da Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşası ilə açacaq. Yeni mövsümdə teatrda Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad”, hər il olduğu kimi uşaqların yeni il tətili üçün uşaq tamaşasının hazırlanması nəzərdə tutulur. Gələn mövsümün əvvəlində teatrın yaradıcı heyətinin Kalmıkiyaya qastrol səfəri də gözlənilir. Qarşılıqlı olaraq, sözügedən teatrın kollektivinin də Gənc Tamaşaçılar Teatrına qastrol səfəri planlaşdırılır.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər