Gənc şairlərin X İstanbul Şeir festivalındakı uğurları
Azərbaycanlı gənc şairlər Fərid Hüseyn və
Şəhriyar del Gerani Türkiyənin Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X
Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında (3-7 oktyabr) iştirak
edirlər. Qeyd edək ki, festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və
yazıçı qatılıb.
Festivalın açılış mərasimində (3 oktyabr,
Grand Pera) Şəhriyar del Gerani "Küçə uşaqlarına ithaf” şeirini Türkiyə türkcəsində
səsləndirib. Şeir tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Gənc şair Fərid Hüseyn festival çərçivəsində
(4 oktyabr) Əhməd Həmdi Tampınar Kitabxanasında keçirilən "Şeir akademiyası”
panelində "Gənc şairlər şeirə necə başlamalı?” adlı müzakirədə iştirak edib.
Türkiyəli məşhur şairlər Turan Koç və Oktay Tafralının moderatorluğu ilə
keçirilən paneldə F.Hüseynin çıxışı maraqla qarşılanıb. Çıxışını orta əsr
ədəbiyyatı ilə yeni dövr ədəbiyyatının müqayisəsi üzərində quran gənc şair
fikirlərini konkret nümunələrlə əsaslandırıb. Fikirləri təqdirlə qarşılanan
F.Hüseyn poeziya ilə bağlı digər paneldə də (əvvəlcədən çıxışı nəzərdə
tutulmayan panelə) dəvət alıb. Bundan başqa, F.Hüseyn oktyabrın 6-da şeir
gecəsində iştirak edib.
Gənc şairlər Türkiyənin ən böyük ədəbiyyat
auditoriyasına ünvanlanan, yüksək tirajlı "Karabatak” ədəbi jurnalının
redaksiyasında və Türkiyədə böyük yayım şəbəkəsi olan, klassik Şərq və Qərb
ədəbiyyatı nümunələri, habelə çağdaş Türkiyə ədəbiyyatının seçkin imzalarının
əsərlərini yayımlayan və nəşr prinsipiallığı ilə ad qazanmış "Şule”
nəşriyyatında da görüşdə iştirak ediblər.