• cümə axşamı, 18 aprel, 14:08
  • Baku Bakı 22°C

Gənc rəssamların əsərləri Luvr muzeyində sərgilənir

26.05.18 11:15 890
Gənc rəssamların əsərləri Luvr muzeyində sərgilənir
Luvr muzeyinin Karusel salonunda təşkil olunan "Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinə ilk dəfə qoşulan gənc rəssamlarımız Cəmilə Sultan və Leyla Məliklinin tabloları ziyarətçilərin diqqətini cəlb edir.
İstedadlı gənc rəssamların həyat duyğularını rənglər dünyasına çevirərək yaratdıqları tablolar qəlbləri fəth edirlər.
AZƏRTACxəbər verir ki, "Art Shopping” sərgisinə 4 əsəri ilə qatıldığını bildirən C.Sultan deyib: "Karusel salonunda ilk sərgimdir. Buna görə həm həyəcanlıyam, həm də belə nüfuzlu salonda əsərlərimin sərgilənməsindən çox şadam. Rəssamlığa qısa müddətdir başlamışam. Kətan qarşısında sanki dincəlirəm”.
O qeyd edib ki, Azərbaycan motivlərini çəkməyi çox sevir. Əsərlərində buta, nar, od və digər ənənəvi elementlərdən istifadə edir. Müasir incəsənətlə də çox maraqlanıram. Əsərlərimdən ikisində rəngdən və digər ikisində isə mürəkkəbdən istifadə etmişəm. Əsərlərimdə adətən kontrast - tünd və açıq rənglərə daha çox yer verirəm. Hələ məktəbliyəm, ancaq inanıram mən bu sahədə uğurlar əldə edəcəm.
C.Sultan kontrast çalarları bir kompozisiyada birləşdirməklə effektli kolorit təzadları yaradır. Onun əsərləri insanı dərindən düşünməyə məcbur edir. İnsanların fərqli daxili aləmlərini aydın əks etdirir.
Gənc rəssam Leyla Məlikli sərgiyə iki əsəri ilə qoşulub. Bildirib ki, ilk dəfədir sərgidə iştirak edir.
"Mən 2-3 ildir rəsm çəkməklə məşğul oluram. Əsərlərimdə qadın mövzusuna geniş yer verirəm. Bu, mənim ilham qaynağımdır. Qadınları gözü bağlı çəkirəm. Düşünürəm məhz bununla əsərlərim fərqlənir. Açıq rənglərə üstünlük verirəm”,- deyə L.Məlikli bildirib.
Daxili aləmini incəliklə ağ kətan üzərinə köçürən gənc rəssam rəng seçimi ilə də diqqəti cəlb edir.
banner

Oxşar Xəbərlər