• çərşənbə axşamı, 19 mart, 06:16
  • Baku Bakı 8°C

Gənc oxucunun qəribə hekayəsi

18.02.19 15:30 1902
Gənc oxucunun qəribə hekayəsi
Əslində, insandan başqa bütün varlıqlar ölümsüzdürlər. Çünki onların ölüm haqqında təsəvvürləri yoxdur.
X.L.Borxes "Ölümsüzlük”


Nəyə görə Don Kixotun "Don Kixot” un oxucusu olması, Hamletin isə "Hamlet”in tamaşaçısı olması bizi həyacanlandırır?
X.L.Borxes "Don Kixotdakı gizli magiya”

Bu hekayə intihar etmək istəyən gəncin valideynlərini öldürməsi haqqındadır. O gənc sənsən, əziz oxucum, sən. Xatırlayıram; sən ölən gün günəşli dekabr səhəriydi. Sır-sıralar nöqtə-nöqtə damırdı. Günəşin solğun işığı cansız sifətinə sarılıq yaymışdı. Mən də ordaydım, – poçtun önündə. İndi sakit, həlim, səkidən aşağı axan su kimi dopdolu, nəhayətsiz yaddaşın bir parçasına çevrilən zaman səni vahimələndirir. Deməli, hər şeydən boş bir məsafə ilə ayrılmısan. Nə pis! Keçmiş, gələcək, lap beş metr uzaq, kondisionerlərin çiban kimi bürüdüyü hündür binalar – hər şey dumanlı. Niyə? Tutaq ki, tərk olunmusan, işdən qovulmusan, yumurtanı qaynamamış soymağa çalışmısan. "Həyat gör necə amansızdı” – sən düşünürsən – "İntihar eləmək üçün nə qədər səbəb var”. Məsələn, Neftçinin uduzmağı, Qarabağ müharibəsi, işıqforda gözləmək, mədə ağrısı.
Başılovlu, hövlnak evə qayıdırsan. Atan televizorun qarşısındadır, yayxanıb mandarin soyur. Ekranda "Çempionlar liqası”ndan oyun. Onun qaxac olmuş sısqa bədəni dəri kreslonun içində itir. Eybəcər formada yumru qarnı, sanasan, gölməçə içində təpəcikdi; qabarıb. Gözləri görmür deyə nazik boynunu uzadıb, şərhçinin ağzındakı sözə bənddir ki, yerində qurcuxsun. Sən addımlarını yavaşıdırsan. Qalxırsan barmaqlarının ucuna. Rəqqas ustalığıyla havada süzə-süzə astagəl dəhlizi keçirsən ki, duyuq düşməsin. Budur, otağının öləziyən, nazik işığı astanadan süzülüb qaranlıq dəhlizə axır. İstəyirsən, səssiz-səmirsiz çarpayına uzanıb gözlərini birdəfəlik yumasan, kirpiklərin təmas etdiyi an dünyada işıq deyilən şey qalmaya və hər şey elə həmin andaca bitə. Hə, anan otaqdaymış. Ayağının altına stul qoyub paltar şkafının üstünə boylanır, əlində sarı əski, toz alır. Paho, bu nə həngamədir? Sən dərhal işıq düşüb par-par yanan, göz qamaşdıran gümüş külqabını onun ovcunun içində görürsən. Silib-təmizləyib. Gümüş külqabını çoxdan, lap çoxdan itirmişdin. Külqabı içindəki siqaret kötüklərini də götürüb yoxa çıxmışdı. Vəssalam. Ancaq təbii ki, sorağını almışdın, ananın qulağına pıçıldamışdın ki, hara qoymusan onu? Cavab; uzun bir "nə” sualı. – Gümüş, külqabı, yoxdu e. – Bilmirəm, atandan soruş – demişdi. Sənin cavabın gecikməmişdi: "Kişi güzgüdə özünü görmür, külqabını necə...?” nə yalan deyim, bunu deyərkən bığaltı gülmüşdün də. Anan duruxmuşdu, elə bil kişinin kor olduğunu birinci dəfə sənin dilindən eşitmişdi. Rəngi-ruhu özünə gələnəcən gözləməli olmuşdun. – Əşşi mən nə bilim, – demişdi, – nə vaxtacan sənin arxanca tökdüyünü mən yığmalıyam”. İndi boynunu büküb qıyqacı sənə baxır. Saçlarını daraqla yığıb. Yanağına sarı çillər səpələnib. Açıq sarı çillərin qonur gözlərlə birləşib yaratdığı azman gözəllik qocalığın vəhşi, dağıdıcı zərbəsinə inadla tap gətirir. – Hardan tapdın? – deyirəm. Cavab: uzun bir "nə” sualı. Səssiz-səmirsiz mətbəxə keçir.

***

"Yemək hazırdır” – mətbəxdən gələn səs səni yuxudan qəfil oyadır. Toxsan. Ağzını bıçaq da açmaz. Bir qaramat sükuta qarışıb dinməz-söyləməz, quyruğunu bulayıb çarpayıda oturmusan. Dərindən nəfəs almaq da bir iş deyil, beyninə hava getsə də, ruhuna çatmır. Rəfdə kitablar düzülüb. Dikəlməklə birini qamarlayırsan. Yazıb kitabın arasında gizlədiyin vida məktublarına baxırsan. Hərəsinin üstündə bir poçt markası: "Nizami, Dante, Şekspir, Atatürk, Şahzadə Elizabet, Eyfel, Qandi”. Poçtalyon olmaq arzusuyla yanıb-tutuşduğun uşaqlıq illərindən geriyə yalnız poçt markaları qalıb. "Arzular nə çoxdur” – sən qəlbində deyirsən, "Bəzən onlardan geriyə öz boşluğundan özgə heç nə qalmır”. "Özünü öldürmək və poçtalyon olmaq... Bu iki arzunu birləşdirən şey nədir?” "Gəzmək, tanımadığın, bilmədiyin yerləri görmək, bir də, elə bil, nəyisə, kiməsə təhvil verirsən” – bunu mən deyirəm, amma eşitmirsən, öz səsindən başqa bütün səslərə yadsan. "Bu hekayənin müəllifi olsaydım, özüm haqqında, o, ölmək yox, poçtalyon olmaq istəyir yazardım”, sən deyirsən.
Ananın zəif səsi koridoru keçir və nəfəslikdən sivişib içəri soxulan havaya qarışıb qulaqlarına dolur. Sən bu səsi üçüncü dəfə eşitməmək üçün qalxırsan. Başınla ayaqların arasından müvəqqəti qaranlıq peyda olur, gözlərini ovxalayanda ayaqların dəhlizdə sürünürdü. O qədər yorğunsan, elə bil, gözə-görünməz bir əl kürəyindən dartıb çəkir, dikəldir ki, yeri. Atan qəfil sevinir. Televizorun yaşıl işığı onun sifətini büsbütün tutub, bürüyüb. "Barselona qol vurdu”. Pəhh. O, uşaq xoşbəxtliyi, dəcəlliyi ilə səni çağırır: "Tez bura gəl, tez”. Sən onun sifətinə baxırsan; kor gözləri kədərlə boşluğa dikilib. "Bütün kor adamlar pəncərəsiz evlərə bənzəyir” – sən düşünürsən. Bir neçə yarım-yapalaq cümlə ilə mənzərəni açırsan. "Küçələrdən yığışmırdın. Kaş isti-isti düşəydik üstünə. İşsiz-gücsüz qalmazdın” – o təəssüflə deyir. – Əsgər olduğum vaxtlar vardı e, futboldan ötrü sinov gedirdim. Heyif cavanlıqdan. Rəqib komandanın oyunçularını külək kimi ötürdüm”. – "Ata, sən əsgər getməmisən” – ona deyirsən. – "Nə?” – o səni eşitmir. – "Sən əsgər getməmisən axı” – təkrar edirsən. – "Hə, əcəb günlər idi. Hamısı xatirimdədir, hamısı. Gözəl qızlar, futbol, dəniz, rəqslər, şeirlər”. Sonda dərin bir "ahh”. Atanın gözləri anadangəlmə görmür. O, əsgərlikdə olmayıb, rəqs-filan bilmir, bircə dəfə də dənizə girməyib, futbol haqqında bildikləri isə yalnız eşitdiklərindən ibarətdir. O danışmağa davam edir. Sən aradan çıxırsan. Təəssüf havada yox olub itir.
Anan qollarını daraqlayıb qapının kandarında dayanıb, atasının uşaq sevincinə, yerində qurcuxmağına baxır. Sən qarşında buğlana-buğlana duran yeməyi astaca qaşıqlamağa başlayırsan
Nəsə danışır, amma dinləmirsən. Sözlərdi uçuşur havada, amma qulağından yan keçir. Elə bil güllədi, çaxmağı boşluğa çəkilib. Eləcə düşünürsən, düşünürsən; avtobus sürücülərini, dayanacaqda gözləyən adamları, terroristləri, qatilləri, "Qarabağ”ın uduzmağını, birdə Futbol topunu. Futbol topu dığırlana-dığırlana gətirib səni uşaqlığına çıxarır. Düz doqquzdan – məhəllədə futbol oynadığınız vaxtlara. Nədənsə uşaqlardan çoxunun üzünü əməllicə xatırlamırdın. Yaddaşın bulanıq çevrəsində itmişdilər. Lazımsız, boz xatirələr kimi buxar olub yoxa çıxmışdılar. Nə pis! Bircəciyindən başqa. Kim? Sadiq, hə? Düz tapdın Afərin! Bəs, görəsən, Sadiq harada idi? Nə işlə məşğul olurdu? Evlənmişdimi? Ailə, övlad, iş, diş ağrısı, pnevmoniya, mədə ağrısı, xəyanət?
Sən ananın sözünü ağzında qoyursan. Şşt! Başlayırsan Sadiq haqqında dil-dil ötməyə. Ağzındakı çapığı, yanağındakı xalı, burnunu tez-tez çəkməyini, köçüb getməklərini. Anası ölmüşdü, hə? Ata da çəkməçiydi. Anan qəfil duruxur, üzündəki ifadə qəribə hal alır, qarşında lal-dinməz dayanır. Sonra deyir: "İki il olub, özünü hündür binadan atdığı. Hər şey qəfil olub, gözlənilməz olub, nə ata bilib, nə dost bilib, nə də bir kimsə. Sən demə, əvvəldən planlaşdırırmış, zalımın oğlu. Ölümündən sonra çoxlu vida məktubu tapıblar. Qəbzlərin arxasına yazırmış məktubları. Qəbz də nə qəbz, bilmirəm nə qədər bayquş heykəlciyi alıb yığıb evə...” Anan çəkinə-çəkinə, sözlər dilində axsaya-axsaya, yıxıla-yıxıla davam edir və sən fikirləşirsən ki, adamdakı cəsarətə bax ha! Mənim gözəl oxucum, sən həm də onu fikirləşirsən ki, əslində, pis variant deyil. Bircə addıma bəndsən. Ayağın boşluğu hiss edən kimi yer özü səni çəkir, alır ağuşuna. Boşluğa doğmalaşırsan, nəfəsini, hənirini hiss eləyirsən. Keçinməmişdən əvvəl müdhiş uçuşdan zövq alırsan. Qəfil qorxursan. Bu qorxu qanına qarışıb büsbütün bədənini bürüyür. Niyə? Ona görə ki, həmin an nədənsə zövq alsan, kefin durulsa, eynin açılsa, ölüm gözündə ucuzlaşar, həyat qiymətə minər. Vəziyyətə bax da! Dünyanın min cürə işi var. Qəfil küləyin gözəlliyini, sifətini yalayıb keçən ətrini, hənirtisini ölümqabağı bütün əzalarında, ən dərin qatlarında hiss edərsən. Bir az da bədbəxt olsan, mənzərədən zövq almaq da olar. Hər şeyə rəğmən içində həyat işığı yanar, ümid qığılcımı peyda olar. Vay, vay! Peşman olarsan ki, iki saniyə sonra asfaltın üzərində cansız, üstü-başı qan, unutqan ət parçası olacaqsan. O ət parçası bir daha küləyi hiss etməyəcək, mənzərədən zövq almayacaq, süngər kimi dünyada gözəl dediyimiz çiçəyin, otun, yağışın, sevdiyi qadının ­– heç nəyin ətrini içinə çəkməyəcək, hənirtisiz, buz baltası kimi soyuq bir hala düşəcək. Və eni-uzunu görünməz, bilinməz olan zamandan ona pay qalan bir neçə saniyənin içində qəlbində nəhəng bir təəssüf peyda olacaq. Bax, o zaman bir neçə saniyənin içində özünə qatil kimi bacaqsan. Dünyadan qatil kimi getmək səni bir az da üzəcək, bu acı təəssüfün altında əziləcəksən. Bəlkə, insanlar yanağında göz yaşı da tapdı – peşmanlığı məlum ifadəsi.
Qış aylarının küləyi necə də sərtdir; sevməli, sevinməli külək. Görəsən, ilk addımdan sonra peşman olmuşdumu? Elə havadaca içinə təəssüf dolmuşdumu? Sən ananın sözünü kəsirsən və qəfil soruşursan:
– Bilmirsən, meyiti tapanda sifətində göz yaşı yox imiş?
Cavab? Uzun bir "nə” sualı.
***

Atan televizorun önündə yuxulayıb. Anan yataq otağındadır, saçlarını darayır. Necə bəxtiyardır, həyatdan məmnundur. Sən isə sabah, ya o biri gün həyatda olmayacaqsan. Dəm qazı, Xəzər dənizi... Bəs onda necə olacaq? Yəqin, ağlamaqdan gözləri şiş-şiş olar, sifəti büzüşüb tanınmaz hala düşər. Atan da xəstə kişi; Şəkər bu ağrı ilə onu çox aparmaz. Zülm çəkər.
Qəfil ağlına dəhşətli bir fikir gəlir. Onları bu ağrıya düçar etməmək üçün bircə yol var, bircə yol. Onları özündən əvvəl yola salmaq. Özündən əvvəl onları öldürmək.

***
Qəfil oyanırsan, qan-tər içindəsən. Günəşin zəif, ehtirassız, titrək işığı tül pərdələrin içindən keçib qaranlığı kəsir. Dəhşətli bir yuxudan oyanmısan. Nə yuxu? Sadiq. Onun gözləri elə nəhəng, munis və işıqlı idi ki... Dünyanın ölüm deyilən şeyinə yad, ayağında ağ-qara futbol topu. Qaşlarını düyünləyib, boynunu sancaq kimi əyib, baxışlarını düz sənə tuşlayıb. Hə, gülümsəyir də. Sən onun bu halından diksinirsən, darıxırsan. Necə varsa elədi, qarşındadı, dipdirirdi. Canı can, ruhu ruh, yanağının qırmızılığı, gümrahlığı, özündən əmin halı. Saçları əvvəlki kimi alnına çatmamış buruq-buruq. Sadiqin gözündən qəfil yaş axmağa başlayır. Elə bil quru torpağa su buraxırsan. Yaş qupquru, dərisi cadar-cadar olmuş yanağını yalayıb keçir. O deyir:
– Gör külək necə də gözəldir!


***


Evdən günəşlə bərabər çıxırsan. Yemək də yemədin. Ac qarına özünü atmısan küçəyə. Günəşin sarımtıl, titrək işığı binaların bozumtul, soyuq divarına düşüb əriyir. Ayaz nəfəsli külək üz-gözünü qısır, canına həzli-ləzzətli üşütmə gətirir. Çayxanaya doğru addım addımını ötür. Bir stəkan çayla içində doğma bir istilik dolaşmağa başlayır. Ananın sifətini, üz cizgilərini, dırmıq kimi saçlarını sivirib keçən, yumşaldan darağı xatırlayırsan.
Bax, sinif yoldaşın Hidayətdir, qucağında pişiklə gəlib qənşərində əyləşir. Pişiyin adı Nikadır. Onu burda – çayxanada çox görmüsən. Quyruğu ilan kimi havada qıvrılır, ağzını iri açıb əsnəyir, xumarlanır. Sən Hidayətin çökək yanaqlarına, sivri qulaqlarına baxırsan və bu qeyri-adi sifətdən heç nə oxuya bilmirsən. Onun yuxulu, süzgün gözlərində bic bir təbəssüm dolanır.
– Sabah ad günümdü – Saqqızını marçıldada-marçıldada deyir.
– Nə planın var?
– Heç nə! Bəlkə, dostlarla yığaşaq. Kefin yoxdusa, sən də gəl. Qızlar da olacaq.
– Yox e! – Sən dərindən ah çəkirsən. – İntihara hazırlaşıram. Hələ evdəkilərlə də çürüdüləsi işim var. İstəyirəm özümdən əvvəl onları o dünyaya yola salım. Başa düşürsən, bu aralar çox məşğulam? Lap çox!
Sənin qəddin ümidsizlikdən əyilib. Dəmir "Coca Cola” butulkası kimi əzik-üzük olmusan. Hidayətin önündə iki qatsan. Ondan həmişə kömək istəmək olar. Artıq bunu sınaqdan keçirmisən. Bir vaxtlar məktəb tapşırıqlarını cüzi qiymət qarşılığında o yazırdı. Sevdiyin qızı görəndə həyəcandan ürəyin boğazına dirənirdi, elə buna görə yanında kəlmə də kəsə bilmirdin, sözləri unudurdun, Hidayət sevgini ona açmışdı. Qız "yox” demişdi və sən fikirləşmişdin ki, bəlkə də, bunu özün eləsəydin hər şey fərqli olardı. Ancaq bu başqa söhbətin mövzusudur. Mənim sənə yazdığım taleni başdan-başa Hidayətə danışırsan. O, saqqızını daha iştahla çeynəyir; bununla demək istəyir ki, düşünürəm, dostum, düşünürəm, hmm. – "Bir yol var, amma qəliz məsələdir” o deyir. Barmaqların bir-birinə keçirib dinləyirsən... (Bir dəqiqə sonra...) Razılaşırsan. Hidayət küçəyə çıxır, kiməsə zəng vurur və sən masada yalnız qalıb Nikanın məlahətli, köntöy hərəkətlərlə özünü yalamağına baxırsan.


***


Sən hündürmərtəbəli binanın kölgəsindəsən. Hidayət siqaretini yerə atır, tapdalayıb söndürür. Barmaqlarını şaqqıldadır və doqquzuncu mərtəbəni göstərir. Hidayətin dediyindən belə çıxır ki, siz şəhərin ən qəddar, amansız qatilinin evində qonaq olacaqsınız. Üstüörtülü, uzaq tanışlıq. Sən düşünürsən ki, hava necə də tutqundur. Qolların sinəndə çarpazlanıb. Bircə bu iş həll olsaydı, canına rahatlıq hopardı. "Ölmək yaşamaqdan daha çətindir. Çünki, mütləq bir qatilə ehtiyac duyursan” sən öz içində pıçıltıyla danışırsan. Liftdəsiniz. İki dəqiqə sonra əlli bir nömrəli qapını döyürsünüz. Tak, tak, tak. Qapını orta yaşlı bir kişi açır. Onun qolları çirmələnmişdi, elə bil, iş üstündən durub gəlmişdi. Külək kimi şapbaşap içəri soxulursunuz. Qumaş pərdələr nəfəslikdən içəri atılmaq istəyən yelə qoşulub əsir. Adam yan otağa burulur və çox keçməmiş geri qayıdır. – "Mənim adım "3R”dir – nəzakətlə özünü təqdim edir. Qəfil beyninin dərinliklərində ağrılı bir kütlə peyda olur. Sanki, başın gövdədən qopur. Qapaq kimi dığırlana-dığırlana döşəmədə gəzişir. Vücudun büsbütün bu dəhşətli haldan bir anlıq sarsılır. O, Hidayətin təklifini qəbul etdiyini deyir, ancaq bir şərtlə. Bircə şərt:
– Köməkçim indilərdə istirahət dərdindədir. Mənə tək işləmək çətindir. Sözümün canı odur ki, sizin məsələni həll etməyim üçün sabahki sifarişdə yanımda olmalısınız. Yüngül işdi, sələmçi qarı və əri, heç tükünüz də tərpənməyəcək. Biriniz keşik çəkəcəksiniz, o biriniz də mənlə...
– Məni qatmayın. Canımı da alsanız, girmərəm ora, – Hidayət dedi. – Üyüdürəm cəsəddən. Bir dəfə görsəm, bir ay gözümə yuxu getməz.
– Mən razıyam. Sən qapıda keşik çəkərsən, içəri özüm girəcəm, – Hidayətə deyirsən, – amma mənim də bir şərtim var. Məni də, məni də öldürəcəksən, amma... bu qətl poçtun yanında baş tutmalıdır.
Sən onun pırpız qaşlarının arasında balacalaşıb, lap düymə boyda olan gözlərinin dərinliyində hamıdan gizlin qalan, unudulmuş işığı dərhal tutursan. Onun başı astaca qalxıb-enir!

***
Valideynlərin xoşbəxt yaşadılar. Çəhrayı, gül-çiçəkli, quş dimdiyində bir ömür. Və ölüm onları ən gözəl anda yaxaladı; bədbəxt olmasınlar deyə. Bəs sən? Hə, bir azdan öləcəksən. Təyin olunmuş vaxtdan on beş dəqiqə qabaq burdasan – poçtun önündə. Siqaret yandırırsan, tüstünü süngər kimi içinə çəkirsən. Axıb gedən zamana heyfin gəlir. Bu nədir? Vaxt qazanmaq? Saat? On beş dəqiqə. Üç, iki, bir. Qəfil naməlum tərəfdən boynuna, başına, sinənə, nə bilim harana dəyəcək güllənin qurbanı olacaqsan. Ağzından çıxan köpüklü qandan boğulacaqsan; ağrısız-filansız çoxdankı arzu beləcə gerçək olacaq.
Sən qatilin sifarişini yerinə yetirdin. İki qocanı – ər-arvadı öldürdünüz. Kişi televizorda "Çempionlar liqası”ndan oyuna baxır. "Qarabağ” bu dəfə də uduzub”. Nə pis! Kişi televizorun mavi işığına qərq olub, mandarin soyur. Divardan asılı cavan oğlan rəsmini xatırlayırsan. Şəkil qara lentlə örtülüdür. Ölüm? Qadın yataq otağındadır. Saçlarını darayır. Siz içəri daxil olursunuz. Hidayət qapıdadır, keşik çəkir; hayan olsun. Birinci kişini görürsünüz. O, sizin maskalı üzünüzə baxır və sifətində məyus, ürəkyandıran, kədərli bir ifadə peyda olur. Güllə sinəsindən girir. Güllənin deşib keçdiyi yerdən ağappaq tüstü çıxır. Ət qoxusu. Püff! Heç xəbəri də olmadı. Eləcə ağzında mandarin dilimi ilə keçindi. Yataq otağındayıq. Saçlarını darayan qadının başı güllədən parçalanıb. Daraq qana bulaşıb. Siz evdən çıxdınız.
Mənim gözəl oxucum, sən indi poçtun önündəsən. Əllərini cibində gizlənib, bilirəm, bu da qorxunu gizləmək üçün bir cəhddi. Bircə arzun var, külək əsməsin, hər şey qəfil olsun. Baş, boyun, sinə, nə bilim hara? Dünyanın bir gözəlinə bənd olmayasan. Saatına bax, beşcə dəqiqə qalıb. Beş, dörd, üç... Qəfil tövşüyə-tövşüyə sənə bir qız yaxınlaşır. Gözlərin heyrətdən böyüyüb. Hmm. Sən onun boynundakı xalı görürsən. Bəyaz tənində böcək kimidir xal; o ehmalca boynunu bükür, xal yerin dəyişir. Şimalın buz soyuğunu qabağına qatıb gətirən külək qızın saçlarını havadaca yelləyir. Elə bilirsən indi uçacaq. Amma uçmur, üstəlik, nə isə soruşur.
– Bağışlayın, saat neçədir?
– Saat? – Gömgöy gözlərinin içində darıxırsan, üzülürsən, könlünə məyus, ağrılı bir kədər yığılır və astadan pıçıldayırsan:
– Tamama beşcə dəqiqə qalıb, xanım, beşcə dəqiqə...
Orxan Həsəni
banner

Oxşar Xəbərlər