• şənbə, 20 Aprel, 15:15
  • Baku Bakı 23°C

Gənc nəslin bədii ədəbiyyata biganəliyinin fəsadları

12.12.18 15:15 3186
Gənc nəslin bədii ədəbiyyata biganəliyinin fəsadları
Məktəbyaşlı uşaqların, yeniyetmələrin bədii ədəbiyyata marağının azalması artıq təkcə bizim yox, əksər ölkələrin problemidir. Bu mənada məsələnin nə qədər aktual olduğunu düşünmək çətin deyil. Məsələn, qardaş ölkə Türkiyənin Təhsil Nazirliyinin uşaq və gənclər üçün tərtib etdiyi «100 təməl əsər» adlı siyahıda 6-7 yaşdan 10-15 yaşa qədər uşaqların oxumalı olduqları klassik əsərlərin adı yer alıb. Nəşriyyatlar əsərləri yaş qrupları üzrə çap ediblər. İş o yerə çatıb ki, həmişə mütaliə vərdişləri ilə dünya ölkələri içərisində öncül yerlərdən birini tutan Rusiya da narahatlığını oxşar metodla ifadə edib. «Uşaq və yeniyetmələr üçün 100 əsər» onların dünyagörüşünün və bədii zövqünün formalaşmasına hesablanıb.Rusiya təhsilinə cavabdeh şəxslər hesab edirlər ki, bədii ədəbiyyat siyahısının yaş qrupları üzrə düzgün tərtibi böyüyən nəslin təkcə bədii zövqünü formalaşdırmağa xidmət etmir, həmçinin onlarda vətənpərvərlik hissi tərbiyə edir. "Hərb və Sülh”, "Sakit Don”, "İnsanın taleyi” və s. kimi əsərlər onlarda mübarizə ruhu yaradır, Vətəni sevməyə sövq edir, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində rol oynayır.
Təəssüflə qeyd etmək lazımdır ki, bizim ümumtəhsil məktəblərində də mütaliəyə dırnaqarası münasibət var: həm müəllimlər, həm də şagirdlər tərəfindən. Müəllimlər «Kurikulim şagirdlərə ev tapşırığı və əlavə oxu verməyə imkan vermir» deyərək, özlərinə haqq qazandırmağa çalışırlar. Tədris metodunun «şagirdlərin biliklərə dərsdə yiyələnməsi» tələbi müəllimlərin bu mövzuda yaxalarını kənara çəkmələrinə bir növ imkan yaradıb. Hətta "kurikulim çərçivəsində mütaliəni də sinifdə edirlər” deyənlər var. Faktlar isə göstərir ki, müəllimlərin «yaxalarını kənara çəkmə” metodları şagirdlərin bədii təfəkkürünün ziyanına işləyir. Digər tərəfdən, uşaqların az-çox oxuduqları ədəbiyyat, test sualları çərçivəsindən kənara çıxmır. Bu isə onların şifahi nitqlərində, düşüncələrini sözlə ifadə etmələrində məhdudiyyət yaradır.
Uşaq və gənclərin bədii ədəbiyyata biganəliyi Təhsil Nazirliyini bir neçə ildir ki, bu istiqamətdə hərəkətə gətirib. Məsələn, təhsil nazirinin əmri ilə artıq bir neçə ildir ki, "Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət olan müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin aşkarlanması məqsədi daşıyır.
Maraqlıdır, zamanın, qloballaşan dünyanın diktəsinə tabe olduğu, diqqətin texnologiyalara yönəldiyi bir vaxtda yetişməkdə olan gəncliyi maraqlarından ayırıb bədii ədəbiyyatla təmas yaratmaq mümkün olacaqmı? Hər halda, ədəbiyyat adamları o qədər də ümidsiz görünmürlər.
Şagirdlərin dünyagörüşünə təsir
"Son illərdə şagirdlərin mütaliə məsələsi gündəmdədir” deyən "Ədəbiyyat biliciləri” müsabiqəsinin təşkilat komitəsinin sədr müavini, Yazıçılar Birliyinin katibi Rəşad Məcid hesab edir ki, orta məktəb şagirdlərinin ədəbiyyat adamları ilə görüşlərinin, onların həyatına, gələcək yaradıcılıqlarına, münasibətlərinə, baxışlarına müsbət təsiri olur: "Ümumiyyətlə, bədii ədəbiyyata marağın azalması ilə bağlı cəmiyyətin narahatlığı var. Uşaqlarda məktəb illərindən mütaliə vərdişini yaratmaq lazımdır. Bu cür müsabiqələrdə ən yaxşı ədəbi əsərlərlə bağlı fikirləri, yazıları, esseləri olan şagirdlər uğur qazanırlar. Müsabiqənin yarış formasına salınmasını, müasir dövrdə kommunikasiyalara, texnologiyalara uyğun aparılmasını da müsbət hadisə hesab edirəm. Bu, orta məktəblərdə uşaqlarda təkcə mütaliəyə deyil, həm də yaradıcılığa maraq yaratmaq xətrinə irəli sürülən tendensiyadır”. R.Məcid "Biz şagirdlərdə ədəbiyyata necə maraq yarada bilərik?” sualına belə cavab verir: "Azərbaycan dilində bədii əsərləri oxumaq, ana dilimizin gözəlliyinə vaqif olmaq gələcəkdə bu dildə rəvan danışmağın əsasını qoyur. Bu mənada da hansı sahədə olursa-olsun, şagird gələcəkdə siyasətlə, hüquqla, iqtisadiyyatla məşğul olsa belə, o, öz dilində səlis danışmalıdır. Bunun üçün isə Azərbaycanın yazıçı və şairlərinin əsərlərini oxumalı, şeirlər əzbərləməlidir. Mən hər şeydən əvvəl bu amili önə çəkirəm. Hesab edirəm, bu vasitə ilə şagirdlərin dünyagörüşünə təsir etmək olar. Çünki onların içərisində iddialıları, gələcəkdə uğur qazanmaq istəyənləri var. Onlar da yaxşı danışmaq və nitq qabiliyyətinə malik olmaq üçün bədii ədəbiyyat oxumağın vacibliyini dərk edirlər. Bundan əlavə, bədii ədəbiyyat insanın mənəvi dünyasını gücləndirir, cəmiyyətimizin saflaşmasına xidmət edir. Bədii ədəbiyyat oxuyanlar daxilən daha zəngin olurlar. Hesab edirəm ki, bu cür təbliğatla orta məktəb şagirdlərini mütaliəyə nəinki cəlb etmək olar, onların bədii təfəkkürünün inkişafına nail olmaq da mümkündür. Bu isə şagirdlərdə bir sıra müsbət keyfiyyətlərin formalaşmasına səbəb olacaq”.
Mübarizə əzminin yüksəlməsinə xidmət
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi zamanı bir qədər fərqli hesab edir: "Artıq bir qədər fərqli dönəmdir. Ədəbiyyatın, incəsənətin təbliğinin spesifik yolları tapılmalıdır. Bu yollardan biri də müasir, dinamik cəmiyyətə uyğun olan yarışma üslubudur. Ədəbiyyatın təbliğində də məhz bu yarışma üslubundan istifadə olunması təqdirəlayiq haldır. Ədəbi yaradıcılıq elə bir prosesdir ki, o, hardasa yeniyetməlik vaxtından özünü göstərir. Əminəm ki, o müsabiqədə iştirak edən və yüksək yer tutan iştirakçıların böyük əksəriyyətinin yeniyetmə səviyyəsində də olsa, müəyyən yaradıcılığı var. Onlar hekayələr, esselər və ya şeirlər yazıblar. Mən əminəm ki, o qələm sahiblərinin içindən gələcəkdə şair, yazıçı və ya publisist çıxa bilər”. Yazıçının fikrincə, ümumiyyətlə, uşaqlar arasında müəyyən yarışmaların olması istər təhsil sahəsində, istərsə də digər sahələrdə stimullaşdırma prosesləridir: "Gələcək fəaliyyətlərində də uşaqlarda belə bir hiss yaranacaq ki, sadəcə, nəyisə bilmək kifayət etmir, bu biliyi yüksək səviyyədə çatdırmaq, özünü təsdiq etmək, tanıtdırmaq, məqsədlərin uğrunda sona qədər mübarizə aparmağa yardım edəcək. Mütaliə, müəyyən intellekti, erudisiyası olan uşaqların mübarizə əzminin yüksəlməsinə xidmət edəcək”.
Hər birimizin günahı
"Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin fikrincə, insan nə qədər çox mütaliə edərsə, onun danışıq tərzi düzələr, söz ehtiyatı artar: "O, bəlkə də ən müşkül məsələni dilindəki hansısa ehtiyat bir sözlə həll edə bilər. Təəssüf ki, bu gün orta məktəblərdə, xüsusən ixtisas seçiminə görə, ədəbiyyata maraq həddən artıq aşağıdır. Valideyn artıq 4-cü , 6-cı sinifdən uşağının hansı sahəyə gedəcəyini müəyyənləşdirir və onun fikrini ədəbiyyatdan uzaqlaşdırır. Bu cür müsabiqələrdə iştirak edən uşaqlar hansı sənət sahibi olmasından asılı olmayaraq, öz fikirlərini çox dəqiq ifadə edə biləcəklər. Misal üçün, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elə mətləblər var ki, şeirlə deyir və publika da onu sevə-sevə dinləyir”. Baş redaktor həm ali, həm orta ixtisas, həm də orta ümumtəhsil məktəblərində ədəbiyyata olan münasibətdən narazı olduğunu deyir: "Biz tələbə və şagirdlərlə görüş keçirəndə, onların simalarındakı donuq ifadədə "biz bədii ədəbiyyat oxumuruq” fikirlərini aydın görürük. Onların simasında emosiya olmur. Bədii ədəbiyyatla, bədii sözlə məşğul olmamaqdandır ki, emosiya çatışmır. Bu, valideyndən tutmuş məktəbə qədər, hər birimizin günahıdır. Müxtəlif nəşriyyatlar uşaqlar üçün kifayət qədər nəşrlər buraxırlar. Dünya ədəbiyyatının, o cümlədən bizim nağılların, dastanların uşaq formasını hazırlayırlar. Valideyn övladı ilə bərabər gəzintiyə çıxanda yolunu kitab mağazalarından da salmalıdır. Bəzən valideyn uşağına kitab alıb verir, amma onu sonradan müzakirə etmir. Uşaq bədii ədəbiyyatı mətn olaraq mənimsəyir, amma öz fikirlərini bölüşə bilmir, çünki ədəbiyyat həm də nitqdir. İstərdim ki, valideynlər uşaq üçün aldıqları kitabı özləri də vərəqləsinlər, uşaqda həvəs yaratmaq üçün ona sual versinlər. İmkan yaratsınlar ki, onlar səhv fikirlərini də desinlər. Yoxsa biz orta və ali məktəblərdə şagirdlərlə, tələbələrlə görüşə gedəndə onların üzündəki donuq ifadəni silə bilməyəcəyik. Onlara sual verəndə qorxacaq, ünsiyyətdən qaçacaqlar. Ədəbiyyat isə adamı yetişdirir, ruh halına gətirir”.
Bədii zövqün formalaşmasında mütaliənin rolu
Səbayel rayon 7 saylı tam orta məktəbin ana dili və ədəbiyyat müəllimi Kifayət Qurbanova məktəblərdəki real mənzərəni belə təsvir edir: "Şagirdlər mütaliə etmək istəmirlər. Onlara tətillərdə mütaliə etmələri ilə bağlı siyahı verilir. Bəziləri oxusa da, bir çoxları oxumur. Onlar öz seçimlərini ixtisas qrupuna görə müəyyənləşdirirlər. Bu seçim isə onları bədii qiraətdən uzaq salır. "Bizə imtahanda ədəbiyyat lazım deyil” deyirlər. Oxuyanda da daha çox detektiv əsərlər oxuyurlar”. K.Qurbanova mütaliənin şagirdlərin şəxsiyyət kimi yetişməsində rolunu xüsusi vurğulayır: "Şagirdlər bədii kitab oxuyanda onların dünyagörüşü, bədii zövqü formalaşır. Mütaliə onlarda humanist hisslər, vətənpərvərlik duyğuları, milli mənlik şüuru tərbiyə edir”. Müəllimə hesab edir ki, uşaq və yeniyetmələrin mütaliəyə həvəsinin formalaşmasında təkcə məktəbin rolu azdır. Bu istiqamətdə ailə mühitinin, telekanalların da rolu əhəmiyyətlidir: "Uşaqlar üçün stimullaşdırıcı yarışlar, müsabiqələr keçirilməli, onlara müəyyən hədiyyələr təqdim olunmalıdır. Ətrafdakı mənzərə də "kitab oxu!” fikirlərini diktə etməlidir. Həmçinin vətəndaş cəmiyyətinin də bu istiqamətdə fəaliyyəti olmalıdır. Bu baxımdan, bu cür həlli vacib məsələdə bir sıra amillərin rolu birgə olmalıdır”.
Razılaşaq ki, problemin həlli istiqamətində ölkədə sayı çox olsa da, Qeyri Hökumət Təşkilatlarının rolu hiss olunmur. Bu mənada kəmiyyət keyfiyyəti üstələyib. Vətəndaş cəmiyyətinin fəaliyyəti isə bu istiqamətdə böyük təsirə malik ola bilər. Çünki söhbət böyüməkdə olan nəslin bədii tərbiyəsindən, milli mənlik şüurunun inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin mütaliə yolu ilə formalaşmasından gedir. Belə getsə... onların sorağı kitab mağazaları və ya kitabxanalardan deyil, daha çox internet klublarından, kafe və ya digər əyləncəli məkanlardan gələcək...
Dayandur Sevgin
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
banner

Oxşar Xəbərlər