• cümə, 19 Aprel, 22:57
  • Baku Bakı 24°C

Gənc fəallar dövlətin çağırışlarını dəstəkləyirlər

27.07.13 08:40 1438
Gənc fəallar dövlətin çağırışlarını dəstəkləyirlər
Bu günlərdə “XƏTDƏ” Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib. Konfransda iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, böyük bir inkişaf mərhələsini artıq geridə qoyduğunu bildirib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsini xatırladaraq, bu hadisənin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, keçmiş SSRİ respublikalarından yalnız Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan bu hüququ qazanıb. Onun sözlərinə görə, bu anlamda Azərbaycan bu gün bölgənin Türkiyə, Rusiya, Ukrayna, İran kimi dövlətləri ilə eyni sırada dayanan bir ölkədir. PA rəsmisi iqtisadi qüdrətinə, adambaşına düşən ümumi daxili məhsulun həcminə, sənaye potensialına görə Azərbaycanın həmin dövlətlərin bəzilərindən yüksəkdə dayandığını bəyan edib. Ə.Həsənov bu inkişaf yolunda gənclərin üzərinə daha çox məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Bildirib ki, gənclər öz əməli fəaliyyətləri ilə bu inkişafa töhfə verməklə yanaşı, həm də Azərbaycanın fəal təbliğatçıları olmalıdırlar. Şöbə müdiri onu da əlavə edib ki, Azərbaycan dövləti hər zaman gəncliyə böyük dəstək verir, onların arxasında dayanır.
Söylənilən fikirlərlə bağlı “Kaspi”yə açıqlama verən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov dövlət başçısı İlham Əliyevin daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını dilə gətirib. Bildirib ki, gəncliyə verilən dəstək hər zaman onlara bəslənilən ümidləri doğruldur: “Səmimi şəkildə bildirirəm ki, biz bu barədə bir iqtidar partiyası olaraq, öz təbliğatımızı aparaq deyə, çıxış etmirik. Həqiqətən də ölkə başçısının Azərbaycan gənclərinə diqqət və qayğısı əməldədir. Bu günə kimi gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, gənclərin xaricdə təhsil almasına şərait yaradılması, regionlarda “Gənclər evi”nin, olimpiya-idman komplekslərinin, istirahət mərkəzlərinin tikilməsi deyilənlərə bariz sübutdur. Hazırda ölkəmizdə dövlət qulluğuna qəbul komissiyası fəaliyyət göstərir və hər il yüzlərlə gənc müvafiq dövlət qurumlarında işlə təmin olunurlar. Bununla yanaşı Prezidenti yanında Gənclər Fondu da yaradılıb. Bu fond gənclərin təşkilatlanması, onların müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün geniş imkanlara malikdir. Elə iki gün bundan öncə hesabat konfransı keçirən “XƏTDƏ” Sosial Şəbəkə Akademiyası, oradakı gənclərin bir sıra layihələrinin reallaşmasında da sözügedən Fondun dəstəyini görmək olar. Bunların hamısı dövlətin, ölkə başçısının gənclərə olan böyük inamı, etibarıdır. Bunun isə təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qoyulub. Sevindirici haldır ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev də bu yöndə səylərini əsirgəmir. Özünü hər bir azərbaycanlının prezidenti hesab edən dövlət başçısı bütün sahələrdə çalışan insanlarımıza, o cümlədən gənclərimizə böyük diqqət və qayğı göstərir, onlara hərtərəfli dəstək verir”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli xatırladıb ki, Azərbaycanda gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevdir. Onun fikrincə, hələ sovet dövründə respublikaya rəhbərlik edərkən yüzlərlə azərbaycanlı gəncin ittifaqın qabaqcıl ali təhsil müəssisələrində təhsil almasını təşkil edən müdrik dövlət xadimi müstəqil Azərbaycanın prezidenti kimi də bu ənənəni davam etdirib: “1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə ölkədə gənclər siyasətinin sistematik şəkildə tətbiqinə başlanılıb. 1996-cı ildə Heydər Əliyev müstəqil Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi haqqında sərəncam imzalayıb və həmin il, fevralın 2-də ilk gənclər forumu keçirilib. Bu forum gənclərimizin bir araya gəlməsi, öz fikirləri, təklifləri və problemlərini ölkə başçısına çatdırmaları, fikir, təcrübə mübadiləsi aparmaları, gələcəkdə fəaliyyətin əlaqələndirilməsi və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün gözəl imkan yaradıb. Buna görə də, indiyədək keçirilmiş 6 forumun hər biri gənclərin mütəşəkkilliyi və təşkilatlanması baxımından olduqca faydalı olub, onların dövlətin ümumi strategiyası ətrafında səfərbər olunmasına xidmət edib, ölkə rəhbərliyi və müxtəlif dövlət orqanları ilə əməkdaşlığın genişlənməsinə böyük töhfə verib. 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” qanun isə bu sahənin normativ-hüquqi tənzimlənməsi sahəsində aparılan islahatların nəticəsi olaraq bir sıra məsələlərə aydınlıq gətirib, hüquqi boşluqları aradan qaldırıb. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsi ilə, bir çox sahələrdə olduğu kimi, gənclərlə bağlı dövlətin siyasətində də yeni keyfiyyət mərhələsi başlanıb. 2005-ci ildə prezidentin sərəncamı ilə təsdiq olunmuş, 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı çərçivəsində gənclərin inkişafı, sağlamlığı, onların cəmiyyətin ümumi sosial-iqtisadi həyatına fəal inteqrasiyası, sosial problemlərinin həlli, təhsili, milli-ideoloji, yüksək əxlaqi və hərbi-vətənpərvər ruhda tərbiyəsi, sahibkarlıq fəaliyyətinə və dövlət (bələdiyyə) idarəçiliyinə cəlb edilməsi, vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği baxımından böyük işlər görülüb. Ölkə başçısının 2011-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bundan əvvəlki proqramda nəzərdə tutulan işlərin davamı, gənclər siyasəti sahəsində dövlətin fəaliyyətinin genişləndirilməsi, dəstəyinin artırılması baxımından böyük əhəmiyyət kəsb edib”.
E.Həsənli istər hökumət, istərsə də qeyri-hökumət xətti ilə gənclərimizin qayğılarının, sosial problemlərinin həll olunması, onların intellektual-mədəni səviyyəsinin inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Qeyd edib ki, ölkədə gənclərlə bağlı aparılan siyasət ordu quruculuğuna da öz müsbət təsirini göstərir: “Gənclər hərbi kollektivin sosial bazası sayılırlar. Bu günün gənci sabahın əsgəridir. Buna görə də, hələ mülki həyatda ikən yüksək mənəvi-əxlaqi dəyərlərə, siyasi dünya görüş və intellektual səviyyəyə, vətənpərvərlik ruhuna yiyələnmələri gənclərimizin gələcəkdə peşəkar hərbçi kimi formalaşmaları üçün imkan yaradır. Digər tərəfdən, hərbi xidmət zamanı gənclərimizə aşılanan yüksək vətənpərvərlik, ideoloji-siyasi, hüquqi və fiziki hazırlıq, məsuliyyət hissi, digər keyfiyyətlər onların cəmiyyətə faydalı, layiqli vətəndaşlar kimi yetişməsinə yol açır. Beləliklə, gənclər siyasəti və hərbi-siyasi və ideoloji hazırlıq bir-birini tamamlayır, nəticə etibarilə, eyni məqsədə xidmət edir ki, bunun özü də dövlətçiliyimiz üçün olduqca gərəkli amildir”.
“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov da Azərbaycanda gəclər hərəkatının sürətlənməsi prosesinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, ulu öndər ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bütün sahələrdə, o cümlədən gənclər siyasəti istiqamətində ciddi işlər görülüb: “Hamımıza məlumdur ki, o dövrdə ulu öndər Azərbaycanda bütün sahələrdə olan qanunsuzluqlara, özbaşınalığa, xaosa son qoydu. Bundan sonra gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilmə prosesinə başlanıldı. Gənclərin düzgün yöndə istiqamətləndirilməsi, onların potensialının reallaşdırılması üçün əməli işlərə başlanıldı. Bu mənada Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılmasını xüsusi qeyd etmək yerinə düşər. Ümummilli liderin təşəbbüsü ilə yaradılan bu nazirlik artıq dövlətin gənclərlə bağlı siyasətini peşəkarcasına həyata keçirən icra orqanına çevrilib. Ölkədə gənclərin hərtərəfli inkişafı üçün hüquqi-normativ sənədlər qəbul olunub, müxtəlif fondlar, təşkilatlar yaradılıb. Birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycanın gənclər siyasəti nəinki bölgədə, eləcə də dünyada və Avropada nümunə sayılacaq siyasətdir. Biz beynəlxalq tədbirlərdə Azərbaycan dövlətinin gənclər siyasəti barədə təqdimat apararkən onların gənclərimizə həsəd apardığının şahidi oluruq. Hazırda ölkədə bütün sahələrdə gənclərin potensialından səmərəli şəkildə istifadə edilir. Elm və təhsil sahəsində də biz bu siyasətin tətbiqini əyani müşahidə edə bilirik. Bir sözlə, gənclərimizin, gənc alimlərimizin nailiyyətlərinin kökündə Azərbaycanda uğurla həyata keçirilən ictimai-siyasi, sosial-iqtisadi siyasət dayanır. Azərbaycan dövləti və prezidenti bu siyasətin, diqqət və qayğı müqabilində gənclərdən yalnız ölkəmizi layiqli şəkildə təmsil etməyi, onun ictimai-siyasi həyatında daha da fəal olmağı umur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər