Date: 11 May 2018, 10:00,
Oxunma sayı: 990

23 yaşı var. Hamının keçdiyi yolla deyil, özünün yaratdığı yolla yerimək istəyir. Düşünür ki, insanın əlindəki ən böyük silahı kreativliyidir. Bu kreativliyi yaratmaq üçün isə öz üzərində daim işləyir. Ən əsası, qarşısına çıxan problemlərdən qorxmur. Deyir ki, hansısa işə başlayanda qorxdunsa, bir addım geri düşürsən. Ona görə, problemdən qorxmaq əvəzinə, onun üzərinə gedib həll etdikdə, uğur da səninlə olur.
Müsahibimiz gənc
startapçı, "Bakcell”in "AppLab” proqramının iştirakçısı, "Tusi” layihəsinin rəhbəri
Fuad Gülməmmədovdur.

"Ayıldım ki, həyatımı
dəyişməliyəm”
Fuad Bakı Mühəndislik
Universitetinin 4-cü kursunda təhsil alır. Amma, o, cəmi iki ildir oxumağa
başlayıb. Birinci və ikinci kursları isə xatırlamaq istəmir. "Tələbəlik illərimin
ilk iki ili "bərbad” keçib. Oxumağa, təhsilə meyilli deyildim. Əyləncəyə daha
çox vaxt ayırırdım. Ona görə də, 14 kəsrim yaranmışdı. Plansız yaşayırdım, həyatım
tam boşluqda idi. Qəfildən ayıldım ki, belə heç nə əldə edə bilmərəm. Həyatımı
dəyişmək qərarına gəldim. Gecə-gündüz oxudum və 14 kəsrimin hamısını bağladım.
Davamlı olaraq 5 semestr saat 9-dan-6-ya qədər dərslərdə olurdum. Yay aylarında
belə oxuyurdum. Bir sözlə, çox çalışdım və nəhayət, universitet həyatımdakı
bütün problemləri aradan qaldıraraq yeni işlər görməyə başladım”.
"Gənclər pulsuz işləmək istəmir”
"Startap”la məşğul
olmasından danışan Fuad deyir ki, insanı ətrafda buna cəlb edən səbəblər
çoxdur: "Oxuduğum kitablar məni çox dəyişdi. Hər dəfə özümə "kiməm, yaxud "kim
olmaq istəyirəm” sualını verirdim. Düşünürdüm ki, mən də uğur qazana, karyera
pillələrində yüksələ bilərəm. Düzdür, ilk günlər bəzi insanlar kimi həyatımdan
narazılıq edir, gənclərə imkanlar yaradılmadığından şikayətlənirdim. Sonra dərk
etdim ki, danışmaqla olmur, dəyişmək lazımdır. Universitet illərində xeyriyyə
işi ilə məşğul olurduq, ailələrə kömək etməyə çalışırdıq. Lakin 100 nəfər ailəyə
yardım etməklə inkişaf mümkün deyildi. Düşündüm ki, texnologiyanın yaratdığı
imkanlardan istifadə edərək sistemi dəyişə və daha çox insana xitab edə bilərəm.
Buna görə də fərdi iş, biznes sahələri ilə maraqlanmağa başladım və beləliklə,
startap mühitinə daxil oldum. Startapımı tanıtmaq üçün "Bakcell”in prestijindən
yararlanıram. Gənclər pulsuz işləmək istəmirlər. Bu səbəbdən layihəmi icra etmək
üçün komanda yığa bilmirdim. AppLabdan
sonra artıq developerlər nəinki maaş tələb edirlər, artıq özləri CV göndərirlər”.
Amazona rəqib
texnologiya
Layihənin adını dahi astronom, alim Nəsirəddin Tusinin şərəfinə adlandırıb: "Elon Musku daim izləyirdim və onun "Tesla” layihəsi ilə maraqlanırdım. Layihələrimdən birində qara dəliklər haqqında araşdırmalar aparırdım. Məhz, fizikanı da, Teslanı da həmin vaxt sevdim. Gördüm ki, avropalılar öz alimlərinə çox dəyər verir, adını yaşadırlar. Mən də dahi alimimiz Nəsirəddin Tusinin adını yaşatmaq üçün Tusi adını seçdim”.
Tusi tibb sahəsinə hansı yenilikləri gətirə bilər?
Tibb sahəsində
orqanların şəklini çəkib 3d ilə bir-birinə birləşdirmək mümkündür. Tələbə
vizual olaraq orqanları görə və onun üzərində rahatlıqla əməliyyat edə bilər.
Bu, əslində təkcə biznes sahəsi deyil, yeni bir texnologiyadır. Mühafizə sahəsində
isə kameralar insanın üzünü tanıdığı halda, "Tusi” vasitəsilə insanın sadəcə
üzünü deyil, bütün obyekti yaxınlaşdırıb göstərmək mümkün olacaq”.

"Riskləri sevirəm”
Fuad hesab edir
ki, bizneslə məşğul olmaq savaşa qatılmağa bənzəyir. Savaş meydanında səndən
yaxşı olan mütləq qazanacaq: "İdeya, fikir cəmiyyətə açıq olmalıdır. Biri sənin
işini səndən yaxşı bacarıb ortaya qoyursa, məğlubiyyətini etiraf etməlisən.
Yox, bacarığını göstərə bilirsənsə, deməli qazanacaqsan. Biznes dünyası savaş
meydanı kimidir, burada risklərdən də, uğursuzluqlardan da qorxmamalısan.
Biznesdə qorxmaq lazım deyil. Yaquar kimi atılıb bütün şansları qiymətləndirməliyik.
Uğursuzluqlara görə qətiyyən ruhdan düşmək olmaz. Çünki uğursuzluq insana həyat
dərsi keçir”.
"Kimsənin bilmədiyi
yolu getmək istəyirəm”
"Startap”ın çətinliklərindən
danışan həmsöhbətimiz bildirir ki, gənclər standartlardan kənara çıxmaq istəmirlər:
"Hamı iş axtarır, amma heç kim ortaya yeniliklər qoymur. Mənə də iş təklifləri
olub, amma standartlardan uzaq qaçıram. Ümidlərimi aylıq maaşa bağlamaq istəmirəm.
İşləyən insanları tapmaq startapçılar üçün çox çətindir. Hamı öz rahatlığında,
standart həyatında yaşamaq istəyir. Amma öz mağarasında yaşayan insanın heç
vaxt milyonçu olduğu görünməyib. Ortaya bir fərqlilik, əziyyət, məqsəd
qoymalısan. Məsələn, hansısa işə gedəndə insanın qarşısına sənədlər qoyurlar
ki, standartlarımız budur və hər şey standartlara uyğun olmalıdır. İşçi işə
başlamadan çərçivələnir. Startap sahəsində standartlar olmamalıdır. "Bakcell”in bizə ən böyük dəstəyi odur ki,
fikirlərimizi, ideyalarımızı dəyişmir, onlara dəstək olur. Öz standartlarını tətbiq
etməyə çalışmır. Mən kimsənin yazmadığı, bilmədiyi yolu getmək istəyirəm. O
yolu Azərbaycanda özüm yaratmaq istəyirəm”.

Həmsöhbətimiz sonda vurğuladı ki, "Tusi” proqramı insanların işini rahatlaşdıran proqramdır: "Hazırda alış-veriş sahəsində tətbiq edilir və uğurlu nəticələr də əldə edirik. "Bakcell” "AppLab” proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə, onların ideyalarını həyata keçirməyə kömək edir. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”.
Qeyd edək ki, Gənclər innovativ ideyalarını "AppLab”da həyata keçirirlər. "AppLab” layihəsinin iştirakçıları şirkətin "AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim imkanları ilə yanaş, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
Aygün ƏZİZ