AZE | RUS | ENG |


Gənc Azərbaycan “postmodernistləri”

Gənc Azərbaycan “postmodernistləri”
Bəzi yazarlar başqaları özlərini postmodernist adlandırıb, metaroman yazıb metatarix yaratdıqlarını söyləyirlər. Lakin bu əsərlərin janrını onların özlərinin əvvəlcədən necə müəyyənləşdirdikləri bizdə şübhə doğurur. Birinci, ona görə ki, bizdə hələ də postmodernist əsərlər təmiz şəkildə mövcud deyildir. İkinci, ən vacib məsələ postmodernizmin nəzəri bazası da  bizdə  açılmamış, işlənməmiş  qalmaqdadır. Qərbi Avropa və Amerika, Tür­ki­yə və rus ədəbiyyatşünaslığında problem xeyli dərəcədə işlənsə də, Azərbaycan ədəbiyyatşünaslığında, fəlsəfi-estetik fikrində məsələ aydınlaşdırılmamışdır. Adlarını çəkdiyimiz əksər gənc yazıçılar əsasən milli təfəkkürlü olduğundan onların mükəmməl nəzəri bazaya yiyələnmələri də hələ ki, inandırıcı görünmür. 
Postmodernizm özündə nə qədər "hibridlik” daşıyıb  bir sənət üslubu, tərzi kimi bütün situasiya və hallara uyğunlaşdırılıb arzu olunan istiqamətlərə çevrilməyə meylli olsa da, yalnız Qərb estetik fikri onun nəzəri və praktik bazasını  qurmağa daha yaxşı müvəffəq ola bilib. Bəs belə olduğu halda Azərbaycan postmodernistləri həmin nəzəri bazanın başlıca prinsiplərini yetərincə mənimsəməyə bilmişlərmi?! Bu sualın bizdə təsdiqedici cavabı olmayacaqdır. Mətni istədiyin kimi eybəcər hala salmaq hələ də postmodernistlik hesab oluna bilməz. Bunu biz Azərbaycan  postmodernistlərinin əksəriyyətinin əsərləri ilə tanış olduğumuza görə söyləyirik. Azərbaycanda cücərməkdə olan postmodernist təzahürlər, bu estetikanın bədii-fəlsəfi strukturunu, kompozisiyasını, məzmun və mahiyyətini hələ nə cıza bilməmiş, nə də müəyyənləşdirmişdir.   
Maraqlıdır ki, Azərbaycan postmodernlərinin əksəriyyəti həm nəzm, həm də nəsr  nümunələrində "qüvvə”lərini sınayırlar. Məsələn, H.Herisçi "Nekroloq”, "Konspiroloq” romanı ilə yanaşı, "Bu şeir Bayıl zindanında ölümə məhkum olunmuş Əhədlə vidalaşdığımdı…”, "Ey, mənə bənzər insan”, "Mən daim səni axtarıram…”, "Ağıllı kukla” və s. kimi çoxsaylı şeirlər də yazmışdır. "Konspi­roloq” kitabında müəllifin dediyinə görə o, burada qırx sirrin üstünü açıb. Kitabda ədəbi mətnləri, layihələri deşifrə edib. Guya əsərdə həqiqi mətn üzdə yox, dərinlikdə, gizlindədir. O, pərdə arxasında olan andeqraund ənənələrinə söykənilməklə Əl Ərəbi, Rixard Zorge, Benksi, Davud Münşizadə kimi fərqli və məxfi fiqurların yeni portretlərini yaratmağa müvəffəq olub. Əsərdə  "Tehran 43”, "İki qadın”, "Sehrli xalat”, "Pijamalı təyyarəçilər”, "Bir cənub şəhərində” filmlərindən mesajlar təqdim etməklə guya Birinci və İkinci Dünya müharibələrinin əsl səbəblərini  öz yozumunda ortaya qoyub. 
Həmid Herisçi Disput.az.saytına verdiyi müsahibədə təsdiqləyir ki, Azərbaycana postmodernizmi mən gətirdim, mən də aparıram. Bunu necə başa düşmək lazımdır?! Bizcə, postmodernizm ədəbi-fəlsəfi-estetik bir istiqamət, cərəyan kimi lokal mədəni  hadisə deyildir. Buna görə də onun digər sənət cərəyanları kimi məqamı yetişəndə  hər hansı regionda, mədəniyyətdə gəlişməsi zəruriyyətə çevrilir.
Aqşin Yeniseyin "postmodernist” "şeirləri” şeirdən daha çox publika üçün əxlaqsızlığı nümayiş etdirməyi qarşıya məqsəd qoyur. Bu mətndə estetiklikdən daha çox estetiksizlik oxucunu qıcıqlandırır. Oxucunun (tədqiqatçının) mətnə (onun müəllifinə) nifrəti daha çox artır. Təəssüf ki, digər çağdaş postmodernistlərimizin də yazdıqları Aqşinin quramalarından, "şeir”, "fikir”, "ideya” icadından o yana getmir. Belə hal təəssüfedici olsa da, onun bu gün ortada olduğunu da inkar etmək doğru olmazdı.     
Müəllif fikir söyləməkdə sərbəstdir, azaddır. O, heç bir siyasi-iqtisadi, sosial-mədəni hədlərin və dairələrin içində qapanıb qalmaq istəmir. O, fikrini nə klassik, nə yeni dövr, nə XX əsr ədəbi-mədəni ştampları içində saxlamaqda maraqlı deyildir. Bir sözlə, müstəqildir. Olsun. Buna biz də heç nə demirik. Amma azad, sərbəst fikir söyləmək üçün məgər özünə postmodernist deyən kəs öz fikir və düşüncəsini yalnız tərbiyəsiz sözlərdən yoğurub, özünü çılpaq şəkildə oxucunun gözü qarşısında qoymalıdır?!. Bəziləri deyə bilər ki, postmodernist düşüncə elə tabuların faş edilməsi ilə ortada durur. Bizsə soruşuruq: Məgər tabular aradan götürüldükdə böyük sənət nümunələri yaranır?! Yoxsa bizim postmodenistlər qulaqlarında sırğa ediblər ki, postmodernist düşüncə hər yerə, hər şeyə nüfuz etdiyindən, o belə şəkildə hər şeydən ola bilər. Qərb estetikasında bunun müəyyən hədləri, qəlibləri var və bunun praktik istifadəsi nəzəri bazayla da möhkəmləndirilir. Bəs bizimkilər bunu necə başa düşürlər? Hər halda nəzərdən keçirdiyimiz əksər nümunələrdə gənc Azərbaycan yazarlarının postmodernist düşüncəni nə şəkildə dərk etmələri bizim üçün hələ də aydınlıq yaratmır.
Xaqani Hassın yazdığı guya sürrealist "Gül və Panoptikon”, "Böyüməyə proloqamena” ("Panoptikon” sözünün mənasını başa düşə bilmədik. Lakin "panoptikum” sözünün olmasından xəbərdarıq. Bu söz "pan” və yunanca "optikos” birləşməsindən əmələ gəlib "unikal, nadir əşyalar yığını” mənasını verməkdədir. Panoptikon”u necə başa düşək?!,  "... proloqamena” sözü də bu qəbildəndir.) şeirlər kitabı ilə bərabər, həm də "Müasir insanın iyi”, "Burdalıq”, "Ən böyük cinayətin şahidi olmur”, "Ölümün taleyi”, "Azad seçim”, "Tarixin obyektiv inkişaf meylinə etiraz”, "Natürmort sevgi”, "Kölgənin ölümüdür qaranlıq” və s. nümunələri hiss və duyğularımızı qətiyyən riqqətə gətirmir. Yaxud Xaqani Hass öz oxucularıyla görüşür. Onlara cəmiyyət, müstəqil düşüncə haqqında nələrisə demək istəyir. Lakin bütün bunlar müəllifin fərdi yaradıcılıq istiqaməti ilə təsdiqlənmir. Məlumdur ki, bədii ədəbiyyat cəmiyyət həyatının barometri olmalı, onun istəklərinin, arzularının, ehtiyac və tələblərinin ifadəçisi kimi çıxış etməlidir. Gənc Azərbaycan postmodernistləri  isə bunları  hələ də ifadə etməkdə əziyyət çəkirlər.
İlk baxışda böyük rus şairi V.Mayakovskinin təbirincə desək, doğrudan da, "poeziya – yezda v neznayemoye” (ümumiyyətlə, bədii yaradıcılığın özü), "naməlum bir aləmə  səyahətdir”. Lakin bu gedişlərin də hər halda nəyəsə söykənməsi, nədənsə qidalanması mütləq ortada olmalıdır. Yoxsa ağlına gələni, eynindən keçəni qələmə alıb, ona əsər (üstəgəl postmodern möhürü vurub) adı  vermək, zənnimizcə, normal əndazədən kənardır. Ədəbiyyatın ən böyük missiyası tərbiyələndirmək, yüksək bədii-estetik zövq formalaşdırmaq və aşılamaq,  sözə, ifadəyə, frazaya xoşa gələn, qəlb oxşayan görkəm verməkdən ibarətdir. Ən başlıcası isə bu sözlərin, fikirlərin strukturu, duruşu, məzmunu, mənası, fəlsəfi, estetik naxışı oxucuda xoş ovqat yaratmalıdır.
Baxın, Türkiyə ədəbiyyatında nə baş verdi. Orxan Pamuka qədər (1982-ci il) bu ədəbiyyatda postmo­dernizmi yamsılayan əsərlər yaranmışdı. Bu daha görümlü şəkildə isə məhz Orxan Pamukda özünü təzahür etdirdi. Lakin həmin postmodernist düşüncə Tənzimat təfəkkürü içində ortada dayanırdı. Bununla belə türk postmodernist romanlarının gəlişməsinə modern romanlar təkan verdi. Məsələn, Pınar Kürün, "Yarın-Yarın” (1976), "Küçük oyunçu” (1977), "Asılacak kadın” (1979) və s. kimi romanları sonra Pınarın postmodernist tərzdə yazdığı "Cinayət Romanı”nı ortaya çıxardı. Bizim "postmodernistlər” bu məqama diqqətlə yanaşmalıdırlar. Ümumiyyətlə, sənətin bir ədəbiyyatdan, bir ölkədən digərinə daşınması yalnız şərti xarakterlidir. İctimai-siyasi, mədəni-iqtisadi şərait yaranmayınca onun ortaya çıxması müşkül məsələdir. Bununla belə ədəbiyyatımızın inkişafına kim zərrə qədər kömək etməyə səy göstərirsə, biz onları bütün hallarda  dəstəkləyəcəyik. Ədəbiyyatımızın milliliyini və estetikliyini qorumaq lazımdır, dostlar. Xalqımızın milli-mənəvi dəyərlərinə sayğı ilə yanaşın. Tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın sabahı naminə. 
 
Nizami Tağısoy
professor

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008