• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Gənc alim professorun kitabını alt-üst etdi

23.05.13 09:00 9099
Gənc alim professorun kitabını alt-üst etdi
Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü ana dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə qalxmasını zəruri edir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda yer alan əsas vəzifələr sırasına ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması daxildir. Dilçilik sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi məsələsi də sənəddə yer alıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasovla söhbətimiz də bu barədədir.
Fundamentallıq adı altında
- Bu gün Ana dilimizin qarşısında duran mövcud qüsurlar və problemlər nədən ibarətdir?

- Müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi narahatçılığın başlıca səbəbidir. Dövlətin ana dilinə olan qayğısının müqabilində qarşımızda duran başlıca vəzifələrdən biri dili mövcud qüsur və pərakəndəliklərdən qoruyaraq sabit qrammatik qaydaları bərpa etməkdən ibarətdir. Qrammatik əsaslar üzərində formalaşmış Azərbaycan ədəbi dili bu gün müəlliflərin əsərlərində, bəzi mətbu orqanların yazılarında, radio və televiziya kanallarındakı verilişlərdə, küçə və meydanlardakı reklam və afişalarda, klub və cəmiyyətlərdə “ziyalı” elitalar arasında gedən söhbətlərdə və çıxışlarda, xüsusən özlərini ana dilimizin qayğıkeşi kimi göstərən alim-professorların dilçiliyə dair yazdığı əsərlərin özündə belə az qala məhdudlaşıb. Halbuki dilimizin hüdudsuz ifadə imkanları var. Dün¬ya dilçiliyi ilə səsləşən nəzəri-praktik əhəmiyyətə malik elmi-fundamental əsərlərin yazılması və yazılan əsərlərdə dilimizin qrammatik qayda-qanunlarına riayət edilməməsi ən ciddi məsələlərdən biridir.
- Yeri gəlmişkən, bu yaxınlarda AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktor əvəzi, professor Fəxrəddin Veysəllinin “Dilçiliyin əsasları” adlı kitabı nəşr edilib. Bu əsəri dilçilik elmi üçün hansı yenilikləri vəd edir?

- Kitabın “Giriş” hissəsində dilimizin taleyi Fəxrəddin Veysəllinin proqnozlarına görə yaxşı heç nə vəd etmir. Ancaq kitab işıq üzü görər-görməz həm şifahi, həm də yazılı olaraq gurultulu təriflərə qonaq edildi. Bir sıra qəzetlərdə kitabı “fundamental dilçilik əsəri – Azərbaycan elminə yeni töhfə”, “Dilçilik elmimizi xeyli irəli aparan əsər”, “Əsaslı dilçilik əsəri” adlandırdılar. Həmçinin “Fəxrəddin müəllimin yazdığı bu əsəri dərk etmək üçün vaxt tələb olunur” deyə qeyd olundu. Məqalə müəllifi “Fəxrəddin müəllim dilin əmələ gəlməsi barədə “Şir nərildəyir, eşşək anqırır, dana böyürür, qoyun mələyir, çaqqal ulayır, it hürür və s.” kimi çox “maraqlı” fikirlərini səsləndirir. Mətbuat səhifələrində yeni bir kəşf kimi dəyərləndirilən kitabın müəllifi ana dilimizin yeganə qayğıkeş fədaisi kimi təsvir olunur, onun elmi-linqvistik faktları təhrif etməsi cəsarətlilik kimi qiymətləndirilir.
- Bəs gerçək vəziyyət necədir?

- Bir şeyi tam əminliklə deyə bilərəm ki, elmə, mədəniyyətə göstərilən dövlət qayğısından sui-istifadə edərək, elmi məziyyətləri çox-çox aşağı olan bir əsəri ictimaiyyətə “şedevr” kimi təqdim edib elmi yanlışlıqları bilə-bilə ört-basdır etmək çox zərərli tendensiya olmaqla vicdanın aşınması prosesidir. Əlbəttə, elmi dərəcəli və elmi adlı alimlərin bu işdə məsuliyyəti daha böyükdür. Bu həm də dövlətimizin yüksək titullu alimlərə etibar etdiyi elm adlı əmanətə xəyanətdir.
Fəxrəddin Veysəlli kitaba yazdığı “Ön söz”də Azərbaycan dilçiliyinin inkişafını şübhə altında qoyan bədbin proqnozlar verir, fəqət əl yeri də qoyur. Bu bir növ pasiyentin həkimə müraciət etməsi və Hippokrat andını unutmuş bir həkimin pasiyenti bilərəkdən həyəcanlandırıb özündən asılı salmağa çalışmasına bənzəyir.
“Alimlər alimi” eyforiyası
- Ümumiyyətlə, dilçilik elmi sahəsində gənc, istedadlı kadrlara şərait yaradılırmı?

- Bilirsinizmi, problemin kökü nədədir yüksək potensiala malik gənc istedadlı kadrların burunlanmasında, onlara qarşı qısqanclıqda, mənəm-mənəmlikdə və bunun kimi digər mənfi keyfiyyətlərdədir. İnternetin olmadığı zamanlarda elmi ədəbiyyatın gizlədilməsini, zəif elmi potensiala malik, fəqət yarınmağa meyilli olanlara “kadr” etiketi vurub diplomla təltif etməyi də buna əlavə etmək olar. Nəhayət, “Var da mənəm, yox da mənəm” deyərək şöhrətin zirvələrini fəth etmək arzusu ilə “alimlər alimi” olmaq eyforiyasına qapılmaq və elmin inkişafına əngəl olmaq. Fəxrəddin Veysəlli yazır ki, ölkəmizdə çoxsaylı diplomlu fəlsəfə və filologiya doktorlarının arasında bir-iki nəfəri çıxmaq şərtilə dünyanın qabaqcıl dilçilik elminə xarici dillərə çıxışı olan yoxdur. Bu da, sözsüz, dilçilik sahəsində vəziyyətin o qədər də ürəkaçan olmaması deməkdir. Mən bir şeyi başa düşə bilmirəm: məgər Fəxrəddin müəllim kimə rəy və diplom verdiyini bilmir? Bir şəxsin elmi rəhbəri olur, ona diplom verilməsinə müsbət rəy yazır, sonra da həmin şəxsi “ürəkaçan” kadr olmamaqda ittiham edir, kadr yoxluğundan gileylənir. Belə çıxır ki, Fəxrəddin Veysəllinin 70 yaşa qədər səmərəli fəaliyyətinin nəticəsi yalnız, özünün də etiraf etdiyi kimi, “bir-iki fəlsəfə doktoru” ilə məhdudlaşır. Bəs qalanları? Onda “çoxsaylı diplomlu fəlsəfə və filologiya doktorları” adlandırdığı həmin şəxslərə diplomlar hansı kriteriyalar əsasında verilib? Axı bu gün də Dilçilik İnstitutunun nəzdindəki Dissertasiya Şurasında həmin müdafiələr məhz onun rəhbərliyi altında təşkil olunur.
- Sizcə problemin həllini nədə görürsünüz?

- İnanın ki, nə populist çıxışlar, nə səsli-küylü təkliflər, nə də başdansovdu qələmə alınan kitablar problemin həlli yoludur. Problemin bir həll yolu var: enerjili, ləyaqətli, elmə sonsuz həvəsi olan, həmçinin xarici dil, xüsusilə ingilis dilini bilən və internet resurslarından istifadə etməyi bacaran, dilçilik problemlərinə operativ şəkildə müdaxilə edən, elmi istinadlarında dürüst və sərrast olan istedadlı gəncləri qısqanclıq etmədən qayğıkeşliklə elmə dəvət etmək. Belə istedadların sayı yüzlərlədir.
Cəfəngiyat

- Fəxrəddin Veysəlli “Dilçiliyin əsasları”nı bakalavr və magistrlər, dissertant və doktorantlar, habelə dilçiliklə maraqlanan digər mütəxəssislərin istifadə etməsini nəzərdə tutur. Sizcə, bu əsər tədris üçün yararlı ola bilər?

- Təəssüf ki, kitab elmi dəqiqliyi və fundamentallığı özündə əks etdirmir və hər səhifəsi əsaslı tənqidlərə tuş gəlir. Fəqət bunları bir və ya bir neçə məqaləyə, yaxud kiçik həcmli bir kitaba sığışdırmaq mümkün deyil. Əsərdə qrammatik qaydalara riayət olunmur. İrəli sürülən müddəalar yarımçıqdır və verilən misallarla nitq təəssüratı arasında maneələrin olması ekspressivliyi pozur. Müəllif dilin əmələ gəlməsi haqqında istinad etdiyi tarixi faktların mənbəyini təhrif edir. Əksər hallarda xarici dillərdən gətirdiyi misallar yanlışdır və həmin dillərin qrammatik təhrifindən başqa bir şey deyildir. Onun Azərbaycan dilində izah etməyə çalışdığı fikirləri çox vaxt həm sintaktik, həm də üslub cəhətdən natamam və qüsurlu olduğundan məna ifadə etmir. Qrammatik-orfoqrafik səhvlər, durğu işarələrinin yerli-yerində işlədilməməsi faktları, demək olar ki, hər səhifədə mövcuddur. Elmilik təsəvvürü yaratmaq üçün kitaba daxil edilən terminlər əks effekt verərək anlaşılmazlığa səbəb olur. Əsər, dilçiliyin əsaslarını əsaslandırmaq və aydınlaşdırmaq əvəzinə, əsas etibarilə özünəvurğunluq və başqalarını ittiham etmək üzərində qurulub.
Bir az da dərinə getdikdə görürük ki, kitabda fundamentallıqdan əsər-əlamət yoxdur. Fəxrəddin Veysəllinin Azərbaycan dilindən savayı, ingilis, rus, ərəb, fransız, hətta ispan və italyan dillərinin qrammatik materiallarını təhrif olunmuş şəkildə təqdim etməsi qocaman bir alimin “yaradıcılıq” faciəsindən xəbər verir. İş ondadır ki, Fəxrəddin Veysəlli “Biz dilimizin qayğısına qalmalıyıq”, “Köhnə qrammatikanı bir kənara qoyub yeni qrammatika yazmaq”, “Dilimizin qrammatik qayda-qanunlarına əməl edək” kimi tövsiyələrin və tələblərin müqabilində dilçilik faktlarının təhrifi ilə yanaşı Azərbaycan dilinin sintaktik və üslub qaydalarını cəsarətlə pozur, durğu işarələrini yerli-yerində işlətmir və bu hal əsər boyu müşayiət olunur.
Kitabda müəllifin bir-birinə zidd fikirləri, məntiqi-üslubi cəhətdən qıt və dolaşıq cümlələri bir-birini təqib edir. Hələ kitabın hər səhifəsini çulğamış qrammatik-orfoqrafik yanlışlıqlardan danışmıram. Gah əcnəbi dilləri yaxına buraxmamağı təkidlə tələb edən, gah 4-5 dil bilməyənləri qınayan, gah da elmin və texnikanın inkişafı ilə əlaqədar lüğət tərkibimizə daxil olan neologizmlərin əleyhinə çıxan Fəxrəddin Veysəlli dilçiliklə bağlı ciddi elmi diskussiyalar açmaq əvəzinə, əsər boyu dil faktlarını təhrif edir, qəbul olunmuş ədəbi dil normalarına riayət etmir. Kitabı oxuduqca bir-birini təkzib edən yorucu fikirlərdən usanır və qrammatik qaydalardan istefa vermiş üslub anlaşılmazlığından təngə gəlirsən.
- Müəllif həmçinin kitabda Azərbaycanın şimal bölgəsindən olan etnik azlıqların nümayəndələrini və Naxçıvandan olanları ana dilimizin orfofonok qaydalarını pozmaqda qı¬naq obyektinə çevirir. Məgər ləhcə, şivə, yaxud dialektlərdə orfofonik, yaxud orfoepik qaydaların pozulması qınağa çevrilməlidir?

- Bütün dillərdə danışıq şəraitindən və danışanların ictimai və məhəlli mənsubiyyətindən asılı olaraq meydana gələn danışıq müxtəlifliyi vardır. Ləhcə, şivə, yaxud dialektlərdə orfofonik, yaxud orfoepik qaydaların pozulması dünya dil təcrübəsində heç də məzəmmətlə qarşılanmamışdır. Bir də unutmamaq lazımdır ki, ədəbi dil həm də ləhcələrin əsasında zənginləşərək, saflığını və orijinallığını qoruyub saxlayıb. Ləhcələrdən götürülmüş söz və ifadələrin ədəbi dilə uyğunlaşdırılması prosesi tarixin bütün mərhələlərində davam edib. Ona görə də Azərbaycan ədəbi dilindən söhbət gedirsə, şimal bölgəsindən olan etnik azlığın nümayəndələri ilə Naxçıvandan olanlar arasında paralellər aparıb onların Azərbaycan dilinin ünsiyyət prosesinə çətinlik gətirməsi fikrini iddia etmək cəfəngiyatdır.
- Azərbaycan dilinin qrammatikasının dəyişdirilməsinin zəruriliyini vurğulayanlara sözünüz...

- Bu gün Azərbaycanda dilçiliyin inkişafına dair imzalanan fərman və sərəncamlardan irəli gələn məsələləri düzgün anlamaq və fəaliyyəti məhz düzgün istiqamətdə qurmaq lazımdır. Sui-isti¬fa¬də hallarına yol verilməsi imkansızdır. Qoy bu gün kimsə dilçilik sahəsində zəhmət tələb edən və görülməsi çox vacib olan ciddi işləri bir kənara qoyub populist müsahibələr verərək əlifbamızın, hət¬ta uzun illərdən bəri qrammatik əsaslar üzərində formalaşmış, öz sözünü demiş və mövqeyini möhkəmləndirmiş, minlərlə qiymətli əsərlərin yazıldığı və yaddaşlarda həkk olunmuş ünsiyyətin qurulduğu Azərbaycan dilinin qrammatikasını dəyişmək sevdasına düşməsin! Bu, bizim ana dilimizdir. Nə alman, nə ərəb, nə fransız, nə də rus dilidir. Bu, Azərbaycan dilidir.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər