• çərşənbə axşamı, 19 mart, 15:33
  • Baku Bakı 8°C

Gənc aktyorların əmisi-FOTO

23.08.19 11:21 12075
Gənc aktyorların əmisi-FOTO
Mən aktyoram,
Aktyor ekranda fironluq eylər.
İşıqları yananda,
Səhnədə ağlayar-gülər.
Dondan dona girərik,
Sevilərik sevərik
Milyon həyata gəlib,
Milyon dəfə ölərik.

Vahid Əzizin "Aktyor” şeirində deyildiyi kimi, aktyor səhnədə ağlayar da, gülər də, yeri gələndə ağladar və güldürər də. Elə dünən qəfil dünyasını dəyişən aktyorumuz Məhərrəm Qurbanov kimi. Avqustun 19-da beyin insultu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Məhərrəm Qurbanov 21 avqustda dünyasını dəyişsə də, 22 avqustda torpağa tapşırıldı. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyorlarından olan M.Qurbanov 60 yaşında həyatla vidalaşdı.

30 ildən çoxdur bölgə və paytaxt teatrlarında çalışan mərhum sənətkar 1988-ci ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 8 ilə yaxın bu teatrda müxtəlif səpkili rollar oynadıqdan sonra, 1996-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Mülayim səs tembri, obraza fərqli yanaşma manerası və komik situasiyalardan ustalıqla çıxma bacarığı ona bu sənət məbədinin səhnəsində çoxsaylı obrazlar yaratmaq imkanı verib. Azərbaycan teatr tamaşaçılarının yaddaşında Əbülhəsən ("Subaylarınızdan görəsiniz”, S. Ələsgəriov, İ. Məlikzadə), Kar kişi (”Hələlik”, E.Sabitoğlu, R.Əhmədzadə), İnzibatçı ("Nəğməli könül”, E.Sabitoğlu, X.Hasilova), Cangüdən ("Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva), Xanış ("Məhəbbət oyunu”, C.Quliyev, Q.Rəsulov), Cəfərqulu ("Məsmə xala dayımdır” , R.Mustafayev, C.Məmmədov), Totuş ("Talelər qovuşanda”, R. Hacıyev), Sərxoş ("Bəydullanın möhtəşəm toyu”, R.Əkbər), Parnak ("Bir günlük siğə”, S.Fərəcov, R.N.Güntəkin), Məlik ("Aldın payını, çağır dayını”, V.Adıgözəlov, Anar), Səlim ("Şeytanın yubileyi”, O.Rəcəbov, A.Babayev), Eynulla ("Amerikalı kürəkən”, R.Mirişli, M.Haqverdiyev), Poçtalyon (” Şəhərdə manyak var”), S. Fərəcov, Ə. Nesin), Niyaz ("Matəm marşı və yaxud gözünüz aydın”, M.Məmmədov), Stepan ("Evlənmə”, N.V.Qoqol), Bibioğlu ("www. fərzəli-kef.com”, E.Sabitoğlu, C.Məmmədov), Qəzetçi Rza ("O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Nağılçı ("Yatmış gözəl və cırtdanlar”, A.Sadıqov), Axund ("Toya bir gün qalmış”, Ə.Səmədli), Padşah ("999-cu gecə”, F.Əmirovun musiqiləri əsasında), Əmirqulu ("Baladadaşın toy hamamı”, Elçin, F, Allahverdi), Qədir ("Molla Nəsrəddinin beş arvadı”, İ. Sadıqov, tərc. D. Mustafayev), Molla və Naçalnik ("Hacı Qara”, M.F. Axundzadə), Sərxoş ("Balaca Şahzadə” , A.S.Ekzüperi, R.Ağababayev) kimi tamaşalardakı obrazları ilə yaddaşlara həkk oldu. M.Qurbanov eyni zamanda həm də "Qız qalası” (2000), "Qəmbər Hüseynli” (2007), "Ayrılıq imiş” (2008) kimi sənədli filmlərdə, bir çox seriallarda irili-xırdalı müxtəlif səpkili obrazlar yaradıb.
Onun vaxtsız ölümü tamaşaçıları və dostlarını məyus etdi. Dünən torpağa tapşırılan mərhumun yaxın sənət dostları, birlikdə çalışdığı incəsənət nümayəndələri sənətkarla bağlı xatirələrini bizimlə bölüşdülər.

Xalq artisti İlham Namiq Kamal mərhum sənətkarla teatrda bir çox tamaşalarda tərəf müqabili olduğunu, onunla çalışdığı tamaşalardan məxsusi zövq aldığını dedi. M.Qurbanovu nəinki bir həmkar, yaxşı dost kimi hər zaman gözəl xatırlayacağını qeyd etdi: "İstedadlı sənətkarları tarix heç zaman unutmayacaq. Çünki bu insanlar çox təvazökar və sadəlövh olurlar. Məhərrəm Qurbanov da belə sənətkar idi. Heç kimin ağlına gəlməzdi ki, biz onu belə vaxtsız itirərik. 60 illik yubileyini qeyd etməyə hazırlaşırdıq. Demək ki, qismətində yox imiş”.
2005-ci ildə mərhum sənətkarla "Şeytanın yubileyi” tamaşasında tərəf müqabili olduğunu xatırlayan xalq artisti o illəri unuda bilmədiyini dedi: "Məhərrəm Qurbanovla birlikdə bir çox tamaşalarda tərəf müqabili olmuşam. Onunla bir səhnəni paylaşmaq və tərəf müqabili olmaq insana zövq verirdi. Musiqili teatrın repertuarının 90 faizində Məhərrəm Qurbanovun tamaşaları var idi. Çox zəhmətkeş, yerini bilən, nurani biri idi. Belə insanlar Azərbaycan teatrında azlıq təşkil edir. Bu gün həyatda da özünü səhnədə hiss edən, aktyorluq edənlərin sayı çoxdur. Ancaq Məhərrəm bu qeyri-səmimilikdən uzaq biri idi”.

Məhərrəm Qurbanovun yaxın dostlarından olan Elxan İsmayılov mərhum sənətkarı göz yaşları ilə xatırladı: "Torpağın üzü soyuq olur və sən ora getdinsə, hər şey bitir. Ancaq elə insanlar var ki, onlar unudulmur. İnsan bu dünyadan özü ilə ancaq illər ərzində yığdığı hörməti aparır və mən bu gün Məhərrəm müəllimi torpağa tapşıranda insanların gözündəki yaşın, onun üçün sözün əsl mənada heyfsiləndiklərinin şahidi oldum. Bu, Musiqili Teatr və mənim üçün çox böyük itki oldu. Hislərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. O adam yaxşı dostluğu və həmkarlığı bacarırdı... Mənim ən çətin günlərimdə Məhərrəm Qurbanov yanımda idi, arxam-dayağım olub. Tez-tez görüşürdük, dərdləşirdik və biz onunla ailəvi dost idik. Dərdimiz ortaq idi və onun xəstələndiyini eşidəndə bir də gördüm ki, artıq xəstəxanadayam. Son günlərini onunla bərabər keçirdim. Heç ağlımın ucundan keçirməzdik ki, Məhərrəmi belə tez itirərik. Bilirdim ki, ayaqlarında ağrıları var, şəkəri qalxmışdı və müalicə olunmasından da xəbərdar idik. Amma heç ağlıma gəlməzdi ki, damar tutular və beyninə qan sızar. Məhərrəm çox sağlam görünürdü. Səhhətində olan problemləri açıb-ağartmağı sevməzdi. Onu keçmişdəki insan kimi xatırlaya bilmirəm və biz onunla doğma qardaşdan da ötə idik. Sanki doğmamı itirmişəm. Mən onu heç zaman unutmayacam!”
20 ildir ki, mərhum sənətkarla teatrda eyni otağı paylaşdığını deyən E.İsmayılov onu hər zaman xoş xatirələrlə anacağını deyir: "Sərt fikirlərini belə o qədər şirin və baməzə ifadə edirdi ki, qarşısındakı insanın qəlbinə dəymirdi. Hər hadisəyə bir baməzə cavabı var idi. Teatrın gəncləri ona "əmi” deyə səsləyirdilər. O bizim gənc aktyorların əmisi idi. İstedadlı aktyor idi, özünü gözə soxmağı sevmirdi və «mən» kəlməsindən çox az istifadə edirdi. Ona hansı obraz həvalə olunurdusa, səssiz çıxıb obrazını canlandırırdı və bununla kifayətlənirdi”.

M.Qurbanovun yaxın dostlarından tanınmış aktyor və rejissor Elçin İmanov deyir ki, onunla dostluğu 1997-ci ildən başlayıb: "Məhərrəmlə həm bir yerdə işləyir, həm də teatrda eyni otağı paylaşırdıq. Xeyrimiz-şərimiz, sözümüz söhbətimiz bir idi. Yaxın dostdan əlavə, oğlumun kirvəsi idi. Onunla doğma münasibətimiz vardı. Onu dünyanın ən səmimi insanlarından biri kimi xatırlayıram və ömür boyu da elə xatırlayacam. İyunun 24-də 60 yaşını ailəsi ilə birlikdə qeyd etmişdi. Ancaq planlaşdırmışdıq ki, oktyabrda teatrın kollektivi və sənət dostları ilə birlikdə yubileyini keçirək. 60 illik yubiley ona qismət olmadı. Səhhətində problem olsa, vəziyyəti ağır olsa, onu itirmək bizə belə təsir etməzdi. Hadisə olan günü Əzizağa Əzizovla birlikdə çay içmişdilər və o gecə mənimlə görüşməli idi. Ancaq bəzi səbəblərdən görüşümüz alınmadı. Axşam evə gedib və başının ağrıdığını deyib. Anidən yerə yıxılıb və beyninə qan sızıb. Nə ailəsinə, nə də dostlarına bir kəlmə də olsa son sözünü deyə bilmədi. Onun yoxluğuna inana bilmirəm. Artıq onu dəfn etmişik. Ancaq yaşadıqlarıma inana bilmirəm. Hər zaman bizimlə və ürəyimizdə olacaq”.

E.İmanov onu gözəl insan və peşəkar aktyor kimi xatırlayır: "Bir serialda adi 10 dəqiqəlik epizod canlandırdığı aktyor yoldaşları belə, dünən onun dəfninə gəlmişdilər. Mən dünən onun dəfnində elə insanlar gördüm ki… Bir dəfə gördüyü insanlar onun üçün göz yaşı tökürdülər. Bu, hər kəsə qismət olmur. Təəssüf ki, bir aktyor kimi onun potensialından kifayət qədər istifadə olunmadı. Məhərrəm Qurbanov açılmamış kitab idi. Ondan daha çox istifadə etmək olardı. Bizim də alın yazımız belədir. Məhərrəmin yeri teatrda çox bilinəcək. Əsas də biz dostları üçün. Onunla teatrda eyni otağı paylaşıram, yoxluğunu hər zaman hiss edəcəm”.
"Ər quyusu” filmində baş rolunu canlandıran mərhum sənətkar hər zaman bizimlə söhbətində bu obrazını çox sevdiyini və çəkiliş prosesində xeyli əyləndiyini deyirdi. Bildirirdi ki, bu filmin 5 günlük çəkiliş prosesinə bir çox xatirələr sığdırıb.
Filmin rejissoru Səidə Haqverdiyeva onu istedadlı aktyor və müsbət xarakterə malik insan kimi yad edir: "Məhərrəm Qurbanovla 3 il bundan öncə tanış olmuşdum. Çəkəcəyim "Ər quyusu” filmində mənə ata obrazı üçün məsum üzlü, gözlərində məhəbbət, sevgi olan, qayğıkeş və gözəl ləhcə ilə danışa biləcək aktyor lazım idi. Məhərrəm müəllim filmim üçün ən uyğun aktyor idi. Gülümsəməsi, təbəssümü gözlərimin önündən getmir. Çox mehriban, səmimi, gülərüzlü biri idi, danışmağı sevməzdi. Ömrüm boyu onu xeyirxah, mehriban, gülərüz bir insan kimi xatırlayacam. "Ər quyusu” ilk filmim idi və mən çox təcrübəsiz idim. Filmin çəkiliş prosesində onun heç bir kaprizini, şikayətini görmədim. Hər zaman üzü gülsə də gözlərində kədər və hüzn vardı. Çox yumşaq xasiyyəti vardı, xüsusilə uşaqlara qarşı çox mehriban idi”.
Mərhum aktyorun yumor hissinin güclü olduğunu deyən S.Haqverdiyeva onu hər zaman gözəl insan kimi xatırlayacağını bildirir: "Filmdə Məhərrəm müəllimin Rəsmiyyə xanımla yataq səhnəsi var idi. Bu səhnə birinci dublda yaxşı alınmadı və biz ikinci dublu çəkəsi olduq. Bu dəfə çox gözəl alınmışdı və mən sənətkara "bu səhnə əla alındı, kifayətdir” dedikdə qayıtdı ki, bəlkə yataq səhnəsini üçüncü dəfə çəkək. Biz gülməyə başladıq. Rəsmiyyə xanım dedi ki, deyəsən, Məhərrəmin yeri rahatdır və bu səhnəni təkrar oynamaq istəyir. İndi bunları gülərək xatırlayırıq. Çox heyf, Allah rəhmət etsin, yeri cənnət olsun! Gözəl insan və istedadlı aktyor itirdik”.
Sənətkarın cənazəsinə gələn tamaşaçılar, sənət dostları onu son mənzilə alqışlarla yola saldılar. M.Qurbanovun 60 yaşı olmasına baxmayaraq, fəxri adı yox idi. O, rəsmən Xalq artisti olmasa da bu dünyadan xalqın artisti kimi köç etdi. Vahid Əziz "Aktyor” şeirində aktyorun səsinin və şəklinin çox yaşayacağını demişdi. Artıq M.Qurbanov da filmlərdə və şəkillərdə yaşayacaq. Allah rəhmət etsin!

Xəyalə Rəis

Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər