Gənc aktrisa: “Birində səhv etmək imkanı olur...” FOTOLAR

Gənc aktrisa: “Birində səhv etmək imkanı olur...” FOTOLAR

Mədəniyyət
30 Noyabr 2012, 15:24 12375
Müsahibim gənc olmasına baxmayaraq, kifayət qədər tamaşaçı rəğbəti qazanan Gənc Tamaşaçılar Teatrının gülərüz siması, uşaqların və gənc nəslin sevimlisi Asya Atakişiyevadır. Asya teatrda fəaliyyət göstərməklə yanaşı, televiziyada “Əsgər anı“ verilişinin aparıcısı və “Qayınana” serialında Rəna obrazının ifaçısıdır. Teatrda öz obrazları və səmimiliyi ilə seçilən aktrisa bizimlə söhbətində gələcəyə dair planlarından danışdı.

- Rejissorluq fakültəsini bitirsəniz də, aktrisa kimi tanınırsınız. Özünüz nə zamansa tamaşa qurmağı düşünürsünüzmü?

- Bəli, mən teatr rejissorluğu fakültəsini bitirmişəm. Universitetdə oxuyarkən öz diplom işim olan Edvard Olbinin “Heyvanxanada nə baş verdi” əsərini hazırlamışdım. Hətta hazırladığım tamaşa ilə “Gənc rejissorların tamaşaları” adlı festivalda çıxış edib, diplom əldə etmişəm. Tamaşanın hazırlanmasında Hüseynağa Atakişiyevin rolu əvəzsiz idi. Onun mənə tələbə zamanlarımda böyük dəstəyi olub. Həmin zaman mən “Gənclər” teatrında fəaliyyət göstərirdim. Amma indi tamaşa hazırlamağı düşünmürəm, hər şey göründüyü kimi asan deyil. Tamaşanın ərsəyə gəlməsi böyük yaradıcılıq yolu, təcrübə və s. kimi bacarıq tələb edir. Tamaşa hazırlamaq, ona quruluş vermək çox çətindir. Hələ ki mənə həvalə olunan obrazları sevə-sevə canlandırıram ki, bu da mənə kifayət edir.

- Teatr aktrisası olmaq daha maraqlıdır, yoxsa serial?

- Hər ikisi maraqlıdır. Hərəsinin öz yeri var. Bilirsiniz, teatr aktrisası olmaq daha çətindir, çünki bir tamaşa üçün uzun müddət məşq etmək lazım olur, nəhayətdə ortaya mükəmməl bir ifa çıxır və həmin ifanı həftənin müəyyən zamanlarında yenidən canlandırırıq. Ancaq serialda bir neçə dubla artıq çəkilmiş olur. Məncə, teatr aktrisası olmaq daha çətindir. Teatr canlı sənət olduğu üçün səhnədə səhv etmək imkanın olmur, əgər səhv edərsənsə, bunun ikinci dublu olmur. Serialda isə belə imkan olur.

- Sizcə, müasir tamaşa necə olmalıdır?

- Hazırda teatrlarımızda repertuarların çoxu müasir tamaşalardır. Ancaq tamaşaçıların zövqü müxtəlif olduğundan müasirlik anlayışı onların özlərinə və dünyagörüşlərinə görə realizə olunur. Hansı tamaşa tamaşaçının zövqünü oxşayırsa, həmin tamaşa onun üçün müasir tamaşa hesab olunur.

- “Qayınana” serialının kadr arxasında hansısa maraqlı hadisələr baş verirmi?

- Serialda kadr arxasında hər dəfə müxtəlif maraqlı hadisələr baş verir. O epizodları sözlə ifadə etmək mümkün deyil. Serial çəkilişi zamanı baş verən məzəli hadisələri harasa qeyd etmək və ya yadda saxlamaq qeyri mümkündür. Alınmayan kadrların bir hissəsini serialın sonunda bir parça kimi verirlər.

- Əcnəbi ölkələrdən heç təklif alımısınızmı?

- Bəli, Türkiyədən təklif gəlib. Ancaq onların qoyduğu şərtlərlə razılaşa bilmədim. Həmçinin vaxt qıtlığı da var idi, burda işlərimi yekunlaşdırıb gedə bilmədim.

- “Qayınana”da Afət xanımın qızı olmaq elə də çətin deyil ki?

- Afət xanımın qızı olmaq öz doğma anamın qızı olmaq qədər dəyərli və şərəflidir.

- Teatrda fəaliyyət göstərirsiniz, serialda oynayırsınız, veriliş aparıcısısınız, üstəlik, reklama da çəkilirsiniz. Bəs klipə necə, çəkilmək fikriniz varmı? Elə bir təklif gəlsə, qəbul edərsinizmi?

- Əslində kliplərdə də oynamışam. İllər öncə Hüseyn Məmmədovun, Eyyub Yaqubovun, Mətanət İsgəndərlinin kliplərində rollarım olub. Bu, mənim üçün sadəcə, maraq və təcrübə oldu. Belə bir təklif yenə gəlsə, təbii ki, qəbul edərəm.

- Daha çox uşaqlar tərəfindən sevilirsiniz. Sizcə, bunun əsas səbəbi nədir?

- Mənə həmişə səmimi olduğumu deyirlər. Düşünürəm ki, uşaqlar səmimiliyi sevirlər. Yəqin ki, oynadığım obrazların da burada təsiri böyükdür. Oynadığım obrazlarda uşaqların qəlbinə daha çox yol tapıram.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum tanıdığım bütün insanları və əsasən də ailəmi sağlam, xoşbəxt görməkdir. Mənim üçün sağlamlıq hər şeydən vacibdir. Əgər sağlam olmasam, öz işlərimin öhdəsindən gələ bilmərəm və bu da mənim sevdiyim peşəyə yiyələnməyimə mane olar. İnsanın canı sağlam olmayanda, gözünə heç nə görünmür.

- 10 ildən sonra özünüzü harada təsəvvür etmək istərdiniz?

- Ölkəmin tanınmış aktrisası olaraq canlandırardım özümü. Tamaşaçılar tərəfindən kifayət qədər sevilsəm, mənim bəsimdir.

- Bəs dünyaca məşhur olmağı istəmirsiniz?

- Öz ölkəmin sevimlisi olmaq mənə hər şeydən önəmlidir.

Xəyalə RəisFOTOLAR "> FOTOLAR "> FOTOLAR "> FOTOLAR "> FOTOLAR "> FOTOLAR "> FOTOLAR ">