• cümə, 29 Mart, 00:20
  • Baku Bakı 7°C

Gəmiqaya ətrafındakı abidələrə həsr olunan yeni nəşr

13.02.18 16:38 835
Gəmiqaya ətrafındakı abidələrə həsr olunan yeni nəşr
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun "Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” adlı monoqrafiyası işıq üzü görüb.
Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan nəşrin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Vəli Əliyev, elmi məsləhətçisi, professor Abbas Seyidov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimli və Rəsul Bağırovdur.
Tədqiqat əsərində həm əvvəlki dövrlərdə, həm də son illərdə Gəmiqaya ətrafında qeydə alınan abidələr sistemli şəkildə öyrənilib, aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib, bu ərazidə yaşamış insanların həyat tərzi, məşğuliyyəti araşdırılıb və qonşu tayfalarla mədəni-iqtisadi əlaqələri göstərilib.
Gəmiqaya ətrafındakı abidələrə həsr olunan nəşrdə Haçaqaya, Humay qayası, İlikli qaya, Zəy dərəsi və başqa yeni qeydə alınan arxeoloji abidələr haqqında da ətraflı məlumat verilib. Müəllif qeyd edir ki, Gəmiqaya abidəsinin xronoloji cəhətdən e.ə. IV-I minillikləri əhatə etməsi, onun ətrafındakı abidələrdən Haçaqayanın e.ə. III-I minilliklərə, Dəmyələrin, İlikli qayanın, Qumluğun və digərlərinin e.ə. II-I minilliklərə aid olması, ərazidə Antik və Orta əsrlər dövrünə aid çoxlu abidələrin varlığı Gəmiqaya ətrafında insanların 6 min ildən artıq bir dövrdə müntəzəm şəkildə məskunlaşdığını göstərir.
banner

Oxşar Xəbərlər