Gəmi turizmini necə inkişaf etdirək?
Sahilyanı ölkələr kruiz (gəmi) turizminin
inkişafına böyük önəm verirlər. Okeana, dənizə çıxışı olan dövlətlər üçün bu tip
marşrut hazırda turizm sənayesinin əsas gəlir sahələrindəndir. Coğrafi baxımdan
qapalı hövzə olsa da, beş sahilyanı dövləti birləşdirən Xəzər dənizinin də
başqa dənizlərə çıxmaq baxımından kruiz turizm imkanları mövcuddur. Ölkə
başçısının "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” sərəncamında yer alan məsələ, nəhayət bu
yaxınlarda ilk nəticəsi ilə səyahətsevərləri sevindirəcək. Belə ki, Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq
haqqında sazişin imzalanması iki ölkənin bu sahədə daha da yaxınlaşmasına təkan
verəcək. Bu yaxınlarda istifadəyə veriləcək Bakı-Həştərxan gəmi marşrutu
bu sahədə əməkdaşlığın təməlini qoyacaq.
Kruiz səfərlərini turistlərin istirahəti üçün ən maraqlı proqram
hesab edən ekspertlərin fikrincə, Xəzərin
turizm potensialı büdcəni zənginləşdirəcək.
Belə ki, Xəzərsahili kruiz səfəri üçün turistlərin cəlb ediləcəyi yerlər
kifayət qədərdir. Xalqımızın zəngin mədəniyyətə malik olması, dənizdə çoxlu
adaların mövcudluğu, təbiətin əsrarəngizliyi, dənizin özünün bioloji
resursları, habelə zəngin enerji mənbələri, Neft Daşları şəhərciyi və s. kimi
marağa səbəb ola biləcək resurslar mövcuddur.
Həştərxana gedən gəmi
Kruiz marşrutlarının ideya kimi
müzakirə edildiyini deyən Dövlət Turizm
Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirir ki, hazırda Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə İpək yolu marşrutunu müzakirə
edir: "Belə nəzərdə tutulub ki, bu marşrut bir neçə ölkənin ərazisindən keçmək
şərti ilə tam olaraq fəaliyyətə başlayanda, ölkəyə bir milyona yaxın turist
cəlb edəcək. Burda Xəzər vasitəsi ilə turistlərin gedib-gəlməsi də nəzərdə
tutulur. Hazırda Xəzərin o tayından bu tayına mövcud nəqliyyat vasitələri ilə
gedib-gələn turistlər var. Ancaq bu xidmətin daha da genişləndirilməsi, kommersiya
cəhətdən turistlərə göstərilən xüsusi xidmət kimi nəzərdə tutulub”.
K.Quluzadənin bildirdiyinə görə, digər
marşrutlar isə Rusiyanın iki vilayəti ilə - Dağıstan Respublikası və Həştərxan
vilayəti ilə müzakirə olunur: "Yaxın vaxtlarda Həştərxan vilayəti ilə gəmi
turizmi həllini tapacaq və Bakı-Həştərxan marşrutu fəaliyyətə başlayacaq.
Rusiyanın bu vilayətləri ilə əlaqələrin daha da genişləndirilməsi nəzərdə
tutulub. Həmçinin bu əlaqələrin təkcə su üzərində deyil, digər nəqliyyat
növləri vasitəsi ilə də həyata keçirilməsi planlaşdırılır. Bunlar həm də tarixi
marşrutlardır”.
Agentlik nümayəndəsinin sözlərinə görə,
bu marşrutların işə düşməsi hər şeydən əvvəl turistlərin sayının artmasına
kömək edəcək, regional turizm paketlərinin formalaşmasına təkan verəcək. Belə
ki, turist turpaketlə səyahətini quranda, bir neçə ölkəni gəzməsi ona
üstünlüklər verir. Bu məsələnin ən vacib tərəfi kommersiya ilə bağlıdır ki,
marşrutlar turistlər üçün sərfəli olsun: "Bu marşrutlara ya özəl sektor, ya iş
adamları maliyyə ayıranda sərmayənin rentabellik məsələsi də öyrənilir. Yəni
biznes nöqteyi-nəzərindən sərf edən qərarlar olmalıdır”. Azərbaycandan hər
hansı bir turistik marşrutla, məsələn, Volqa-Don vasitəsi ilə dünya okeanına
çıxmaq məsələsinə gəlincə, agentlik təmsilçisi bildirir ki, bu marşrutlar
turizm nöqteyi-nəzərindən bir qədər qeyri-perspektivli görünür. Yəni bu
marşrutların təşkili hələ müzakirə olunmur.
Turistlərin sayı
artdıqca...
"SKAL
İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası)sədri Ceyhun Aşurov kruiz marşrutlarının
üstünlüyünü, həmçinin turistlərin bir neçə ölkəni gəzmək imkanı ilə
əlaqələndirir: «Bu tip gəzintilər xüsusən okeana açıq olan marşrutlarda özünü
daha açıq göstərir. Turizmin növ müxtəlifliyi baxımından turizm məhsulu kimi bu
marşrutların hazırlanması faydalı olar. Çünki bu, Xəzəryanı qonşu ölkələr üçün
də çox maraq yaradar. Hərçənd xüsusi bərələr vasitəsi ilə ölkələr arasında
müəyyən mal daşınmaları həyata keçirilir. Məlumatlara görə, sovet dövründə
müəyyən kruizlər də fəaliyyət göstərib. Hətta Bakı-Sumqayıt arasında, o
cümlədən cənub rayonlarına gəmi marşrutları olub. Bu gün də bu marşrutların
fəaliyyətə gətirilməsinə ehtiyac var”.
C.Aşurov hesab edir ki, tələbat olduqca, yəni gələn
turistlərin sayı artdıqca, çeşidli məhsullar da yaranacaq: "Vaxtilə belə bir
məsələ Mədəniyyət və Turizm Nazirliyində, Turizm Assosiasiyasının iclaslarında
da müzakirə olunmuşdu. Həmçinin Turizm üzrə strateji yol xəritəsində də bu
marşrutların inkişaf etdirilməsi nəzərdə tutulub. Gələcəkdə bu marşrutların
tətbiqi məsələsi üçün ölkələrdən razılıq almaq elə də çətin olmayacaq. Çünki bu,
qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək. Bu yaxınlarda Xəzərin statusu
ilə bağlı danışıqlarda da bu məsələlərə toxunulub. Turizm məqsədilə Xəzər
dənizindən istifadədə hər hansı bir problem görünmür. Bu marşrutların yaranması
ölkələr arasında turistlərin axınına müsbət təsir göstərəcək”.
SKAL sədri hesab edir ki, bu marşrutların yaranması
və ideyanın tətbiqi müəyyən resurslar tələb edir. Hər şeydən əvvəl turistlər
üçün uyğun olan gəmilər hazırlanmalı, turistlərə yönəlik məhsullar olmalıdır: "Hazırda
gələn turistlərin sayında artım müşahidə olunur. Bu baxımdan hesab edirəm ki,
yaxın gələcəkdə bu məsələlər reallaşacaq. Xəzər qapalı hövzə olmasına
baxmayaraq, regionda 5 ölkəni birləşdirir. İpək yolu layihəsi ilə bağlı
danışıqlar davam edir. Bu, təkcə ticari məsələ deyil. Əgər bu marşrut varsa,
turistlərin xüsusi axınına səbəb olacaq. Daşınmalarda ticarətlə bərabər, həmin
marşrut üzərində infrastruktur dəyişiklikləri olacaq. Həmin yerdə iaşə
obyektləri və ya turistlərə xidmət göstərən başqa obyektlər yaranacaq. Bu da
turizmin inkişafına səbəb olacaq. Turizm sahəsinin iqtisadiyyatın bir neçə
sahəsinə təsiri var, həmçinin qarışıq sahələrin inkişafına təsir göstərir. Eyni
zamanda, bu təsir qarşılıqlıdır. Hesab edirəm ki, Həştərxan-Bakı kruiz
marşrutundan sonra digər marşrutlar da nəzərdən keçiriləcək. Xüsusilə Orta
Asiya ölkələri - Qazaxıstan, Türkmənistan, Özbəkistanla razılığa gəlinəcək.
İpək yolu layihəsi Çindən üzü bəri turistləri və ya iş adamlarını nəzərdə
tutur. Azərbaycan o xətt üzrə olan ölkələri birləşdirən bir nöqtədir. Bu
baxımdan Azərbaycan strateji bir yerdədir. Hesab edirəm ki, bu yerləşmənin də
müsbət təsiri olacaq”.
Ekspert hesab edir ki, maraqlı turist
marşrutlarının açılması üçün o qədər uzağa getməyə ehtiyac da yoxdur. Dənizin
özündə və yaxın ətrafda gəzməli-görməli yerlər kifayət qədərdir və sadəcə
marşrutları təşkil etmək lazımdır: "Fikrimcə, ən azı Bulvardan kiçik kruizləri
hərəkətə gətirməklə, biz bu marşrutların fəaliyyətinə başlaya bilərik. Məsələn,
Bakıya gələn turistlər hansısa bir adaya səyahət edə bilərlər. Xəzərdə bu
adalar kifayət qədərdir. Günorta və axşam yeməyi daxil, əyləncəli bir kruiz
təşkil oluna bilər. Bunlar hamısı məhsuldur. Bu marşrutların üzərində dövlətin
dəstəyi ilə sahibkarlar işləməlidir. Marşrutlar işə salınmalı, orada müəyyən
infrastruktur yaradılmalıdır. İlk olaraq biz bu marşrutlardan başlaya bilərik.
Və yaxud Bakıdan Sumqayıta marşrutun açılması yaxşı olardı. Bu marşrut özünü
doğruldandan sonra ölkələr arasında marşrutları da genişləndirmək olar. Bizə
gələn turistlər üçün Xəzər dənizinə səyahət etmək çox maraqlıdır”.
Əlavə
gəlir mənbəyi kimi
"Millenium TurizmKonqres
DMC” şirkətinin rəhbəriRuslanQuliyev Xəzəryanı kruiz layihəsi ilə bağlı müxtəlif fikirlərin mövcud olduğunu
deyir. Bəziləri bu layihəni vacib hesab edir, digərləri isə Xəzər dənizinin
kruiz üçün əlverişli olmadığını söyləyir: «Fikrimcə, Xəzəryanı ölkələri əhatə
edən kruiz layihəsi bu gün çox aktualdır. Burada bir sıra məqamları da nəzərə
almaq lazımdır. Məsələn, Xəzər küləkli dənizdir. Digər dənizlərə çıxışı yoxdur.
Digər tərəfdən, kruiz üçün lazım olan gəmini də başqa ölkələrdən gətirmək
çətindir. Bu gəmi texniki şərtlərə cavab verməlidir. Tutumu isə ən azı 400
nəfər olmalıdır. Bundan az sərnişinlə bu layihəni həyata keçirmək rentabelli
olmaz. Təbii ki, bütün bunları nəzərə aldıqdan sonra kruiz layihəsinin
gerçəkləşdirilməsi Azərbaycanın turizm potensialının tanıdılması baxımından çox
əhəmiyyətlidir. Bu həm ölkəmizə turist axınını gücləndirər, həm də ölkəmizin
təbliği baxımından güclü bir vasitə olardı”.
R.Quliyev hesab edir ki, Xəzəryanı dövlətlərin son toplantısından
sonra Xəzərdə kruiz səyahətlərin təşkil edilməsi artıq reallığa çevrilməlidir:
"Dövlətlərin liman şəhərlərindən qarşılıqlı marşrutlar təşkil edilə bilər. Bu
da bir il öncədən gələn il üçün təsdiqlənmiş qrafik üzrə. Təbii ki, burda
dövlətlərarası bir saziş olmalıdır. Eyni zamanda, həmin dövlətlərdə fəaliyyət
göstərən özəl sahələr bu işə maraqlı olmalıdır. Azərbaycan üçün üstünlük ondan
ibarətdir ki, bura səyahət edən turistlər müxtəlif turizm xidmətlərindən də
istifadə edə biləcəklər. Onlar 3, 5, və ya 8 saatlıq turlarda iştirak etmək imkanı
qazanacaqlar. Bu da əlavə gəlir mənbəyi kimi qiymətləndirilə bilər”.
Göründüyü kimi, turizmin müxtəlif
marşrutlarının təşkili və fəaliyyəti üçün kifayət qədər imkan və şərait var.
Necə deyərlər, indi danışıqdan və vədlərdən çox, iş görmək zamanı çatıb. Turizm
marşrutlarının formalaşması da bunu tələb edir, qeyri-neft sektoru kimi ölkənin
iqtisadiyyatı da, səyahət sevən turistlər də...
Təranə Məhərrəmova