• cümə axşamı, 28 mart, 20:36
  • Baku Bakı 13°C

Gəmi turizmini necə inkişaf etdirək?

12.09.18 09:00 3563
Gəmi turizmini necə inkişaf etdirək?
Sahilyanı ölkələr kruiz (gəmi) turizminin inkişafına böyük önəm verirlər. Okeana, dənizə çıxışı olan dövlətlər üçün bu tip marşrut hazırda turizm sənayesinin əsas gəlir sahələrindəndir. Coğrafi baxımdan qapalı hövzə olsa da, beş sahilyanı dövləti birləşdirən Xəzər dənizinin də başqa dənizlərə çıxmaq baxımından kruiz turizm imkanları mövcuddur. Ölkə başçısının "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında yer alan məsələ, nəhayət bu yaxınlarda ilk nəticəsi ilə səyahətsevərləri sevindirəcək. Belə ki, Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması iki ölkənin bu sahədə daha da yaxınlaşmasına təkan verəcək. Bu yaxınlarda istifadəyə veriləcək Bakı-Həştərxan gəmi marşrutu bu sahədə əməkdaşlığın təməlini qoyacaq.
Kruiz səfərlərini turistlərin istirahəti üçün ən maraqlı proqram hesab edən ekspertlərin fikrincə, Xəzərin turizm potensialı büdcəni zənginləşdirəcək. Belə ki, Xəzərsahili kruiz səfəri üçün turistlərin cəlb ediləcəyi yerlər kifayət qədərdir. Xalqımızın zəngin mədəniyyətə malik olması, dənizdə çoxlu adaların mövcudluğu, təbiətin əsrarəngizliyi, dənizin özünün bioloji resursları, habelə zəngin enerji mənbələri, Neft Daşları şəhərciyi və s. kimi marağa səbəb ola biləcək resurslar mövcuddur.
Həştərxana gedən gəmi
Kruiz marşrutlarının ideya kimi müzakirə edildiyini deyən Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirir ki, hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə İpək yolu marşrutunu müzakirə edir: "Belə nəzərdə tutulub ki, bu marşrut bir neçə ölkənin ərazisindən keçmək şərti ilə tam olaraq fəaliyyətə başlayanda, ölkəyə bir milyona yaxın turist cəlb edəcək. Burda Xəzər vasitəsi ilə turistlərin gedib-gəlməsi də nəzərdə tutulur. Hazırda Xəzərin o tayından bu tayına mövcud nəqliyyat vasitələri ilə gedib-gələn turistlər var. Ancaq bu xidmətin daha da genişləndirilməsi, kommersiya cəhətdən turistlərə göstərilən xüsusi xidmət kimi nəzərdə tutulub”.
K.Quluzadənin bildirdiyinə görə, digər marşrutlar isə Rusiyanın iki vilayəti ilə - Dağıstan Respublikası və Həştərxan vilayəti ilə müzakirə olunur: "Yaxın vaxtlarda Həştərxan vilayəti ilə gəmi turizmi həllini tapacaq və Bakı-Həştərxan marşrutu fəaliyyətə başlayacaq. Rusiyanın bu vilayətləri ilə əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulub. Həmçinin bu əlaqələrin təkcə su üzərində deyil, digər nəqliyyat növləri vasitəsi ilə də həyata keçirilməsi planlaşdırılır. Bunlar həm də tarixi marşrutlardır”.
Agentlik nümayəndəsinin sözlərinə görə, bu marşrutların işə düşməsi hər şeydən əvvəl turistlərin sayının artmasına kömək edəcək, regional turizm paketlərinin formalaşmasına təkan verəcək. Belə ki, turist turpaketlə səyahətini quranda, bir neçə ölkəni gəzməsi ona üstünlüklər verir. Bu məsələnin ən vacib tərəfi kommersiya ilə bağlıdır ki, marşrutlar turistlər üçün sərfəli olsun: "Bu marşrutlara ya özəl sektor, ya iş adamları maliyyə ayıranda sərmayənin rentabellik məsələsi də öyrənilir. Yəni biznes nöqteyi-nəzərindən sərf edən qərarlar olmalıdır”. Azərbaycandan hər hansı bir turistik marşrutla, məsələn, Volqa-Don vasitəsi ilə dünya okeanına çıxmaq məsələsinə gəlincə, agentlik təmsilçisi bildirir ki, bu marşrutlar turizm nöqteyi-nəzərindən bir qədər qeyri-perspektivli görünür. Yəni bu marşrutların təşkili hələ müzakirə olunmur.
Turistlərin sayı artdıqca...
"SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası)sədri Ceyhun Aşurov kruiz marşrutlarının üstünlüyünü, həmçinin turistlərin bir neçə ölkəni gəzmək imkanı ilə əlaqələndirir: «Bu tip gəzintilər xüsusən okeana açıq olan marşrutlarda özünü daha açıq göstərir. Turizmin növ müxtəlifliyi baxımından turizm məhsulu kimi bu marşrutların hazırlanması faydalı olar. Çünki bu, Xəzəryanı qonşu ölkələr üçün də çox maraq yaradar. Hərçənd xüsusi bərələr vasitəsi ilə ölkələr arasında müəyyən mal daşınmaları həyata keçirilir. Məlumatlara görə, sovet dövründə müəyyən kruizlər də fəaliyyət göstərib. Hətta Bakı-Sumqayıt arasında, o cümlədən cənub rayonlarına gəmi marşrutları olub. Bu gün də bu marşrutların fəaliyyətə gətirilməsinə ehtiyac var”.
C.Aşurov hesab edir ki, tələbat olduqca, yəni gələn turistlərin sayı artdıqca, çeşidli məhsullar da yaranacaq: "Vaxtilə belə bir məsələ Mədəniyyət və Turizm Nazirliyində, Turizm Assosiasiyasının iclaslarında da müzakirə olunmuşdu. Həmçinin Turizm üzrə strateji yol xəritəsində də bu marşrutların inkişaf etdirilməsi nəzərdə tutulub. Gələcəkdə bu marşrutların tətbiqi məsələsi üçün ölkələrdən razılıq almaq elə də çətin olmayacaq. Çünki bu, qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək. Bu yaxınlarda Xəzərin statusu ilə bağlı danışıqlarda da bu məsələlərə toxunulub. Turizm məqsədilə Xəzər dənizindən istifadədə hər hansı bir problem görünmür. Bu marşrutların yaranması ölkələr arasında turistlərin axınına müsbət təsir göstərəcək”.
SKAL sədri hesab edir ki, bu marşrutların yaranması və ideyanın tətbiqi müəyyən resurslar tələb edir. Hər şeydən əvvəl turistlər üçün uyğun olan gəmilər hazırlanmalı, turistlərə yönəlik məhsullar olmalıdır: "Hazırda gələn turistlərin sayında artım müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə bu məsələlər reallaşacaq. Xəzər qapalı hövzə olmasına baxmayaraq, regionda 5 ölkəni birləşdirir. İpək yolu layihəsi ilə bağlı danışıqlar davam edir. Bu, təkcə ticari məsələ deyil. Əgər bu marşrut varsa, turistlərin xüsusi axınına səbəb olacaq. Daşınmalarda ticarətlə bərabər, həmin marşrut üzərində infrastruktur dəyişiklikləri olacaq. Həmin yerdə iaşə obyektləri və ya turistlərə xidmət göstərən başqa obyektlər yaranacaq. Bu da turizmin inkişafına səbəb olacaq. Turizm sahəsinin iqtisadiyyatın bir neçə sahəsinə təsiri var, həmçinin qarışıq sahələrin inkişafına təsir göstərir. Eyni zamanda, bu təsir qarşılıqlıdır. Hesab edirəm ki, Həştərxan-Bakı kruiz marşrutundan sonra digər marşrutlar da nəzərdən keçiriləcək. Xüsusilə Orta Asiya ölkələri - Qazaxıstan, Türkmənistan, Özbəkistanla razılığa gəlinəcək. İpək yolu layihəsi Çindən üzü bəri turistləri və ya iş adamlarını nəzərdə tutur. Azərbaycan o xətt üzrə olan ölkələri birləşdirən bir nöqtədir. Bu baxımdan Azərbaycan strateji bir yerdədir. Hesab edirəm ki, bu yerləşmənin də müsbət təsiri olacaq”.
Ekspert hesab edir ki, maraqlı turist marşrutlarının açılması üçün o qədər uzağa getməyə ehtiyac da yoxdur. Dənizin özündə və yaxın ətrafda gəzməli-görməli yerlər kifayət qədərdir və sadəcə marşrutları təşkil etmək lazımdır: "Fikrimcə, ən azı Bulvardan kiçik kruizləri hərəkətə gətirməklə, biz bu marşrutların fəaliyyətinə başlaya bilərik. Məsələn, Bakıya gələn turistlər hansısa bir adaya səyahət edə bilərlər. Xəzərdə bu adalar kifayət qədərdir. Günorta və axşam yeməyi daxil, əyləncəli bir kruiz təşkil oluna bilər. Bunlar hamısı məhsuldur. Bu marşrutların üzərində dövlətin dəstəyi ilə sahibkarlar işləməlidir. Marşrutlar işə salınmalı, orada müəyyən infrastruktur yaradılmalıdır. İlk olaraq biz bu marşrutlardan başlaya bilərik. Və yaxud Bakıdan Sumqayıta marşrutun açılması yaxşı olardı. Bu marşrut özünü doğruldandan sonra ölkələr arasında marşrutları da genişləndirmək olar. Bizə gələn turistlər üçün Xəzər dənizinə səyahət etmək çox maraqlıdır”.
Əlavə gəlir mənbəyi kimi
"Millenium TurizmKonqres DMC” şirkətinin rəhbəriRuslanQuliyev Xəzəryanı kruiz layihəsi ilə bağlı müxtəlif fikirlərin mövcud olduğunu deyir. Bəziləri bu layihəni vacib hesab edir, digərləri isə Xəzər dənizinin kruiz üçün əlverişli olmadığını söyləyir: «Fikrimcə, Xəzəryanı ölkələri əhatə edən kruiz layihəsi bu gün çox aktualdır. Burada bir sıra məqamları da nəzərə almaq lazımdır. Məsələn, Xəzər küləkli dənizdir. Digər dənizlərə çıxışı yoxdur. Digər tərəfdən, kruiz üçün lazım olan gəmini də başqa ölkələrdən gətirmək çətindir. Bu gəmi texniki şərtlərə cavab verməlidir. Tutumu isə ən azı 400 nəfər olmalıdır. Bundan az sərnişinlə bu layihəni həyata keçirmək rentabelli olmaz. Təbii ki, bütün bunları nəzərə aldıqdan sonra kruiz layihəsinin gerçəkləşdirilməsi Azərbaycanın turizm potensialının tanıdılması baxımından çox əhəmiyyətlidir. Bu həm ölkəmizə turist axınını gücləndirər, həm də ölkəmizin təbliği baxımından güclü bir vasitə olardı”.
R.Quliyev hesab edir ki, Xəzəryanı dövlətlərin son toplantısından sonra Xəzərdə kruiz səyahətlərin təşkil edilməsi artıq reallığa çevrilməlidir: "Dövlətlərin liman şəhərlərindən qarşılıqlı marşrutlar təşkil edilə bilər. Bu da bir il öncədən gələn il üçün təsdiqlənmiş qrafik üzrə. Təbii ki, burda dövlətlərarası bir saziş olmalıdır. Eyni zamanda, həmin dövlətlərdə fəaliyyət göstərən özəl sahələr bu işə maraqlı olmalıdır. Azərbaycan üçün üstünlük ondan ibarətdir ki, bura səyahət edən turistlər müxtəlif turizm xidmətlərindən də istifadə edə biləcəklər. Onlar 3, 5, və ya 8 saatlıq turlarda iştirak etmək imkanı qazanacaqlar. Bu da əlavə gəlir mənbəyi kimi qiymətləndirilə bilər”.
Göründüyü kimi, turizmin müxtəlif marşrutlarının təşkili və fəaliyyəti üçün kifayət qədər imkan və şərait var. Necə deyərlər, indi danışıqdan və vədlərdən çox, iş görmək zamanı çatıb. Turizm marşrutlarının formalaşması da bunu tələb edir, qeyri-neft sektoru kimi ölkənin iqtisadiyyatı da, səyahət sevən turistlər də...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər