AZE | RUS | ENG |

Gəlməyən adam

Gəlməyən adam
(Kamal Abdullanın “Nar çiçəkləri” adlı şeirlər kitabı haqqında düşüncələrim)

Kamal Abdulla poeziyası bəzən çox sadə dildə, bəzən də o qədər mürəkkəb olur ki, oxucu qatlar arasında itib-batır. Şair düşüncəsinin fəth edə biləcəyi sonuncu sərhədlərdən gələn poetik işıq hərdən göz qamaşdırır, hərdən də silah kimi adamın alnına dirənir. Bu poeziyanın alt qatında həmişə xəyali bir obraz dayanır ki, biz ona "unudulmayan adam” və ya bir az dərinə gedib "gəlməyən adam” deyə bilərik. Həmin gəlməyən adam müəllifin bütün şeirlərini işğal etməyi bacarıb.  Və məncə, bütün şeirlərdə gözlənilir ki, gəlməyən adam gəlsin.
 
Kamal Abdullanın "Nar çiçəkləri” adlı şeirlər kitabının elə ilk səhifəsini açırıq. "Alın yazısı hədər yazılmır” şeirində gəlməyən adamın yolunu gözləyə-gözləyə xəzəlsiz bitən payızdan gileylənən müəllif sonunda alın yazısı ilə razılaşır və gəlməyən adama "sənin allahın daha gözəlmiş” deyib öz allahından şikayətlənir. Digər tərəfdən də "öz allahının” varlığını təsdiqləyə bilməyəcək qədər gücsüz və köməksiz olduğunu göstərir. "Unutmağa kimsə yox” şeirinin ilk bəndində müəllif yenə də alın yazısıyla razılaşmaqdan başqa yol olmadığını qəbul edib yazır:
 
Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər? Sən çətin tapasan axtardığını, Sən axtardığını itirməyiblər.   Son iki misrada müəllifin alın yazısına acığı tutur. İnsanın axtardığının niyə alın yazısında olmadığına görə yüngülcə üsyan hissi keçirir. Növbəti üç bənddə müəllif ömrünü yuxu kimi yaşadığını, hardasa tələsdiyini düşünür və ömrünü oynanılıb bitmiş oyun adlandırır. Son bənddə isə hisslərini daha çılpaq göstərir:   Yollar getdi üzü dağa, Yoxuşlar enişlərdən çox. Kimsə yox xatırlamağa, Unutmağa da kimsə yox.   Mənə elə gəlir ki, "kimsə yox xatırlamağa” deyəndə  müəllif acı və şirin xatirələr içində itib-batdığını, "unutmağa da kimsə yox” deyəndə isə ömrü boyu unuda bilməyəcəyini poetikanın faciəvi şəklində verməyi bacarıb. "Kim dedi ki, simurq quşu var imiş” şeirində müəllif çəkilib bir kənarda dayanıb. Artıq ürəyinin əzab yerini bilir. Gəlməyən adamın nə vaxtsa gəlib qaranəfəs çatacağına və mat qalacağına əmindir. Nədənsə, ikinci bənddə müəllifin gəlməyən adama da "acığı tutur”. "Hirslənir” ki, ümidlər göydən durna lələyi kimi nə vaxtsa başımıza yağıb, ancaq biz bunun qədrini bilməmişik. Həmin şeirin son iki misrası belədir:   Olacağın olmağına nə var ki, Bircə dənə "olmayacaq” ver bizə.
 
 
 
Müəllif üzünü gəlməyən adamdan küsmüşcəsinə yana çevirir və xısıldayır: qaytar o günləri, qaytara bilsən... Kamal Abdullanın demək olar ki, bütün şeirlərində gəlməyən adam var. O adam həmişə xatırlanır, qəti unudulmur. Çox maraqlıdır ki, gəlməyən adam gələ bilir, gedə bilir, hətta danışa da bilir. Məsələn, "Bu görüş də bir qəribə nağıldır” şeirində-   Mən deyirəm: xoş gəlmisən dünyama, Sən deyirsən: dumanınla, çəninlə...   misralarıyla müəllif gəlməyən adamı gətirib danışdırır.
           
Gəlməyən adam obrazı Kamal Abdullanın bütün portik düşüncələrini "zəbt edib”. Bəlkə də, gəlməyən adam onun üçün yoxdur. Ancaq müəllif onu öz poeziyasında o qədər canlı və o qədər gözəl təsvir edib ki, adama elə gəlir, onun poeziyası gəlməyən adamın sevgi dastanıdır. Yəni bütün bunlar poetik düşüncənin alt qatında baş verən həqiqətlərdir.
 
"Yol – 1” şeirində müəllif gəlməyən adamın gəlib getmələri arasında özünü itirir və etiraf edir ki:
  Biləmmədim gəlir, gedir izlərin? Biləmmədim hansındasan yolların... ...Səni necə gizlədir gözlərin, Səni necə qoruyur qolların...   Həmçinin bu bənddə gəlməyən adama görə sonsuz narahatlıq hissi vardır.
           
"Gəldiyim yola” şeirində müəllif "ulduz tozu kimi” qonduğu üzlərin və "nakam ümidlərin acığına” özü gəlməyən adama getmək istəyir. Son bənddə isə hər kəsin bir gəlməyən adamı olduğunu və hər kəsin gəlməyən adamına özünün getdiyini təsəlli bilir. Nə qədər ki, sağdır elə gəldiyi yolla da gəlməyən adamına doğru iti addımlarla addımlamaq fikrindədir.
  Gəldiyim yolla da qayıdacağam, Yolun başlanğıcı - yolun sonucu, Mən qayıtmalıyam, nə qədər sağam, Mən nə birinciyəm, nə də sonuncu.   "Yaşa bu dünyada”, "Nar çiçəkləri”, "Divar önünə” və başqa bir neçə şeirlərini müəllif sanki gəlməyən adamın yanında yazır. Ona məsləhətlər verir, xatirələr danışır, birlikdə arzular qururlar.
                                  
Yenidən dünyaya gəlmək istəyib,
Səhvsiz yaşamağı arzulayarıq. Son dəfə sakitcə ölmək istəyib. Ölərik – ayrılıb görrük ki, varıq.
 
 
 
"Büllur qab” şeirində müəllif gəlməyən adamı gəlmədiyinə görə danlayır, ona uşaq kimi aldanıldığını, süni olduğunu irad tutur. "Səninki yenə də səndə qalacaq” şeirində də gəlməyən adama iradlar bitib tükənmir. Hətta acıq verir ki, nə vaxtsa uzaqlardan sənin cildində gələn adam olacaq. Belə vəziyyətdə sanki gəlməyən adamın göz yaşlarına "dözməyib” müəllif "hər şey təzədən” şeirini yazır. İtirilmiş və qazanılmış nə varsa hamısını kənara qoyub təzədən başlamağı təklif edir. Sonra da bütün yollarda itirmək olduğunu, yalın ayağına batmaq istəyən tikanlar bitəcəyini qəbul edərək qəti qərara gəlir ki, bütün nağıllar bitəcək. Diz-dizə, çiyin-çiyinə olmağımız itirdiklərimizə əvəz olacaq. Bu, həyatdır və belə də olmalıdır. Buna görə də "hər şey təzədən” – deyir.
            Hələ nələri də itirəcəyik. Bu dərs olmayacaq yenə də bizə. İtmişə əvəz də gətirəcəyik – Yenə çiyin-çiyinə, yenə diz-dizə... Hər şey təzədən? Hər şey təzədən!...   "Təkcə özüm özümlə” şeirinə baxırıq. Müəllif gəlməyən adamın yanında yoxa çıxır. Allaha şikayətlənir ki, niyə güzgülər üzünü göstərmir.   Bir də görrəm tapammıram özümü, Dönüb sənə, ona, buna – itmişəm. Güzgülər də göstərmirlər üzümü, Ay allahım, mən sənə nə etmişəm?   Sonra özü də gəlməyən adama çevrilib dünyanın sirrinə mat qalır. Dəmir məntiqiylə nə baş verdiyini anlamır, olanları mif adlandırıb yenə də öz-özüylə qaldığını şikatəycəsinə gəlməyən adamın qarasına deyir.
 
Kamal Abdullanın tək-tük şeirləri var ki, onların içində gəlməyən adam yoxdur. Deyə bilərik ki, "Ağ atlı oğlan” şeirini gəlməyən adamsız yazıb. Bu, kitabın ilk süjetli şeiridir. Bu şeiri bir neçə cür təhlil etmək olar. Mənim üçün ən doğrusu belədir ki, qalın kitab adlandırılan güllü-çiçəkli gözəl bir kənddə ağ atlı oğlan yaşayır. Sonra universitetə daxil olduğu üçün böyük bir həvəslə şəhərə gəlir. Şəhərdə onun yoluna min kələk qururlar, ac qurd kimi ona hücum edirlər. Ancaq o, öz ayaqları üzərində dayanmağı bacarır. Ağ atı isə onun ayaqlarıdır. Bütün maneələri dəf edəndən sonra üstünə çiçəklər yağır. Oğlan fərəhdən qəhərləndikcə çiçəklər onun ayağının altına yıxılır.
                                   Yolunda min kələk qurdular onun, Ağ at olmasaydı, oğlan batardı. Canına daraşdı ac qurdlar onun, Ağ at qurtardı.   Sonra da üstünə yağdı çiçəklər. Bir çiçək yüz çiçək, min çiçək oldu. Oğlanı fərəhdən boğanda qəhər, Ağ atın gözləri çiçəklə doldu.             Təzə həyatı bəyənən oğlanın sinəsinə alqışlar yağ kimi yayılır. Kəndini unudub hansısa uğuruna sevinir və sonra bir qızla ailə həyatı qurur. Vaxt keçdikcə oğlanın ayaqları qəribsəyir və kəndinə qayıtmaq istəyir. Nə qədər dartılırsa, oğlanı apara bilmir. Sonra ayaqları təkcə qayıtmaq istəyir. Ancaq yollar geriyə dönmür.   Bir vaxt keçəcəkdi – kiçik, qısa vaxt. Nağıla qayıtmaq istəyəcəkdi. Qəribsəyəcəkdi nağılçün ağ at. Kişnəyib oğlanı səsləyəcəkdi.   Səsi eşitməmək asandan-asan. Oğlan ağ atına minməyəcəkdi. Ağ at istəyəcək təkcə qayıtsın, Yollar da geriyə dönməyəcəkdi.   Əslində, "ağ atlı oğlan” şeirində də axtarıb gəlməyən adamın zərrələrini tapmaq olar. Gəlməyən adam artıq gəlib, lakin onun gəldiyi yerlər üçün o, əbədi olaraq gəlməyən adama çevrilib. "Beyrəyin Kafir qızı ilə vidalaşıb əsirlikdən qaçması” hadisəsini Kamal Abdulla bir şeirlə möhtəşəmcəsinə verə bilib. On altı illik gəlməyən adamı həm gətirib, həm də kafir qızı üçün gəlməyən adama çevirib. "Sənin yolun” şeiri  Kamal Abdullanın gəlməyən adama yazdığı "açıq məktub”a oxşayır. Sanki müəllifin gəlməyən adamı özünü ondan gizlədərək hər gün yanından min dəfə ötüb keçir və müəllif onun hardan keçdiyini bilmək istəyir ki, gedib yolunda dayansın. Sonunda gəlməyən adama acı təbəssümlə belə deyir:   Gözlərin qayıtdı ilkinliyinə - Sən özün qaldın.   Yəni, hər yerdən sənin gözlərin baxır, onlar qayıdıb və səndən sədaqətlidir.
           
"Günahlarım” şeiri özündə nəhəng bir məna daşıyır. Müəllif öncə xatirələri sapa düzülmüş mirvariyə bənzədir. Sonra sap qırılır və mirvarilər dağılır. Yerə düşüb diyirlənərək uzaqlaşan mirvarilərin hər birini gəlməyən adama bənzədir, hələ də sapın üstündə, yəni əlində qalmış bircə mirvaridən başqa. Onu da çevirib hər tərəfinə baxır və görür ki, gəlməyən adama ən çox oxşayan elə bu mirvaridir.
  Günahlarım ürəyimdə dağ oldu. Xatirələr mirvari tək düzüldü. Sap qırıldı, mirvarilər dağıldı. Hamısı da təkcə sənə oxşadı. Birindən başqa. Sonra gördüm, yox – O da sənə oxşayır.  
"İşıq qalıb arxada” şeirində müəllif gəlməyən adama özünü öyür. Acıqcasına ondan öndə olduğunu dilə gətirir. "Tənha fişəng” şeirində isə, gəlməyən adamın gəlməməsinə heyfsilənir,.
 
Kamal Abdulla bəzi şeirlərində dünyanın sonunacan gedib çıxır, tənhalığın ən dəhşətlisini yaşaya bilir, ilahi eşqin kandarından əl eyləyir. "Dünyanın sonuncu tənha adamı”, "Allahım, sən mənim ürəyimdəsən” şeirləri buna misal ola bilər. "Dünya sənin bir ömürlük intizarın” adlı üç bəndlik bir şeirdə müəllif bir və ya iki insanın olum və ölüm arasındakı həyat yollarının maneələrindən söz açaraq ölümdən sonrakı həyatın varlığını da qeyd etməyə fürsət tapır.
  Yaxın olduq eşitmədik, Bir-birimizin səsini, Güllələrdən deşik-deşik, Mənim səsim, sənin səsin.   Nəydi sənin dediklərin, Nəydi sənin duyduqların, Bu dünya sənin kədərin, Bir ömürlük intizarın.   Taleyimiz yol azsa da, Allah səsimi eşidər, Həyat bizi ayırsa da, Ölüm bizi birləşdirər.  
"Qəribədir, deyilmi” şeiri də gəlməyən adama yazılmış açıq məktub kimidir. Bu dəfə müəllif öz məktubunu daha kövrək, daha yalvarışlı yazıb. İlk bənddə gəlməyən adamdan soruşur ki, sənə qəribə deyilmi, həyatımın bir tərəfi yaz, o biri tərəfi qışdır?
  Evimin bir tərəfi, Yazdır, günəş çıxıbdır. Bu birində şaxta, qış. Qəribədir, deyilmi?   Şeirin sonrakı bəndlərində bir şair ürəyinin çırpıntısını duyuruq və son bənddə yağış səsinin evin içində yaratdığı qəribə abu-havanı aydın-açıq görmək olur.   Yağış səsi güclənir, Şiddət ilə döyünür, Sanki ev də çırpınır, Eynən ürəyim kimi.   "Su pərisi” şeirində müəllif ya xəyalən, ya da reallıqda və hansısa çoxadamlı bir yerdə gəlməyən adam ilə uzaqdan-uzağa görüşür. Baxışları toqquşanda biri-birini tanıyırlar. Gəlməyən adamın getməmişdən qabaqki bütün xatirələri danışır.Kamal Abdullanın "Haralara gətirəcək bizi bu yol” şeirinin adı elə bir şeirdir. Müəllif bu şeirdə özünü gedən adamın yerinə qoyur və yollardan şikayətlənir.   Qorumadıq özümüzü, nəfsimizi, İnanmıram saxlayacaq izimizi, Nə biz yolu tanıyırıq, nə yol bizi. Haralara gətirəcək bizi bu yol?   Gəlməyən adamla gedən adam arasındakı yolları ildırım kimi ani və göydəndüşmə hesab edərək bu yolların hər tərəfinin uçurum olduğunu deməsi müəllifin öz həqiqətinə çatmasından və bu həqiqətlə razılaşmasından xəbər verir.   Hər tərəfi uçurumdu, sıldırımdı, Bilmək olmur sonu yoxdu, bir addımdı? Elə bil ki, göydən düşdü, ildırımdı, Haralara gətirəcək bizi bu yol?   Bir incə məqam da danılmazdır ki, "Nar çiçəkləri” kitabında bütün şeirlər o qədər həssaslıqla və dəqiqliklə düzülüb ki, hamılıqda bir tamlıq təşkil edirlər. "Etiraf – 1” və "Etiraf – 2” şeirlərində Kamal Abdulla heç nəyi etiraf etmir. Əksinə, o qədər sirli danışır. "O gün” və "Ölü quş olub daş kimi düşəm” şeirlərindən görünür ki, müəllif gəlməyən adamın xatirələrinə belə sədaqətlə yanaşır.   İşıq dediyin bir ilğım imiş, Qaranlıq mənim var-yoxum imiş. Qaranlıq mənim varlığım imiş. Əsl işıq da onun içində.   "Kitabi-Dədə Qorqud”dan sirriçində nəğmələr” "Nar çiçəkləri”nə xüsusi rəng, xüsusi şirinlik qatır. Həqiqətdir ki, Dədə Qorqud dili Azərbaycan oxucusunun canına hopub. Hər bir müəllif oxucu qəlbinə yol tapmaq üçün özünə hansısa qaydalar müəyyənləşdirməlidir. "Sirriçində nəğmələr”dən oxucu qələminə gedən yol isə soy-ana dilimizdən, yəni içimizin içindən keçir.             Elşad Barat    

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311