• cümə, 29 Mart, 01:29
  • Baku Bakı 7°C

Gəlmələrə britaniyalı “hörməti”

10.07.15 12:05 2159
Gəlmələrə britaniyalı “hörməti”
Bu ölkədə sığınacaq axtaran immiqrantlar həbsxanalarda nəzarət altında saxlanılıblar

Avropa informasiya-hüquq müdafiəsi mərkəzinin verdiyi məlumata görə, İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsinin simvolik qərarı işgəncəyə məruz qalan, Britaniya hökuməti tərəfindən qanunsuz olaraq həbs olunan yüzlərlə immiqranta onlara dəyən zərərə görə dövləti məhkəməyə vermək imkanı yaradır.
Cinsi zorakılıq və işgəncələrə görə öz ölkələrindən Böyük Britaniyaya qaçan şəxslər London Ali Məhkəməsində (İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsi də adlanır - müəl.) immiqrasiya mərkəzində qanunsuz olaraq saxlanıldıqlarına görə daxili işlər naziri Tereza Meyə qarşı iddia qaldırıblar.
Sığınacaq axtaran bu cür şəxslərin saxlanılması ölkə qanunlarına görə qadağandır. Belə ki, Böyük Britaniyanın qanunlarına əsasən, öz ölkələrində işgəncələrə məruz qalan immiqrantlar həbsə salına bilməz. Lakin prosedur qaydalarına görə, işgəncələrə məruz qalan və Böyük Britaniyada sığınacaq axtaran bir çox immiqrantlar həbsxanalarda nəzarət altında saxlanılıblar.
Bu işə baxan hakim Bleyk iddiaçıların xeyrinə qərar çıxarıb. O, qərar verib ki, qeyri-qanuni olaraq həbsdə saxlanılan iddiaçılara hökumət tərəfindən kompensasiya verilməlidir.
21 nəfər London Ali Məhkəməsinin verəcəyi qərarı gözləyirdi. Həmçinin qanunsuz olaraq bu mərkəzdə saxlanılan yüzlərlə immiqrant da məhkəmədə hökumətdən kompensasiya almaq barəsində iddia qaldıra bilər.
İşgəncələrə məruz qalan qurbanları təmsil edən vəkil Tofik Hüseyn məhkəmənin bu qərarını simvolik adlandırıb: “Baxılan işdə bizim müştərilər immiqrasiya idarəsi tərəfindən prosedur qaydalarına görə saxlanılıb. Onlar işgəncələrə məruz qalan qurbanlardır. Həmin şəxslər cinsi zorakılığa, həmçinin mənəvi və fiziki zərərə məruz qalıblar. Bizim müştərilər bu haqda Daxili İşlər Nazirliyinə məlumat verməyə çalışırdı. Lakin məlum olub ki, nazirliyin bu sistemi işlək vəziyyətdə deyil”.
T.Hüseynin müştəriləri həmçinin həbsdə saxlanılan və sığınacaq verilməyən digər immiqrantları da təmsil edir. Belə ki, onların bəziləri öz ölkələrinə deportasiya ediliblər. Böyük Britaniyada qalanlar isə hələ də həbsxanalarda saxlanılır.
Beşinci gün baxılan işlər arasında kamerunlu homoseksual gəncin də iddiası mövcuddur. Bu şəxs cinsi orientasiyasına görə fiziki işgəncəyə və zorakılığa məruz qalıb. Həkimin gəldiyi nəticəyə görə, fiziki işgəncə nəticəsində onun belində ciddi problem yaranıb. Həmçinin onun bədənində müxtəlif çapıq izlərinin olduğu da müəyyən edilib.
Həkim bu kamerunlu üçün psixi müalicə yazıb. Lakin bütün bunlara baxmayaraq, Daxili İşlər Nazirliyi həmin şəxsin azad olunması barəsində verilən müraciətə mənfi cavab verib. O, iki həftə ərzində immiqrasiya mərkəzində saxlanılıb.
Kamerundan olan lezbiyan qadının iddiası da məhkəmə tərəfindən qəbul edilib. Bu qadın öz ölkəsində fiziki zorakılığa məruz qalıb. Fiziki zorakılıq nəticəsində aldığı xəsarətlərə baxmayaraq, həmin şəxs bir ay müddətində Böyük Britaniya həbsxanasında saxlanılıb.
Məhkəmə həmçinin Misirdən olan siyasi immiqrantın işinə də baxıb. “Müsəlman qardaşlığı” təşkilatın üzvü olan bu şəxs, öz ölkəsində hücumlara məruz qalıb. O, Misirdə həbsxana işçilərinin fiziki zorakılığına məruz qalıb. Lakin o da digər immiqrantlar kimi qeyri-qanuni olaraq immiqrasiya mərkəzində saxlanılıb.
Qeyd edək ki, Böyük Britaniyanın Apellyasiya Məhkəməsi yuxarıda yazdığımız sürətli prosedur qaydasının ləğvi barəsində qərar qəbul edib. Ekspertlərin gəldiyi qənaətə görə, immiqrasiya sistemi Böyük Britaniyaya gələn minlərlə şəxsin həbsə salınmasına səbəb olub.
İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsi iyun ayının 12-də sürətli prosedur qaydasının qeyri-qanuni olduğu barəsində qərar qəbul edib. 26 iyunda isə Böyük Britaniyanın Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Bununla da bu prosedur qaydası artıq Böyük Britaniyada qeyri-qanunidir.
İyun ayında məlum olub ki, Yaxın Şərqdən döyüş bölgəsindən qaçaraq Böyük Britaniyaya gələn uşaqlar səhv olaraq immiqrasiya mərkəzində həbsdə saxlanılıb. Onlar həmçinin səhv olaraq 18 yaşlı şəxslər kimi qeydiyyata alınıblar.
Hökumət bundan qabaq yetkinlik yaşına çatmayan şəxslərin immiqrasiya mərkəzlərində həbsdə saxlanılması barəsində məlumat verib.
MevMakKlenanq jurnalist Bürosu tərəfindən verilən məlumata görə, 2010-cu ildən bəri 127 yetkinlik yaşına çatmayan uşaq 18 yaşdan yuxarı insanlar kimi qeydiyyata alınıb və immiqrasiya mərkəzlərində həbsdə saxlanılıb. Lakin vəkillər bildirir ki, bu göstəricilər yalnız aysberqin görünən tərəfi ola bilər.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər