AZE | RUS | ENG |

Gəlmə turizmin inkişafına təsir edəcək sərgi

Gəlmə turizmin inkişafına təsir edəcək sərgi
Ekspertlər qeyd edirlər ki, potensialımız, turizm sərgilərini daha yüksək səviyyədə təşkil etməyə imkan verir

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər” ("AITF-2019”) sərgisi başa çatdı. Bu il AITF sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilib. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Dünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənib. 

Sərgisidə dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edib. Belarus, Bolqarıstan, Çex, Çin, Dominikan, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları ilə iştirakçılar arasında olublar.  Bu il Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədilə sərginin sponsoru olub.

Mütəxəssisləri bu sərginin turizmin inkişafı, potensialın öyrənilməsi baxımından olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevbildirib ki, AITF sərgisi 18 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrilib. Turizmin ölkə iqtisadiyyatının ən prioritet sahələrindən biri olduğunu deyən F. Nağıyev ötən ilin sonundan etibarən Azərbaycanın 6 ölkədə - Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində daimi turizm nümayəndəliyinin fəaliyyətə başladığını xatırladıb. Qeyd edib ki, eyni zamanda Böyük Britaniya, Fransa, İran və Koreya Respublikasında da daimi turizm nümayəndəliyinin açılması nəzərdə tutulub. Dövlət Turizm Agentliyinin sədri vurğulayıb ki, ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək: " Ötən il ölkəmizi ziyarət edən xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 153 min nəfər, yəni 6 faiz artaraq 2,8 milyona çatıb. Bu ilin 2 ayı ərzində 364 min xarici ziyarətçi ölkəmizə gəlib. Turistlərin sayının ildən-ilə artırılması turist məmnunluğunun yaradılması da əsas məqsədlərimiz sırasındadır”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovənənəvi olaraq keçirilən bu sərginin turizm sənayesində mövcud çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynadığını vurğulayıb: "İqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərə nisbətən fərqlənir. Bu gün ölkələr turist axını cəlb edilməsi uğrunda ciddi mübarizə aparır. Bu baxımdan ölkəmizdə turizm sektoruna mühüm diqqət ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin ölkəmizə cəlb edilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Biznes sahəsində sahibkarlığın inkişaf etdirilməsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur”.
 
Turizm üzrə ekspert Tahir Məmmədov qeyd etdi ki, sərginin çatışmazlıqları olduğu kimi, maraqlı tərəfləri də vardı: "Bundan əvvəl keçirilən turizm sərgilərində də iştirak etmişəm və deyərdim ki, builki sərgi digərlərinə nisbətən zəif idi. Səhv etmirəmsə, bu il sərgiyə qatılan şirkətlər azlıq təşkil edirdi. Sırf bu sərgidə iştirak etmək üçün Gürcüstandan və Türkiyədən qonaqlarımız vardı. Onlar da sərginin gözlədikləri kimi olmadığını dedilər. Yəni onlar daha böyük, daha çox şirkətin iştirak edəcəyi bir sərgi təsəvvür edirdilər. Bu fikirlər tənqidi də olsa, bunu deməliyik. Çünki bu, bizim turizm sektorunun inkişafı üçün vacib nüansdır. Daha yaxşı ola bilərdi. Təbii ki, maraqlı tərəfləri də vardı. Belə ki, Çin bazarı ilə əlaqəli, həmçinin Ukraynada onlayn qeydiyyat işi görən bir turizm şirkəti ilə tanış olduq”.  
 
Ekspertdən şirkətlərin say etibarı ilə az olmasının səbəbini soruşduq: "Məncə, bu, stendlərlə bağlıdır. Çünki bəzi şirkətlərlə danışıb qatılmamaqlarının səbəbini soruşanda, yer pulunun, stendlərin çox baha olduğunu qeyd etdilər. Məsələn, bölgələrdəki otellərin stendlərinin daha çox olması yaxşı olardı. Şirkətlərin az olmasının digər səbəbi isə eyni vaxtda qonşu Türkiyədə "HESTOREX” tədbirinin keçirilməsidir. Adı çəkilən tədbir də turizmlə bağlıdır”.  

"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov bildirdi ki, gəlmə turizmin inkişaf etdirilməsi baxımından bu tip sərgilərin keçirilməsi müsbət haldır: "Bu cür sərgilərin keçirilməsi istənilən ölkənin turizm potensialının inkişafına müsbət təsir göstərir. Günümüzdə turizm bir çox ölkələrin iqtisadiyyatının vuran ürəyidir desək, yanılmarıq. İnkişaf etmiş ölkələr bu kimi sərgilərdə turizm potensialını nümayiş etdirməklə, daha çox turistin cəlb olunmasına nail olur. Azərbaycanda da turizm sərgisinin keçirilməsi dünyanın bir sıra xarici şirkətlərinin marağını cəlb etmək üçün çox gözəl fürsətdir. Amma nə yalan deyim, gözləntilərimiz daha yüksək idi. Növbəti illərdə daha geniş, turizm stendlərinin daha rəngarəng, yüksək səviyyədə təşkil ediləcəyini düşünürəm”.  
 
Günel Azadə


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892