• çərşənbə axşamı, 16 aprel, 22:29
  • Baku Bakı 18°C

Gəlirliliyi üstün, istehsal həcmi az olan məhsul

17.08.19 09:30 10472
Gəlirliliyi üstün, istehsal həcmi az olan məhsul
"Bu mövsüm İtaliyada fındıq məhsuldarlığı çox aşağı olub. Eyni zamanda Azərbaycan və Gürcüstanda da gözlənilən qədər məhsul olmayıb. Bu səbəb Türkiyənin məhsul ixracatında bazar payını çox artıracaq". Bu barədə Qara dəniz Fındıq Məhsulları İxracatçıları Birliyinin (KFMIB) İdarə heyətinin sədri İlyas Edip Sevinc bildirib. Sevinc, həmçinin son dövrlər Çin bazarındakı inkişafdan da danışıb: "Çin bazarı sürətlə böyüyür. Bu mövsüm Çinə ixracatın 8-9 min tona yaxın olacağını gözləyirik. Yeni mövsümdə isə bu rəqəmin 10-15 min tona çatacağını düşünürük. Bundan sonra önümüzdə maneə qalmır. Çin bazarının genişlənməsi bizi sevindirir. Çini yaxın gələcəkdə Türkiyənin əsas fındıq ixracatçılarından biri olaraq görürük. 30-40 illik arzu yavaş-yavaş gerçəkləşir ".
Dünya fındıq istehsalı və ixracatının əhəmiyyətli hissəsini əlində saxlayan Türkiyənin yeni ixrac mövsümündə 300 min tondan artıq fındıq ixrac edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, bir müddət əvvəl Türkiyə, Azərbaycan və Gürcüstanın kənd təsərrüfatı nazirləri strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Sənədə əsasən, üç ölkə fındıq istehsalı sahəsində daha fəal əməkdaşlıq edəcək. Üçtərəfli əməkdaşlıq formatının məqsədi fındıq məhsulunun istehsalı və keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması üçün elmi potensialdan maksimum istifadə və texniki əməkdaşlığın təmin olunmasıdır.
Maraqlıdır, bu il fındığın az olmasına səbəb nədir? Ümumiyyətlə, fındıq bazarında rəqabətə davam gətirmək üçün hansı addımlar atılmalıdır?
Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov da bu il məhsulun aşağı olduğunu təsdiqləyir: "Bəli, bu il məhsulun istehsal həcmi azoldu. Bunun isə bir neçə səbəbi var. İlk olaraq qeyd edim ki, aprel ayında havaların soyuq keçməsi fındıq çiçəyinin zədələnməsinə gətirib çıxardı. Ona görə də məhsuldarlıq keçən ilə nisbətən təxminən 20-30 faiz aşağı olacaq. Digər səbəb isə bu sahə ilə məşğul olan fermerlərin maarifləndirilməsində boşluğun olmasıdır. Hazırda ən ümdə məsələ fermerlərin maarifləndirilməsidir. Bu gün fermerlərin çoxu sovet dövründə qalma bilgilərə sahibdirlər. Əksəriyyəti aqrotexniki qaydalardan xəbərsizdirlər. Azərbaycan üzrə məhsuldarlıq normadan iki dəfə azdır. Əgər qeyd etdiyim kimi, fermerlər maarifləndirilsələr, aqrotexniki qaydalara əməl edilsə, məhsuldarlığı ən azı iki dəfə qaldırmaq olar. Bizim assosiasiyanın təlim mərkəzi var. Orada müəyyən təlimlər, treninqlər keçirik. Hazırda Qax, Zaqatala fermerləri bu təlimlərdə iştirak edirlər. Amma bizim bütün ölkəni əhatə etməyimiz mümkün deyil. Çünki ölkəmizdə 60 minə yaxın ailə təsərrüfatı var. Bunları bir yerə yığıb təlim keçmək çətindir. Bu işdə medianın dəstəyinə ehtiyac var”.
Məhsulun keyfiyyətinə gəlincə isə sədr, fındığımızın keyfiyyətli olduğunu, rəqabət qabiliyyətini qoruduğunu deyir. Həmçinin bildirdi ki, Azərbaycan fındığı keyfiyyət baxımından İtaliya fındığı ilə eyni səviyyədədir.
İqtisadçı Rəşad Həsənov istehsalı və rəqabətə davamlılığı artırmaq üçün hansı işlərin görülməli olduğundan danışdı: "Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları siyahısına baxdıqda, fındıq Avropa bazarlarında üstünlüyə malik olan məhsullardan biridir. Amma problem ondadır ki, əksər hallarda dünya bazarlarına Azərbaycan brendi adı altında təklif olunmurdu. Məsələn, Türkiyəyə daha çox xammal şəklində ixrac edilir, oradan da digər ölkələrə brendləşdirilərək göndərilir. Bu, ölkəmizdən ixrac olunan məhsulun gəlirliliyinə mənfi təsir göstərir. Ona görə, hazırda ilk işlərdən biri məhz bu istiqamətdə olan çətinliklərin aradan qaldırılması və məhsulun Azərbaycan brendi adı altında dünya bazarlarında satışının daha rahat təşkil edilməsi üçün şəraitin yaradılması olmalıdır. İkincisi isə istehsalın artırılmasıdır. Bunun üçün də fındıq bağlarınıngenişləndirilməsi ilə bağlı müxtəlif təşviqedici mexanizmlərdən istifadə edilə bilər. Bu sahədə fəaliyyət göstərən fermerlərin dəstəklənməsi məqsədəuyğun hesab edilir. Çünki məhsulların dünya bazarında yer tapması imkanları kifayət qədər yüksəkdir. Eyni zamanda fındıq gəlirlilik baxımında da digər məhsullarla müqayisədə üstündür. Düşünürəm ki, müasir texnologiyaların köməkliyi ilə istehsalın təşkil edilməsi istiqamətində sahibkarların maarifləndirilməsinə ehtiyac vardır. Çünki əksər sahibkarlar məhsul istehsalında ənənəvi metodlardan istifadə edir. Amma dünya təcrübəsi göstərir ki, köhnə üsullar istənilən nəticəni əldə etmək üçün kifayət qədər effektiv deyil. Ona görə, müasir elm və texnikanın imkanlarından istifadə edilməsinə, sahibkarlara bu istiqamətdə təlimlərin keçirilməsinə ehtiyac var. Bunun üçün isə xaricdən işini bilən mütəxəssislər dəvət oluna bilər. Bu işin kütləvi şəkildə təşkili və buna dövlət dəstəyinin təmin edilməsi, həm istehsalı, həm də rəqabətə davamlılığı artıra bilər. Onu da qeyd edim ki, hazırda kifayət qədər boş, əkilməyən ərazilər var. Həmin torpaqların sahibkarlara fındıq bağları salınması şərti ilə icarəyə verilməsi də bu sahənin inkişafına təkan verər”.
Günel
banner

Oxşar Xəbərlər