AZE | RUS | ENG |


Gəlirlərini qəpiyinə qədər bölən dostlar- İşgüzar

Gəlirlərini qəpiyinə qədər bölən dostlar- İşgüzar
Rasim Abdurəhmanov: “Məqsədimiz qazanmaq olsaydı, indiyə qədər bu sayt fəaliyyət göstərməzdi” Toğrul Bayramlı: “Xəbər olanda, gecə-gündüz bilmədən sayta yerləşdirməyə çalışıram ki, hər kəs məlumatlansın”

4 ildir ki, dostluq edirlər. Elə həmin vaxtdan bəri tale elə gətirib ki, münasibətləri həm də iş çərçivəsində davam edib. İndiyə qədər hər ikisi ayrılıqda başqa işlərdə də çalışıblar, bir yerdə də. Deyirlər ki, hansısa saytı idarə etmək onlara təhvil verilibsə, hər zaman onun reytinqini qaldırmağa nail olublar. Sonda qərara gəliblər ki, həm də öz işlərini qursunlar.
Beləliklə, bir çox gənclərin izləyicisi olduğu edumap.az saytını yaradıblar və müəyyən bir auditoriya toplamağa nail olublar. Müsahiblərimiz saytın həmtəsisçiləri Rasim Abdurəhmanov və Toğrul Bayramlıdır.
Qeyd edək ki, R.Abdurrəhmanov bakalavr təhsilini Gəncə Dövlət Universitetində tarix-coğrafiya ixtisası üzrə alıb. Magistratura pilləsində isə Azərbaycan Dövlət Pedaqoji Universitetdə iqtisadi və sosial coğrafiya üzrə oxuyub. T.Bayramlı isə Azərbaycan Dövlət İqtisad Universitetində ekoloq ixtisası üzrə təhsil alıb.
 
- Fərqli bir istiqamətli saytınız var. İlk olaraq elə saytın yaradılmasından danışaq. Sayt idarə etməklə bağlı təcrübəniz var idi?

Rasim: Əvvəl ödənişsiz seminar və vakansiyalarla bağlı bir qrup yaradıb, orada paylaşımlar edirdik. Bir müddət belə idarə edəndən sonra dialoq.info adlı saytın idarəetməsini bizə verdilər. Toğrulla o saytı idarə etdik və bir müddət sonra yavaş-yavaş maliyyə gəlməyə başladı. Sonra isə qərara aldıq ki, əgər bu işi bacarırıqsa, niyə də öz saytımızı yaratmayaq?! Əvvəl bəzi kurslarda reklam meneceri kimi də fəaliyyətim olub. Sonuncu rəsmi iş yerim mədəniyyət.az jurnalı idi. Öz işimi qurmaq istədiyim üçün ordan çıxdım.
Toğrul: Əvvəllər deyirman.az, bala.az, sportal.az, salespro.az, xebermarket.com saytlarında çalışmışam. Sonra dialoq.info saytını idarə etmək üçün bizə verəndə qərara gəldik ki, onu gənclər üçün bir sayta çevirək. Zamanla istədiyimizə nail olduq, sayta reklamlar gəlməyə başladı. İki il onu işlətdik. Amma sonda qərara gəldik ki, öz saytımızı yaradaq, həm müdir olaq, həm də işçi. Azər adlı dostumuz saytın yığılmasında köməklik etdi. 2015-ci ilin sentyabrından artıq sayt fəaliyyət göstərir.
 
- Hansısa təlimə, gənclərlə bağlı tədbirə gedəndə çox nadir hallarda sizin saytın adını eşitməyə bilərəm. Demək ki, müəyyən bir auditoriya yaratmağı bacarmısınız...

Rasim: Bəli, kifayət qədər auditoriyamız var. İstiqamətimiz təhsillə əlaqəli olduğu üçün bu sahə ilə bağlı qurum və təşkilatlarla əlaqələrimiz qurulub və zamanla da gücləndiririk ki, gənclər istədikləri məlumatı bizdə tapa bilsin.
Toğrul: Auditoriyamız az deyil. İş tapmaq, özünü inkişaf etdirmək istəyən, ixtisas yönümlü və yaxud hansısa təlimlərə maraq göstərən gənclər bizim saytı davamlı olaraq izləyirlər. İş elanları paylaşırıq, təlimlər, seminar və treyninqlərlə bağlı məlumatlarımız çox olur. Gənclər üçün bunlar maraqlıdır. Buna görə auditoriyamız genişdir.
 
- Eyni istiqamətli başqa saytlar da var. Amma sayta daxil olanda sonuncu xəbərlərinin bir neçə gün öncə, ən yaxşı halda isə bir gün öncə qoyulduğunu görürük. Sizin saytda aktivlik var...

Toğrul: Bəli, bizimlə yanaşı, bu tipli saytlar var. Amma hamısı maliyyədən şikayətlənirlər. Ona görə aktivlikləri zəifdir. Biz maliyyə olmasa da, işimizi görürük. Çünki bir növ hobbi olaraq bu işi davam etdiririk. Heç kim maddi gəliri olmadan gecə saat 4-də sayta xəbər yerləşdirməz. Fikirləşər ki, gəlirim də yoxdur, niyə yuxuma haram qatım? Amma mənim əlimdə məlumat olanda, gecə-gündüz bilmədən sayta yerləşdirməyə çalışıram ki, hər kəs məlumatlı olsun.
Rasim: Məqsədimiz sırf pul qazanmaq olsaydı, indiyə qədər bu sayt fəaliyyət göstərməzdi. Çünki hansısa işi quranda bir müddət maliyyə gəlmirsə, artıq onu davam etdirməyin mənası da olmur. Məqsəd gəlirdirsə, o da yoxdursa, niyə çalışsınlar ki?! Amma bizdə həvəs var. Elan xarakterli xəbəri bir dəfə paylaşmaqla kifayətlənmirik. Bir seminar və yaxud treyninq elanlarını  axırıncı qeydiyyat və yaxud tədbir günündə bir də paylaşırıq. Çünki informasiya dövründə çox şey yadımızda qalmır. Ona görə xatırlatmaya ehtiyac var. Bizə yenidən paylaşımlara görə "çox sağ olun” yazırlar. 
 
- Bəs gəliriniz necədir?

Rasim: Olmur desək, yalan olar. Amma elə də çox gəlir yoxdur. Bu qədər aktiv olmağın qarşısında gəlirin olmamağının əsas səbəbi gənclərimizi bir az pis öyrəşdirməyimizdir. Biz imkan daxilində gənclərə dəstək olmağa çalışırıq. Amma davamlı olaraq gəlir qazanmadan da kiminsə işini görmək olmur. Bu da bir işdir və əziyyət çəkənlər var.
Toğrul: Saytda reklama, ödənişli işlərə mən baxıram. Gənclər Fondundan qrant alıb layihələr keçirən gənclərimiz çoxdur. Ödənişsiz layihələrin xəbərlərini təmənnasız paylaşırıq. Amma bir insan ard-arda 6 dəfə press-reliz göndərir ki, pulsuz verilsin. Dəstək üçün 1-2 dəfə yenə də edirik. Amma həmin layihələri təşkil edənlər hesabat verəndə yazırlar ki, reklam işləri üçün filan qədər pul ayırdıq. Həmin məbləğin heç olmasa, əlli faizini ödəsinlər. Bu sayt havadan idarə oluna bilməz, həm də dövlət onlara həmin pulu ayırır.
 
– Gəliriniz elə güclü deyilsə, bəs ofislə təminat necə qarşılanır? İşçilərin cəlb edilməsi də var...

Rasim: "Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı öz biznesinə başlamaq istəyən və hazırda yeni biznesini inkişaf etdirən gənc sahibkarlar üçün "Paylaş! Qazan! Biznesinə başla!” başlığı altında onlayn müsabiqə keçirirdi. Orada iştirak edib, yer qazandığımız üçün bizi ofislə, müəyyən avadanlıqlarla təmin etdilər. Ona görə ofislə təminat cəhətdən problemimiz yoxdur.
Toğrul: Komanda olaraq 6 nəfərik, hər kəsin üzərinə düşən müəyyən işlər var. Amma hər kəs könüllü əsaslarla çalışır. Gülzar adlı xanım bizim komandada çalışmaq istədiyini dedi. Maliyyəmiz olmadığı üçün əziyyət vermək istəmədik, problem olmadığını dedi. Reklam olduqca müəyyən ödəniş veriləcəyini dedik, onu da istəmədi. Dedi, ehtiyac yoxdur, sadəcə, kömək etmək istəyir. Könüllü əsaslarla çalışdıqları üçün heç kimi nəyəsə məcbur da etmirik. Kim istəsə işləyir, kim istəməsə yox. Amma Rasimlə mən işi özümüz qurduğumuz üçün saytı boş qoya bilmərik, ona görə də, işləməyə ancaq özümüzü məcbur edə bilərik.
 
- Xəbərlərinizin oxunma sayı da yaxşıdır. Buna əsasən reklam cəlb etmək olar axı...

Rasim: Gündəlik İP ən azı 4000-ə yaxın olur. Amma belə 7000 və daha çox olur. Bu da aylıq 200 mindən çox edir. Yazılarımız sayta yerləşdirilən kimi avtomatik olaraq 40-dan çox səhifədə paylaşılır. 20, 12 min izləyicisi olan səhifələrimiz var. Reklam verən bir çox şirkətlər var, amma onlar reklam agentlikləri vasitəsilə bu işi həyata keçirirlər. Həmin agentliklərdən reklam almaq üçün isə tanışlıqlar lazımdır.
Toğrul: Əslində, bizim istiqamətimiz gənclərlə bağlı olduğu üçün reklam qiymətlərini çox baha etmirik. Reklam qiymətləri də çox aşağıdır. Amma onu belə ödəmək istəmirlər. Belə bir fikir formalaşıb ki, mətbuat orqanıdır, bunu verməlidir.
Rasim: Gəlirimiz çox olmasa da, gənclər arasında tanınmağımızda, bir çox əlaqələr qurmağımızda bu saytın böyük rolu var. Əvvəl saytın adını tanıtmaq üçün çalışırdıq, amma indi ad bizim üçün çalışır.
 
- Müdirin iki olmasının çətinliyi yoxdur?

Rasim: Heç bir çətinliyi yoxdur. Çünki hələ çoxlu pul qazanmırıq (gülür – A.A.) Zarafatsız, əvvəldən heç bir problemimiz olmayıb. Rəhbər-işçi kimi də işləmirik. Hamımız bir komanda olaraq işimizi görürük. Sahil, Toğrul və mən bəzi işləri bölüşmüşük.
Toğrul: Rəsmi olaraq müdir Rasimdir. Amma hər hansı çətinlik hiss etməmişəm.
 
- Narazılığınız heç olmayıb?

Rasim: İş prosesi elədir ki, narazılıqlar ola bilər. Düzdür, zarafatla deyirik ki, gəlirimiz çox deyil deyə, mehribanıq. Amma indi də gəlirimizi qəpiyinə qədər yarı bölürük. Gəlir artsa da, yəqin ki, belə davam edəcəyik.
Toğrul: Xırda mübahisələrimiz çox olur. Əsas odur ki, böyük narazılıqlar yoxdur.
 
- Bundan əlavə hansısa işiniz varmı?

Toğrul: Mən onlayn dil kursları ilə bağlı bir iş qurmuşam. Evdə oturub hansısa kursda və yaxud məktəbdə işləyə bilməyən dil müəllimləri çoxdur. Onlarla kursa getməyə vaxtı olmayanları əlaqələndirib bir kurs sistemi yaratmışam. Bunun üçün ofisə də ehtiyac yoxdur. Bütün işləri onlayn idarə edə bilirəm. Skaypla dərs verilir. Mən işin marketinqini görürəm, əlaqələndirirəm və nə qazansam, evin içindən qazanıram.
Rasim: Başqa bir saytla qarşılıqlı əməkdaşlığım var. Bir də şərikli dil kursum var.
Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1763
TRY 1 Türk lirəsi 0.4764
KWD 1 Küveyt dinarı 5.5938
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.8492
CHF 1 İsveçrə frankı 1.7091
USD 1 ABŞ dolları 1.7022