• şənbə, 27 Aprel, 01:51
  • Baku Bakı 14°C

Gələcəyini itirən ölkə

03.04.18 18:30 578
Gələcəyini itirən ölkə
Ermənistanın üzləşdiyi ağır sosial iqtisadi durum hər zaman Qərb mediasının daha çox diqqət ayırdığı məsələlər sırasında olub. Bu sırada Almaniya nəşrləri xüsusi ilə seçilirlər. Bu ölkənin ZDF İctimai Televiziyasının saytı müasir Ermənistanın ağır reallıqlarını əks etdirən məqalə ilə çıxış edib. "Soyqırımı, Dağlıq Qarabağ müharibəsi – insanları Ermənistanla bu mövzular bağlayır. Gündəlik həyat dominantlıq edən mövzular isə korrupsiyaya uğrayan məmurlar, yoxsulluqdur. Gənclər kütləvi şəkildə ölkəni tərk edirlər”, - deyə jurnalist Volfqanq Çimmermanın hazırladığı reportajda bildirilir.
"Astqik Tarloyan Yerevanda Bryusov adına universitetdə alman dilindən dərs deyir. O, ailəsini dolandırmaq üçün müxtəlif təşkilatlarda çalışır, kitabların tərcüməsi ilə məşğul olur. Alman, rus, ingilis dillərini ideal şəkildə bilir. Tibbi sığortası yoxdur”,- deyə reportajda bildirilir. "Tibbi xidmət bizlərdə ucuz deyil. Əgər hər hansı bir ciddi problemlə bağlı həkimə müraciət etsəm, onda valideynlərimin köməyi olmadan heç nə edə bilmərəm”, - deyə 33 yaşlı erməni xanım nəşrə müsahibəsində bildirib. Onun sözlərinə görə, onlarla yaxın dostu Ermənistanı tərk edib Almaniyaya qaçıb. Onun yanında alman dilində tədris alan tələbələr də bunu hədəf seçiblər. Astqik isə heç bir zaman Ermənistandan getmək barədə düşünməyib. "Bu, mənim qanımdadır, milli təəssübkeşliyimdən irəli gəlir. Bura mənim vətənimdir. Heç bir zaman başqa bir yerdə yaşamaq istəməmişəm”, - deyə xanım alman nəşrinə müsahibəsində bildirib. Lakin Astqik Tarloyan etiraf edir ki, artıq onun özü də miqrasiya haqqında düşünür. Reportajda qeyd edilir ki, "Astqik yalnız bir nümunədir. Onunla həmfikir olanlar çoxdur”.

"Bu yaxınlarda keçirilən tədqiqatın nəticələrinə görə, gənclərin 2/3-i tez bir zamanda ölkəni tərk etmək istəyir. Başqa bir qrup da var ki, heç olmasa bir müddətə ölkəni tərk etmək arzusundadır. Onlar hakimiyyətin apardığı mənfur siyasətdən, ölkədəki siyasi, sosial və iqtisadi vəziyyətdən tamam beziblər. Rəsmi statistikaya görə, ölkə əhalisinin 30 faizdən çoxu yoxsulluq həddindən aşağı durumda yaşayır. Real rəqəmlər isə yəqin ki, bundan qat-qat çoxdur”, - deyə ZDF-in videoreportajında qeyd edilir.
İctimai Televiziyamın reportajında korrupsiya və seçkilər zamanı saxtalaşdırma faktları da diqqətdən kənarda qalmayıb. "Transparency International”ın korrupsiya indeksində Ermənistan 107-ci yeri tutur. Onunla bır sırada Efiopiya, Makedoniya və Vyetnam dayanır. "İqtisadiyyat bir neçə oliqarxın əlində cəmləşib. Onlar bu və ya digər formada hakim elitaya daxil olan şəxslərin qohumları və yaxud dostlarıdır. Məhkəmə sisteminə gəldikdə, bu sahə tamamilə asılı vəziyyətdədir. Bu da investorlar üçün ciddi problemlər yaradır. Hər seçkidən sonra saxtakarlıqlar barədə ittihamlar səslənir. Seçici siyahılarında kütləvi şəkildə ölən insanların adlarına rast gəlmək mümkündür. Reportajda hətta Ermənistanda dillər əzbəri olan bir məsələ də yayılıb. "Baba, sən məhz seçkilər naminə xortlamısansa, niyə bizə də baş çəkməyəsən”, - deyə materialda qeyd edilir.
Daha sonra qeyd edilir ki, perspektivin olmaması səbəbindən gənclər kütləvi şəkildə ölkədən qaçır. "Nə qədər insanın qaçmasını yalnız təqribi hesablamaq olar. Hökumət il ərzində 30-40 min insanın getdiyini bildirir. Əsas kütlə də Rusiyaya qaçır. SSRİ-nin dağılmasından sonra Ermənistan təxminən 16-30 yaşında olan gənclərinin yarısından məhrum olub. Bu, həm də ölkənin gələcəyinin itirilməsi deməkdir”, - deyə videoreportajda vurğulanır. "Belə çıxır bu durum dövləti narahat etmir. Görünür, belə hal hökumətə sərf edir. Yaxşı təhsil almış gənclərin axını hökumət üçün məqbuldur. Çünki ölkəni potensial inqilabçılar ölkəni tərk edir. Narazı olanlar etiraz etmirlər, sadəcə ölkəni tərk etməyə üstünlük verirlər”, - deyə reportajda vurğulanır.
ZDF sonda Ermənistanın geostrateji vəziyyətinə toxunur və vəziyyətini sərhədləri qapalı olduğundan "fəlakətli yuxu” adlandırır.
Azər

banner

Oxşar Xəbərlər