• cümə axşamı, 18 aprel, 10:48
  • Baku Bakı 12°C

Gələcəyin tələbi olan ixtisaslar - Polemika

04.05.16 12:57 5238
Gələcəyin tələbi olan ixtisaslar - Polemika


Zaman sürətlə keçir. Xüsusilə 21-ci əsrdə yeniliklər və dəyişikliklər o qədər tez baş verir ki, bu gün müasir olan sabah artıq dəbdən düşür. Texnologiyadan tutmuş tibbə qədər bütün sahələrdə hər gün müxtəlif növ yeniliklər tətbiq edilir. Təbii ki, yeniliklərlə ayaqlaşmaq heç də asan deyil. Bu gün aldığımız mobil telefon cəmi bir aydan sonra "köhnə” və dəbdən düşmüş olur. Elə təhsil sahəsində də belədir. Artıq tədris olunan bəzi fənlər və ixtisaslar "köhnəlməyə” başlayıb. Bəs gənclərimiz necə fikirləşir? Yaxın gələcəkdə ən perspektivli sahə hansı olacaq? Və ya indi tədris olunan ixtisaslardan hansılar artıq lazım olmayacaq?

Yalnız elmlə bağlı sahələr lazım olacaq

Zümrüd Paşkin, müxbir

Zümrüd fikirləşir ki, yaxın gələcəkdə ən perspektivli ixtisas sahələri informasiya texnologiyaları (İT), genetika və kimya mühəndisliyi olacaq. Çünki bu sahələr müasir dövrün nəbzini tutmağı bacarır: "Fikrimcə, bu sahələr yaxın gələcəkdə daha çox lazım olacaq və hətta indidən bu proses başlayıb. Çünki bu ixtisaslar dövrün və zamanın tələbinə uyğun olaraq inkişaf edir. Yaxın gələcəkdə yalnız elm ilə bağlı olan sahələrin öz mövcudluğunu qoruyub saxlaya və inkişaf etdirə biləcəyini düşünürəm. Ümumiyyətlə, baş verən bu inkişafın qanunauyğunluğuna əsasən, məişət həyatımızda hər gün istifadə etdiyimiz xidmətlərdə də ciddi dəyişikliklər olacaq”. Həmsöhbətimiz deyir ki, bəzi ənənəvi sahələr gələcəkdə öz vacibliyini saxlasa belə, bəzilərinin hətta yox olmaq təhlükəsi var: "Məsələn, Google, Tesla kimi şirkətlər öz self-driving (özü sürən) avtomobil xidmətlərini təklif edir ki, bu zaman artıq sürücüyə ehtiyac qalmır. Başqa bir xidmət sahəsi olaraq bank sektorundakı xidmətlərin də dəbdən düşəcəyini fikirləşirəm. Çünki texnologiya bu gün elə sürətlə inkişaf edir ki, artıq bu proseslər elektron üsulla öz həllini tapacaq. Necə ki, artıq bu proses başlayıb və sürətlə yayılmaqdadır. İT inkişaf etdikcə, robotexnikanın həyatımıza müdaxiləsi də artır. Bundan başqa, gələcəkdə yoxa çıxma ehtimalı olan sahələrdən biri kimi jurnalistika da nəzərdə tutulur. Lakin həkim, müəllim kimi ənənəvi sahələr hesab edirəm ki, bir o qədər də ciddi təhlükədə deyillər. Çünki onlara hər zaman ehtiyacımız var”

Bəzi ixtisaslar dəbdən düşəcək

Aslan Həsənli, bank işçisi

Aslan da Zümrüdlə həmfikirdir. O da digər müsahibimiz kimi fikirləşir ki, gələcəkdə İT ən çox lazım olan elm sahəsi olacaq: "Yaxın gələcəkdə perspektivli olacaq bir sıra ixtisas sahələrinin adını çəkmək olar. Bunlardan ən vacib və lazım olanı isə təbii ki, İT sahəsi olacaq. Çünki bizim bu sahəyə ehtiyacımız günü-gündən artmaqdadır. Demək olar, bütün sahələrin bu gün İT-dən asılılığı var. Bundan başqa, gələcəkdə ehtiyac olan sahələrdən biri də ekoloji təmiz sənaye, sağlam qida sektoru olacaq. Çünki getdikcə sağlam qida məsələsi ciddi bir təhlükəyə çevrilməyə başlayıb. Yuxarıda sadaladığım texnoloji yeniliklər təəssüf ki, qida sektoruna heç də müsbət keyfiyyətlər qazandırmayıb. Yediyimiz qidaların sağlamlığı və təmizliyinə inam azalır. Tərkibi və geni modifikiasiya edilən qidalar bizim bəlamıza çevrilir”.
Müsahibimiz gələcəkdə ehtiyac olmayacaq bəzi sahələrin adını da qeyd etdi: "Bu sahələrə nümunə olaraq mühasiblik, müəllimlik, səhiyyə sektorunun bəzi personalını aid etmək olar. Çünki inkişaf imkan verəcək ki, yuxarıda sadaladığım texnoloji sahələr bu sahənin işçilərinin belə demək olarsa, "çörəyini əlindən alsın”. Elektron imkanlar sayəsində sözügedən ixtisas sahiblərinin gördüyü işlərin öhdəsindən özümüz gələcəyik. İnternet üzərindən təhsili bu gün bir çoxları istifadə edir. Bu üsulla milyonlarla insan yeni dil öyrənir, ali məktəblərə hazırlaşır. Bundan başqa, tələbələr artıq onlayn şəkildə istədiyi universitetin müəllimlərinin mühazirələrinə qatıla və dinləyə bilirlər. Eləcə də mühasibatlıq işinin dəbdən düşəcəyini düşünürəm. Çünki rəqəmsal maşınlar insanların işini görə biləcək səviyyədə inkişaf edir”.

"Texnologiyanın inkişafı həm bezdirici, həm də təhlükəlidir”

Sevda Suvarova, tələbə


Sevda isə məsələyə bir qədər fərqli aspektdən yanaşır. O deyir ki, bütün ixtisaslar hər zaman vacib olub. Bundan sonra hər hansı bir sahənin digərini məhv etməsi yanlış fikirdir: "Təbii ki, texnologiya inkişaf etdikcə elm sahəsində də müxtəlif dəyişikliklər olacaq. Lakin bu, bu bir sahənin tamamilə məhv olub getməsi demək deyil. Əvvəllər belə bir fikir var idi ki, televiziyadan sonra digər media qurumları sıradan çıxacaq. Xüsusilə bunu qəzetlər üçün deyirdilər. İnternet və onlayn media yarandıqdan sonra iddia olundu ki, televiziyalar yox olacaq. Zaman keçdikcə gördük ki, nə televiziya, nə radio, nə də qəzet sıradan çıxır. Bu gün onların hər biri var və hər birinin də müxtəlif təbəqələrdən olan oxucuları, dinləyiciləri, tamaşaçıları var”.
Həmsöhbətimiz deyir ki, yaxın gələcəkdə ən çox ehtiyac olan sahələr məhz ənənəvi sahələr olacaq. Çünki insanlar getdikcə texnologiyadan bezəcəklər: "Fikirləşəndə ki, bir gün sənin yerinə robotlar fəaliyyət göstərir, bir qədər qəribə hisslər yaranır. İnsan artıq özü öz işini görməyəcəksə, daha nə üçün yaşasın ki? Həyatın marağı işləməkdə, motivasiyadadır. Texnologiya bu imkanlarımızı getdikcə daraldır və həyat maraqsızlaşmağa başlayır. Təsəvvür edin ki, müəllim, məktəb, həkim, xəstəxana yoxdur. Hər şey internet vasitəsilə bir neçə dəqiqəyə rahat şəkildə başa gəlir. Bu, nə qədər asan olsa da, bir o qədər də həyatımızı maraqsızlaşdırar”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər