AZE | RUS | ENG |

Gələcəyi olmayan Ermənistan mifomaniyadan gələn keçmişi ilə yaşayır

Gələcəyi olmayan Ermənistan mifomaniyadan gələn keçmişi ilə yaşayır
Bakıda 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans öz işinə başlayıb. Trend-in məlumatına görə, konfransı açan Əqli Mülkiyyət Agentliyinin (ƏMA) İdarə Heyətinin sədri Kamran İmanov bütün dünyada qeyd olunan Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" və 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyətindən danışaraq deyib ki, bu günlərdə keçirilən müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir. Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən, Beynəlxalq Əqli Mülkiyyət Gününü isə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi 2001-ci ildən başlayaraq qeyd edir. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün builki 24-cü ildönümü UNESCO-nun qərarı ilə ədəbiyyatın və oxunun, qiraətin xüsusi əhəmiyyətinin qeyd edilməsinə həsr olunur. Kamran İmanov bildirib: "Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur, 2019-cu ilin iki ayının nəticələri, həmin ilin yanvar-fevral aylarındakı ÜDM-in nəticələri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur, sənayenin isə qeyri-neft sektorundakı artımı 15,5 faizdir və dünya rekordu səviyyəsindədir. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əmək haqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır. Dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlə desək, "bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…". Agentlik rəsmisinin sözlərinə görə, xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək veri: "Fransanın "Opinion Way" şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir. Dünya Bankının "Doing Business – 2019" hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlətlər sırasında olması heç də təsadüfi deyil. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır". K.İmanov qeyd edib ki, gələcəyi olmayan Ermənistan isə keçmişi, özü də mifomaniyadan gələn keçmişi ilə yaşayır. "Uydurma keçmişi "canlandırmaq" məqsədilə özlərini Cənubi Qafqazın avtoxton sakinləri qismində dünyaya təqdim üçün terroru və terrorçuları da dəstəkləyir, istənilən saxtakarlıqlara, sağlam məntiqdən uzaq olan uydurmaya da gedirlər. Tanınmış Rusiya tarixçisi və politoloqu, bugünkü konfransımızın qonağı Oleq Kuznetsozun sözləri ilə desək, "... cahillik, naşılıq ... istənilən erməni humanitar fikrinin vizit kartıdır. Buna görə də Ermənistanda müasir elmi biliyə yox, aşkar nasist Tsexakron [Njde] nəzəriyyəsinin tövsiyələrinə uyğun olaraq, yaşamağa üstünlük verilir". Erməni elmvari saxtakarlıq metodologiyasının mahiyyətinə toxunan ƏMA sədri vurğulayıb ki, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitablarının çoxsaylı olduğu halda, bunlar bir-birinə istinadən, həqiqətə uyğun olmayan "faktları" tirajlayır və bununla "ermənisayağı mənbə", yəni "dəlillər" sistemi yaratmaqdadır: "O ki qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməni saxtakarlığı dayanır. Lakin məşhur Servantes demişkən, "Don bəzəyər də, ifşa edər də”. Dediklərinin təsdiqi olaraq, K.İmanov belə bir misalı dilə gətirib ki, dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin manuskriptlərinin tapılması müşkül bir işdir: "2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş "Сокровища академических собраний Санкт-Петербурга" kitabı çapdan çıxmışdı və kitabın tərtibatçı kollektivinin rəhbəri, milliyyətcə erməni olan prof. Yuri Petrosyanın yazdığı kimi, minlərlə nüsxədə qorunub saxlanan erməni əlyazmaları çərçivəsində bir dənə də orijinal yoxdur, əksəriyyəti, 80%-ə qədəri, XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir və bəlkə də onlardan birini XII əsrə aid etmək mümkündür. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir”. Mövzunu davam edərək, o, M.Xorenski (Movses Xorenatsi) haqqında fikirlərini belə ifadə edib: "Çıxışlarımda və yazılarımda dönə-dönə qeyd etdiyim, erməni tarixinin xrestomatiyasına çevrilən, erməni tarixçiləri tərəfindən danılmaz həqiqət kimi qəbul edilən və b.e. V əsrinə aid edilən, "erməni tarixinin atası" sayılan M.Xorenskinin "Haylar tarixi"nin uydurma nöqteyi-nəzərindən maraqlı tarixçəsi vardır. Bu əsərə aid fırıldaqlar və saxtakarlıqlar kitabın adı, yazıldığı tarix, müəllifliyi, hətta tərcüməsi ilə də bağlıdır. Yazının orijinalı yoxdur və hansı dildə yazılıb – siro-aramey, yunan və ya qrabar, bəlli deyil. Yazıya istinadlar əsasən müasir erməni müəlliflərinə məxsusdur, özü də X əsrə qədər hay istorioqrafiyasında Xorenskinin adı çəkilmir”. K.İmanovun sözlərinə görə, bir sıra alimlərin fikrincə, Xorenski adı altında anonim keşiş tarixçisi çıxış edir, çünki onun tərcümeyi-halı naməlum, saxta mənbələr əsasında yalnız 1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli tərcüməçi N.Emin tərəfindən tərtib edilib. 1809-cu ildə rus dilinə tərcümə olunan nəşrdə (latın dilində 1736-cı ildə Londonda nəşr olunub) yazının adı "Ermənilər tarixi"nə, 1858-ci ildə isə "Armeniya tarixi"nə çevrilib və bununla da haylar – ermənilər haqqında tarix uydurulmuş Armeniya ölkəsi tarixi adına çevrilib. Müəllifi olduğu "Erməni yadelli nağılları” (Bakı, 2008) və "Öz-özünü təkzib edən "erməniçiliyin müəllif hüququ” (Bakı, MHA, 2015) kitablarına xitabən, natiq vurğulayıb ki, bununla belə, M.Xorenskinin ən böyük fırıldağı İncildəki təftişlər və bununla İncilin erməni variantını təqdim etməsidir: "Saxtakarlığın məkrli niyyəti "Xalqlar cədvəli”ndə Hayk və Armenak fantomlarının uydurulması ilə və bu cədvəldə göstərilməyən şəcərə qollarını doldurmaqla hayları armenlərin əcdadlarına çevirmək, üstəlik sakaların, qədim türklərin soykökü ilə "qohumluq” yaratmaq idi. Nəticə etibarı ilə, digər xalqların yaşayış ərazisinin mənimsənilməsi ilə onların tarixini də hay-ermənilər xeyrinə özününküləşdirməkdir”. Burada o, XVIII əsrin ən görkəmli tarixçilərindən olan Qibbonun "Xorenskidən yalnız digər qədim tarixçilərdə də olanları götürmək olar…” fikrinin heç də təsadüfi olmadığını qeyd edib və bu məsələyə nöqtə qoyaraq vurğulayıb: "Beləliklə, erməniçiliyin ən "sanballı” tarixi yazısı saxtalaşdırılmış mənbə kimi çıxış edərək, digər uydurulmuş əsərlərə "yaşıl işıq” yandırmış oldu”. K.İmanov, həmçinin erməniçiliyn digər bir "mahircəsinə” işlətdiyi "elmi” ixtiraya – başqa xalqların, ilk növbədə Azərbaycan xalqının torpaq və mədəniyyətini qəsb etməyə yönəldilmiş üsula: mifologiya yaratmaq, sonra isə bu uydurulmuş tarix əsasında öz iddialarını gerçəkləşdirmək - aydınlıq gətirib: "Mifologiyaya əsaslanan "böyük torpaqlar" stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn "böyük erməni mədəniyyəti", "sivilizasiyanın ilk erməni ocağı" mədəni oğurluqları erməniçilik təfəkküründə "təbiilik" və "legitimlik" qazandırır. Odur ki, Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmasına, beynəlxalq normalara uyğun yaşamaya məhəl qoyulmur. Odur ki, Azərbaycanın maddi və qeyri-maddi irsinin, mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi davam edir. Üstəlik, erməniçilik tərəfindən hazırlanan ermənilərin "müstəsnalığı", "əzabkeşliyi", "xüsusi missiyası"na dair uydurmalardan irəli gələn stereotiplər müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərərək, çağdaş dünya quruculuğunun təməl daşı olan beynəlxalq hüququn tanınmasına maneələr törədir”. Bununla birlikdə, o, erməni xalqının özünəməxsus tarixinin olmasını təbii sayaraq, buna qarşı yox, uydurma tarixə qarşı çıxdığını qeyd edib: "Hər bir xalqın, o cümlədən erməni xalqının özünəməxsus tarixi var, millətin keçmişində baş verən olaylar, hadisələr, uğurlar və məğlubiyyətlər gerçəkliyinin ayrılmaz bir hissəsidir. Biz erməni xalqına qarşı deyil, erməniçiliyə, sağlam olmayan dünyagörüşünü dəstəkləyən bədnam qonşularımızın millətçi müəllifləri, ya da sifarişlə tutulmuş muzdlu xaricilər tərəfindən yazılan yalan, uydurma və böhtanlar dolu kitablara və digər yazılara qarşı çıxış edirik. Xüsusən tarixşünaslığa aid bu növ əsərlərdə əsas leytmotiv ermənilərin Cənubi Qafqazda gəlmə yox, avtoxton millət olmasına və buradan guya itirilmiş torpaqlarla bağlı ərazi iddialarına qarşı çıxış edirik”. Onun sözlərinə görə, erməni tarixinə nəzər saldıqda "daim qeyd etdiyimiz kimi, millətçi hay-ermənilərin ölkə tarixini etnos tarixi ilə əvəz etməsi”nin təsadüfi olmaması görünür: "Bunun səbəbi yalnız keçmişdə "Armeniya" adlı dayanıqlı siyasi anlayışın olmamasında deyil. Dayanıqlı coğrafi anlayış "Armeniya" heç bir vəchlə erməniçiliyin iştahını ödəyə bilmir. Çünki bu coğrafi anlayış bir çoxlarının, o cümlədən türk etnoslarının yaşayış məkanı idi”. K.İmanov qeyd edir ki, "əgər M.Xorenskidə "Armeniya" anlayışı sayca vahidlərlə ölçülürdüsə, indiki erməni tarixçilərinin "Armeniya"larının sayı onlarladır, o cümlədən ağız dolu söylədikləri "erməni dövlətçiliyinin Eçmiədzin dövrü" adlanan "Şərqi Armeniya" da”.. "Aydındır ki, burada söhbət erməni dövlətçiliyinin məskəninə çevrilmiş Azərbaycanın tarixi torpaqlarından, Qərbi Azərbaycandan gedir”, - fikrini vurğulayaraq, o, belə nəticəyə gəlir: "Millətçi erməni müəlliflərinin yazılarında miqrant olan ermənilərin yaşadıqları bütün torpaqlarda avtoxton, aborigen olduqları haqqında iddialar irəli sürülür. Odur ki, hay-erməni köçmələrinin tranzit olduqları ərazilərin tarixini yazmalı olurlar və belə tarixə miqrasiya nəticəsində yaşadıqları bütün coğrafi məkanları da daxil edirlər. Elə buna görə yazdıqları tarix "Armeniya tarixi" kimi qələmə verilmir, "Erməni xalqının" tarixi kimi də təqdim olunur”. Lakin K.İmanovun sözlərinə görə, erməniçilik bir şeyi unudur: "Bu növ tarixi gəlmə etnosun xələfləri – törəmələri – alloxtonlar yazmış olurlar, halbuki, ərazidə köklü yaşayanlar – avtoxtonlar yaşadıqları ərazini tarixi Vətəni, doğma yurdu, əcdadlarının məkanı kimi təsvir edərək, ölkə tarixini yazırlar”. O, burada Eduard Errionun "ənənə keçmişin uğurları, tərəqqisi deməkdir, bu günün tərəqqisi isə zaman getdikcə sabahın, gələcəyin ənənəsinə çevrilir” fikrini yada salır və qeyd edir: "Bu həqiqətən belədir, lakin bu məşhur sözlərin Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsinə aidiyyəti yoxdur”. K.İmanov həmçinin qeyd etmişdir ki, M.Xorenskidən başlayaraq, "əzabkeş xalqın itirilmiş əraziləri” haqqında mifologemlər erməniçiliyin qonşularının torpaqlarına ərazi iddialarının revanşist əsasını təşkil edir: "Uydurulmuş "Böyük Ermənistan" haqqında millətçi xülyalar isə daim öz saxta tarixinin formalaşdırılmasına və qonşularının tarixinin təhrifinə təkan verir”, - deyən natiq onu da qeyd edib ki, "söhbət açdığımız mifologemlər yalan səpmək praqmatik funksiyası ilə yanaşı, erməniçilik aləmində daha vacib vəzifənin – növbəti mifoloji materialın yaranmasına zəmin yaratmaq məqsədini güdməkdədir”. K.İmanov erməni qədim mətnlərinin bir xüsusiyyətinə də diqqəti çəkmişdir: "Bəllidir ki, burada bir şablon - "qəhrəman xristian keçmişinə malik” və "düşmənlərin əhatəsinə düşən və incidilən qədim xalq” – ifadəsi istifadə edilir. Bu isə yazılı erməni narrativlərindən dərslik və akademik nəşrlər vasitəsilə institusional tarixə çevrilərək, erməni etnosunun kollektiv yaddaşına həkk olunur və bu da dünya etnik mənzərəsinin qavranılmasında hazırki hay-erməni düşüncə tərzini müəyyən edir”. O, bu şablona diqqət yetirən bəzi alimlərin fikirlərini yada salıb, o cümlədən erməni narrativlərini dərindən tədqiq etmiş tanınmış Amerika alimi, Harvard Universitetinin professoru R.Tomsondan bu iqtibası gətirib: "Əvvəla, erməni tarixi narrativlərinin müəllifləri, adətən, kilsə ruhaniləridir və onların yazdıqları kilsə sifarişi əsasında hazırlanıb və kilsə vasitəsilə qorunub. İkincisi, ermənilərin tarixi yazılarında hadisələrin təsviri yox, onların xüsusi, seleksiyalı quruluşu təqdim edilir. Üçüncüsü, yazılar elan olunan zamandan qat-qat sonra əmələ gəlib və əsrlər boyu, XIX əsrə qədər, hay-ermənilər tərəfindən əlverişli olan əlavələr və dəyişikliklərə məruz qalıb”. Eləcə də, Rusiyanın tanınmış etnoloqu V.Şnirelmanın "Войны памяти" adlı tədqiqatında yazdığı kimi, "müasir hay-erməni istorioqrafiyası "şanlı keçmişin” yazılı şablon və obrazlarına əsaslanır” və digər məşhur rusiyalı politoloq S.Luryenin "Армянская политическая мифология и ее влияние на формирование внешней политики Армении и Нагорного Карабаха” qeyd etdiyi kimi, ermənilərin siyasi mifologiyası "dünya etnik mənzərəsinin bir hissəsidir, özü də, qeyd edirəm, şüursuz olaraq mənzərəsinin, və etnosun zahiri reallığın qavranılması və bu reallığa qarşı davranış qaydalarını müəyyən edir”. Bununla yanaşı, K.İmanov vurğulayıb ki, "şüursuz məhsul olan dünyanın erməni etnik mənzərəsindən fərqli olan, həm keçmişdə, həm də indiki zamanda yaradılan xalqın tarixi ilə bağlı əfsanələr şüurlu halda uydurulub, konkret müəlliflərə, o cümlədən Qriqor Arsruni, Raffi, Leo, Mkrtıç, Xrimyana məxsusdur. Bu yazıçılar və publisistlər tarixi biliklərə qovuşmadan XIX əsrin axırlarında bir sıra tarixi mif və əfsanə yaradaraq, uydurma qəhrəmanlığı ön plana çəkmişlər”. "Odur ki, tanınmış rusiya yazıçısı Yuri Pompeyevin çox dəqiq fikrinə görə, erməni zadəganlarının Tanrı törəməlri olduqları haqqında opuslar, böyük tirajlarla buraxılan uydurmaların Artaşes Arsruni kimi müəllifləri dərc edilir, Suren Ayvazyanın saxta tarixləri yer alır. Nəticədə "etnosun kollektiv yaddaşı süni yaradılan xülyalı keçmişin qəfəsindədir, gələcək isə keçmişin naminə, əksinə yox, təsəvvür edilir”, - deyərək, K.İmanov qeyd edir: "Bəli, məşhur yazıçı Flober demişkən: "… keçmiş bizi saxlayıb buraxmır və bu səbəbə görə gerçək bizdən vaz keçir”. O, xüsusi qeyd edib ki, "istər erməni müəlliflərinin qədim mətnlərinə, istərsə də tarixə dair çoxsaylı müasir müəlliflərin yazdıqlarına erməni və xarici tarixşünaslığın verdiyi qiymətlər köklü surətdə fərqlənir”. "Hal-hazırda isə "erməni tarixinin atası” sayılan M.Xorenski haqqında söylənmiş iki fikirlə kifayətlənəcəyəm: bu hissə "Армянская средневековая литература”, 1986, rus dilində olan Ermənistan Elmlər Akademiyasının nəşrindən götürülüb: "... Xorenskinin əsəri ilk erməni tənqidi tarixdir və milli elmi-tarixi fikrin incisi və şah əsəridir...”. Bu isə məşhur tarixçi Avqust Karriyerin 1896-cı ildə dediyi sözləridir: "Onun [Xorenskinin] məlumatlarına inanmaq - naşılıqdır. Verdiyi xəbərlərin əksəriyyəti uydurmadır”. Deyilənləri ümumiləşdirərək, K. İmanov deyib: ”İki ayağı üstündə duran həqiqətdən fərqli olaraq yalan və uydurma bir ayağı üzərində durur və onun dayanıqlığı üçün növbəti yalana əl atılır”. O, həmçinin keçmişdən gələn erməni müəllifləri Aqafangel, Yeğişe (Yelisey), Sebeosun yazdıqları anonim "Erməni coğrafiyası”ndakı torpaq iddialarında Eçmiədzinin yerləşdirilməsi haqqında yalan, uydurma və saxtakarlıqlar silsiləsini, bu yalanları müasir təsdiqetmə cəhdlərini, o cümlədən İrəvan yaxınlığında tapılmış erməni çarlarının qəbirləri, Qarabağdakı uydurma Tiqranakert şəhərinin qalıqları haqqındakı yalanlar barədə, bununla yanaşı, qədim madaların – atropatların, sakaların qədim ərazilərinin Sisakan və Suinik adlı toponimləri altında özününküləşdirmə cəhdləri, xüsusən bu toponimlərin türk mənşəyi haqqında, nəhayət, müasir erməni tarixşünaslığındakı keçmişin və bu günün yalanlarını ört-basdır etməyə, malalamağa və "həqiqət” şəklində üzə çıxarmağa aid trend və tendensiyalara tanınmış xarici alimlərin dedikləri barədə də geniş məlumatlar vermişdir. K.İmanov bildirib ki, bu məlumatlar "araşdırmanın əsas məqsədinə – Cənubi Qafqazda ermənilərin avtoxton olmamasına və bununla bağlı Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngəzur və Göyçə mahallarının tarixi və bugünkü torpaqlarına olan iddiaların ifşa olunmasına aiddir”. Çıxışının sonunda o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi nitqindən bu iqtibası gətirmişdir "... biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir...” və dövlət başçımızın tapşırıq və tövsiyələrini əsas götürərək, hamıya milli işin həyata keçirilməsində uğurlar arzulayıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775