• çərşənbə, 17 Aprel, 00:06
  • Baku Bakı 14°C

Gələcəyə ümidlə baxmağa imkan verən nəticələr

02.10.14 10:36 1414
Gələcəyə ümidlə baxmağa imkan verən nəticələr
Məlum olduğu kimi, sentyabrın 29-da Həştərxanda Xəzəryanı dövlət başçılarının növbəti Sammiti keçirilib. Sammitdə bir sıra mühüm qərarlar qəbul olunub.
Qeyd edək ki, belə sammit artıq dördüncü dəfədir ki, baş tutur. Bu isə Xəzər regionunun problemlərinin, əməkdaşlıq istiqamətlərinin ən yüksək səviyyədə müzakirə edilməsi üçün ideal format hesab oluna bilər. Məhz bu formatda aparılan danışıqların nəticəsidir ki, Həştərxan sammitində hüquqi statusla yanaşı, digər sahələrdə də mühüm nailiyyətlər əldə olunduğu barədə bəyanatlar verilməkdədir.
Qeyd edək ki, Xəzərin statusu ilə bağlı beştərəfli formatda xarici işlər nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupları səviyyəsində danışıqlar 1996-cı ildən başlansa da, ilk dövrdən dənizdə dövlətlərin xüsusilə su sərhədlərinin müəyyənləşdirilməsi, milli sektorlara bölünmə ilə bağlı ciddi problemlər, fikir ayrılıqları ortaya çıxıb. Lakin 2001-ci ildə Azərbaycan, Rusiya və Qazaxıstan ümumi razılığa gələ biliblər və öz aralarında olan problemləri həll edərək sazişlər imzalayıblar. Azərbaycan, Türkmənistan və İran arasında isə bu günkü mərhələyədək fikir ayrılıqları qalmaqdadır. Azərbaycan və Türkmənistan «orta xətt»in müəyyənləşdirilməsi üzrə razılığa gələ bilmirsə, İran ümumiyyətlə bu prinsipdən imtina edərək Xəzərin 20 faizlik bərabər milli hissələrə bölünməsini tələb edir ki, bu da absurddur.
Lakin məlum olduğu kimi, Həştərxanda keçirilmiş sonuncu – dördüncü Sammitin yekunları Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı nikbinliyə ciddi əsas verib. Belə ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib ki, on səkkiz illik danışıqlardan sonra Xəzər dənizinin hüquqi statusu ilə bağlı prinsipial istiqamətlər və məsələlər üzrə ümumi razılıq əldə olunub.
Həmçinin sammit zamanı üç mühüm saziş də imzalanıb. Bunlar Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında sazişlərdir.
Xəzər dənizi və Xəzər regionunda siyasi münasibətlər isə dövlət başçılarının imzaladıqları bəyanatda öz əksini tapıb. Bəyanatda bildirilir ki, tərəflər sahil sularında 25 dəniz mili məsafədə bioehtiyatların hasilatı hüququ əldə edirlər. 19 maddədən ibarət sənəddə deyilir ki, tərəflərin Xəzər dənizində fəaliyyəti razılaşdırılmış prinsiplər əsasında olacaq: “O cümlədən hər tərəfin 15 mil məsafədə dəniz məkanının suverenliyi və əlavə 10 mil məsafədə də bioloji resursların hasilatı hüququ təsdiqlənir”. Bəyanatda Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında bölüşdürülməsi vacib prinsiplərdən hesab olunur. Liderlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiq etməklə hədələməmək barədə razılığa gəliblər. Həmçinin Xəzər dənizində silahlanmada stabil balansa riayət edilməsi və hərbi təyinatlı obyektlərin inşasının məntiqli və yetərli şəkildə gerçəkləşdirməyin vacibliyi vurğulanıb.
Növbəti sammitin isə Qazaxıstanda keçirilməsi qərara alınıb. X.Xələfovun sözlərinə görə, işçi qrupuna bu sammitədək konvensiya layihəsinin imzalanması üçün yekun variantının hazırlanması tapşırılıb. Bu isə o deməkdir ki, 2 ildən sonra keçiriləcək sammitdə Xəzərin hüquqi statusu müəyyənləşdirilə bilər.
Hələlik isə Həştərxan sammitinin nəticələrinə nəzər salarkən görmək mümkündür ki, artıq Xəzərin statusu ilə bağlı tərəflər xeyli nailiyyətlər əldə ediblər. İmzalanmış üç saziş mühüm məsələləri əhatə edir. Dövlət başçılarının bəyanatı isə xüsusilə əhəmiyyətlidir. Çünki burada tərəflərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət etməsi, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiq etməklə hədələməmək barədə öhdəlikləri yer alıb ki, bu da dövlətlərin bərabərhüquqlu əsasda əməkdaşlığına əsas yaradır.
Məlum olduğu kimi, bir neçə il öncə Xəzərdə güc tətbiqi ilə bağlı müəyyən meyillər müşahidə olunurdu. Xüsusilə Azərbaycanın Xəzərdə neft hasilatı ilə bağlı aktivliyi, xarici kampaniyaların iştirakı ilə neftin hasilatı üzrə irimiqyaslı sazişlərin imzalanması bir sıra region dövlətlərini qıcıqlandırmışdı. Bu xüsusda xüsusilə İran dənizdə güc nümayiş etdirməyə cəhd göstərmiş və əlbəttə ki, ciddi beynəlxalq təpki ilə üzləşmişdi. Bundan başqa, 2002-ci ildə Aşqabadda keçirilən dövlət başçılarının ilk Sammitində Türkmənistan prezidenti S.Niyazov «Xəzərdən qan iyi gəlir» deməklə müəyyən hədə-qorxu nümayiş etdirmişdi.
Bir daha qeyd etmək lazımdır ki, bütün bunlar nəzərə alınmaqla dövlət başçılarının imzaladığı bəyanatda əksini tapmış prinsiplər region üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən bu prinsiplər Azərbaycanın milli maraqları baxımından xüsusilə vacibdir. Çünki ölkəmiz Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi işində mühüm mərhələ qət edib və bu işə xeyli daxili və xarici sərmayələr yatırılıb. Xəzərdə sülh və təhlükəsizliyin hökm sürməsi, dənizdə güc tətbiqinə yol verilməməsi, ölkələrin suverenliyinə hörmət Azərbaycanın öz neft-qaz potensialını təhlükəsiz bir şəkildə realizə etməsinə imkan verərdi. Bu baxımından Bəyanatda yer almış prinsiplər Azərbaycan diplomatiyasının uğurudur.
Digər tərəfdən Azərbaycanın Xəzər neft-qazının nəqli üçün yeni-yeni layihələrə start verməsi, dənizin statusunun müəyyənləşdirilməsi istiqamətindəki irəliləyişin əhəmiyyətini bir qədər də artırır.
Məlumdur ki, məhz Xəzərin ölkəmizə aid hissəsində yerləşən «Şahdəniz» yatağının ehtiyatlarının istismarı və nəqli çərçivəsində TANAP layihəsinin gerçəkləşməsi prosesləri gedir. Əsas müqavilələr artıq imzalanıb. TANAP vasitəsilə ölkəmiz Avropanın böyük bir hissəsinin qazla təchiz olunmasında əsas rolu oynayacaq. Əlbəttə ki, bu mənada, Xəzər regionunda sülh və sabitliyin olması, dənizin hüquqi statusunun müəyyən olunması Avropanın da təhlükəsiz enerji ilə təminatı baxımından mühüm rol onayır.
Beləliklə də inamla qeyd etmək olar ki, Həştərxan sammitinin uğurları ölkəmiz və bölgə ölkələri ilə yanaşı, Avropanın da maraqlarına xidmət etməklə, ən azından subregional əhəmiyyət daşıyır.
Həmçinin Xəzərin statusunun həllini tapması gələcəkdə transXəzər layihələrinin, Şərq-Qərb tranzit layihələrinin gerçəkləşməsində də əhəmiyyətli ola bilər. Məlum olduğu kimi, Xəzər ətrafı dövlətlər olan Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatları Qərbə Rusiya vasitəsilə çatdırılır. Bu isə nə Qərb, nə də bu ölkələr üçün sərfəlidir. Ən əlverişli variant Transxəzər marşrutunun işə düşməsidir. Bu baxımdan fikrimizcə, Xəzərin hüquqi statusunun yaxın müddətdə həll olunması beynəlxalq münasibətlər sistemində yeni situasiyanın yaranması ilə nəticələnə bilər.
Lakin həll prosesi hələ qarşıdadır. Günün reallığı isə Həştərxan sammitinin yekunlarıdır. Öz növbəsində bu yekunlar, gələcəyə ümidlə baxmağa imkan verir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər