• cümə, 19 Aprel, 18:37
  • Baku Bakı 24°C

Gələcəyə ümid və arzularla başlayan məktəb həyatı – Reportaj

16.09.16 10:12 6949
Gələcəyə ümid və arzularla başlayan məktəb həyatı – Reportaj
Dünən ölkəmizdə "Bilik günü” qeyd olundu. Bilik günü ilk zəng, ilk həyəcandır. Həmin gün məktəb həyatına ilk dəfə qədəm basan birincilərin səbirsizliklə gözlədiyi gündür. Bu bayrama şahidlik etmək, şagirdlərin sevinc və həyəcanlarını paylaşmaq üçün gözdən-könüldən uzaq Abşeron rayonu Masazır kənd 3 saylı orta məktəbinə yollandıq. Masazır kəndində "Qurtuluş 93”-də yerləşən məktəbdə adəti üzrə dərs ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilirdi.

İlk zəng...

Məktəbin həyətində böyük izdiham var idi. Şagirdlərdən daha çox valideynlər və birincilərin digər yaxın qohum-əqrəbası gözə dəyirdi. Buna görə də müəllimlər şagirdlərini tapmaqda və siniflərə yığmaqda bir qədər çətinlik çəkirdilər. Bir neçə dəqiqədən sonra nəzarətçilərin köməyi ilə uşaqlar qruplara bölünüb sıraya düzüldülər.
Dövlət himni oxundu. Tədris işləri üzrə direktor müavini Fəxrənzə Əhmədova çıxışında şagirdləri salamlayaraq onlara uğurlar arzuladı və bildirdi ki, bu il 11-ci sinifi 43 məzun bitirib və onlardan 40-ı ali məktəbə qəbul olub.
Məktəbə yeni direktor təyin olunan İlahə Orucova çıxışı zamanı şagirdlərin qazandıqları bilik və bacarıqların hər birinin həyat uğurunun zəruri şərti olduğunu qeyd etdi. Bildirdi ki, şagirdlərin əldə etdikləri uğurhər birimizin uğurudur. Bu da ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün çox vacibdir.
İlk zəng çalındı və uşaqlar məktəbə daxil oldular. Daha çox həyəcanlı görünən birinci sinif şagirdləri gül çələnglərini müəllimlərinə təqdim edərək ilk tanışlığa başladılar.


İlk dərs həyəcanı...

Biz də birincilər sırasında 1E sinifinin qonağı olduq. 1E-nin sinif rəhbəri, ibtidai sinif müəllimi Şəhanə Sadıqova valideynlərin övladları haqqında fikirlərini dinləyərək, onların bu gündən etibarən ona əmanət edildiyini, onları öz övladlarından ayrılmayacağını qeyd etdi. Uşaqlara qayğı ilə yanaşan müəllimə onları sakitləşdirərək tanışlıq mərhələsinə keçdi. Məktəbdə ağlayıb anasının ətəyindən yapışan uşaqlar da az deyildi. Sinif rəhbəri bu uşaqlarla ortaq dil taparaq könüllərini xoş tutub, şirin dillə onlarla ünsiyyət qurmağa çalışırdı.
Fasilə zamanı bizimlə tədris metodikası barədə söhbət açan müəllimə bildirdi ki, artıq dərs vəsaitləri valideynlərə paylanılıb, növbəti dərs günü uşaqlarla yeni tədris ilinə başlayacaqlar: "Uşaqlarla işləmək üçün ilk növbədə uşaq psixologiyasına yaxından bələd olmaq lazımdır. Mən şagirdlərimlə müəllim kimi yox, bir ana kimi davranıram. Belə olduqda onlar müəllimə etibar edir və müəllimdən qorxmurlar. Mən özüm də bir anayam. Valideynləri çox gözəl anlayıram”.
Şəhanə müəllimə ilə gündəmin ən aktual məsələsi olan şagirdlərin dərsliklərinin ağır olmasından da söhbət açdıq. Müəllimə bunun da çarəsinin tapıldığını dedi: "Əvvəllər iş dəftərləri çox ağır olurdu. Buna görə də şagirdlər çantalarını daşımağa çətinlik çəkirdilər. İndi bunun da çarəsi tapılıb. Artıq həmin iş dəftərlərini işlətməyəcəyik. Beşinci günlər əlavə dərslərimiz olacaq. Uşaqlara təqdim edəcəyimiz rəflərdə iş dəftərlərimiz olacaq və uşaqlar həmin dəftərlərlə məktəbdə məşğul olacaqlar”.
Geyimə gəlincə, müəllimə məktəbdə bütün uşaqların eyni forma geyindiyini xatırlatdı: "Bu il şagirdlərə yasəmən rəngində məktəb geyimləri seçmişik. Bu, çox səliqəli və gözəl görünür. Ancaq biz valideynlərə "mütləq bu geyimi alacaqsınız” deyə israr edə bilmərik. Elə valideynlər var ki, onların bu formanı almağa imkanı çatmadığından övladlarına ağ köynək, qara şalvar və ya ətək geyindirirlər”.

"Qorxma, mən səninləyəm”

Dərs prosesi zamanı bizə bir daha aydın oldu ki, müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Sinfin qapısının ağzında isə valideynlər, nənə və babalar növbə gözləyirdilər. Onlar kənardan nəvələrinin gözlərinə görünüb, sanki "qorxma, mən səninləyəm” deyirdilər.
Elə həmin sinifdə təhsil alan şagirdin nənəsi Məhbubə Quliyeva bu il nəvəsi birinci sinfə getdiyi üçün özünü çox xoşbəxt hiss edir: "Əlinin məktəbə getdiyini, dərslərini mükəmməl mənimsədiyini, tələbə adını qazandığını görmək mənim ən böyük arzularım sırasında yer alır. Bu gün onun valideynlərindən daha çox mən sevinirəm. Nəvəmin müasir dünyada həm özünə yer tapmasını, həm ölkəyə faydalı biri olmasını diləyirəm”.
Valideyn Sevil Məmmədova da övladının birinci sinfə getməsindən qürur duyur: "Təhsil gələcəyimizin təminatıdır. Uğurlu gələcəyə gedən yol məktəbdən, birinci sinifdən başlayır. Valideyn olaraq çalışırıq ki, biz də uşaqlarımıza təhsil verək, onları ölkəmiz üçün yararlı yetişdirək. Övladlarımıza uğurlu təhsil vermək biz valideynlərin borcudur. Bu işdə müəllimlərin üzərinə böyük yük düşür. Övladımı məktəbə yazdırmamışdan öncə bir qədər araşdırma apardım və oğlumu məhz Şəhanə müəllimənin sinfinə yazdırmağa qərar verdim. Əminəm ki, mənimlə bərabər, o da övladıma qayğı göstərib onu gələcək nəsil üçün yararlı övlad edəcək”.
Valideyn Rauf Məmmədov deyir ki, övladının təhsilli olması hər bir valideynin arzusudur: "Bu işdə valideyn qədər müəllimin də üzərinə ağır yük düşür. Övladlarını burada oxutduran valideynlər Şəhanə müəlliməyə çox etibar edirlər. "Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır” desək, yəqin ki, yanılmarıq. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri var”.
Valideynlərlə söhbətimizi yekunlaşdırıb, məktəbi tərk etdik. Elə qapıdan çıxırdıq ki, ilk dərs gününün zəngi çalındı.
Qeyd edək ki, 2016-2017-ci tədris ilində ölkə üzrə 164 min 33 nəfər şagird birinci sinfə gedib. 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 milyon 415 min 242 nəfər təşkil edir.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər