• cümə axşamı, 28 mart, 13:13
  • Baku Bakı 16°C

Gələcəyə açar olan Astana görüşü

21.09.18 21:07 767
Gələcəyə açar olan Astana görüşü
Qlobal geosiyasətdə həllini gözləyən problemlər təkcə sayca deyil, həm də mahiyyət etibarı ilə bədbinliyə əsas verir. Ümumi gərginliyin azalmasına nail olmaq getdikcə çətinləşir və vahid yanaşma ilə çətinlikləri aradan qaldırmaq mümkünsüzdür və çıxış yolu tədricən hərəkət etməkdən ibarətdir.
Xəzərin hüquqi statusuna dair Astana Konvensiyasının ərsəyə gəlməsi göstərir ki, ən dolaşıq məsələləri belə, cilovlamaq mümkündür. Bunun üçün siyasi qətiyyət, daimi təmaslar və qeyri-adi yanaşmalara ehtiyac var.
İyirmi ildən artıq qaynar gündəmdə olmuş məsələ, qısa zaman kəsiyində həllini tapdı və beş xəzəryanı məmləkətin liderləri imzalanmış sənədi "Xəzərin Konstitusiyası” adlandırdılar. Onlar haqlıdırlar, çünki dənizin unikallığı şübhəsizdir və onun dünya okeanına çıxışının olmamasa ilə məsələnin dərinliyi bitmir. Coğrafi statusuna görə Xəzər dəniz sayılsa, göl də olsa belə, mövcud beynəlxalq qanunvericilik elə bir mexanizmə malik deyildi ki, ona söykənərək su hövzəsini 5 bərabər hissəyə bölsün.
Əldə olunmuş uğurun mahiyyəti ondadır ki, bölgədə yeni təcrübə və hüquqi baza formalaşıb və problem ətrafındakı atmosfer durulur.
Nəticəyə doğru əməli hərəkət Tehran Konvensiyasının imzalanmasından sonra başladı. Beşliyin dövlət rəhbərləri, xarici işlər nazirləri, eləcə də birgə işçi qrupunun hərəkətlərinə impuls vermiş o sənəd göstərdi ki, birgə səylə daha böyük irəliləyiş də etmək mümkündür. Bu, diqqətdən kənarda qalmadı.
Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan rəhbərlərinin qərarı ilə yaranmış birgə mütəxəssislər qrupu prosesi sürətləndirdi. Astana sammitində Qazaxıstan rəhbəri Nursultan Nazarbayev bəyan etdi ki, Konvensiyanın imzalanması bir çox məsələlərin həllini təmin edəcək və qonşu xalqlar bunu illər boyu gözləyirlər. Söhbət tərəflərin hüquq və öhdəliklərinin tənzimlənməsindən gedirdi. Bu fonda, təhlükəsizlik rejiminin möhkəmlənməsi, bölgədə iqtisadi əməkdaşlığın yüksək keyfiyyət mərhələsinə çıxması da xüsusi əhəmiyyət kəsb etdiyindən "beşlər” imkanları cəmləşdirdilər.
Qazaxıstan da Xəzər bölgəsində fəal inteqrasiya siyasəti yürütdüyündən, son dərəcə israrla səylər göstərirdi ki, status problemi ölü nöqtədən tezliklər çıxıb bölgəyə yeni nəfəs gətirsin. Belə gediş həm də qonşuluq siyasətinin güclənməsinə təkan verməli idi. Bu baxımdan, Astana və Bakı bərabər düşünüb hərəkət etdiklərinə görə, demək olar ki, aparıcı rol oynadılar.
N.Nazarvayev zirvə görüşünün plenar iclasındakı çıxışında xüsusi vurğuladı ki, Xəzər bölgəsinin geosiyasi müstəvidə rolu durmadan artır. Yüksək kommunikativ reytinqə malik regionun zəngin tarixi, yerli xalqların tükənməz mənəvi irsi, eləcə də müxtəlif təbii ehtiyatlar, bioloji resurs amilləri Xəzər bölgəsini dünyanın ən vacib məkanlarından birinə çevirir. Ümumi demoqrafik potensialı 240 milyon insan təşkil edən çoxmillətli bölgə daha status probleminin girovunda qala bilməzdi.
İndi demək olar ki, imzalanmış sənəd bir çox dolaşıq məsələlərin açılmasına aydınlıq gətirdi. Hazırda Astana Konvensiyası yeganə və hərtərəfli sənəddir ki, onun hüquqi bazası bir çox problemlərin həllinə dair uyğun şərait yaradır. Suyun səthi, gəmiçilik rejimi, təbii resursların istismarı, hava məkanından istifadə və s. məqamlara dair müəyyənlik şəraiti yarandı.
Təhlükəsizlik, hərbi-texniki əməliyyatlar, fövqəladə halların qarşısının alınması və bu qəbildən olan problemlərlə bağlı da vəziyyət daha qənaətbəxş oldu. Ümumi fəaliyyət və ümumyaşam məsələləri baxımından, Konvensiya əsas prinsipləri müəyyən etdi. Konsensus əsasında beş ölkə dəniz hövzəsini sülh, nəcib qonşuluq, fəal əməkdaşlıq məkanına çevirəcək. Əsas da odur ki, bu məsələlər subyektlərin suverenliyinin və ərazi bütövlüyün qorunması şəraitində gerçəkləşəcək. Kənar qüvvələrin hərbi birləşmələrinin hövzədə peyda olmasına icazə verilməyəcək. Ekspertlərin fikrincə, gəmiçilik, balıqçılıq, eləcə də hərbi fəaliyyətlə bağlı razılaşdırılmış prinsiplər bəzi məhdudiyyətləri nəzərdə tutacaq.
Konvensiyanın mahiyyəti sadəcə, dənizi bölmək anlamına gəlmir. Beş subyektin milli sektorunun dəqiq sərhədlərinin müəyyənləşdirilməsi həllini sonra tapacaq. Buna baxmayaraq, suyun səthi ilə dənizin dibinə aid vahid qərara gəlmək mümkün oldu. Nəticədə, seçim elə bir yanaşma tərzinə istinad etdi ki, bütün tərəflər razı qaldı.
Ev sahibi N.Nazarbayev bildirdi ki, 15 millik milli zonaların ayrılması dənizin ortasında xarici sərhədlərin çərçivələnməsinə şərait yaratdı və beşlər bunu qəbul etdilər. Milli sulara 10 millik təsərrüfat (balıqçılıq) zolağının əlavə edilməsi beynəlxalq zonanı azad gəmiçiliyin ixtiyarına buraxmağa imkan verdi. Sənəd "beşlər”ə başqa dənizlərə, dünya okeanına çıxış əldə etməyə mane olmur. Hər ölkəyə özünün suveren hüquqları çərçivəsində müəyyən edilmiş imtiyazlardan yararlanmağa imkan verir. Eyni zamanda subyektlər dənizin dibi ilə magistral boru və kabel xətlərini də çəkmək hüquqi qazandılar ki, bu da ekoloji tələblərə riayət etmədən həllini tapa bilməz.
Qazaxıstan rəhbərinin fikrincə, razılaşdırılmış prinsiplərin rolu bölgənin infrastruktur quruculuğuna təkan verməklə, sahilyanı dövlətlərin imkanlarını artırıb, onların tranzit potensialını bir qədər də yüksəldəcək.
Konvensiyanın 5-ci bəndi son dərəcə mühüm məsələni aktuallaşdırır. Dənizin bioloji rəngarəngliyinin qorunması taleyüklü problemdir və ona olan diqqəti daim gündəmdə saxlamaq lazımdır. Bu, brakonyerlik amili baxımdan diqqət çəkir. Əgər bu yaxınlara qədər Xəzərdə olan nərə balıqlarının populyasiyası dünya ehtiyatlarının 80%-ni təşkil edirdisə, hazırda bu göstərici qanunsuz ovlama, dənizin şiddətli tərzdə çirklənməsi səbəbindən xeyli aşağı düşüb. Demək olar, təbii populyasiya böyük təhlükə altındadır. Buna görə Konvensiya hövzədə və su mühitində flora və faunanın qorunmasına xüsusi diqqət ayırır. Bu səbəbdən problemlərin həllini ciddi ekoloji siyasət prizmasından qiymətləndirmək və həll yollarını həyata keçirmək qaçılmaz olacaq. Həm də ekoloji amil Xəzərdəki emal sənayesi və nəqliyyat sahəsindəki fəaliyyətə məhdudlaşdırıcı təsirini göstərəcək və balıqçılıq sahəsini də tənzimləyəcək.
Terrorizmlə mübarizəyə gəldikdə, Konvensiya mühüm yanaşma sərgiləyir. Ekspertlərin fikrincə "beşlər”in imzaladığı sənəd vaxtında gündəmə gəlib. Çünki beynəlxalq terrorla əsas mübarizə ocaqları olan Suriya və Əfqanıstan Xəzər bölgəsindən bir o qədər də uzaqda yerləşməyib. Odur ki, regionda olan enerji daşıyan kəmərlər, dənizdə yerləşmiş istehsal və emal infrastrukturları daim şər qüvvələrin diqqət mərkəzindədir. Onları birgə səylərlə mühafizə etmək, qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi son dərəcə aktualdır.
Astanada ümumi qaydada imzalanmış 7 sənəd bütün mühüm sahələri əhatələməklə, Xəzərin hüquqi statusunu müəyyən edib ki, bu da ticari-iqtisadi əməkdaşlığın, nəqliyyat-kommunikasiya xətlərinin inkişafını, ehtimal olunan insidentlərə yol verilməməsini, sərhəd qoşunlarının əməkdaşlığını nəzərdə tutur. Əsas məsələ isə odur ki, uzunmüddətli səmərəli əməkdaşlıq üçün lazımi vahid hüquqi baza yaradıldı. Deməli, "beşlər” formatında bütün həlli asan olmayan məsələlərin, o cümlədən, siyasi, iqtisadi, ekoloji və s. problemlərin açarları mütləq tapılacaq.
T. Abbasov










banner

Oxşar Xəbərlər