• çərşənbə axşamı, 23 aprel, 13:13
  • Baku Bakı 24°C

“Gələcəkdə Yaxın Şərqdəki münaqişələrin sayının daha da artması mümkündür”

22.07.14 10:49 1755
“Gələcəkdə Yaxın Şərqdəki münaqişələrin sayının daha da artması mümkündür”
Üç nəfər israillinin oğurlanaraq öldürülməsinə cavab olaraq rəsmi Təl-Əviv HƏMAS-a qarşı Qəzza bölgəsində geniş hərbi əməliyyatlara başlaması bütnü dünyada həyəcanla izlənilir. Yaranmış vəziyyət BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərini də narahat edib və onlar Yaxın Şərqdəki vəziyyətlə əlaqədar qapalı məsləhətləşmələr keçiriblər. Dinc əhali arasında ölüm hallarının artmasından narahatlıq ifadə olunan toplantıda Şura üzvləri hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini önə çəkiblər. Yaxın Şərqdəki vəziyyət, o cümlədən Suriyada vətəndaş müharibəsi, İŞİD-in İraq şəhərlərini tutması, bu dövlət ərazisində 3 yeni dövlətin yaranma ehtimalı, İsrail tərəfindən Qəzzanın bombalanması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, Yaxın Şərqdəki hadisələri necə qiymətləndirirsiniz?
- Hazırda bütün Avrasiya regionunda vəziyyət gərgindir. Suriyada vətəndaş müharibəsi hələ də davam edir. İraqda özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran terror təşkilatı kütləvi qətliamlar törədir. İsrail isə Qəzzanı bombalayır ki, nəticədə çoxsaylı dinc sakinlər də həlak olur. Bütövlükdə bu mənzərə vəziyyətin nə dərəcədə gərgin olmasını ortaya qoyur. Belə vəziyyətdən çıxış yolu olmalıdır. Lakin təəssüf ki, indiyə qədər bu yol tapılmayıb. Vətəndaş müharibəsi artıq neçənci ilinə qədəm qoyub. Amma dünya birliyi hələ də problemin həllində müşahidəçi olaraq qalmaqdadır. Nə Bəşəd Əsəd rejimi geri çəkilir, nə də ona qarşı vuruşan müxalif qüvvələr təslim olmurlar. Hər gün minlərlə insan bu səbəbdən həyatını itirir. Suriyadakı bu vətəndaş müharibəsi qəfil İraqa sirayət olunub. İŞİD qüvvələri az qala bir neçə günün içində İraqın yarısını işğal ediblər. Bundan da fürsət kimi radikal kürdlər istifadə etməyə çalışır, Kürdüstan dövləti yaratmaq istəyirlər. Belə bir dövlətin yaranması İraqın, Türkiyənin maraqlarına toxunsa da, Kürdüstanın yaranmasını dəstəkləyən dövlətlər də var. Bu dövlətlərin başında ən birinci dayanan İsraildir. ABŞ-da da müəyyən maraqlı qüvvələr var ki, istəyirlər İraq ərazisində belə bir dövlət yaransın. Mən xüsusilə diqqəti İsrail və HƏMAS arasındakı gərginliyə çəkmək istərdim. Bu gərginliyin başlanmasına səbəb HƏMAS-ın İsrail ərazisinə raket atması və üç İsrail vətəndaşının həlak olması oldu. Buna cavab olaraq İsrail Qəzzada hətta mülki əhalinin yaşadığı binları da bombalayır. Nəticədə HƏMAS-a o qədər də ziyan dəymir, ancaq əvəzində mülki vətəndaşlar həlak olur. Türkiyə və bəzi dövlətlər buna sərt reaksiya versələr də, İsrail yenə də öz işindədir. Rəsmi Təl-Əviv HƏMAS-ı bütünlüklə zərərsizləşdirməyi qarşısına məqsəd qoyub. Amma bilirik ki, bu, mümkün deyil. Çünki dəfələrlə İsrail ordusu havadan, qurudan HƏMAS-a zərbələr endirib, bu problemi birdəfəlik həll etmək istəyib. Ancaq problem birdəfəlik həllini tapmayıb. Bu da ondan irəli gəlir ki, Fələstin problemi hələ də həllini tapmayıb. Əgər bu məsələ həllini tapsa, düşünürəm ki, gələcək qarşıdurmalardan da sığortalanmaq olar. Ümumi götürəndə hələlik Yaxın Şərqdə üç münaqişə ocağı var. Amma bu münaqişələrin sayının gələcəkdə artması da mümkündür. Bu səbəbdən dəqiq proqnoz vermək çətindir.
- Yaxın Şərqdə İŞİD-in birdən-birə fəallaşması nədən qaynaqlanır və bu təşkilatın arxasında kimlər dayanır?
- İŞİD-in belə fəallaşmasında müəyyən maraqların olduğu görünməkdədir. Təsəvvür edin ki, hətta dünyanın super güclü dövləti ABŞ belə İŞİD-in hərəkət traektoriyasını, məqsədini əvvəlcədən bilmədi. Ən güclü kəşfiyyat məlumatına və sairə malik olan Amerikanın gözləmədiyi halda İŞİD Suriyadan İraq ərazisinə keçərək, bir-birinin ardınca sürətlə şəhərləri tutdu. Bəzən bunun özü də şübhə yaradır ki, ABŞ nə üçün bunun qarşısını ala bilməyib və ya almayıb? ABŞ vaxtilə Səddam Hüseyn rejimini devirdi və İraq ordusu yaratdı. Amma İŞİD İraq şəhərlərini tutanda bu təşkilata qarşı İraq ordusunun güclü müqavimətini görmədik. İraq hökuməti təcili olaraq könüllüləri İŞİD-lə mübarizəyə cəlb etdi. Bu da müəyyən suallar yaratmaqdadır. Məsələn, nə üçün ABŞ zamanında İraq ordusunun formalaşmasına ciddi təkan verməyib və sair. Digər tərəfdən, İŞİD-in fəallaşmasında və İraq şəhərlərini tutmasında kürdlərin də maraqları görünməkdədir. Onlar İŞİD-ə qarşı savaş élan etdilər, amma terror təşkilatının İraq şəhərlərini işğal etdiyi anda élan elədilər ki, biz Kürdüstan yaradırıq. Üstəlik, kürdlər Kərkük şəhərinə nəzarəti də ələ keçirdilər. Bu faktın özü nəinki Qərbdə, hətta ABŞ-da da ciddi reaksiya doğurmadı. Eyni zamanda, İŞİD-ə müəyyən qədər maliyyə və hərbi dəstək verən Səudiyyə Ərəbistanı və Qətər haqqında da müəyyən mülahizələr yürütmək mümkündür. Bu iki ölkə bölgədə İranın təsirinin azalmasında maraqlıdırlar. Nəzərə alınmalıdır ki, İraqın indiki hökuməti də İrana çox sıx bağlıdır və sünnilər hökumətdə təmsil olunmurlar. Buna görə də Səudiyyə Ərəbistanı və Qətər İŞİD-ə müəyyən qədər dəstək verməklə, bölgədəki şiə zolağına güclü zərbə endirirlər. Bununla onlar həm İraq hökumətini zəiflətdilər, İraqın 3 hissəyə bölünməsini sürətləndirdilər, həm də İrana zərbə vurdular. Çünki İran İraq və Suriya üzərindən Hizbullah və HƏMAS-a yardım edə bilirdi. Amma indiki şəraitdə bu, mümkün deyil. Bu kimi səbəblərə görə, düşünürəm ki, İŞİD özbaşına hərəkət etmir. Düzdür, kütləvi qətliamlar törədir və bu, hamını narahat edir. Lakin İŞİD-in bu fəaliyyətində maraqlı olan dövlətlər də var.
- Nə üçün Qərb, xüsusən də ABŞ İŞİD-ə qarşı sərt, kəskin mövqe nümayiş etdirmir?
- Haqlı sualdır. Hələlik İŞİD-ə qarşı Qərb dairələrində, eləcə də ABŞ-da ciddi təsir mexanizmləri əmələ gəlməyib. Əksinə, İraq hökuməti İŞİD-lə mübarizədə Amerikadan hərbi dəstək, xüsusən də hərbi təyyarələr istədi. Amma ABŞ bu dəstəyi İraq hökumətinə vermədi. Halbuki İraqda indiki hökumətin formalaşmasında ABŞ özü rol oynayıb. Vaxtilə Səddam Hüseyn əsasən sünnilərdən ibarət hökumət formalaşdırmışdı və şiələri tamamilə uzaqlaşdırmışdı. ABŞ İraqı tutandan sonra tamamilə oradakı vəziyyəti dəyişdi və şiə çoxluq hakimiyyətə gəldi. Onlar da böyük səhvə yol verərək sünniləri hakimiyyətdən uzaqlaşdırdılar. Bu da onlarda qıcıq yaratdı. Tək bir faktı deyim ki, proseslərin gedişində sünni baş nazir Türkiyəyə qaçdı. Belə halda İŞİD İraqa hücum etdi və vaxtilə bu ölkədə müəyyən hərbi postlar tutan sünni hərbiçilər də ona dəstək verdilər. Görünən budur ki, ABŞ İraq hökumətinə real dəstək vermir. Faktiki olaraq, İraq hökuməti İŞİD-lə təkbətək qalıb. Amma maraqlı burasıdır ki, İŞİD tutduğu ərazilərdə sünnilərdən ibarət bir bölgə yaradıb və daha irəliləmək istəmir. Beləliklə də İraqın parçalanması sürətlənib. Sünnilərdən ibarət İŞİD, şiələrin təşkil etdiyi İraq, kürdlərin yaşadığı Kürdüstan bölgələri. Əgər İŞİD-in qarşısı alınmasa yaxın gələcəkdə İraqın parçalanması rəsmən təsdiqlənəcək.
- Uzun sürən atəşkəs razılaşmasından sonra Qəzzada da vəziyyət yenidən gərginləşib. HƏMAS-la İsrail arasında münasibətlərin yenidən bu həddə çatmasına səbəb nədir?
- Burada da müəyyən ssenarilərdən söhbət açmaq olar. İndi də məni bir sual maraqlandırır ki, Suriya və İraqda müharibələr getdiyi halda İsrailə raket atmaq HƏMAS-ın nəyinə lazım idi? Yaxud, 3 İsrail vətəndaşını oğurlayıb onları qətlə yetirmək HƏMAS-ın nəyinə lazım idi? Bu suallar üzərində düşünərkən hansısa xarici ssenariləri düşünmək olar. Bununla xarici qüvvələr Suriya və İraqdakı proseslərdən diqqəti yayındıra bilərlər. İsrail-Fələstin qarşıdurmasını yenidən alovlandırmaqla Təl-Əviv hökumətinin Avrasiya regionunda aktivliyini azaltmaq istəyirlər. Ancaq İŞİD-in İraqda şəhərləri tutmasında İsrail də maraqlı tərəf kimi görünməkdədir. Çünki Kürdüstan dövlətinin yaranacağı təqdidə İsrail bu dövləti tanıyacağını bəyan edib. Onu da nəzərə almaq lazımdır ki, Kürdüstanın yaranması, İŞİD-in fəaliyyəti İranın maraqlarına toxunur. Bu da İsraili qane edir. Ola bilər ki, İsrailin bu hərəkətinə adekvat cavab vermək, onun başını öz daxili probleminə qatmaq üçün İran HƏMAS vasitəsilə Təl-Əviv hökumətinə belə problem yaradıb. Hadisəyə bu cür yanaşsaq Qəzza olaylarının arxasında xarici ssenarinin dayandığı ehtimalını irəli sürmək olar. Amma bütün hallarda İsrailin qəddarlığı, silahsız, dinc əhaliyə qarşı amansızlığı yolverilməzdir və bu, Təl-Əviv hökuməti ilə qonşu ölkələr arasında münasibətlərə də xələl gətirir. 3 İsrail vətəndaşının ölümünə görə yüzlərlə dinc fələstinlini qətlə yetirmək heç cür düzgün çıxış yolu sayıla bilməz.
- Suriyada, İraqda, Fələstində baş verən proseslər Yaxın Şərqdə hansısa yeni bir mərhələnin başlanğıcı sayıla bilərmi?
- Yeni mərhələ artıq başlayıb. Heç xatırlamıram ki, bu günə qədər Yaxın Şərqdə üç münaqişə birdən alovlansın. Hər dəfə müəyyən problemlərin olduğunu görmüşük, ancaq bu səviyyədə yox. Vaxtilə İraq Küveyti işğal edib və orada müharibə başlayıb. Yaxud İsrail və Fələstin arasında qarşıdurma olub. Amma bu hadisələr ardıcıllıqla baş verir, sakitləşirdi. Diqqət o zaman yalnız bir problemə köklənirdi. Lakin indi Yaxın Şərqdə eyni zamanda üç problem özünü göstərir. Beynəlxalq aləm də 3 məsələyə köklənmək məcburiyyətində qalıb. Bu ondan xəbər verir ki, Yaxın Şərq təhlükəli bölgəyə çevrilib. Əgər biz bunların üstünə Ukraynadakı hadisələri də gəlsək, vəziyyətin nə dərəcədə gərgin olduğunu anlayırıq. Dünya, hətta BMT kimi böyük təşkilat da hansı münaqişənin həlli ilə məşğul olacağını bilmir. Bu onu göstərir ki, bölgədə necə bir təhlükəli vəziyyət yaranıb və müharibələrin sayı getdikcə artmaqdadır. Bu da bölgəni daha böyük təhlükələrə sövq edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər