• cümə axşamı, 28 mart, 20:14
  • Baku Bakı 13°C

Gəldi “Son zəng”in sədası Fotolar

01.06.13 08:24 7481
Gəldi “Son zəng”in sədası Fotolar
Orta ümumtəhsil məktəblərində “Son zəng” çalındı. Məzunların həm həyəcanla gözlədiyi, həm də onları məktəb illərindən həmişəlik ayıran son zəng.
Nə az, nə çox - ölkə üzrə 2012-2013-cü tədris ilində ümumtəhsil məktəbləri üzrə 216.734 nəfər şagird məktəblə vidalaşır. Bu sırada IX sinif şagirdlərinin sayı 125.250 nəfər, XI sinif şagirdlərinin sayı isə 91.484 nəfər təşkil edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX və XI siniflərini bitirən şagirdlərin sayı isə 49321 nəfərdir. Təhsil İdarəsinin məlumatına görə, cari dərs ilində IX sinif üzrə təhsilini başa vuran şagirdlərin sayı 28321, XI sinfi bitirən məzunların sayı isə 21000 nəfər təşkil edir.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012/2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı 26137 nəfərdir. Orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10.399 nəfər təşkil edir.
Yalnız təhsil müəssisələrinin ərazisində
Şagirdlər məktəbdən ayrılmalarını ənənəvi olaraq “Son zəng” tədbiri ilə qeyd ediblər. Ötən illərdə olduğu kimi Bakı Şəhər Baş Polis İdarəsi bu il də tədbirlərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürülüb, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılıb. "Son zəng”lə bağlı tədbirlər yalnız təhsil müəssisələrinin ərazisində keçirilib. Bununla bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar da verilib.
Belə ki, səhər saat 10.00-dan başlayan tədbirlər saat 13.00-da başa çatıb. Bundan sonrakı vaxt ərzində övladlarına cavabdehliyi valideynlər boyunlarına götürüblər. Belə ki, onlar məsuliyyətlərini yazılı imzaları ilə təsdiqləyiblər. Valideynlərə bildirilib ki, "Son zəng”lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.
Əlaqə saxladığımız məktəb direktorları da “Son zəng” tədbirlərinin yalnız məktəblərin daxilində keçirildiyini qeyd ediblər.
Yasamal rayon 18 saylı orta məktəbin direktoru Vaqif Hüseynov qeyd edib ki, rəhbərlik etdiyi məktəbi bu il 122 şagird bitirir. Belə ki, şagirdlərdən 58 nəfəri qız, 64 nəfəri oğlandır. Məktəb direktorunun sözlərinə görə, məzunların “Son zəng”i məktəbin daxilində keçirilib. Keçən ilin sentyabr ayında təmirdən sonra yenidən təhvil verilən məktəbin tədbirində Yasamal rayon İH başçısı İbrahim Mehdiyev, Milli Məclisin deputatı Ülvi Quliyev, müharibə veteranları və valideynlər iştirak ediblər. Əsas məqsədlərinin vətəndaş hazırlamaq olduğunu bildirən direktor tədbir boyu şagirdlərin ayrı-ayrılıqda öz arzularını ifadə etdiklərini bildirib: «Təbii ki, uşaqların öz arzuları var. Ancaq təcrübə göstərir ki, onların hamısı ali təhsil dalınca getmir. 70-80 faizi instituta sənəd verir, onlardan da 50-60 faizi daxil olur».
38 saylı orta məktəbin direktoru Yaşar Əliyev “Son zəng”in yüksək əhval-ruhiyyə ilə keçdiyini bildirib. Bu tədris ilində məktəbi 36 məzunun bitirdiyini bildirən direktor məktəb binasının yüksək səviyyədə təmir olunduğunu da qeyd edib: “Bu tədris ili ərzində bizi razı salan məqamlardan biri təmir olunmuş məktəbdə dərs keçməyimiz idi. Müasir avadanlıqlar gətirilib. Təhsillə bağlı uğurlar gözləyirik”. Direktorun sözlərinə görə, “Son zəng”ə qatılan şagirdlər məzun andı içərək, ulu öndər siyasətinin davamçıları olacaqlarını, itirilmiş torpaqlarımızın düşmən tapdağından xilas edəcəklərini bildiriblər. Məzunların hazırladıqları bədii kompozisiya maraqla qarşılanıb.
Xəzər rayonu 136 saylı məktəbin direktoru Lütfiyyə Qasımova qeyd edib ki, bu il məktəbi 85 şagird bitirir. Məzunların “Son zəng”ə böyük maraq göstərdiklərini qeyd edən direktorun sözlərinə görə, şagirdlər arasında keçirilən sorğulara görə onlar daha çox I və III qruplara imtahan vermək arzusu ilə yaşayırlar.
M.Cuvarlinski adına 52 saylı orta məktəbin direktoru Elmira Əsgərova da “Son zəng” tədbirlərinin yüksək səviyyədə keçirildiyini qeyd edib. Belə ki, tədbirə qatılan rayon İH və Təhsil İdarəsinin nümayəndələri razılıqlarını ifadə ediblər: «Tədbir musiqi və rəqslərlə müşayiət olundu. Şagirdlər oxudular, oynadılar. Tədbir saat 13.00-a qədər davam etdi. Tədbirdən sonra isə valideynlərin özlərinin övladlarına cavabdehlik daşıyacaqları ilə bağlı imzaları var». E.Əsgərova qeyd edib ki, rəhbərlik etdiyi məktəbi bu il 57 şagird bitirir: «Məktəb daxilində son zəng tədbiri keçirildi. Şagirdlər tədbirin davamını restoranda qeyd etməyəcəklər. Bununla bağlı qabaqcadan razılığa gəlinib». Məktəb direktoru həmçinin 2012-2013-ci tədris ili ilə bağlı təəssüratlarını da bölüşüb: «11-ci sinif şagirdlərinin hamısı imtahana buraxılıb. Qəribədir ki, bu il ərzində 11-ci siniflərə dərs deyən müəllimlərin heç biri bircə dəfə də bülleten götürmədi. Dərslər normal qaydada keçib. Ancaq hamı kimi mənim də yaralı yerim 11-ci sinif şagirdlərini dərslərə zorla gətirmək olub. Eşitdiyimə görə, təzə nazirin bu problemlə bağlı yeni qərarı olacaq. Biz şagirdləri səhərlər telefon zəngləri ilə məktəbə gətiririk. Valideyn deyir ki, «uşağım yorulur». Bu cür hallar olmamalıdır. Fərdi hazırlıqlar uşaqları məktəbdən yayındırır. Düzdür, 70-80 faiz şagird məktəbdə dərslərinə davam ediblər. Ancaq biz onları məktəbə əziyyətlə gətirmişik. Bu, həm də bizim yox, bütün respublika məktəblərinin problemidir. Mən istəyirəm ki, uşaqlar səhər yuxudan durub könüllü surətdə məktəbə gəlsinlər”.
C.Cabbarlı adına 161 saylı orta məktəbin direktoru Rövşən Niftəliyevin sözlərinə görə, bu il rəhbərlik etdiyi məktəbi cəmi 9 məzun bitirir. Ümumilikdə isə məktəbdə 101 şagird təhsil alır. Direktor şagirdlərin azlığını məktəbin yerləşdiyi ərazi ilə əlaqələndirib. Məktəbdə təşkil olunan “Son zəng” tədbirinə isə şagirdlərlə bərabər valideynlər də qatılıb: «Bu şənlik yalnız məktəbin daxilini əhatə etdi. Uşaqlar öz arzularını səsləndirdilər. Onların ali məktəbə daxil olmaq ehtimalı 40 faizdir. Məktəbin direktoru növbəti tədris ili ilə bağlı arzularını da dilə gətirib: “Məktəbdə şagirdlərin sayının çoxalmasını, ali məktəblərə daxil olan şagirdlərin artımını, tədrisin səviyyəsinin daha da yüksəlməsini arzulayıram!”
Binəqədi rayonu 115 saylı məktəbin direktoru Tanrıverdi Orucov da son zəng tədbirinin yüksək səviyyədə keçdiyini qeyd edib. Tədbirə qatılan qonaqlar da, valideynlər də razılıqlarını dilə gətiriblər. Bu il məktəbi 125 şagird bitirib: «Şagirdlərin təhsil səviyyəsini buraxılış imtahanları göstərəcək. Yaxşı qiymət alanlar da, olimpiadada nəticə göstərənlər də, tərifnamə alanlar da var. Fikrimizcə, 10-15 şagirdimiz imtahanlardan 600 bal toplaya bilər. Ancaq bilmirik onlar özlərini doğrultacaqlar, yoxsa yox. Çünki şagird var ki, sınaq imtahanında 600 dən çox bal toplayır. Buraxılış imtahanında isə həyəcandan həmin balı toplaya bilmir».
Məzunlara müstəqil həyata aparan “Son zəng” tədbirlərində məktəb direktorları da, müəllimlər də, valideynlər də orta məktəbi bitirən şagirdlərə arzuları sırasında ”Ölkənizə layiqli vətəndaş olun!” sözlərini xüsusi vurğulayıblar.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər