Gedəcək, yoxsa getməyəcək?

Gedəcək, yoxsa getməyəcək?

Siyasət
16 Sentyabr 2019, 18:11 189
Rusiya prezidenti Vladimir Putinin Ermənistana planlaşdırılan səfəri ətrafında qalmaqal və müzakirələr səngimir. Erməni mediasının bir nömrəli mövzusu, Rusiya qəzetlərinin mütəmadi olaraq toxunduqları bu səfər artıq Qərb mediasının da başlıca mövzusuna çevrilib. "EvrasiaNet” yazır ki, "Putinin səfəri Avrasiya İqtisadi İttifaqının gələn ay Yerevanda keçiriləcək sammiti ilə bağlıdır. Adətən belə tədbirlər iqtisadi blokda dominant mövqeyə malik ölkənin - Rusiya prezidentinin səfəri ilə müşayiət olunur. Lakin tədbirə üç həftədən də az müddət qalmasına baxmayaraq, Putinin səfəri Ermənistanda ən qızğın ehtimal və fikirlər predmetinə çevrilib. Məqalədə xatırladılır ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bəyan edib ki, sammitdə Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin rəhbərlərinin hamısı iştirak edəcək: "Bu yaxınlarda görüş keçirildi və bu tədbirdə bütün üzv-dövlətlərin rəhbərlərinin iştirakı barədə konsensus əldə olundu”. Lakin Kreml və Yerevandakı Rusiya səfirliyi bu informasiyanı təsdiq etmədilər. Bundan əlavə hökumətyönümlü, eləcə də müxalif kütləvi informasiya vasitələri bu fikrin üstündə dayanırlar ki, Rusiya prezidenti V.Putinin Ermənistana səfəri heç də həllini tapan məsələ deyil. "Jamanak” qəzeti Rusiya səfirliyindəki mənbəsinə istinadən yazır ki, Şavarş Koçaryanın bəyanatına baxmayaraq, Putinin Yerevana səfəri ilə bağlı qərar qəbul edilməyib. Ən əsası, səfirlik səfərə hazırlaşmır. Hökumətyönümlü "1in.am” saytında dərc olunan "Putin gəlməsə, kim uduzacaq?” başlıqlı məqalədə belə bir qənaətə gəlinir ki, "əgər Putin sammiti boykot etsə, ondan bundan uduzan tərəf Rusiya olacaq, Ermənistan yox”. Qeyd olunur ki, "inqilab nəticəsində Rusiyanın real, unikal müttəfiq əldə etmək imkanı yaranıb”.
Nikol Paşinyanın siyasi müttəfiqləri də bilmirlər ki, Putin gələcək, ya yox. Parlamentin xarici əlaqələr komitəsinin üzvü Şirak Torosyanın sözlərinə görə, Paşinyanın "Mənim addımım” alyansı da bundan xəbərsizdir. "Adətən dövlət başçısı sammitlərdə iştirak barədə qərar qəbul edir, lakin bu doqma deyil. Tədbirdə prezidentin nümayəndəsi də iştirak edə bilər. Oktyabrın 1-də görərik” - deyə qəzetə açıqlamasında bildirib.
"EurasiaNet” xatırladır ki, N.Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə mürəkkəbliklər yaranıb. Düzdür, Paşinyan Rusiyadan əhəmiyyətli dərəcədə geosiyasi aralanma olacağını deməsə də, qarşılıqlı şübhələr qalır. V.Putin 2015-ci ildən Ermənistana səfər etməyib. Rusiya prezidenti həmin il ermənilərin qondarma soyqırımı tədbirlərində iştirak edib. Rusiyalı məmurlar prinsip etibarilə Ermənistandan qaçırlar: Ermənistan XİN-in veb səhifəsində hakimiyyət dəyişikliyindən sonra yüksək rütbəli rus məmurlarından hansısa birinin səfəri barədə məlumata rast gəlinmir. Baş nazir Dmitri Medvedyevin aprel səfəri barədə də heç bir məlumat yoxdur. Bu səfər ermənilərin bir çoxunu özündən çıxarmışdı. Onlarda belə bir təəssürat yaranmışdı ki, Medvedyev Paşinyanın rusca danışmasına lağ edib. Paşinyanın isə baş nazir kimi Rusiyaya yeddi dəfə səfər etdiyi bildirilir. İki ölkənin bir çox məsələlərdə baxışları fərqli olsa da, siyasi dairələrdə belə bir fikir var ki, Putinin Ermənistandan uzaq durmasının səbəbi məhz həbsdə olan Robert Koçaryanla bağlıdır. Koçaryan Paşinyanın siyasi opponentidir və hazırda barəsində çıxarılacaq qərarı gözləyir. Putin də ona simpatiyasını gizlətmir - ad günü ilə bağlı təbriklərini çatdırır. 1in.am saytı bununla bağlı Putinin məktubunu təxribat adlandırır. "Maraqlıdır ki, Putin Yerevan səfərinə bir ay qalmış növbəti gərginlik yaradır. Həqiqətənmi, bu, Putinin gəlməyəcəyi barədə siyasi siqnaldır, ya da Rusiya prezidenti erməni hakimiyyət orqanlarına anlatmağa çalışır ki, onlarla danışıqlardan böyük gözləntiləri yoxdur”. Koçaryana rəğbət bəsləyən bir sıra erməni KİV-ləri belə bir ehtimal irəli sürürlər ki, Putin Yerevana səfəri zamanı həbsxanada Koçaryana baş çəkəcək. Məşhur erməni fəalı Daniel İonisyan sosial şəbəkədə yazdığı statusda bildirib ki, "əgər Putin Koçaryana baş çəkəcəksə, ehtiyatlı olmalıdır. Arxadan qapını bağlaya bilərlər”.
Öz növbəsində qərbyönümlü müxalifət Paşinyanı və "Mənim addımım” blokunu Rusiya tərəfindən qorxudulmağa görə susmaqda ittiham edib. "Rusiya prezidenti konstitusiya rejimini devirməkdə ittiham olunan şəxsi təbrik edirsə, bu, suverenliyə təhlükə deyilmi?”, - deyə müxalifət deputatı Arman Babacanyan parlamentin iclasında bildirib. "Yaxud, Konstitusiya Məhkəməsinin sədri Rusiya səfiri ilə görüşürsə və biz də bu görüş barədə məlumatlı deyiliksə, bu, suverenliyə təhlükə deyilmi”, - deyən Babacanyan ardınca bildirib ki, Rusiya dəfələrlə yüksək rütbəli keçmiş dövlət məmurlarını Ermənistana ekstradisiya etməkdən imtina edib.
Yeri gəlmişkən, Putinin Ermənistana mümkün səfəri ilə bağlı "Sputnik-Armenia” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova müraciət edib.
D.Peskov bu məsələ barədə deyib: "Hələ ki, bilmirik”. Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib ki, bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası oktyabrın 1-də Yerevanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya prezidenti səfər zamanı Koçaryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.
Son məlumatlara görə, Paşinyan səfər ərəfəsində qalmaqallı istefa qərarı qəbul edib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib. Bu barədə o, müraciətində bildirib. A.Vanesyan deyib ki, indiki vəziyyət fonunda istefa barədə qərarını ən düzgün və doğru sayıb. Qeyd edək ki, bir müddət əvvəl onun istefa verdiyi, ancaq N.Paşinyanın çağırışından sonra ərizəsini geri götürdüyünə dair məlumat yayılmışdı.
 
Azər NURİYEV