Gecikmiş məktublar
Azərbaycan
milli mətbuatının ilk qaranquşu, XIX əsr Azərbaycan ictimai-siyasi həyatında
müstəsna rolu olan "Əkinçi” (1875-1877) qəzeti mədəni-mənəvi tariximizə qızıl
hərflərlə, unudulmaz, şərəfli səhifələr yazmışdır. Şairə, yazıçı Sona xanım
Vəliyevanın H.Zərdabiyə ikinci həyat verə biləcək gücdə olan, iri həcmli,
tarixi faktlarla zəngin "İşığa doğru” romanı üzərində tədqiqat işi apardığımız
bir vaxtda, zərdabişünas şair, publisist İsaməddin Əhmədov Həsən bəyin 16 il Zərdabda sürgündə yaşayarkən Bakıya -
"Kaspi” qəzetinə ünvanladığı məqalə-məktubları tərcümə edərək, kitab halında
nəşrinə nail olmuşdur. Bir məqamı da vurğulayaq ki, o illər Zərdabi təkcə
"Kaspi”yə deyil, Rusiyanın müxtəlif şəhərlərində çıxan rusdilli qəzet və
jurnallara da çoxlu sayda məqalələr göndərib. Ədəbiyyatımız, tariximiz üçün çox
qiymətli məxəz olan, fundamental əsərin məsləhətçisi Sona xanım Vəliyeva, ideya
müəllifi, maddi təminatçısı Lütfəli Babayev, redaktoru və rəyçisi əməkdar
jurnalist, zərdabişünas tədqiqatçı Tahir Aydınoğludur (Həsən bəy Zərdabi. "Seçilmiş
məqalələri və məktublar”. Bakı, "Zərdabi LTD” MMC. 2016, 912 səh.). 1877-ci il
sentyabrın 29-da son sayı nəşr olunmaqla, 56 nömrəsi işıq üzü görən "Əkinçi”
bağlandıqdan sonra onu gimnaziyanın müəllimliyindən də azad edirlər. Basqı,
təqib, təsirlərə dözə bilməyən Həsən bəy Məlikzadənin işdən getməsi, təbii ki,
onun Bakıdan sürgün olunması demək idi. Zərdabinin Krasnodara (keçmiş
Yekaterinadora), yaxud Kutaisiyə gedib müəllim işləməsi tələb olunub. Sadəcə,
müəyyən səbəblərə görə "ona hörmət əlaməti olaraq” sürgün, doğulub boya-başa
çatdığı Zərdabda məcburi yaşamaqla əvəz olunur. Bakıya köçəndən sonra "Kaspi”
qəzetinin redaktoru işlədiyi illərdə bu qəzetdə, eləcə də "Qafqaz” qəzetində,
"Trudi Kavkazskoqo obşestva selskoqo xozyaystva” nəşrində dərc olunan məqalə və
məktubları ilk dəfə rus dilindən Azərbaycan dilinə edilmiş tərcümələr sözügedən
kitaba daxil edilib.
M.F.Axundzadə
ideallarını inam və cürətlə həyata keçirən, Fətəlinin hələ gəncliyində
gələcəyinə ümid bəslədiyi Zərdabi, demokratik prinsipiallığı ilə fərqlənən
xələflərdən oldu. H.Zərdabi milli publisistika tariximizdə ədəbi-tarixi şəxsiyyət
olaraq müəyyən bir ədəbi mərhələnin – milli mətbuatın bünövrəsini
gerçəkləşdirdi. "Əkinçi”də təkcə kənd təsərrüfatına aid yazılar deyil (bu ad
altında qəzet çıxartmaq təbii ki, gözdən pərdə asmaq idi – B.B.), siyasət,
iqtisadiyyat, mədəniyyət, musiqi haqqında yazdığı məqalələr, tövsiyələr elmi
dəyərinə, müasirliyinə, aktuallığına görə bu gün də əhəmiyyətini itirməmişdir ("Qida
məhsullarının saxtalaşdırılması”, "Məktəb gigiyenası”, "Bizim yırtıcıların məhv
edilməsinin vacibliyi barədə”, "Zaqafqaziya çöllərində meşəliklərin salınması”
). H.Zərdabinin yetişdiyi dövr, mühit, həyat və fəaliyyəti ilə tanış olmayan
oxucu da, kitabdakı mətnlərin məzmunu ilə tanış olduqda, onun yaradıcı dünyagörüşü,
publisistik dil-üslubu, məxsusi dəsti-xətti, məqalə-məktubların ideya-estetik
cəhətlərinin səciyyəvi xüsusiyyətləri barədə maraqlı, təsirli, düşündürücü
mülahizələr qarşısında, dəqiq, tutarlı məlumatlar önündə qalır və cəmiyyətin
eybəcərliklərini çılpaqlığı ilə görür. H.Zərdabi o illər Azərbaycan
düşüncəsinin seçilə bilən, özünəməxsus və orijinal xarakterli insanlardan biri
olmuşdur. Fikrimizi təsdiqləmək üçün Zərdabinin Moskva Universitetində təhsil
alarkən rektorun qızı Vera Solovyovla dəli eşq macərası yaşaması, rektorun
Moskvada qalmaq təkliflərindən imtina etməsi, Veranı gözüyaşlı qoyub vətənə
dönməsi, təzə iş yerində – Tiflisdə idarə rəisi ilə haqq və ədalət uğrunda
mübarizədə toqquşması, işdən çıxıb Bakıya qayıtması, general Fərəc bəyin və
M.F.Axundovun ona məsləhətlər verməsi və s. məsələləri nümunə gətirmək bəs edər
ki, onun nə qədər təmiz, vicdanlı, gələcəyi – bu günü görən böyük şəxsiyyət olduğu
aydınlaşsın. Məqalə-məktublarda Zərdabi
özündən əvvəlki dövrə deyil, yaşadığı zamana xas iti, aydın, dinamik şüurdan
qaynaqlanaraq gələcəyi – sonrakı əsrlərdə baş verə biləcəkləri ifadə edə
bilmişdir.
H.Zərdabi
bu məktublarda önəmli bilgilərə, üsul-idarənin məhkəmələrinə daha çox yer
verərək, baş vermiş situasiyaları maraqlı əhvalatlarla dərinləşdirmiş, hətta
bəzi məqamlarda Rusiya hakim dairələri ilə öz kəndlilərini müqayisə edərək,
bəzən incə, yumoristik gedişlər sayəsində bədii dillə qələmə almışdır. Bu
məqalə-məktubların arxasında istintaq materialları dayanır. Bunlar, sadəcə,
informasiya, şikayət məktubları deyil, bütöv bir Azərbaycan gerçəkliyinə xas,
çox güclü sosioloji ittihamlardır. Bizcə, H.Zərdabinin məqalə-məktublarının
bütün mətnlərində gerçək insan taleləri və çar üsul-idarə məmurlarının onlarla
qeyri-müəyyən, pis rəftarı – münasibətləri dayanır. Təklənmiş, yalqızlaşmış,
özlərini kimsəsiz sayan Azərbaycan insanları ümidlərini bir Allaha, bir də
zərdabilərə bağlamışlar.
Kitabda
toplanmış yazıların əksəriyyəti ayrı-ayrı nəşrlərə ucqar Zərdabdan göndərilsə
də, fəqət bu yazılarda Azərbaycan vilayətlərinin acınacaqlı həyat tərzi bu və
ya digər dərəcədə öz bədii inikasını tapıb.
Ədəbiyyatımızı,
tariximizi, publisistikamızın o zamankı dövrünü, ictimai-siyasi həyatının və
mühitinin öyrənilməsi baxımından, bu məqalə və məktublar ədəbiyyat tariximizdə misilsiz
məxəzdir desək, səhv etmiş olmarıq.
Tərcüməçi
İ.Əhmədov haqlı olaraq yazır ki, bu məqalə və məktublar kəndlərimizin və
şəhərlərimizin, xalqımızın o zamankı tarixini, məişətini, mədəniyyətini,
etnoqrafiyasını öyrənmək baxımından çox qiymətli mənbələrdir.
Həsən
bəy Zərdabinin seçilmiş məqalə və məktublarının ədəbi və elmi ictimaiyyətə çatdırmaqda
gecikmələr olsa da, ustad dərsləri kimi jurnalistlərimizə və elmi düşüncədə
zərdabişünaslığa qiymətli töhfə olacağına əminliyimiz çoxdur.
Baba Babayev
filologiya elmləri doktoru
filologiya elmləri doktoru