• cümə axşamı, 02 may, 01:18
  • Baku Bakı 15°C

“Gecələrimiz də gündüzlərimiz kimi çıraqbandır” - Reportaj - Fotolar

02.10.18 18:28 1155
“Gecələrimiz də gündüzlərimiz kimi çıraqbandır” - Reportaj - Fotolar
Azərbaycanda bütün sahələrlə yanaşı, energetikanın inkişafı ulu öndər Heydər Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən biri olub. Təsadüfi deyil ki, məhz ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə enerji sisteminin dirçəldilməsi üçün həyata keçirilən kompleks tədbirlər nəticəsində 700 mvt-dan artıq yeni generasiya gücü yaradılaraq, ümumi generasiya potensialı 5 min mvt-a çatdırılıb. Enerji sisteminin müasir və innovativ texnologiyaların tətbiqi ilə sürətli inkişafı, iqtisadi yüksəlişin tələbatını ödəməsi isə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan siyasət tədbirlər nəticəsində mümkün olub. Ötən 15 ildə bu sahədə görülən işlərin miqyası, həyata keçirilən layihələrin həcmi olduqca böyükdür. Buna misal olaraq, ümumi gücü 2300 mvt-dan artıq 20-dən çox elektrik stansiyasının tikilib istismara verilməsini, 10 min kilometrdən artıq elektrik verilişi xətlərinin çəkilməsini, xeyli sayda yarımstansiyaların inşa edilməsini və yenidən qurulmasını göstərmək olar. Bütün bu tədbirlər ölkənin enerji tələbatının ödənməsinə, idxaldan asılılığın aradan qaldırılmasına, üstəlik, ixrac potensialının yaranmasına səbəb olub. Əminliklə deyə bilərik ki, ölkəmizdə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində də mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb.
Goranboyu nura qərq edən layihələr
Energetika sahəsində həyata keçirilən bu kimi tədbirlərdən Goranboy rayonuna da böyük pay düşüb. Ötən əsrin 90-cı illərində Ermənistan silahlı birləşmələrinin hücumlarına sinə gərən, bir qarış torpağını düşmənə güzəştə getməyən, erməni yaraqlıları qarşısında sözün əsl mənasında yenilməz qalaya, keçilməz səddə çevrilən Goranboy rayonunda geniş abadlıq-quruculuq işləri görülüb. Bu işlər çərçivəsində rayonun enerji sektoru da dirçəlib. Cari ilin iyun ayı isə rayonun elektrik təsərrüfatında ən əlamətdar ay kimi yadda qalıb. Prezident İlham Əliyevin iştirakı ilə iyunun 5-də Goranboy rayonunda 110/35/10 kilovoltluq 2x40 MVA gücündə "Dəliməmmədli” yarımstansiyasının açılışı olub.
Bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verib. Hazırda "Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq "Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq "Azad” və 35/10 kilovoltluq "Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu var. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub.
20 min abonent - 100 mindən artıq əhali elektrik enerjisi ilə təchiz edilir
Qeyd edək ki, "Dəliməmmədli” yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu da quraşdırılıb. Yarımstansiya 110 kilovoltluq ikidövrəli "Gəncə-1” və 110 kilovoltluq "Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir. Bundan başqa, 35 kilovoltluq "Kürəkçay” və "Azad”, 10 kilovoltluq "Ağamalıoğlu”, "Nizami”, "Fəxralı”, "Göynüyən”, "Ferma”, "Səmədabad”, "Xoylu”, "Baxçakürd”, "Pambıq zavod”, "IV Subartezian” və "Qazaxlar” hava xətləri də məhz "Dəliməmmədli” yarımstansiyasından çıxır.
Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur. Görülən işlər nəticəsində 1947-ci ildən istismarda olan "Kürəkçay” yarımstansiyası da tamamilə yenidən qurulub. Goranboy şəhərindəki mühüm sosial və istehsalat obyektlərinin enerji ilə təminatını həyata keçirən "Kürəkçay” yarımstansiyasında 40 MVA gücündə iki transformator, 110 kilovoltluq 5 dəst müasir tipli eleqaz açar, müasir tipli idarəetmə mərkəzi, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular və 34 yuva quraşdırılıb. Ümumilikdə "Kürəkçay” yarımstansiyası vasitəsilə 20 min abonent - 100 mindən artıq əhali elektrik enerjisi ilə təchiz edilir.
Fərqi hiss edən qaradağlılar
Ölkəmizdə, o cümlədən Goranboy rayonunda energetika sahəsində həyata keçirilən tədbirlər yerli sakinlər tərəfindən də razılıqla qarşılanır. Rayonun Qaradağlı kəndində olduğumuz müddətdə yerli sakinlərlə apardığımız söhbətlər bunu deməyə əsas verir. Təxminən 20 ilə yaxın bir müddətdə elektrik kimi çalışan, hazırda təqaüddə olan ahıl kənd sakini Möysüm İmanov öz həyat tərzindən, məişət qayğılarından sitat gətirməklə, faktlara istinad etməklə yaşadığı məntəqənin dünənini və bu gününü, enerji istehlak səviyyəsini aydın şəkildə canlandırdı. Qeyd etdi ki, müstəqilliyin ilk illərində bütün ölkədə olduğu kimi, Qaradağlı kəndində də ağır sosial-iqtisadi vəziyyət hökm sürüb. Belə bir çətinlikdə elektrik enerjisinə olan tələbatın ödənməməyi də əlavə qayğılar yaradıb.
Onun sözlərinə görə, kəndin qazla təmin edilməməsi səbəbindən, qış aylarında sakinlər elektrik enerjisi ilə evlərini qızdırmağa üstünlük veriblər. Lakin elektrik təsərrüfatının günün tələbinə cavab verməməyi, elektrik xətlərində və istismar müddətini başa vurmuş transformatorlardakı nasazlıqlar, üstəlik, xətlərin aşırı yüklənməsi kəndliyə əlavə qayğılar yaşadıb. Elektrik verilişində uzun fasilələr yaranıb. Hətta günün günorta çağında istehlakçılara cəmi bir-iki saat elektrik verilib. Bununla yanaşı, istifadə edilməyən elektrik enerjisinə görə hər ay standart ödəmələrin tələb edilməsi vətəndaşları bezdirib.
Hər bir sakin tələbat duyduğu qədər elektrik enerjisindən istifadə edə bilir
M.İmanov deyir ki, ölkə iqtisadiyyatı gücləndikcə, bütün sahələrdə həyata keçirilən islahatlar, genişmiqyaslı quruculuq işlərinin aparılması son illərdə Qaradağlı kənd sakinlərinin də həyat tərzini yaxşılaşdırıb, onları bir sıra məişət qayğılarından azad edib. Ağsaqqalın sözlərinə görə, təkcə son bir-iki il ərzində kəndin bütün elektrik xətləri, elektrik dirəkləri, transformatorları, hətta elektrik sayğacları yenisi ilə əvəz olunub.

Ağsaqqalın sözlərinə görə, bu işlər görüləndən sonra elektrik verilişindəki fasilələr, çatışmazlıqlar tamamilə aradan qalxıb: "Bu günümüzə çox şükürlər olsun. Əvvəlki kimi işıqlarımız tez-tez sönmür, elektrik verilişində fasilələr yaşanmır. Əlbəttə ki, bu, görülən işlərin nəticəsidir. Gərək heç kimin haqqını danmayasan. Əvvəlki dövrdə elektrik verilişi ilə indikinin arasında dağlar qədər fərq var. Hətta "gecələrimiz də gündüzlərimiz kimi çıraqbandır” deyə bilərik. İstər qışda istilik üçün, istərsə də yayda sərinlik üçün elektrik enerjisindən istifadə zamanı da fasilələr yaranmır. Yəni, hər bir sakin tələbat duyduğu qədər elektrik enerjisindən istifadə edə bilir. Bu da onları bir çox məişət qayğılarından azad edir. Bu xidmət qarşılığında hər kəs razı qalır, işıq pulu da vaxtlı-vaxtında ödənir. Kimsənin bununla əlaqədar hər hansı qayğısı yoxdur”.
Gəlin, görün və sonra nəticə çıxardın
Qaradağlı kəndinin başqa bir sakini, təsərrüfatçı Əli Namazov da energetika sahəsində görülən işlərdən, kəndin elektrik enerjisi ilə təminatından razı qaldığını söylədi. Bildirdi ki, müasir dövrdə həyatımızı elektrik enerjisiz təsəvvür etmək qeyri-mümkündür: "Müasir dövrdə tək Qaradağlıda deyil, ölkəmizin, hətta dünyanın istənilən yerində insan yaşayışını elektrik enerjisiz təsəvvür etmək olmaz. Elektrik enerjisi hesabına evimizdə işıq yanır, radio, televizor, soyuducu, kondisioner və digər məişət avadanlıqları işlətmək mümkün olur. İnternet vasitəsilə dünyaya çıxış əldə olunur ki, bu da elektrik enerjisindən asılıdır. Hətta işlətdiyimiz mobil telefonlar da elektrik vasitəsilə enerji toplayır, işləyir. Yəni, elektrik enerjisi olmadan insan dünyadan təcrid olunar. Bunu dərk etmək üçün xüsusi istedada, yüksək təhsilə sahib olmaq şərt deyil".
Ə.Namazov əvvəllər elektrik xətlərinin tez-tez sınaraq sıradan çıxdığını, işıq dirəklərin əyilərək az qala yerə dəydiyini, yerə sallanan işıq xətlərinin kənd sakinləri üçün təhlükə yaratdığını da dilə gətirib: :"Dünənimizi və bu günümüzü müqayisə etdikdə, elektrik enerjisi ilə təminat məsələsində mühüm irəliləyişlər olduğunu, müqayisəyəgəlməz miqyasda işlər görüldüyünü deyə bilərik. Sevindirici haldır ki, bu işlər sayəsində kəndimiz də abadlığa qovuşub, elektrik xətlərimiz, transformatorlarımız dəyişdirilib, şəffaflıq olsun deyə, yeni elektrik sayğacları quraşdırılıb".
Kənd sakini deyir ki, indi elektrik enerjisi fasiləsiz verilir, hər kəs də işlətdiyi miqdarda pulunu ödəyir: "Kəndimizin məktəbi, uşaq bağçası, bələdiyyəsi, poçtu, məscidi və sair ünvanları da bu xidmətdən lazımınca faydalanır. Nəyisə şişirdib bəzəməyə, qədərindən artıq söyləməyə ehtiyac yoxdur. Söylənilənlərə zərrə qədər də olsa şübhə ilə yanaşan varsa, həmin adamı Qaradağlı kəndinə dəvət edirəm. Gəlsin, kəndimizi görsün, insanlarımızla tanış olsun, söhbətləşsin, enerji təminatı ilə bağlı hər kəsin fikrini öyrənsin, sonra nəticə çıxarsın”.
Regionların sosial-iqtisadi inkişafına əsaslı töhfə
Qeyd edək ki, kənddə olduğumuz müddətdə söhbətləşdiyimiz hər bir sakindən adlarını çəkdiyimiz müsahiblərimizin səsləndirdiyi fikirlərlə üst-üstə düşən mövqe öyrəndik. Ona görə də eyni fikirləri təkrarlamadan vurğulamaq istərdik ki, ölkəmizin regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirlərinin ardıcıl icrası sakinlərin sosial məsələlərinin həlli istiqamətində görülən tədbirlərdən biridir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə hesablanıb. Sevindirici haldır ki, bütün bu hədəflərə çatmaq üçün görülən işlər, o cümlədən energetika sahəsində tətbiq olunan yeniliklər və həyata keçirilən layihələr bütövlükdə regionların sosial-iqtisadi inkişafına əsaslı töhfə verir.
Rufik İSMAYILOV
Yazı "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

banner

Oxşar Xəbərlər