• cümə, 29 Mart, 17:47
  • Baku Bakı 14°C

“Gecələr yorğanın altında fənərlə kitab oxuyurdum” – Mən gənc olarkən

21.07.14 08:34 3061
“Gecələr yorğanın altında fənərlə kitab oxuyurdum” – Mən gənc olarkən
İndiki şagirdlərdən fərqli olaraq o vaxtın uşaqlarının səsli-küylü olmadığını düşünür. Deyir ki, indi tənəffüslərdə məktəb dəhlizindən keçmək mümkünsüzdür, uşaqların gözü ayağının altını görmür, böyük kiçik saymırlar. Məktəb həyətində yanaşı dayanan iki uşağın bir-biri ilə bağıra-bağıra danışmasını da başa düşə bilmir. Uşaqlıq, tələbəlik illərini bizimlə bölüşən müsahibimiz jurnalist, şair, publisist, nasir Telli Pənahqızıdır.
İşıq adamın qızı
Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində dünyaya göz açıb. Qələbəlik bir ailədə doğulan T.Pənahqızı üç qardaş, üç bacı olublar. O illəri indi daha tez-tez xatırladığını deyir: “Bəlkə ona görə ki, məni bu həyata sıx tellərlə bağlayan əzizlərim indi mənimlə deyil; atamla nənəm artıq mənim üçün əlçatmaz sayılan və hər dəfə görüşünə “ya qismət” deyib sızladığım torpaqla bərabər itirmişəm. Hələ ki, nə doğulduğum torpağın, nə də atamın, nənə-babamın məzarlarını ziyarət edə bilmirəm. Bu, çox ağırdır. Bəzən başa düşülməyəcək qədər ağır və kədərli. Hərdən istəyirəm ki, göyərçin, qaranquş, ya da sərcə, lap elə kəpənək olub bircə yol Vediyə uçum, yaşadığım məhəlləyə, oxuduğum məktəbə, uşaqlıq xatirələrimin bir küncündə sızlayan o məsum və tərtəmiz dünyama gözümün ucu ilə də olsa baxım və geri dönüm”.
Atası rayon Elektrik Şəbəkəsinin rəisi işlədiyindən hamı ona işıq adam deyərmiş. Kimin evində işıq sönürdüsə, onu axtarırdı. Müsahibimizin sözlərinə görə, anasının kiməsə hirsləndiyini, kiməsə qarğış elədiyini, kimisə təhqir eləyib yamanladığını görən-eşidən olmayıb: “Anam məlum hadisələrdən bir qədər əvvəl Bakıda məskunlaşmışdı. Təklənmişdi, qohum-əqrabadan, dost-tanışdan, qonum-qonşudan ayrıldığından xiffət eləyirdi. Hərdən deyirdim ki, en həyətə, bir az gəz-dolan, eynin açılsın. Deyirdi “ay bala, camaat deməzmi ki, bu arvad həyətdə nə axtarır”. Bir dəfə onu qohumlarımızdan birinin evinə qonaq aparmışdım. Oğlu yaşında biri ona suallar verməyə başladı ki, necə xatırlayırsan oraları, darıxırsanmı? Anam gözünü əlində oynatdığı yaylığın yelənindən ayırmadan, “çəkməyən bilməz ki, çəkən nə çəkir”, -dedi. Sonra qohumumuz məndən soruşdu ki, ananız şairdir? Mən başımı bulayanda dedi yox, e, siz bilmirsinuz, o yazsa...”.
“Yanımda heyvan başı kəsməyiblər”
Atası çox erkən, 37 yaşında rəhmətə getdiyindən bütün ailənin yükü anasının üzərinə düşür: “Anamız bizi hər kəsdən yaxşı dolandırıb, atamın sağlığında işləməsə də, ondan sonra evin bütün qarğaşasını öz üzərinə götürdü, həm bizə baxdı, həm nənəmin qulluğunda durdu, həm fermada işlədi. Çalışdı ki, hamımıza ali savad versin və buna da nail oldu. İndi ailəmizdə iki müəllim, bir memar, bir mədəniyyət işçisi var”.
Həmsöhbətimiz uşaqlıqda çox sakit, amma, qürurlu və məğrur olduğunu deyir: “Çalışmışam ki, nahaqdan özümə söz dedirtməyim. Gücüm çatan işin öhdəsindən gəlmişəm, hər kəsin harayına yetişmişəm, hələ uşaqkən o qədər mərhəmətli və duyğusal olmuşam ki, mənim yanımda heyvan başı kəsməməyə çalışıblar, kiminsə ölümünü hər kəsdən sonra mən bilmişəm”.
“Ya məktəbə göndərin, ya da dağa gedirəm”
6 yaşı tamam olmadığından orta məktəbə çox çətinliklə gedib: “Böyük qardaşım məndən əvvəl məktəbə getdiyindən axşamlar anam ona dərslərini öyrədəndə yanlarını kəsdirib dururdum, o, yazdıqca mən də köhnə dəftərin ağ yerlərini qaralayırdım. Növbəti ili el yaylaqdan arana qayıdanda iki gün ağlamışam ki, məni də məktəbə göndərin, yoxsa, qayıdıb dağa gedirəm”.
Beləcə, sentyabrın sonuna yaxın məktəbə getmək arzusu reallaşır. Sinif yoldaşlarından gec başlamasına baxmayaraq artıq əlifbanı bildiyindən elə bir çətinlik çəkmir. Humanitar fənləri çox xoşlasa da, riyaziyyat, fizika və kimya ilə heç arası olmayıb. Buna baxmayaraq, qiymət almaq xatirinə onları da oxuyub. Coğrafiya, anatomiya, astrologiya, ingilis dili də maraqla öyrəndiyi fənlər sırasında olub: “Amma mən ədəbiyyatı seçdim və jurnalist oldum. Çünki söz mənim üçün çox dəyərlidir. Əgər direktorumuz erməni olmasaydı, yəqin ki, qızıl medal alardım, amma onun sayəsində qızıl medaldan məhrum oldum”.
“Düzmü elədim?”
Orta məktəbdə başına gələn maraqlı bir əhvalatı da bizimlə bölüşən jurnalist hələ indiyə kimi həmin əhvalatı xatırlayıb haqlı olub olmadığını öz-özünə düşünür: “Bizim sinif məktəbin nümunəvi siniflərindən sayılırdı, xüsusilə də oğlanlar oxumağa daha çox meylli idilər. Azərbaycan dili və ədəbiyyat müəllimimiz Klara Abdullayeva həm də sinif rəhbərimiz idi və biz onu çox sevdiyimizdən çalışırdıq ki, çox şuluq etməyək. Qış idi. Sinif otağında kömür soba yandırırdılar. Oğlanların ikisi tənəffüssdə nədənsə elə sobanın yanındaca mübahisə etdilər və birdən onlardan biri cibindən bıçaq çıxartdı. Aləm bir-birinə qarışdı. Kimsə müəllimlər otağına xəbərə qaçdı. Klara müəllimlə məktəbdə hər kəsin qorxduğu riyaziyyat müəllimimiz gəlincə mübahisə səngidi və bıçağı sobanın altına soxdular. Klara müəllimin rəngi hirsindən və həyəcandan ağappaq ağarmışdı. Elə hey “bıçağı sinfə kim gətirib?”- deyə sorub durmuşdu. Bilirdi ki, xəbər direktorun qulağına çatsa, nə həngamələr qopacaq. Klara müəllimə sualına bizdən cavab ala bilməyincə Oruc müəllim hamımızı lövhənin qabağına düzdü və bir-bir hər kəsdən bıçağın harada olduğunu soruşdu. Qızların hamısı ağlamağa başladı. O da hərəmizə bir şillə vurub yerimizə oturtdu. Sonra növbə oğlanlara çatdı. İlahi, elə bil Oruc müəllim qarpız şillələyirdi. Uşaqların yanaqları qıpqırmızı idi. Bu “sorğu-sual” 10 dəqiqiəmi, 20 dəqiqəmi çəkdi, bilmirəm. Ancaq o yadımda qalıb ki, cılız bir oğlan vardı, ikiqat olub yerə oturanda özümdən asılı olmayaraq ayağa qalxıb qışqırdım: “daha bəsdir, müəllim, döyməyin, bıçaq sobanın altındadır, amma kimin bıçağı olduğunu bilmirəm”. Elə ağlayırdım ki, elə bil bayaqdan bəri dayaq yeyən mən idim, bütün bədənim ağrıyırdı. Müəllimlər bıçağı götürüb getdilər. Məsələni də heç kəsə bildirməməyi tapşırdılar. Yenə deyirəm, əgər erməni direktor xəbər tutsaydı, yəqin ki, uşaqların ikisini də məktəbdən qovacaq, müəllimlərə də töhmət verəcəkdi”.
Günahsız və həm də suçlu sinif yoldaşlarını Oruc müəllimin qəzəbli cəzasından xilas etdiyini deyən həmsözhbətimiz, bu günədək özünə “düzmü elədim?” sualını verdiyini deyir”.
Jurnalistikaya aparan yol
Beləliklə, kənd orta məktəbini bitirir və indiki BDU-nun jurnalistika fakültəsinə daxil olur: “Mənim nənəmlə ortaq məxrəcə gələ bilmədiyim yeganə məsələ kitablarla bağlıydı. Hara gedirdim, harada otururdumsa kitab əlimdən düşmürdü. Lap yerdə bir parça qəzet görsəydim, mütləq orada yazılanları gözdən keçirəcəkdim. Bu da yazıq arvadı özündən çıxarırdı. O istəyidi ki, mən ev işi də görüm, inək-qoyun da sağım, quzuları da evin qarşısında otarım. Amma mənim xəyalım kitabların yanındaydı. Gecələr hamı yatandan sonra fənərlə yorğanın altında gündüz oxumağa başladığım romanı tamamlamağa çalışırdım. Çünki səhər o kitabı oxumaq üçün bir özgəsi növbə gözləyirdi. Bir gün də yazıçı Əlfi Qasımovun “Ədilənin taleyi” kitabı əlimə keçdi və beləcə, jurnalistika sənəti haqqında öyrənmiş oldum. Bu roman mənim həyatımı dəyişdi və sənədlərimi jurnalistikaya verməyimə səbəb oldu”.
Bədii yaradıcılığa tələbəlik illərindən başlayan müsahibimizin elə o vaxtdan dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunur. Boş vaxtlarında isə gəzməkdən daha çox redaksiyalarda olduğunu, radio və televiziya üçün verilişlər hazırladığını deyir. İlk qonorarı da indiki kimi yadındadır. Qonorarı ilə ona həm ana, həm də ata olan anasına jaket alır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlayır. “Günün ekranı” redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifələrinə qədər yüksəlir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər