• çərşənbə axşamı, 19 mart, 09:02
  • Baku Bakı 8°C

“Gallup”un üzə çıxardığı həqiqət

23.05.19 20:20 620
“Gallup”un üzə çıxardığı həqiqət
Ermənistanda "məxməri inqilab”dan keçən bir il göstərir ki, bu müddət ərzində nəinki uğur əldə olunub, əksinə, problemlər daha da çoxalıb. Nikol Paşinyan hakimiyyəti üçün ciddi sınaq ili kimi qiymətləndirilən bu bir ildə problemlərin həlli istiqamətində hər hansı bir irəliləyiş əldə edilmədiyini, tək yerli ekspertlər deyil, tədqiqat aparan beynəlxalq təşkilatlar da qeyd etməyə başlayıblar. Məsələn, Birləşmiş Ştatların məşhur "Gallup İnternational Association” şirkətinin Ermənistanda apardığı sosioloji araşdırmaların nəticələri bu ölkə vətəndaşlarını ən çox narahat edən məsələləri üzə çıxarıb. Araşdırmaların nəticələrini sensasiyalı saymaq olar, çünki erməniləri ən çox narahat edən məsələnin Qarabağ yox, işsizlik olduğu üzə çıxıb. Belə ki, rəy sorğusuna əsasən, Ermənistan vətəndaşlarının 45 faizi dövlət üçün ən mühüm problemin işsizlik olduğunu düşünürlər. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab ediblər. Sorğuya əsasən, ermənilərin 20%-i həyatından tam, 53,1% qismən razı olduğunu bildirib. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiyalardan narahatdır. Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdədir. Vətəndaşların cəmi 26.1 faizi Dağlıq Qarabağ məsələsini Ermənistan üçün ən vacib hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur. "Biz vətəndaşlardan hazırda dövlətimiz qarşısında dayanan ən mühüm vəzifələri sadalamağı xahiş etdik. 45 faiz işsizliyi göstərdi, 40.5 faiz iqtisadi situasiyanı, 26.8 faiz aşağı pensiya və maaşları, 26.1 faiz isə Dağlıq Qarabağ problemini”- "Gallup İnternational Associations”un tamhüquqlu üzvü olan "MPG” MMC şirkətinin direktoru Aram Navasardyan keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ən vacib problemlər sırasında rəyi soruşulanların 10.5 faizi mühacirəti, 7.4 faizi korrupsiyanı göstərib. Terrorçuluq isə çox az sayda ermənini narahat edir - cəmi 0.2 faiz. Sorğu onu da üzə çıxarıb ki, 2018-ci ilin sentyabrından bu yana Nikol Paşinyanın reytinqi azalır. Bununla yanaşı, 11% erməni ölkədəki iqtisadi situasiyanı "yaxşı” cavabı ilə dəyərləndirdiyi halda, 54,4% "orta”, 33,4% isə "pis” qiymətləndirib. Ermənilərin həmçinin 54%-i ailələrinin rifah səviyyəsinin 1 il sonra artacağına ümid etdiklərini deyiblər. Ermənilər həmçinin ölkələrinin daha çox Rusiyaya inteqrasiya etdiklərini düşünürlər. Bu fikri 30,1% şəxs müdafiə edir. Bütün güc mərkəzləri ilə münasibətlərin eyni səviyyədə inkişaf etdirildiyini düşünənlər respondentlərin 28%-ni təşkil edir. Ondan sonrakı yerdə isə Aİ (17,1%), Avrasiya İttifaqı (7,5%) və ABŞ (5,3%) dayanır.
Beləliklə, rəy sorğusunun nəticələri də göstərir ki, Ermənistanda ötən il baş verən inqilabi proseslərin kökündə məhz iqtisadi səfalət, yoxsulluq və işsizlik dayanır. Hakimiyyətdə olan qüvvələr üçün Qarabağ məsələsi ancaq hakimiyyətlərini qoruyub saxlamaq üçün manipulyasiya alətidir. Yaranmış durum isə Paşinyana heç də yaxşı nəsə vəd etmir. Xüsusən də baş nazirin məhkəmələrə qarşı hörmətsizliyi, onun nəinki ölkə daxilində, həm də xaricdə nüfuzuna ciddi təsir edib. Ölkə daxilində isə Paşinyana müxalifətdə olan partiyalar onu devirmək barədə düşünürlər.
"Qarabağdan olan "generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər”. Bunu "Jamanak” qəzeti yazıb. "Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar” bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin "müdafiə nazirinin keçmiş müavini”) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər.
Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur) da iştirak edib”, – yazıda qeyd olunub. Əgər gələn aya qədər ciddi fors-major baş verməsə, Paşinyan hökumətdə ciddi kadr dəyişikliklərinə gedəcək. Məlumatı "Jamanak” qəzeti yayıb. "Paşinyan anlayır ki, onun kadrları təkcə qeyri-peşəkar deyillər, həm də dövlət idarəetməsində qabiliyyətsizdirlər. Onlar həmçinin nüfuz sahibi deyillər və bu da birbaşa bütün hakimiyyətin nüfuzuna təsir göstərir”, – deyə qəzet vurğulayıb.
Beləliklə, gəlinən qənaət budur ki, Ermənistanda baş verən son hadisələr bu ölkədə siyasi müstəvidə yeni qarşıdurmaların başlandığını göstərir. Paşinyanın, hakimiyyətin bütün qolları üzərində nəzarəti ələ almaq niyyəti ciddi problemlərə yol açacaq. "1-in.am” saytı Ermənistanda hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyi ilə bağlı gəldiyi qənaətdə göstərir ki, ziddiyyət və qarşıdurmalar hələ yaxın perspektivdə sona çatmayacaq: "Baş nazir Nikol Paşinyan məhkəmənin Robert Koçaryan haqda qərarına sərt reaksiya verməklə, Ermənistan inqilabının ikinci, ən önəmli mərhələsinə start verildiyini bildirib. Görünür, baş nazir unudub ki, inqilabın ikinci mərhələsinin başlanmasına başqa xüsusda artıq start verilib. Bizə gerçəkliyə çevrilməkdən uzaq olan iqtisadi inqilab vəd edilib. Kənar adam Paşinyanın bəyanatları ilə tanış olarsa, təəssürat doğa bilər ki, bunun müəllifi ölkənin baş naziri deyil, inqilaba hazırlaşan müxalifət lideridir”.
Beləliklə, bütün bunlar Ermənistanda başlanan yeni anarxiyanın hələ uzun müddət davam edəcəyini göstərir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər