• cümə axşamı, 25 aprel, 17:01
  • Baku Bakı 23°C

G20-nin toplantılarında iştirak Azərbaycana nə verəcək?

12.02.15 07:48 1166
G20-nin toplantılarında iştirak Azərbaycana nə verəcək?
Keçən ilin sonunda iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkənin birləşdiyi G20-yə sədrliyi və ev sahibliyini qəbul edən Türkiyə bu günlərdə qrupun növbəti toplantısını keçirib və tədbirə Azərbaycanın maliyyə naziri də dəvət olunub. İstanbulda keçirilən G20 ölkələri maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısında APA-nın Türkiyə müxbirinə açıqlama verən Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Əli Babacan deyib ki, ölkəmizin maliyyə nazirinin toplantıdakı iştirakından çox məmnundur. Azərbaycanın iqtisadi vəziyyətini yüksək qiymətləndirən Ə.Babacan vurğulayıb ki, Türkiyənin G20-nin ev sahibi olduğu müddətdə ölkəmizi qrupun bütün toplantılarına dəvət edəcəklər və bu, həm ikitərəfli münasibətlərin, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına kömək edəcək. Xatırladaq ki, Türkiyə keçən ilin dekabrında G20 qrupuna sədrliyi çərçivəsində Şerpa istiqaməti üzrə keçirdiyi ilk toplantıya da Azərbaycanı dəvət etmişdi.
Ölkəmizin G20 toplantılarına dəvət olunması əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Mövzu haqda fikirlərini bizimlə bölüşən politoloqlar da Azərbaycanın G20 toplantılarında iştirak etməsinin dövlətimiz üçün müsbət perspektiv vəd etdiyini deyirlər.
Politoloq Elman Nəsirov “Kaspi”yə açıqlamasında dedi ki, ilk olaraq, Türkiyənin Azərbaycanı G20-nin toplantılarına dəvət etməsi vurğulanmalıdır. Çünki bu, rəsmi Ankaranın Azərbaycana verdiyi dəyər və diqqətin göstəricisidir: “Türkiyə 2014-cü il dekabrın 1-dən G20 qrupuna sədrliyi qəbul edib və bir il müddətində dövlət başçılarının iştirakı ilə baş tutacaq zirvə toplantısında və digər tədbirlərdə iştirak etməyə ölkəmiz də dəvət edilib. Bu 20 dövlət dünya iqtisadiyyatının 90 faizinə nəzarət edir. Həmçinin dünya ticarətinin 80 faizi və dünya əhalisinin üçdə ikisini əhatə edən bu nəhəng dövlətlər qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Əsas məsələlər qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və s. mövzulardır. Qlobal xarakterli məsələlərin müzakirəsində ölkəmizin iştirak etməsi bizim üçün olduqca əhəmiyyətli məqamdır”.
Müsahibimizin fikrincə, “Böyük iyirmilik”in tədbirlərində iştirak etmək Azərbaycan üçün təkcə iqtisadi deyil, siyasi cəhətdən də böyük önəm kəsb edir: “Dünya sənaye istehsalının lider dövlətləri ilə yaxınlaşmanın iqtisadi üstünlük gətirəcəyi şübhəsizdir. Amma məsələ bununla yekunlaşmır. Azərbaycanın həmin tədbirlərə dəvət olunmasının böyük siyasi mənası var. Bilirsiniz ki, bu dövlətlər dünyanın ən inkişaf etmiş iri dövlətləridir. Onların nüfuzlu şəxsləri ilə bir araya gəlmək bizim üçün vacibdir”.
Politoloq onu da bildirdi ki, Azərbaycanın tədbirlərə dəvəti həm də ölkəmizin böyük iqtisadi potensiala malik olmasının və etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir: “Dünyanın güc mərkəzləri hər zaman Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını açıqlayıblar. Ölkəmizin belə mühüm tədbirlərdə iştirakı bunu bir daha ortaya qoyur. Ola bilsin ki, gələcəkdə müzakirələrin 20+1 formatında aparılması məsələsi gündəmə gəlsin. Qrup üçün belə mövzu istisnalıq təşkil etmir. Müəyyən məqamlarda bu kimi qərarların verildiyinin şahidi olmuşuq. Xatırladım ki, İranın nüvə proqramı məsələsi ilə bağlı danışıqlar 5+1, Rusiyanın “Böyük səkkizlik”ə üzvlüyü isə 7+1 formatında aparılmışdı. Ona görə də Azərbaycanın gələcəkdə G21-in üzvü olması istisna olunmur. Türkiyənin haqqında danışdığımız dəvətinə gəlincə isə bu, alqışa layiq addımdır. Onlar Azərbaycanı belə mühüm toplantılara dəvət etməklə bizimlə ciddi strateji tərəfdaş olduqlarını bir daha həm dünyanın, həm də böyük dövlətlərin diqqətinə çatdırmış oldular”.
Politoloq Rasim Musabəyov da Türkiyənin Azərbaycanı G20-nin toplantılarına dəvət etməsinin onlar tərəfdən atılan olduqca mühüm və strateji addım olduğunu söylədi: “Məlumdur ki, G20-dəki dövlətlər hamısı siyasi və iqtisadi cəhətdən böyük və qüdrətli dövlətlərdir. O toplantılarda Azərbaycanın iştirakı çox müsbət haldır. Həm o cür ab-havada olmaq, həm də mötəbər şəxslərlə əlaqələr yaratmaq, müxtəlif görüşlər keçirmək Azərbaycan üçün çox əhəmiyyətlidir. Amma görüşlərdən çox da yüksək nəticə gözləmək lazım deyil. Çünki hər hansı böyük dövlətin Azərbaycan qarşısında müəyyən öhdəlik götürməsi, nə isə vəd verməsi çox da real məsələ deyil”.
R.Musabəyov hesab edir ki, Azərbaycanın toplantılarda iştirakı ümumilikdə müsbət məqamdır, amma bunu həddən artıq yüksək göstərici adlandırmaq doğru olmaz: “Unudulmamalıdır ki, Azərbaycan orada qonaq qismində iştirak edir və heç bir sənədə imza atmır. Bilirsiniz ki, tədbirlər Türkiyədə keçirilir və onlar qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı da toplantılara dəvət edirlər. Əlbəttə, bu, çox müsbət haldır. Amma, faktiki olaraq, Azərbaycan G20-yə daxil deyil. Bu məsələdə Türkiyənin dəvətini yüksək qiymətləndirmək lazımdır. Belə dəvət Azərbaycan və Türkiyənin çox sıx qardaşlıq münasibətlərində olduğunu bir daha bəyan edir. Təbii ki, Azərbaycanın orada iştirakı böyük üstünlükdür. Çünki toplantılarda təkcə prezidentlər deyil, maliyyə nazirləri və digər nüfuzlu şəxslər də iştirak edir. O cür görüşlərdə iştirak ölkəmiz üçün müəyyən imkanlar deməkdir. Dünya iqtisadiyyatının hansı istiqamətlərdə inkişaf edəcəyi müzakirələrinə qatılmaq inkişafda olan dövlət üçün çox əhəmiyyətli məqamdır. Onu da qeyd edim ki, Türkiyənin Azərbaycanı toplantılara dəvət etməsi həm də bir mesajdır. Hamı bilir ki, Azərbaycanla Türkiyə müttəfiq, qardaş ölkələrdir və hər zaman biri-birilərinin mənafeyini müdafiə edirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər