• cümə, 19 Aprel, 08:35
  • Baku Bakı 13°C

Fövqəladə hallarda insanları xilas edən xanım – Peşəkar

17.03.17 11:30 4273
Fövqəladə hallarda insanları xilas edən xanım – Peşəkar

"Yorulmaq nədir, bilmirəm. Çatdırmamaq sözü də mənə çatmır. Bircə problemim yatmağa vaxtımın az qalmasıdır. Həm işimi yaxşı görməliyəm, həm də ailəmə lazımi qədər diqqət ayırmalıyam. Elə bil ki, Allah mənə 3-4 ürək, daha çox güc, qüvvət verib. Ona görə mənə heç bir iş çətin gəlmir”. Bu sözləri bizimlə söhbətində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Xəyal Sadıqova səsləndirdi.
Qeyd edək ki, X.Sadıqova 8 mart – Beynəlxalq Qadınlar günündə ölkə başçısı tərəfindən Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub.

- Ali təhsiliniz psixologiya və sosiologiyadır. Amma tamam başqa sahədə çalışırsınız. Məqsədli olaraq bu sahəyə gəldiniz, yoxsa, şərait elə gətirdi?
- Mən universiteti bitirən vaxt iş tapmaq bir az çətin idi. Sonra da ailə qurdum, uşaqlarım oldu. Müəllim kimi fəaliyyət göstərmək fikrim varıydı, sənədlərimi vermişdim də. Amma sonra elə oldu ki, ixtisasımla bağlı olmayan işlərdə çalışdım. Xadiməlik də etdim, çörək zavodunda da çalışdım. Amma hərbini sevirdim və xeyirxah işlə məşğul olmaq kimi istəyim də var idi. Niyyətin hara, mənzilin ora deyirlər. Sonunda Allah elə qismət etdi ki, iki niyyətimi birləşdirən bir işdə çalışdım. Demək ki, hər şeyin öz vaxtı var imiş. Öz ixtisasım üzrə işləsəydim, indi bəlkə də bu sahəyə gəlməyəcəkdim. İnsan həyatını xilas etmək zövqlü işdir.

- Neçə ildir bu sahədəsiniz?
- 7 ildir.

- İnsanları xilas etmək çətin deyil? Çünki bunun intihara cəhd edəni, dağıntı altında qalanı, yanğında olanı və s. var.


- Həm çətin, həm də məsuliyyətlidir. Amma istək olandan sonra hər şey insana asan gəlir. Biz quruda xilasetmə xidməti göstəririk. Əgər suda kimsə batsa, biz onun kənar ərazilərində axtarış apara bilərik. Amma belə qeyd etdiyiniz və digər hallarda insanları xilas etmək lazım olursa, bunun üçün əlimizdən gələni edirik. İşin çətinliyi odur ki, həmin an biz də həyəcanlı oluruq, stress keçiririk. Bir də insanı haradan xilas etməyimiz də önəmlidir. Burada fiziki çətinlik ola bilər. Elə yer var ki, ora çıxıb, özünə yer etmək və insanı xilas etmək asan deyil. Amma mənə görə, həyatda çətin heç nə yoxdur.

- İnsanları xilas edəndə özünüz də təhlükə ilə üzləşməmiş olmazsınız...

- Dəfələrlə olub. Bəzən olub ki, özünü hündür bir yerdən atmaq istəyəni tutmuşam, o da özünü atmaq üçün məni də güclə aşağı çəkib. Olub ki, özümdən ağır olanları güclə saxlamışam. Düzdür, iş başında tək olmuram, amma digər işçilər gələnə qədər güclü olmalı, adamların özlərini yerə atmalarına imkan verməməliyəm. Özünü atmaq istəyənlər bizi yaxına buraxmırlar, yaxına gedəndə özlərini atmaq istəyirlər. Bəlkə də heç özlərini atmaq istəmirlər, sadəcə, sözlərini çatdırmaq, kimlərinsə onları dinləmələrini istəyirlər. Amma bizim yanlış bir hərəkətimiz onların istəmədən olsa belə, özlərini atmalarına gətirib çıxara bilər. Ona görə biz maksimum dərəcədə diqqətli olmalıyıq. Əsas olan ona necə yaxınlaşmağı bilməkdir. Hər yola əl atırıq ki, xilas edək. Əsas odur ki, ilk anı əldən buraxmayaq. Psixoloji sarsıntı keçirənlər də olur, onlar özlərini niyə atdıqlarını bilmirlər. Ona görə hər kəsin özünə uyğun bir üsul tətbiq edirik.

- Əsasən hansı üsullardan istifadə edirsiniz?

- Bu, həmin ana və insana görə dəyişir. Hər kəsin öz dili ilə danışırıq. İlkin danışıqda bunu müəyyənləşdiririk. Elə situasiya var ki, danışmaqla onu xilas etmək olmur. Məsələn, adam pəncərədən düşüb tində dayanıb, onu necə xilas edə bilərsən? Bu zaman danışmaqdan, sadəcə, vaxt qazanmaq üçün istifadə edirik. Biz danışdırıb vaxt qazanırıq, bu zaman digər işçilərimiz lazım olan tədbirləri görürlər.

- Bəs xilas edə bilmədikləriniz olub?


- Elə bir şey olmayıb, əgər getmişiksə, xilas etmişik. Bəzən olub ki, biz gedənə qədər artıq özünü atıb. Bu zaman biz heç nə edə bilmirik.

- Uçqun, partlayış, yanğın zamanı isə yəqin daha ağır iş rejimi olur...

- Bizim hər cür şəraitə hazırlığımız var. Binalara çıxmaq, düşmək, dağıntıların altından insanları xilas etməyin yolları və s. hamısını öyrənirik, təlimlərini keçirik. 2014-cü ildə Xırdalanda qaz partlayışı oldu, 4 mərtəbəli bina çökdü. Orada 5 saat əməliyyat getdi. 3 mərtəbə uçmuşdu, digər mərtəbə də bizim üstümüzə uça bilərdi. Çat elə bir səviyyədə idi ki, işlətdiyimiz adi bir aparatın səsindən binanın qalanı uçub üstümüzə dağıla bilərdi. Mənə dedilər ki, bu binaya girmə, sənin də balaların var. Mən 5 uşaq anasıyam. Dedim yox, ordakı uşaq da elə mənim uşağım yaşdadır. 11 yaşlı uşağı xilas etməliydik. Panel oğlanın sinəsinə elə dirənmişdi ki, heç cür xilas ola bilmirdi. Uşaq hey ağlayırdı ki, anam gəlsin. Ora yalnız əl girirdi. Mən uşağa iynə vururdum, danışdırırdım, alətləri alıb verirdim. Digər işçilərimiz isə başqa işləri görürdülər. Bizdə təlimdə öyrədilir ki, birinci öz həyatın, sonra o birilərinin. Mənə çox dedilər ki, binadan çıx. Dedim ki, mən çıxmayacam, çünki o uşaq elə bilir ki, mən onun anasıyam. Onun üstünə o qədər panellər tökülmüşdü ki, səsimi ona güclə çatdırırdım, deyirdim ki, qorxma, anan yanındadır, dayılar səni xilas edirlər. Bu əməliyyat 2-3 saat çəkdi. Uşağı çəkmək mümkün deyildi, çəksəydik qolu, başı bədəndən ayrıla bilərdi. Döşəyin yunlarını çıxarmaq istədik. Amma qol o yana getmirdi. Axırda birinin ağlına gəldi ki, yığılıb-açılan çarpayının ayaqlarını kəsək. Uşaq qaranlıqda o qədər qalmışdı ki, gözləri görmürdü, çıxan kimi məni qucaqlayıb "ana” dedi. Saat 7-də partlayış olmuşdu, saat 12-də onu xilas etdik. O boyda dağıntının içindən sağ-salamat çıxdı. Gözləri görəndə dedi ki, bəs anam hanı, bayaq yanımda idi. Dedim ki, o, mən idim. Baxıb dedi ki, axı sən mənim anama oxşamırsan.
Yanğınlarda da çox oluruq. Binəqədidəki binada olan yanğını xatırlamaq belə ağrılıdır. Orada ölən uşaqların dördü də balaca qızımla yaşıd idi. Təsəvvür edin ki, meyitlər mənim əlimdən keçirdi. Yanğın güclü olduğundan biz heç cür qalxa bilmirdik. Mümkün olduğu qədər həyatımızı təhlükəyə atası olsaq da, insanları xilas etməyə çalışırıq. Amma elə yanğınlar var ki, ora heç cür yaxınlaşa bilmirik.

- Xilasedici işinin həyat xilas etmək cəhətdən zövqlü tərəfi var. Bəs psixoloji cəhətdən ağır olmur?

- Hiss etdirməsəm də, Xırdalandakı partlayışdan sonra iki gün özümə gələ bilmədim. Bir var bir şeyi eşidəsən, bir də var gözünlə görəsən. Bu, çox təsirli olur. Binadakı güclü yanğın zamanı insanların hayqırtısı, içəridə qalanların səsi çox dəhşətli mənzərədir. Bir qadın balasının içəridə qaldığını bilə-bilə heç nə edə bilmirdi. Sən də heç nə edə bilmirsən. Gərək yanğın sönə ki, içəri girəsən. Doğmalarını xilas edə bilməyənlər bəzən özlərini öldürmək istəyirlər. Orada o insanları sakitləşdirmək özü də bir iş idi. Ona görə biz psixoloji cəhətdən də məlumatlı olmalıyıq. İxtisasım da bu sahədədir, eyni zamanda işdə bizimlə işləyən psixoloqlar da var. Tibb bacısı peşəsinə də yiyələnmişəm, idmançıyam, psixoloji cəhətdən də məlumatlıyam. Ona görə də bu sahədə rahat çalışa bilirəm.

- Psixoloji tərəfləri ilə yanaşı, fiziki olaraq da çətin işdir...

- Biz bütün təlimlərə gedirik, kişilər kimi sırada dururuq, addımlayırıq. Suda, quruda, havada təlimlər keçirilir. Təlimlərimizin çoxu qış vaxtı olur. Amma biz qadınlar da bütün təlimlərdə iştirak edirik. Qışda səhər saat 6-da dəniz qırağında saatlarla təlimdə olmuşam.

- Fiziki olaraq güclü bədəniniz var. Özünüzə xüsusi qulluq edirsiniz?

- Dərəcə almaq üçün saniyə ilə qaçırıq, jim edirik, turnikdən sallanırıq. Həftədə iki dəfə idman günlərimiz var. Qida ilə bağlı xüsusi özəllik yoxdur, siz nə yeyirsinizsə, mən də onlardan yeyirəm. Amma həftədə iki dəfə idman olur. Bizdə çalışan qızlar hamısı dünya səviyyəli idmançılardır. Cüdo, taekvando, güləş, karate və s. idman növlərində peşəkar olanlardır. Mən isə karate ilə məşğul olmuşam. Bizim işimizdə idmanın rolu böyükdür. Çünki cəld olmalı, vaxtında ünvana çatmalıyıq. Tutaq ki, biri özünü tikintisi bitməmiş binadan atmaq istəyir. Tutmağa yer yox, çıxmağa da lift. Nəfəsin elə olmalıdır ki, yuxarı mərtəbələrə tez çıxa biləsən. Bəlkə vaxtında çatıb hansısa bir sözümüzlə onu xilas edə bilərik. Bəzən insanların bir şirin, qayğı göstərəcək sözə ehtiyacı olur. O söz onu intihardan çəkindirə bilər. Uçqun olan bir yerə getmişdik. Bina çatlamışdı, çıxmağa pilləkəni yoxuydu. Mən yanğınsöndürənlərin pilləkənləri ilə çıxdım. Fiziki olaraq güclü olmasam, bunu edə bilməzdim.

- Yəqin günün istənilən saatında sizi işə çağıra bilərlər...

- Ümumi iş saatımız hamı kimidir. Amma ehtiyac olanda hər an iş başında oluruq. Yemək yediyimiz yerdə zəng gəldisə, durub gedirik. Xəbər gələn kimi bir dəqiqə ərzində maşınlara minib, çıxmalıyıq. Gecə saat 2-də işə çağırıblar, yoldaşımla birgə getmişik. Bayramda şirniyyat bişirdiyim yerdə xəbər gəlib, xəmiri qoyub getmişəm. Bu, mənim işimdir. Əgər zəng gəlibsə, bəlkə o insanı həqiqətən də xilas edə bilərəm. Kimisə xilas etmək lazımdırsa, gecə gözümə yuxu getməz.

- Yoldaşınız bu rejimlə işləməyinizi problem etmir?

- Əvvəllər narazılıq edirdi. Amma zaman keçdikcə gördü ki, mənim işim insanların həyatını xilas etməkdir. Bəlkə o insan elə bir vəziyyətdədir ki, onun ruhu nə etdiyini duymur? Dəfələrlə olub ki, özünü atan adamlar qışqırıb ki, məni xilas edin. Mən bununla qarşılaşmamışam, amma eşitmişəm ki, özünü hündür yerdən atan adam nə etdiyini başa düşəndə xilas edilməyini istəyir.

- Həm də 5 uşaq anasısınız. Necə çatdıra bilirsiniz? Kömək edən var?
- Hər ikisini yüksək səviyyədə görməyə çalışıram. Evdə bircə qayınanam var, amma yeriyə bilmir, ona da mən baxıram. O isə uşaqlara nəzarət edir. Mənim bu cür işləməyim o demək deyil ki, uşaqlarım fəaliyyətsiz qalırlar. Elə edirəm ki, gələcəkdə "bəlkə də evdə oturub uşaqlarıma baxsaydım, gələcəyi yaxşı olardı” deyə bir peşmançılıq yaşamayım. Amma maddi cəhətdən təmin olunmaları üçün də çalışıb, bacardığım qədər qazanıram. Söhbət tək maddiyatdan da getmir. İstəmirəm kimsə desin ki, normal gələcək verməyəcəkdinsə, 5 uşağı nəyə görə dünyaya gətirdin?

- Uşaqlarınızdan sizin sahəyə maraqlı olanı var?
- Uşaqlarımın nəyə marağı varsa, o istiqamətə yönəltməyə çalışıram. Böyük qızım güləşçidir, bir qızım incəsənətə meyllidir, həm rəssamlıq, həm musiqiyə marağı var. Onu musiqiyə qoymuşam. O biri qızımın həm səsi var, həm də baleti sevir. Onu gimnastikaya qoymuşam. Oğlum həm güləşə, həm cüdoya gedir. Beşincinin üç yaşı var. Amma uşaqlarımın 4-ü deyir ki, hansı sahəyə getsək də, axırda sənin işini davam etdirəcəyik.

Aygün Asimqızı


banner

Oxşar Xəbərlər